Məhkəmə qərarları › İş №2(106)-1297/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1297/2024

09.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1297/2024 09.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X2 ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 2(041)-816/2024 saylı, 19 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı 24 avqust 2023-cü ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək ərizə verildiyi tarixdən başlayaraq, Ağsu şəhəri, M.Hüseyn küçəsi, blok 1, mənzil 9-da yaşayan Cavabdeh hər ay bir uşağa görə sabit pul məbləği ilə 220 manat alimentin, övladı 3 yaşına çatana qədər hər ay 100 manatın, cəmi 320 manat məbləğin və Mediasiya Şurasına 50 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 2(041)-816/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Müseyib Bayramov) iddia tələbi qismən təmin edilmiş, iddiaçı X5 ilə Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 26 fevral 2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay sabit pul məbləğində 180 manat, xx.xx.2023-cü il təvəllüdlü X4 3 yaşına çatana kimi ona qulluq etməsinə görə hər ay sabit pul məbləğində 50 manat alimentin tutularaq iddiaçı X3 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh ödəniləcək illik alimentin həcminə görə 47,60 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Kürdəmir Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 2(041)-816/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. Belə ki, elektron kabinet vasitəsilə Cavabdeh adından verilən apellyasiya şikayəti onu imzalamağa hüququ olmayan şəxs - nümayəndəsi kimi Vəkil tərəfindən elektron imza vasitəsilə imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 66-cı maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində mülki prosesdə vəkil kimi Azərbaycan Respublikasında müəyyən olunmuş qaydada səlahiyyəti təsdiq olunmuş vəkillər iştirak edirlər. MPM-in 68.1-ci maddəsinə əsasən, iş məhkəmə baxışına hazırlandıqda və həmin işə məhkəmədə baxıldıqda vəkil ixtisaslı hüquqi yardım göstərməyə borcludur. MPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən işə buraxılmış vəkil iş materialları ilə tanış olmaq, onlardan çıxarışlar götürmək, surətlərini çıxartmaq, sübutlar təqdim etmək və sübutların tədqiqində iştirak etmək, işdə iştirak edən başqa şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatət vermək, habelə əlavə sübutlar tələb olunması barədə vəsatət vermək, məhkəməyə şifahi və yazılı izahat vermək, məhkəmə baxışı gedişində baş verən bütün məsələlər barədə öz dəlil və mülahizələrini təqdim etmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək hüququna malikdir. MPM-in 68.3-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında vəkil məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir. MPM-in 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir MPM-in 73.1-ci maddəsinə əsasən, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. MPM-in 73.2-ci maddəsinə əsasən, fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.3-cü maddəsində müəyyən edilən hallarda həmin maddədə nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən təsdiq edilir MPM-in 73.5-ci maddəsinə əsasən, vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir. MPM-in 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Azərbaycan Respublikası Vəkillər X1 27 sentyabr 2018-ci il tarixli qərarı ilə “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamə təsdiq olunmuşdur. Həmin Əsasnamənin 1.5-ci bəndində verilmiş anlayışa əsasən, vəkil orderi – müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir istintaq (təhqiqat) orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi, inzibati tapşırıq üzrə isə müqavilədə göstərilən idarə və təşkilatlarda təmsilçilik səlahiyyətlərinin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir. Göründüyü kimi, mülki prosesdə vəkilin hansı hüquqlara malik olması MPM-in 68-ci maddəsində əksini tapmış və norma vəkilə məhkəmə aktlarından şikayət verə bilməsini işdə iştirak edən şəxslərin tapşırığı və vəkalətin mövcudluğundan asılı etmişdir (MPM-in 68.3-cü maddəsi). Vəkilin səlahiyyəti isə öz növbəsində qanunla müəyyən olunmuş qaydada təsdiq edilməlidir (MPM-in 73.5-ci maddəsi). Məhkəmə kollegiyası bildirir ki, hazırkı mübahisə üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən verilən apellyasiya şikayətini müvafiq vəkalət almadan (Şirvan Apellyasiya Məhkəməsində təmsilçilik və hüquqi yardımın göstərilməsi üçün order əlavə edilməmişdir) Vəkil nümayəndə kimi imzalamağa səlahiyyəti olmamışdır. Bu cür səlahiyyətin mövcudluğu üçün vəkil tərəfindən müvafiq səlahiyyətin ona verilməsini əks etdirən etibarnamənin təqdim edilməsi ilə yanaşı, Şirvan Apellyasiya Məhkəməsində təmsilçilik və hüquqi yardımın göstərilməsi üçün vəkil orderi də verilməli idi. Hazırda isə müvafiq etibarnamə apellyasiya şikayətinə əlavə edilmiş olsa da, yalnız Kürdəmir Rayon Məhkəməsində təmsilçilik və hüquqi yardımın göstərilməsinə görə vəkil orderi əlavə olunmuşdur. MPM-in 361.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. MPM-in 363.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Bundan başqa, cavabdeh apellyasiya şikayətinin verilməsinə görə müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödəməmişdir. Belə ki, onun tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş, iş materiallarının 60-cı vərəqində olan ödəniş qəbzinin surətindən görünür ki, 14 iyun 2024-cü il tarixində apellyasiya şikayətinin verilməsinə görə 24 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia ərizəsindən də göründüyü kimi, hazırkı iddia qiymətləndirilən iddialara aiddir və onun qiyməti MPM-in 112.1.3-cü maddəsinə uyğun hesablanmalıdır. Həmin maddəyə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmçinin nəzərə alınmalıdır ki, apellyasiya şikayətinin ödənilməsinə görə dövlət rüsumunun məbləği birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilmiş hissəsinin qiymətinə deyil, ümumi iddia tələbinin qiymətinə uyğun hesablanmalıdır. Hazırda isə MPM-in 112.1.3cü maddəsinə uyğun olaraq iddianın qiyməti 3840 manat olaraq müəyyən edilir (12 ay×(220 manat+100 manat)). “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda, 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinə əsasən, apellyasiya şikayətinin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətinin verilməsinə görə 29,2 manat məbləğində dövlət rüsumu ödəməli olsa da, cəmi 24 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-in 361.3-cü maddəsinə əsasən, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. MPM-in 363.1.2-ci maddələrinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülkiprosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və MPM-in 263, 264, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Kürdəmir Rayon Məhkəməsinin 2(041)-816/2024 saylı, 19 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Kürdəmir Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar