Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1361/2024 21.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmək haqqı tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-1540/2024 saylı, 27 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə 02 aprel 2024-cü il tarixində məhkəməyə müraciət edərək, 01 iyul 2016-cı il tarixindən 29 dekabr 2017-ci il tarixinədək N.Nərimanov adına şəhər 2 saylı tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini işləməklə yanaşı Təhsil nazirinin 11/234-1 nömrəli, 01 aprel 2016-cı il tarixli 48/2 saylı əmrinə əsasən məktəbdə boş qalan direktor vəzifəsini də icra etməsi ilə bağlı ona 18 ay üçün direktor vəzifəsinin maaşının ən azı yarısı olan 4374 manat (486/2×18=4374) əlavə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 01 iyul 2016-cı il tarixdən 29 dekabr 2017-ci il tarixədək Masallı rayonu N.Nərimanov adına şəhər 2 saylı tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini işləməklə yanaşı Azərbaycan Respublikası Təhsil nazirinin 11/234-1 nömrəli, 01 aprel 2016-cı il tarixli 48/2 saylı əmrinə əsasən məktəbdə boş qalan direktor vəzifəsini də icra etmişdir. Həmin dövrdə direktorun vəzifə maaşı 486 manat olmuşdur. Lakin iddiaçıya yalnız öz vəzifəsinə görə əmək haqqı ödənilmiş, icra etdiyi direktor vəzifəsinə görə isə əmək haqqı verilməmişdir. Hər dəfə müraciət etdikdə, bu məsələnin həll ediləcəyi bildirilmişdir. Ancaq bir neçə il ərzində məsələnin həllini tapmadığını görüb cavabdehə yazılı şəkildə müraciət etməli olmuşdur. Cavabdehin 04 mart 2024-cü il tarixli məktubunda başqa vəzifənin icrasının həvalə edilməsi ilə bağlı elektron əmək müqaviləsi bildirişi və digər sənədlər Masallı rayonu üzrə mühasibatlığa təqdim edilmədiyindən bununla bağlı heç bir ödəniş həyata keçirilməməsi qeyd edilmiş, həmin sənədləri təqdim etdikdən sonra müraciətə baxılacağı göstərilmişdir. Halbuki, elektron əmək müqaviləsi bağlamaq iddiaçının deyil, işəgötürənin vəzifəsi idi. İşlədiyi dövrdə dəfələrlə tələb etməsinə baxmayaraq, belə müqavilə bağlanılmamışdır. Ancaq bu hal hüququnun pozuntusuna səbəb ola bilməz. İddiaçı işini vicdanla yerinə yetirmişdir. İşəgötürən isə vəzifəsini icra etməmiş, dəfələrlə tələb etməsinə baxmayaraq, hər dəfə məsələni həll edəcəyini vəd etmiş, iddiaçı da bununla bağlı məsələni işəgötürənin həll edəcəyinə ümid etmişdir. Cari ildə isə işəgötürənin vəzifəsi olan məsələ əsassız olaraq iddiaçıdan tələb edilir. Bu isə cavabdehin icra etdiyi direktor vəzifəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş pul vəsaitini ona vermək niyyətinin olmamasını və ötən dövr ərzində yalan vədlərlə aldadıldığını göstərir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qanunvericiliyin tələbinə əsasən 01 iyul 2016-cı il tarixdən 29 dekabr 2017-ci il tarixədək N.Nərimanov adına şəhər 2 saylı tam orta məktəbində təlimtərbiyə işləri üzrə direktor müavini işləməklə yanaşı Təhsil nazirinin 11/234-1 nömrəli, 01 aprel 2016-cı il tarixli 48/2 saylı əmrinə əsasən məktəbdə boş qalan direktor vəzifəsini də icra etdiyindən iddiaçıya 18 ay üçün direktor vəzifəsinin maaşının ən azı yarısı olan 4374 manat (486/2x18=4374) əlavə əmək haqqı ödənilməli idi. Cavabdeh bu vəsaitin iddiaçıya verilməməsini elektron əmək müqaviləsi təqdim etməməsi ilə əsaslandırmışdır. Halbuki, Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndində əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş imza vasitəsilə daxil etmək işəgötürənin əsas vəzifəsi kimi müəyyən edilmişdir. Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “x” bəndində isə həmin Məcəllə ilə işçiyə ödənilən bütün ödənişlərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq ödənilməsini təmin etmək də işəgötürənin əsas vəzifəsi kimi müəyyən edilmişdir. Göründüyü kimi, boş qalan direktor vəzifəsini əvəzçilik üzrə icra etməsi müvafiq əmr əsasında olmuşdur. Bununla bağlı elektron əmək müqaviləsini bağlamaq və müvafiq ödənişləri həyata keçirmək işəgötürənin vəzifəsi, iddiaçının isə öz işi ilə yanaşı, əvəz etdiyi vəzifə üzrə müəyyən edilmiş maaşın yarısından az olmamaq şərti ilə əlavə maaş almaq hüququdur. Qanunvericiliyin tələbinə əsasən iddiaçı əmrlə həvalə edilmiş vəzifəni icra etməsinə baxmayaraq, bununla bağlı ona qanunvericilikdə nəzərdə tutulmuş əlavə əmək haqqının ödənilməməsi ilə onun hüquqları və qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 2(049)-1540/2024 nömrəli mülki işlə əlaqədar İddiaçı iddia tələbinə dair iddia müddətini keçirdiyi üçün iddianın rədd edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1540/2024 saylı, 27 may 2024-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Anar Pənahov) İddiaçı Cavabdehnə qarşı “əmək haqqı tələbinə dair” iddiası iddia müddəti tətbiq edilərək təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Lənkəran Rayon Məhkəməsinin 2(049)-1540/2024 saylı, 27 may 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Lənkəran Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2(049)-1540/2024 saylı qətnaməsi qanunsuz və ədalətsizdir, hakim işi hərtərəfli və tam araşdırmadan qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. Məhkəmə Əmək Məcəlləsinin 58-ci, 61-ci, 154-cü, 162-ci, 178-ci və 296-cı, Mülki Məcəllənin 372-ci və 377-ci maddələrinin tələblərini pozmuşdur. Əmək Məcəlləsinin tələbinə əsasən direktor vəzifəsinə görə ödənilən əmək haqqının yarısı iddiaçıya ödənilməlidir, lakin məhkəmə həmin normaların tələblərini pozmuşdur. İddiaçı hüqüqlarının pozulmasını bildiyi vaxtdan mediasiyaya və daha sonra məhkəməyə müraciət etmişdir. O, əvvəlcə Regional Təhsil İdarəsinə müraciət etmiş, həmin idarə ödənişi verməkdən imtina etdiyindən artıq hüquqlarının pozulmasını bilmiş və müddəti ötürməmişdir. Məhkəmə həmin halları araşdırmamışdır. Cavabdehin nümayəndəsi ərizəsində göstərir ki, guya iddiaçıya direktor vəzifəsinin icrası həvalə olunan zaman əlavə ödəniş nəzərdə tutulmamış və iddiaçı da bununla razılaşmışdır. Əmək Məcəlləsində belə norma nəzərdə tutulmamışdır, buna görə də belə bir əmrin verilməsi mümkün deyildir və qanunsuzluqdur. Cavabdehin arqumentləri tamamilə absurddur, işçinin əmək haqqının ödənilməməsi kimi anlayış Əmək Məcəlləsində yoxdur və iddiaçı haqqını tələb edir. Məhkəmə sübutları tam araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, cavabdeh tərəf etirazı barədə məhkəməyə sübutlar təqdim etməmiş, məhkəmə prosesləri çəkişmə və ədalət prinsipi əsasında aparılmamışdır. Məhkəmə iddiaçının direktor vəzifəsini Təhsil nazirinin müvafiq əmri əsasında icra etdiyini, ona həmin dövrün əmək haqqının verilmədiyini, 18 ay ərzində direktora verilməli olan əmək haqqının ödənilməməsini aydınlaşdırmamışdır. Məhkəmə tərəfindən iddiaçının hüquqlarının pozulmasının 2018-ci ilin yanvar ayında bilindiyi müəyyən olunsa da, həmin hallar sübuta yetirilməmişdir. İddiaçı hüquqlarının pozulmasını bildiyi vaxtdan mediasiyaya və daha sonra məhkəməyə müraciət etmişdir. Qanunun tələbinə əsasən şəxs hüquqlarının pozulduğunu bildiyi vaxtdan 1 il ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı da qanunla müəyyən olunmuş vaxtda məhkəməyə müraciət etmişdir. Qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun deyildir. Məhkəmə Təhsil nazirinin müvafiq əmrinə əsasən direktor vəzifəsini icrasının iddiaçıya həvalə olunmasını, iddiaçının həmin müddət ərzində əmək haqqı almadığını, həmin vəzifəni icra etsə də, əmək haqqının iddiaçıya ödənilməməsini nəzərə almamışdır. Apellyasiya məhkəməsinin iclasında iştirak edən İddiaçı çıxış edərək bildirdi ki, o, Masallı rayonu N.Nərimanov adına şəhər 2 saylı tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini işləməklə yanaşı Təhsil nazirinin əmrinə əsasən 01 iyul 2016-cı il tarixindən 29 dekabr 2017-ci il tarixinədək həmin məktəbdə boş qalan direktor vəzifəsini də icra etmiş, lakin ona direktor vəzifəsini icra etməsi ilə əlaqədar hər hansı əlavə ödəniş verilməmişdir. O, hazırda təqaüdə çıxmışdır, onun təqaüd yaşına çatmasına baxmayaraq, daha bir il də həmin vəzifədə saxlanılması imkanı olsa da, saxlanılmamışdır. Halbuki, başqa şəxslər təqaüd yaşına çatsa da, əlavə olaraq bir və ya bir neçə il işləməyə davam edərək maaş alırlar. O isə bir müddət pulsuz belə çalışmasına baxmayaraq, çalışma müddətinin uzadılmamasından narazı qalmış, ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. O qeyd etdi ki, hazırkı tələb üzrə iddia müddətini ötürdüyünü başa düşür. Lakin onun səhhətinə də zərər dəymişdir. Belə ki, o, direktor vəzifəsini icra edərkən hətta infarkt da keçirmişdir. Səhhətinə vurulmuş ziyanla bağlı kompensasiya da tələb edəcəkdir. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçı tərəfindən hazırkı iddia üzrə iddia müddəti ötürülmüşdür. Hesab edir ki, birinci instansiya məhkəməsi iddia müddətini tətbiq edərək iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Ona görə də o, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini tədqiq edib, iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək bildirir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdəki Təhsil nazirinin 11/234-1 nömrəli, 01 aprel 2016-cı il tarixli əmri əsas götürülməklə verilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi Masallı rayon Təhsil şöbəsinin 48/2 saylı, 30 iyun 2016-cı il tarixli əmrindən görünür ki, Masallı şəhər 2 saylı tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini olan İddiaçı Əlixan oğluna həmin məktəbin direktoru vəzifəsinin icrası 01 iyul 2016-cı il tarixindən müvəqqəti olaraq tapşırılmışdır. İşdəki Cavabdeh N.Nərimanov adına şəhər 2 nömrəli tam orta məktəbin 62 nömrəli, 01 aprel 2024-cü il tarixli arayışından görünür ki, İddiaçı 01 iyul 2016-cı ildən 29 dekabr 2017-ci ilədək həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini işləməklə yanaşı, Təhsil nazirinin 11/234-1 nömrəli, 01 aprel 2016-cı il tarixli 48/2 saylı əmrinə əsasən məktəbdə boş olan direktor vəzifəsini də icra etmişdir. İş materiallarının 12-ci vərəqinə əlavə edilmiş Masallı şəhər 2 nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışmış İddiaçı 2016-2017ci illər üzrə hesablanmış əmək haqqı barədə məlumatdan görünür ki, ona 2016-2017-ci illər ərzində direktor vəzifəsinin həvaləsinə görə əmək haqqı hesablanmamışdır. İşdəki Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Cavabdeh Masallı rayonu üzrə təhsil sektorunun 29 mart 2024-cü il tarixli, 32 nömrəli arayışından görünür ki, Masallı şəhər N.Nərimanov adına 2 nömrəli tam orta məktəbin sabiq direktor müavini İddiaçı 2016-2017-ci illər üzrə hesablanmış bir aylıq vəzifə maaşı 435 manat, direktorun vəzifə maaşı isə 486 manat olmuşdur. İşdə surəti olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 04 mart 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, sonuncunun Masallı şəhər N.Nərimanov adına 2 nömrəli tam orta məktəbdə direktor vəzifəsini həvalə üzrə icra etdiyinə görə ona əmək haqqı ödənilməsi ilə bağlı müraciətinə baxılmış, bildirilmişdir ki, işəgötürən tərəfindən həvalə ilə əlaqədar elektron əmək müqaviləsi bildirişi və digər sənədlər Masallı rayonu üzrə mühasibatlığa təqdim edilmədiyinə görə həvalə ilə bağlı heç bir ödəniş həyata keçirilməmişdir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, məhkəmə iddiaçının hazırkı tələblə çıxış etməsi üçün subyektiv hüquqa malik olduğunu bildirsə də, onun hazırkı iddianı iddia müddətini ötürməklə verməsi səbəbindən rədd etmişdir. Məhkəmə kollegiyası bildirir ki, hazırda iddiaçının apellyasiya şikayətinin dəlilləri onun tərəfindən iddia müddətinin ötürülməmiş olması ilə əlaqədardır və bu səbəbdən də iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilərkən iddia müddətinin ötürülübötürülməməsi məsələsi müəyyən olunmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsinin “d” bəndinə əsasən, Əmək Məcəlləsi ilə əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi ilə bağlı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. Hazırda iddia tələbindən müəyyən olunur ki, o, iddiaçının ödənilməmiş əmək haqqı ilə bağlı olmaqla, pul tələbidir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. MM-in 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu iddia müddətini belə izah etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddiaçı apellyasiya məhkəməsinin iclasında iddia müddətini ötürməsini qəbul etmişdir. Məhkəmə kollegiyası da bildirir ki, şəxsin 29 dekabr 2017-ci il tarixədək icra etdiyi vəzifə üzrə ona əlavə əmək haqqının ödənilməməsi barədə hüququnun pozulduğunu bilməsi anı ən geci 2018-ci ilin yanvar ayında baş vermişdir. Belə ki, artıq əlavə olaraq məktəb direktoru vəzifəsinin müvəqqəti icrasından azad edilən iddiaçı həmin əvəzetməyə görə onun əmək haqqına əlavə ödənişlərin edilməməsini də məhz həmin vaxtdan bilməli idi. İddiaçı özünün müvəqqəti olaraq həvalə olunan məktəbin direktoru vəzifəsindən azad olunması və ona həmin vaxtadək icra edilməsinə baxmayaraq, həmin vəzifəyə görə əmək haqqı ödənilməməsi barədə ən azından 2018-ci ilin yanvar ayından etibarən məlumatlı olsa da, hüququnun bərpasına laqeyd yanaşmış, qanunla nəzərdə tutulmuş iddia müddəti çərçivəsində məhkəməyə müraciət etməmişdir. İddiaçıya cavabdeh təşkilat tərəfindən ödənişlərin ediləcəyinə dair vədlərin verilməsi isə iddiaçının öz hüquqlarını məhkəmə qaydasında müdafiə etməsi üçün tələb olunan iddia müddətinin dayandırılmasına əsas vermir. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçı 29 dekabr 2017-ci ilədək olan ödənilmədiyini iddia etdiyi 18 aylıq əmək haqqını 02 aprel 2024-cü ildə iddia ərizəsi irəli sürərək tələb etməklə, məktəbin direktoru vəzifəsinin icrasından azad edildiyi vaxtdan təxminən 6 il 3 aydan artıq müddət keçdikdən sonra iddia qaldırmışdır. Bu isə iddiaçı tərəfindən iddia müddətinin ötürülmüş olması nəticəsinə gəlməyə əsas verir. Konstitusiya Məhkəməsinin Plenumu da 3 iyun 2013-cü il tarixli Qərarında bildirmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Lakin iddiaçı öz hüququnun bərpasına laqeyd yanaşmış, bununla da intizamsızlığa yol vermişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə əsasən, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Lakin iş materialları ilə müddətin ötürülməsinin üzrlü səbəbi müəyyən edilməmiş, iddiaçı ümumiyyətlə müddətin bərpası barədə vəsatət verməmişdir. Cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1540/2024 saylı, 27 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. MPM-in 402.1-ci maddəsini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, hazırkı qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1540/2024 saylı, 27 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1361/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1361/2024
21.08.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver