Məhkəmə qərarları › İş №2(106)-1322/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1322/2024

08.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1322/2024 08.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Nefçala Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli 2(053)-512/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək sonuncudan 26 yanvar 2010-cu il təvəllüdlü uşağı X6 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay 235 manat olmaqla sabit pul məbləğində alimentin və ödənilmiş 50 manat mediasiya xərcinin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 03 iyul 2004-cü il tarixdə nikah bağlanmış, həmin nikahdan 20 sentyabr 2005-ci ildə X9, 26 yanvar 2010-cu ildə X11 adlı uşaqlar doğulmuşlar. Neftçala Rayon Məhkəməsinin 2(053)-405/2020 nömrəli iş üzrə 09 iyul 2020-ci il tarixli qətnaməsi ilə nikah pozulmuş və nikah pozulduqdan sonra X4 cavabdehin, X6 isə iddiaçının yanında qalmaları qət edilmişdir. Bununla yanaşı, 09 iyul 2020-ci il tarixli qətnamə ilə valideynlərin hər birindən boşanmadan sonra qarşı tərəfin yanında qalması müəyyən edilmiş uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 manat olmaqla sabit pul məbləğində aliment tutulması qət olunmuşdur. Qətnamənin icrası mərhələsində İddiaçı və Cavabdeh onlardan tutulmalı olan aliment miqdarının eyni məbləğ təşkil etdiyini nəzərə alaraq belə qərara gəlmişlər ki, hər ikisi alimentdən imtina etsinlər. Beləliklə, onlar 12 avqust 2020-ci il tarixində Neftçala rayon İcra və probasiya şöbəsinə ərizələrlə müraciət edərək bir-birinə qarşı aliment tələblərindən imtina etmişlər. 20 sentyabr 2005-ci il təvəllüdlü X4 20 sentyabr 2023-cü il tarixində 18 yaşı tamam olmuşdur. Hazırda iddiaçının yanında qalan X11 isə hələ yetkinlik yaşına çatmamışdır. Hesab edir ki, 26 yanvar 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən aliment tutulmalı, alimentin hesablanması isə 01 oktyabr 2023-cü il tarixindən həyata keçirilməlidir. Bununla bağlı 07 oktyabr 2023-cü il tarixində Neftçala rayon İcra və probasiya şöbəsinə müraciət olunmuş, cavabında bildirilmişdir ki, yuxarıda göstərilən ərizələrə əsasən müvafiq icra sənədləri üzrə icraata xitam verilmişdir. Nefçala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(053)-512/2024 saylı qətnaməsi ilə (hakim Ceyhun Qədimov) iddia qismən təmin edilərək 26 yanvar 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 150 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin hesablanması və ödənilməsinin 08 aprel 2024-cü ildən etibarən həyata keçirilməsi, qətnamənin yuxarıda göstərilən hissədə dərhal icra edilməsi, mediasiya ilə əlaqədar ödənilmiş 50 manatın Cavabdeh tutularaq İddiaçı verilməsi, Cavabdeh 38 manat miqdarında dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İş materiallarında olan Neftçala Rayon Məhkəməsinin 2(053)-405/2020 nömrəli iş üzrə 09 iyul 2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X7 ilə Cavabdeh arasında 03 iyul 2004-cü il tarixində bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından 26 yanvar 2010-cu ildə doğulmuş X6 iddiaçının yanında, 20 sentyabr 2005-ci ildə doğulmuş X4 isə cavabdehin yanında qalmaları müəyyən edilmiş, 26 yanvar 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 120 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi, həmçinin 20 sentyabr 2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçıdan hər ay 120 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq cavabdehə ödənilməsi qət olunmuşdur. İş materiallarında olan iddiaçı və cavabdeh tərəfindən Neftçala rayon İcra və probasiya şöbəsinə 12 avqust 2020-ci ildə yazılmış ərizələrin məzmunundan onların birbirinə qarşı aliment tələblərindən imtina etdikləri və müvafiq icra sənədləri üzrə icraata xitam verilməsini xahiş etdikləri müəyyən olunur. İş materiallarında olan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 09 yanvar 2024-cü il tarixli 02 nömrəli arayışı ilə Cavabdeh Hüseyn oğlunun 2022-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olduğu və hal-hazırda “Məşqçilik” fakültəsinin əyani şöbəsinin ikinci tədris ilində təhsil aldığı görünür. İş materiallarında olan “Doğum haqqında” arayışla X6 26 yanvar 2010-cu ildə doğulduğu müəyyən olunur. Uşağın atası Cavabdeh, anası isə X3r. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Neftçala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı ilə birgə nikahdan doğulan uşaqların biri onun, digəri isə iddiaçının yanında saxlanmalı idi. İddiaçı qəsdən onun yanında qalan övladının yetkinlik yaşına çatmasını gözləmiş, yalnız bu tarixdən sonra məhkəmədə yeni iddia qaldırmışdır. xx.xx.2020-ci il tarixdə iddiaçıya 10000 manat tərəfindən pul ödənilərək gələcəkdə bir-birlərinə qarşı iddia qaldırılmaması barədə öhdəlik götürülmüş, lakin iddiaçı həmin öhdəliyə riayət etməmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, oğlu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında 3-cü kursda təhsil alır. Onun bütün maddi və mənəvi ehtiyaclarını özü qarşılayır, lakin buna baxmayaraq iddiaçı ondan digər övladı üçün yüksək məbləğdə aliment tələb edir. Hazırkı halda aliment ödəmək iqtidarında olmasa da, oğlu universiteti bitirdikdən sonra digər övladı üçün aliment ödəyəcəkdir və buna qətiyyən etiraz etmir. Hazırkı halda 50 manat məbləğində aliment ödəməyə qadirdir. Yenidən ailə qurmuş və hazırda 3 yaşlı qızı da var. Onun da xərclərini təkcə özü qarşılayır. Bakı şəhərində “See Breeze” İstirahət Mərkəzində işləyir və aylıq 1200 manat məbləğində maaş alır. Bakı şəhərində kirayədə qalır və aylıq 370 manat kirayə haqqı ödəyir. Əlavə olaraq bildirir ki, nikah pozulduğu zaman ona məxsus evi 30000 manata satmış, həmin məbləğdən payına uyğun olaraq iddiaçıya 15000 manat məbləğində pul vermişdir. Həmin məbləğin alimentə aidiyyəti yoxdur. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Azərbaycan Respublikasının Konstıtusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideyinlərin borcudur. Azərbaycan Respublikasının Konstıtusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən hər bir uşaq fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazim olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016- cı il tarixli qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu” haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası yekun dəyərləndirmə apararaq belə nəticəyə gəlir ki birinci instansiya məhkəməsinin gəldiyi hazırkı nəticə qanuni və əsaslıdır. Buna görə də, cavabdehin verdiyi apellyasiya şikayəti faktlar nöqteyinəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. Habelə cavabdeh öz apellyasiya şikayətində xx.xx.2020-ci il tarixdə tərəfindən iddiaçıya 10000 manat pul ödənilərək gələcəkdə bir-birlərinə qarşı iddia qaldırılmaması barədə öhdəlik götürüldüyünü, lakin iddiaçının həmin öhdəliyə riayət etmədiyini göstərmişdir. Ancaq cavabdeh məhkəmə iclasında izahatında nikah pozulduğu zaman ona məxsus evi 30000 manata satdığını və həmin məbləğdən iddiaçının payına uyğun olaraq ona 15000 manat məbləğində pul verdiyini, həmin məbləğin isə alimentlə bağlı məsləyə heç bir aidiyyətinin olmadığını bildirmişdir. MPM-in 106.3-cü maddəsinin tələbinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, yuxarıda qeyd edilənlər, eləcə də uşaqların mənafelərinin üstün tutulmasının zəruriliyi və Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat məbləğində müəyyən edilməsi halı nəzərə alınmaqla mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli maddi hüquq normalarını düzgün tətbiq etmişdir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 77, 217, 218, 372, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nefçala Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli 2(053)-512/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar