Məhkəmə qərarları › İş №2(106)-1347/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1347/2024

03.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1347/2024 03.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən, məruzəçi), X5 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər X3 və Cavabdeh1 qarşı cinayət nəticəsində vurulmuş 85000 manat məbləğdən mülkiyyətçiyə ödənilmiş 27244.58 manat sığorta pulunun çıxılması tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2(048)- 252/2024 saylı (hakim Atabəy Kiçibəyov) qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3)açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh X2 xeyrinə təmin edilmiş 85000 manat mülki iddianın azaldılması, həmin dəymiş ziyanın düzgün qiymət verilməsi və evin mülkiyyətçisinə ödənilmiş və hazırda ondan tələb edilən 27244.58 manat pulun həmin məbləğdən çıxılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 08 mart 2019-cu il tarixdə qonşusu Cavabdeh1 evinin müəyyən hissəsini aralarındakı münaqişə və anlaşılmazlıq səbəbindən yandırmış və həmin əməlinə görə brəsində cinayət işi açılmışdır.Lerik rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli hökmü ilə təqsirli bilinərək iki il sınaq müddəti təyin edilməklə azadlığdan şərti məhkum edilmişdir.Məhkəmənin hökmü ilə Cavabdeh1 sabiq arvadı X4 verdiyi mülki iddia təmin edilərək 85000 manat pulun ondan alınaraq mülki iddiaçıya verilməsi qərara alınmışdır.Belə ki, məhkəmə tərəfindən işə baxılərkən mülki iddia verilməsindən və mülki iddianın təmin edilməsindən uzun müddət xəbəri olmamış, yalnız Lerik rayon İcra və Probasiya şöbəsi tərəfindən dəvət edilərkən bundan xəbər tutmuşdur.İlkin iddiaçı kimi tanınmış Lalə Nəzərova ifadəsində göstərmişdir ki, həmin hadisə nəticəsində evin mətbəx, yataq və qonaq otaqlarında yanğın hadisəsi baş vermiş, mətbəxdə xalça, televizor, masa, 5 ədəd stul, yataq otağında taxta çarpayı, otağın pəncərə pərdələri, geyim əşyaları, tumbuçkalar, çilçıraq yanmış, otaqların təmiri pozulmuş, hadisə nəticəsində ümumilikdə onlara təxminən 85000 manat məbləğində ziyan dəymişdir.Lakin evin mülkiyyətçisi Cavabdeh1 isə ifadəsində bildirmişdir ki, həmin hadisə nəticəsində ona 30000 manat ziyan dəymişdir. Cavabdeh1 cinayət işinə baxılarkən ondan şikayətçi olmamış, şikayəti və tələbinin olmadığı barədə məhkəməyə rəsmi ərizə təqdim etmişdir.Sonradan Cavabdeh1 ona evin təmirinə 10000 manata yaxın xərc çəkdiyini bildirmişdir.Yataq otağında olmuş qızıl-zinət əşyaları yanaraq kömürləşdiyi üçün onların ərintilərinin bir qismi götürülmüş, zərəçəkmiş şəxsin deməsinə görə həmin əşyaların ümumi dəyəri 3500 manat qiymətləndirilmək olar, çünki, yanmış qızıl-zinət əşyalarının çəkisinin və formasını görmək mümkün deyildir.Zərərçəkmiş şəxsin deməsinə baxmayaraq həmin əşyaların 3500 manat qitmətləndirilməsi mümkündür. Yanmış evin mülkiyyətçisi ilə “Atasığorta“ ASC arasında 2018-2019-cu il tarixlərdə sığorta müqavilələri bağlanmış, və ünvan 1 ünvanında yerləşən fərdi ev sığorta olunmuşdur.15 noyabr 2021-ci il tarixdə “Atasığorta“ ASC tərəfindən həmin sığorta edilmiş əmlakı yandırmaqla təqsirli bilinib məhkum edildiyinə görə “Atasığorta“ ASC tərəfindən evin mülkiyyətçisi Cavabdeh1 ödənilmiş 27244.58 manat məbləğində sığorta ödənişi ondan tələb edilərək həmin pulun ödənilməsi üçün ona 10 gün könülü vaxt verilmişdir.Belə olan halda sığorta şirkəti tərəfindən evin mülkiyyətçisinə ödədiyi pulu ondan tələb edirsə, həmin sığorta pulu təmin edilmiş mülki iddiadan çıxılmaqla iddia məbləği azaldılmalıdır. Birinci instansiya məhkəməsində İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclası zamanı mülki iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılamasını xahiş etmişdir. Cavabdeh X2 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, məhkəmə iclası zamani iddianın rədd edilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclası zamani iddianı qəbul edərək bildirmişdir ki, İddiaçı tərəfindən cinayət hadisəsi nəticəsində törədilmiş yanğın zamanı onun evinə dəymiş ziyanın bir qismi yəni 27244,58 manat siğorta şirkəti tərəfindən ona ödənilmişdir. Həmin hadisə nəticəsində siğorta tərəfindən ödənilmiş pulu evinin təmirində istifadə etmişdir. Bütün bunlari nəzərə alaraq məhkəmədən ədalətli qərar çıxarılmasını xaiş etmişdir. Lerik Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2(048)-252/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, 27244,58 manat sığorta pulunun cinayət hadisəsi nəticəsində cavabdehlər X3 və Cavabdeh1 vurulmuş 85000 manat ziyan məbləğindən çıxılması təmin edilmiş, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehlər X1 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, İddiaçı bundan əvvəlki Lerik Rayon Məhkəməsində və Xətai Rayon Məhkəməsində baxılan iddia ərizələri üzrə mülki icraatda Cavabdeh1 maraqlı şəxs qismində cəlb edilmişdir. Lakin sonradan İddiaçı cavabdeh qismində ona və Cavabdeh1 qarşı eyni məzmunlu iddia ərizəsi ilə Lerik Rayon Məhkəməsinə müraciət etmiş, baxmayaraq ki iddiaçının eyni məzmunlu iddia tələbi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi və qərardadı olsa da Lerik Rayon Məhkəməsi qanunsuz olaraq iddiaçının iddia ərizəsi maddi və prosessual hüquq normaları pozulmaqla icraata qəbul edilmiş və nəticə etibarı ilə 2(048)-252/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməyə əsasən iddia tələbi təmin edilmişdir. Cinayət mühakimə icraatında mülki iddia onun tərəfindən qaldırılmışdır və Lerik Rayon Məhkəməsinin 1(048)-23/2019 saylı xx.xx.2019-cu il tarixli hökmü ilə hazırkı mülki iş üzrə iddiaçı Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə, 2 il sınaq müddəti tətbiq edilməklə, hökmlə təyin edilmiş cəza şərti hesab edilmişdir və həmin hökmdə mülki iddiası təmin edilərək 85000 manat pulun onun xeyrinə ödənilməsi qərara alınmışdır. Həmin mülki iddia qaldırıldıqda evə vurulmuş ziyan deyil onun öz şəxsi əşyalarına vurulmuş ziyan əsas götürülmüşdür. Həmçinin həmin cinayət mühakimə icraatı dövründə Cavabdeh1 heç bir tələbi olmamışdır və həmin cinayət işində mülki iddiaçı qismində tanınmamışdır. Lerik Rayon Məhkəməsi hansı əsasa görə Cavabdeh1 mülki iddiaçı qismində tanınmadığı halda onun hazırkı iş üzrə cavabdeh qismində tanıyır və ona ödənilmiş sığorta pulunu ona ödənilməli olan puldan çıxır. Belə ki, Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarından da aydın bəlli olur ki, iddiaçının tələbi ya icra qaydasında və ya yeni açılmış hallar üzrə Ali Məkmədə baxıla bilər. Eynilə məhkəmənin diqqətinə çatdırır ki, iddiaçı tərəfindən ona ödənilməsi nəzərədə tutulan 85000 manat puldan iddiaçı hal-hazırkı vaxtadək ümumi olaraq 4000 manat pul ödəmişdir. Göstərilənlərin nəzərə alınmasını, maddi və prosessual normalarının pozulması ilə qəbul edildiyindən və qanunsuz və əsassız olaraq iddia tələbi təmin edildiyindən Lerik Rayon Məhkəməsinin 2(048)-252/2024 saylı, xx.xx.2024-cü il tarixli tarixli qətnaməsinin ləğv edilməsini və hazırkı mülki iş üzrə iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş edir. Apellyasiya baxışında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, sığorta ödənişi Laləyə deyil Zaura ödənilib. Zaurla Lalə xx.xx.2021-ci il tarixdə boşanmışlar. X11 arasında birgə nikah dövründə əldə edilmiş evin bölünməsi ilə bağlı məhkəmədə iddia tələbləri vardır. Göstərmişdir ki, məhkəmə hazırkı işə xitam verməli olduğu halda bunu etməmişdir. Cavabdeh1 göstərmişdir ki, Lalə onun keçmiş həyat yoldaşı olub. Onlar xx.xx.2021-ci il tarixdə boşanıblar. Hazırda aralarında əmlak bölgüsü ilə bağlı məhkəmədə işləri vardır. Sığorta ödənişi mülkiyyətçi kimi ona verilmişdir. Lalə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, Lerik Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2(048)-236/2022 saylı qətnaməsini apellyasiya qaydasında mübahisələndirməmişlər. Çünki hakim onlara demişdir ki, sonradan yenə müraciət edər. Həmçinin həmin iddia ərizəsi baxılmamış saxlanılmalı olmalı olduğu halda baxılmamış saxlanılmamışdır. Halbuki, onlar iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə vermişlər. Həmçinin Xətai Rayon Məhkəməsinin 2(011)-1499/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı 27244,58 manat sığorta pulunun cinayət hadisəsi nəticəsində cavabdeh X3 vurulmuş 85000 manat ziyan məbləğindən çıxılması tələbinə dair mülki işin icraatına xitam verilmişdir. Həmin qərardaddan şikayət versələr də məhkəmə şikayətlərini geri qaytarmışdır. Ondan sonra da daha şikayət verməmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, izahatları və iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iş üzrə icraata xitam verilməlidir. İşdə olan Lerik Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2(048)-236/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər X3, Cavabdeh1 qarşı 27244,58 manat sığorta pulunun cinayət hadisəsi nəticəsində cavabdehlər X3 və Cavabdeh1 vurulmuş 85000 manat ziyan məbləğindən çıxılması tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarina əlavə edilmiş Lerik Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(048)-746/2022 saylı qərardaddan görünür ki, iddaçi İddiaçı cavabdeh X3 qarşi mülki iddiada məhkəmə qətnaməsi ilə təmin edilmiş sığorta məbləğının çıxmaqla azaldilaması tələbinə dair 2(048)-746/2022 saylı mülki iş ərazi aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İşdə olan Xətai rayon məhkəməsinin 2(011)-1499/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı 27244,58 manat sığorta pulunun cinayət hadisəsi nəticəsində cavabdeh X3 vurulmuş 85000 manat ziyan məbləğindən çıxılması tələbinə dair mülki işin icraatına xitam verilmişdir. İş materiallarina əlavə edilmiş Bakı Şəhəri Xətai Rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-1499/2023 saylı qərardadinda görünür ki, İddiaçı verdiyi şikayyət geri qaytarılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. İşin hallarından müəyyən edilir ki, İddiaçı bundan əvvəl məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh X2 xeyrinə təmin edilmiş 85000 manat mülki iddianın azaldılması, həmin dəymiş ziyanın düzgün qiymət verilməsi və evin mülkiyyətçisinə ödənilmiş və hazırda ondan tələb edilən 27244.58 manat pulun həmin məbləğdən çıxılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2(048)-236/2022 saylı qətnaməsinə əsasən iddia təmin edilməmiş, İddiaçı cavabdehlər Cavabdeh1 və X2 xeyrinə təmin edilmiş 85000 manat mülki iddianın azaldılması, həmin dəymiş ziyanın düzgün qiymət verilməsi və evin mülkiyyətçisinə ödənilmiş və hazırda ondan tələb edilən 27244.58 manat pulun həmin məbləğdən çıxarılması tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Qeyd edilən qətnamə apellyasiya qaydasında mübahisələndirilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Həmçinin işdə olan Xətai Rayon Məhkəməsinin 2(011)-1499/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadından görünür ki, İddiaçı 27244,58 manat sığorta pulunun cinayət hadisəsi nəticəsində cavabdeh X3 vurulmuş 85000 manat ziyan məbləğindən çıxılması tələbinə dair mülki işin icraatına xitam verilmişdir. Həmin qərardaddan şikayət verilsə də şikayət elektron qaydada verilməməsi əsası ilə geri qaytarılmış və bundan sonra qərardaddan şikayət verilməmiş və hazırda Xətai Rayon Məhkəməsinin 2(011)-1499/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı qanuni qüvvəsini almışdır. Yuxarıda qeyd edilənlərdən də, göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və qərardadı olmasına baxmayaraq, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin yuxarıda qeyd edilən normalarına əməl etməyərək, işə baxaraq iddianı təmin etmişdir. Halbuki iddiaçı eyni iddia ilə hazırda məhkəməyə üçüncü dəfə müraciət etmişdir. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264, 384.0.4, 398-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh Balayeva (Nəzərova) Lalə Möhübbət qızının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lerik Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2(048)-252/2024 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər X3 və Cavabdeh1 qarşı cinayət nəticəsində vurulmuş 85000 manat məbləğdən mülkiyyətçiyə ödənilmiş 27244.58 manat sığorta pulunun çıxılması tələbinə dair mülki iş üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərardadı) olduğundan xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qərardad “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar