Məhkəmə qərarları › İş №2(106)-1289/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1289/2025

31.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1289/2025 31.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Novruzova Aytən Nazim qızı və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-2212/2025 saylı, 03 iyul 2025-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “cehiz əmlakı, qızıl-zinət əşyaları və aliment tələbinə dair” iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-2212/2025 saylı, 03 iyul 2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “cehiz əmlakı, qızıl-zinət əşyaları və aliment tələbinə dair” iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə məhkəməyə şikayət ünvanlayaraq, Cəlilabad Rayon Məhkəməsinin e-2(073)-2212/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-2212/2025 saylı, 11 iyul 2025-ci il tarixli şikayət təmin olunmamış, şikayətin 7 gün müddətində işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, məhkəmə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsini bir-biri ilə əlaqəli olmayan bir neçə tələbin bir icraatda birləşdirilməsi ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etdi. MPM-in 149.3-cü maddəsinin tələbləri baxımından iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Həmin məcəllənin 152.1.7-ci maddəsinin tələbləri baxımından bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbi cavabdehdən cehiz əmlakın tələb edilməsi, həm Mersedes-Benz 190 model avtomobilin, həm qızıl-zinət əşyaların tələbi, həm də aliment tələbi ilə bağlıdır. Kollegiya qeyd edir ki, MPM-in 172.1-ci maddəsinin tələbləri baxımından işlər ağlabatan müddətdə, aliment tutulmasına dair işlərə - 2 ay müddətində, digər mübahisələrə dair işlərə - 4 ay müddətində baxılır. Hazırkı işdə iddiaçının əmlak tələbi ilə bağlı tələbləri bir-biri ilə əlaqəli olsa da aliment tələbi həmin iddia tələbləri ilə əlaqəli deyildir. Belə ki, hər şeydən əvvəl aliment tələbi yuxarıda qeyd edildiyi kimi məhkəmə icraatının operativliyinin təmin edilməsi baxımından 2 aylıq müddətə baxılan iddia növü olsa da digər əmlak tələbləri üzrə iddialara məhkəmə 4 ay müddətində baxır. Həmçinin məhkəmə araşdırması zamanı həmin iddia növləri üzrə adətən ekspertiza təyin edilməsi və ya digər prosessual hərəkətlərin aparılması ehtimalları məhkəmə icraatının müddətinin uzanmasına gətirib çıxarır. Bu hal isə digər tələb olan aliment tələbi üzrə də məhkəmə icraatının əsassız gecikməsinə səbəb olmaqla məhkəmə icraatının tezliyinin təmin olunmasına maneə yaradar. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə yekun dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qənaətinə gələrkən prosessual normaları düzgün tətbiq və təfsir etdiyindən, şikayət təmin edilməməli, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 365, 397,398, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-2212/2025 saylı, 03 iyul 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar