Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1356/2025 26.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, Cavabdeh birinci instansiya məhkəməsində nümayəndəsi olmuş, vəkil Nümayəndə Neftçala Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 2(053)-91/2025 nömrəli qərardadından verdiyi şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək cavabdehə məxsus cehiz əmlakın, yəni 1 ədəd paltar dolabının, 1 ədəd çarpayının (iki nəfərlik), 1 ədəd yük üçün çarpayının, 1 ədəd trümonun, 1 ədəd kamodun, 1 ədəd ikiqapılı servantın, 1 ədəd təkqapılı servantın, 2 ədəd tumbanın, 1 ədəd jurnal masasının, 1 ədəd pufun, 1 ədəd künc divanının, 1 ədəd masanın, 6 ədəd stulun, 1 ədəd TV stendinin, 1 dəst mətbəx mebelinin, mətbəx stolu dəstinin (1 ədəd stol, 2 ədəd taburet və 1 ədəd skamyadan ibarət), 1 ədəd soyuducunun, qazan dəstlərinin, boşqab və kasa dəstlərinin, stəkan dəstlərinin, qaşıq, bıçaq və çəngəl dəstlərinin, 2 ədəd çilçırağın, pərdənin, yükün (yorğan, döşək və yastıq), 1 ədəd tozsoranın, 1 ədəd beşiyin və 1 ədəd ütü masasının onun (iddiaçının) evindən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 08 aprel 2025-cü il tarixli, 2(053)-91/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsində nümayəndəsi olmuş, vəkil Nümayəndə həmin qətnamədən apellyasiya şikayəti vermiş, lakin şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə cavab vermədiyinə görə eyni Məcəllənin 363.1.1-ci maddəsinə əsasən 04 iyun 2025-ci il tarixli qərardadla geri qaytarılmışdır. Vəkil Bayramov X1 Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi qismində iştirak etmiş vəkil Nümayəndə tərəfindən imzalanmışdır. Nümayəndə (vəkil) olaraq o, birinci instansiya məhkəməsinə sənədləri təqdim etməklə düzgün etmişdir. Yəni ki, sənədləri təqdim etmək səlahiyyəti vardır. Növbəti mərhələ üçün onun müqavilə bağlayıb-bağlamamağından asılı olaraq məhkəmənin əsaslandığı nəticəyə təsir edəcəkdir. Ümumiyyətlə, bu hal məhkəmə təcrübəsində də belə qəbul edilir və birinci instasiya məhkəməsinə şikayətlərini təqdim etdikdə qəbul edilmişdir. Şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1-ci maddəsinin tələblərinə cavab vermədiyinə görə Neftçala Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Bundan sonra vəkil Nümayəndə 22 iyul 2025-ci ildə ərizə ilə məhkəməyə müraciət edərək 04 iyun 2025-ci il tarixli qərardaddan şikayət verilməsi müddətinin bərpa olunmasını xahiş etmişdir. 24 iyul 2024-cü il tarixli qərardadla həmin ərizə təmin olunaraq, Neftçala Rayon Məhkəməsinin 2(053)-91/2025 nömrəli mülki iş üzrə 04 iyun 2025-ci il tarixli qərardadından şikayət verilməsi müddəti Cavabdeh birinci instansiya məhkəməsində nümayəndəsi olmuş, vəkil Nümayəndə münasibətdə bərpa edilmiş, eyni zamanda, şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə uyğun olaraq baxılması qərara alınmışdır. Neftçala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(053)-91/2025 nömrəli qərardadı ilə Neftçala Rayon Məhkəməsinin 2(053)-91/2025 nömrəli iş üzrə 04 iyun 2025ci il tarixli qərardadından vəkil Nümayəndə tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə 7 gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Masallı Rayon Məhkəməsinin Neftçala Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 2(053)-91/2025 nömrəli qərardadı ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. 358.0.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələrinin qətnamələrindən – yurisdiksiya üzrə apellyasiya məhkəmələrinin mülki kollegiyalarına apellyasiya qaydasında şikayət verilə bilər. 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa, müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə şikayətin geri qaytarılması barədə qərardad qəbul edərkən düzgün nəticəyə gəlməmiş, birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə maddi və prosessual hüquq normalarının pozulmasına yol vermişdir. Belə ki, iş materiallarında olan apellyasiya şikayəti birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi qismində iştirak etmiş vəkil Nümayəndə tərəfindən imzalanıb. Doğrudur, vəkilin apellyasiya şikayətinə əlavə etdiyi 17 dekabr 2024-cü il tarixli, EQ2366VK-12346/24 nömrəli elektron vəkil orderindən (eyni order işə birinci instansiya məhkəməsində baxıldığı zaman da təqdim olunmuş və iş materiallarına əlavə edilmişdir) görünür ki, həmin order Cavabdeh hüquqlarının Neftçala Rayon Məhkəməsində müdafiə edilməsi üçün verilmişdir. Lakin nəzərə alınmalıdır ki, order Cavabdeh hüquqlarının Neftçala Rayon Məhkəməsində müdafiə edilməsi üçün verilmiş olsa da, Nümayəndə Neftçala Rayon Məhkəməsinin qətnaməsindən şikayət verdiyi üçün və hələ apellyasiya şikayəti apellyasiya intansiyası tərəfindən icraata qəbul edilmədiyindən bu order Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti ünvanlamaq üçün də təqdim edilə bilər. Azərbaycan Respublikası MPM-nin: 398.0.2-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır Beləliklə, məhkəmə tərkibi hesab edir ki, şikayət təmin edilməli, Neftçala Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 2(053)-91/2025 nömrəli qərardadı ləğv edilməli, sonrakı prosssual hərəkətlər yerinə yetirilməlidir. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403- 407-ci maddələrini rəhbər tutaraq məhkəmə tərkibi qərara aldı: Cavabdeh birinci instansiya məhkəməsində nümayəndəsi olmuş, vəkil Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 2(053)-91/2025 nömrəli qərardadı ləğv edilsin. Sonrakı prosssual hərəkətlər yerinə yetirilsin. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərаrdаddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1356/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1356/2025
26.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver