Məhkəmə qərarları › İş №2(106)-136/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-136/2024

17.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-136/2024 17.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının vəkili və eyni zamanda nümayəndəsi Vəkil2, Cavabdeh, cavabdehin vəkili və eyni zamanda nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 2(073)-1905/2022 saylı qətnaməsindən (hakim Q.Paşayev) Cavabdeh vəkili, eyni zamanda nümayəndəsi X5 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək, 6000 manat məbləğində maddi ziyanın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ailə üzvləri ilə birlikdə Cəlilabad rayonunun Dələli kəndində yaşayır. 2020-ci ilin dekabr ayının sonlarında sağlamlığında yaranmış problemlərlə bağlı əri Nümayəndə, anası, əmisinin həyat yoldaşı, qardaşı və uşaqları ilə birlikdə X2 Mərkəzinə getmişdir. Orada həkim Məhərrəm Əliyev onda (iddiaçıda) olan nevroloji problemlərlə bağlı iynə vurulması lazım olduğunu bildirmişdir. Buna görə də orada çalışan kiçik tibb işçisi olan Firqət adlı şəxsi çağıraraq onun (iddiaçının) sağ qoluna iynə vurulmasını tapşırmışdır. Firqət həkim də onun (iddiaçının), ərinin, anasının, əmisinin həyat yoldaşının, qardaşının və övladının yanında onun (iddiaçının) sağ qolunun yuxarı hissəsinə adını xatırlamadığı 1 flakon iynə vurmuş və 1 ay müddətində qolunu asılı vəziyyətdə saxlamağını tapşırmışdır. Bundan 2-3 gün sonra həkimin iynə vurduğu yer irin bağladığından o (iddiaçı) yenidən Cəlilabad MDM-ə getmişdir. Orada bu şişin onkoloji şiş olacağından şübhələnərək Məhərrəm Əliyev ona müayinə olunması üçün Bakı şəhəri Onkologiya Mərkəzinə göndəriş vermişdir. Orada həkimlər onu rentgen müayinəsindən keçirərək həmin şişin onkoloji şiş yox, iynədən sonra yaranmış infeksiya nəticəsində yarandığını bildirmişlər. Daha sonra Bakı şəhərində yerləşən Bakı Sağlamlıq Mərkəzinə gedərək orada müayinə olunmuşdur. Həkimin diaqnozuna görə onun (iddiaçının) qoluna vurulmuş iynədən sonra yaranmış infeksiyadan qolunda irinli yara əmələ gəlmişdir. Həmin yaranı yararaq içərisindəki irini təmizlədikdən sonra sağ qolunu hiss etməmiş, yəni qolu fəaliyyətsiz qalmışdır. Firqət həkimin vurduğu iynə qolda olan sinirlərə toxunmuşdur. Bu problemə görə 6000 (altı min) manat xərc çəksə də, onun (iddiaçının) sağ qolu öz funksiyasını itirmişdir. Bu barədə Cəlilabad rayon Prokurorluğuna müraciət etmiş və prokurorluq tərəfindən araşdırma aparılmışdır. Cəlilabad rayon Prokurorluğu tərəfindən 30 iyul 2021-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərarda da göstərilmişdir ki, məhkəmətibbi ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyi “məhkəmə-tibbi ekspertizası və pataloji anatomiya birliyi” publik hüquqi şəxsin 04 iyun 2021-ci il tarixli, 506/KEŞ nömrəli rəyindən görünür ki, “İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda yuxarı ətraf nahiyyəsində sağ bazu oynağının postinyeksion, irinli artritinin olduğu müəyyən edilmişdir ki, bu da aparılmış inyeksiya zamanı sterilizasiya qaydalarının pozulması nəticəsində yaranmışdır.” Həmçinin həmin qərarda göstərilmişdir ki, “məhkəmə-tibbi ekspertizası və pataloji anatomiya birliyi” publik hüquqi şəxsin 12 iyul 2021-ci il tarixli, 604/KEŞ nömrəli rəyindən görünür ki, “İddiaçı mütəxəssis və məhkəmə tibbi müayinələri zamanı hazırda onda yuxarı ətraf nahiyyəsində sağ bazu oynağının postinyeksion, irinli artritinin olduğu müəyyən edilmişdir ki, bununla bağlı xəstədə hərəkət məhdudluğu yaranmışdır.” Qeyd edilən səbəblərdən o (iddiaçı) dəfələrlə müalicələr almış və müalicə xərcləri çıxmışdır. Bu barədə reseptlər də mövcuddur. Cavabdeh özü dəfələrlə rayonun bir neçə şəxsi ilə onun (iddiaçının) yaşadığı evə gələrək şikayəti geri götürmək barədə həyat yoldaşı Nümayəndə 3000 (üç min) manat pul təklif etmiş, lakin o (iddiaçı) həmin vaxt qolunun fəaliyyətsiz olduğunu, bunun müalicə yolu ilə düzəldilməsini və hazırki vaxtadək 6000 (altı min) manat müalicə xərci çəkdiyini bildirərək, çəkilən xərci tam tələb etsə də, cavabdeh buna məhəl qoymamışdır. Həmin faktı həmin vaxt cavabdehlə birlikdə gələn şahidlər, eləcə də onun (iddiaçının) qonşuları da təsdiq edə bilərlər. Onun (iddiaçının) himayəsində iki azyaşlı uşağı vardır. Heç bir yerdə işləyə bilmir. O (iddiaçı) hər dəfə qoluna baxdıqda həm mənəvi, həm də fiziki iztirablar çəkir. Bu hal onu artıq dözülməz həddə çatdırmışdır. Cavbdehin laqeydliyi onda artıq sarsıntılar əmələ gətirmişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 2(073)-1905/2022 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh vurulmuş ziyanın əvəzi olaraq 4500 manat məbləğində pulun alınıb İddiaçı verilməsi, iddianın qalan qət edilmişdir hissədə təmin olunmaması qət edilmişdir. Qətnamədən Cavabdeh vəkili, eyni zamanda nümayəndəsi X5 apellyasiya şikayəti verərək ləğv olunmasını, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçının səlahiyyətli nümayəndəsi Nümayəndə, iddiaçının vəkili və eyni zamanda səlahiyyətli nümayəndəsi Vəkil2 yazılı ərizə təqdim edərək, cavabdehlə aralarında yaranan mübahisənin məhkəmədənkənar qaydada həllinə nail olduqlarını bildirərək iddiadan imtina edib, imtinalarının qəbul olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Əlavə olaraq iddiadan imtinanın doğuracağı hüquqi nəticələrin onlara izah olunduğunu və bunu bildiklərini bəyan etdilər. Məhkəmədə Cavabdeh, onun vəkili, eyni zamanda nümayəndəsi X5 mübahisənin artıq öz həllini tapdığını bildirib, iddiadan imtinanın qəbul olunmasını xahiş etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8 -259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbdən imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqanda” Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinə əsasən əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Kollegiya hesab edir ki, iddiaçı qanunla müəyyən olunan qaydada dövlət rüsumu ödəməkdən azad olunan şəxs olduğundan, tələb üzrə ödənilməli olan 80 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi prosessual qanunvericiliyə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərardaddan kassasiya şikayəti verilir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.4, 384.0.5, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı səlahiyyətli nümayəndəsi Nümayəndə, iddiaçının vəkili və eyni zamanda səlahiyyətli nümayəndəsi Vəkil2 iddiadan imtinaları qəbul edilsin. Cəlilabad Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 2(073)-1905/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair işin icraatına xitam verilsin. İş üzrə ödənilməli olan 80 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət nəfinə keçirilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən qanunla müəyyən olunan qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar