Məhkəmə qərarları › İş №2(106)-1359/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1359/2023

14.08.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1359/2023 14.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, İmişli Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, 2(036)7205/2015 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclular, İmişli şəhəri, R.Məmmədov küçəsi, ev 9-da yaşayan Borclu, İmişli şəhəri, Xiyabani küçəsi, ev 80-də yaşayan Zamin1 və İmişli şəhəri, S.Vurğun küçəsi, ev 54-də yaşayan Zamin2 müştərək qaydada 11997,43 ABŞ dolları əsas borc, 2139,33 ABŞ dolları faiz borcu, 1199,74 ABŞ dolları peniya borcu, cəmi 15336,50 ABŞ dolları borcun və ödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manat pul tutulub Tələbkar ASC-nin ala (Bakı şəhəri, Xaqani küçəsi, 21) hesabına keçirilməsi əmr edilmişdir. Borclu 18 dekabr 2015-ci il tarixli məhkəmə əmrinə 17 may 2023-cü il tarixdə etiraz verərək, onun məhkəmə əmrindən xəbəri olmadığını və buraxılmış müddətin üzürlü hesab edilərək məhkəmə əmrinin ləğv edilməsini xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, 2(036)7205/2015 saylı qərardadı ilə, İmişli Rayon Məhkəməsinin 18 dekabr 2015-ci il tarixli, 2(036)7205/2015 saylı əmrinə Borclu tərəfindən edilən etirazın geri qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan Borclu şikayət vermişdir. İmişli Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(036)7205/2015 saylı qərardadı ilə, şikayətin təmin edilməməsi, İmişli Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, 2(036)7205/2015 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 397.2ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.3-cü maddəsinə əsasən şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Birinci instansiya məhkəməsinin qərardadından müəyyən edilir ki, məhkəmə etirazın geri qaytarılmasını etirazın qanunla müəyyən edilmiş müddət keçməklə verilməsi ilə əlaqələndirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan borclu vermiş olduğu şikayətdə qərardadın ləğv edilməsini, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə şikayətin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 282-ci maddəsinə əsasən, borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə məhkəmə əmri poçt xidməti vasitəsi ilə 18 dekabr 2015-ci il tarixində tərəflərə göndərilmişdir. 05 yanvar 2016-cı il tarixdə isə məhkəmə əmri icrası üçün İmişli rayon İcra şöbəsinə verilmişdir. 28 mart 2016-ci il tarixində icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Cavabdeh məhkəmə əmrini almasına baxmayaraq artıq 8 ildən sonra məhkəmə əmrinin icrası mərhələsində əmrə etiraz etmişdir. Kollegiya hesab edir ki, cavabdehin şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqla heç bir sübutla öz təsdiqini tapmır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, borclu məhkəmə əmrini aldığı gündən verilmiş tələbə və ya onun hissəsinə qarşı məhkəməni yazılı xəbərdar etməklə etiraz etməsi üçün qanunla nəzərdə tutulmuş etiraz etmə müddətini ötürdüyündən, Borclu üçün İmişli Rayon Məhkəməsinin 18 dekabr 2015-ci il tarixli, 2(036)7205/2015 saylı əmrindən etiraz etmək hüququ keçmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, İmişli Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, 2(036)7205/2015 saylı qərardadı qanuni və əsaslı olmaqla borclu tərəfindən verilmiş şikayətin dəlilləri əsassızdır. Buna görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400, 402 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, 2(036)7205/2015 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar