Məhkəmə qərarları › İş №2(106)-1372/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1372/2023

18.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1372/2023 18.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlunun (sədrlik edən, məruzəçi), X6 və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı doğum haqqında şəhadətnamənin ona məxsus olmaması və mənəvi ziyan tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 2(048)233/2023 saylı, 06 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək doğum haqqında şəhadətnamənin cavabdeh X2 məxsus olmamasının müəyyən edilərək ona dəymiş mənəvi zərərin əvəzi kimi 5000 (beş min) manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin 2(048)233/2023 saylı, 06 aprel 2023-cü il tarixli qətnaməsi (hakim A.Kiçibəyov) ilə, iddianın təmin edilməməsi, İddiaçı cavabdeh X2 doğum haqqında şəhadətnamənin ona məxsus olmamasının müəyyən edilməsi və ona dəymiş mənəvi zərərin əvəzi kimi 5000 (beş min) manat pulun cavabdehdən alınıb ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməsi, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 08 avqust 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək apellyasiya icraatına qəbul edilmişdir. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 365-cü maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu məcəllənin müddəaları tətbiq olunur. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək doğum haqqında şəhadətnamənin cavabdeh X1 məxsus olmamasının müəyyən edilərək ona dəymiş mənəvi zərərin əvəzi kimi 5000 (beş min) manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh X3 ilə 19 yanvar 2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahlarından 29 iyun 2014-cüil tarixdə X5 və 09 mart 2016-cı il tarixdə X4 adlı iki uşaqları doğulmuşdur. Cavabdehlə ailə qurduğu zaman cavabdeh ona bildirmişdir ki, o, xx xxxxxx 1988-ci ildə anadan olmuşdur. Sonradan ona məlum olmuşdur ki, cavabdeh ona yanlış məlumat vermişdir. Belə ki, cavabdeh onu aldadaraq təvəllüdünü xx xxxxxx 1988-ci il kimi göstərmiş, əslində isə cavabdeh 1980-il təvəllülüdür. Cavabdeh bu faktı ondan uzun müddət gizlətmişdir. Bu faktı o, aşkara çıxarmışdır. Cavabdeh tərəfindən aldadılmış və cavabdeh tərəfindən onun hüquqları pozulmuşdur. Bu səbəbdəndə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə kollegiyası iş materialları üzrə araşdırma apararaq müəyyən etmişdir ki, ərizəyə məhkəmədə baxılması üçün əsasların olmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbinə baxaraq mülki iş üzrə yekun nəticəyə gəlmişdir. İddiaçının iddia ərizəsinin mahiyyətindən görünür ki, o Cavabdeh məxsus doğum haqqında şəhadətnamənin ona məxsus olmaması faktının müəyyən edilməsini tələb edir. İddiaçının iddia ərizəsinin məzmunundan görünür ki, o Cavabdehnın doğum haqqında şəhadətnaməsində onun xx xxxxxx 1988-ci ildə anadan olması deyil məhz 1980-ci il təvəllüdlü olması faktının müəyyən olunmasını tələb edir. Belə ki, o cavabdehlə ailə həyatı qurduğu zaman cavabdeh ona xx xxxxxx 1988-ci ildə anadan olmasını bildirmişdir. Lakin sonradan iddiaçıya məlum olmuşdur ki, Cavabdeh 1980-ci il təvəllülüdür. Odur ki, Cavabdeh məxsus doğum haqqında şəhadətnamənin ona məxsus olmamasını məhkəmədən müəyyən edilməsini xahiş edir. Göründüyü kimi, iddiaçı cavabdehə verilmiş doğum haqqında şəhadətnaməni mübahisələndirərək, şahədatnamədə Cavabdeh doğum tarixi, 1980-ci il kimi qeydiyyat aparılmalı olduğu halda, səhvən xx xxxxxx 1988-ci il kimi qeydiyyat aparılmışdır. Hazırda isə iddiaçı Cavabdeh məxsus doğum haqqında şəhadətnamədə qeydiyyatın düzgün aparılmasını tələb edir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi işlə bağlı yekun nəticəyə gələrkən qanunvericiliyin tələblərinə əməl etməmiş bununla da qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsaslar yaratmışdır. Belə ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. İddiaçı hüquqi əhəmiyyəti olan fakt kimi doğum faktının müəyyən edilməsini, onun arvadı Cavabdeh məxsus doğum haqqında şəhadətnamədə doğum tarixi, 1980-ci il kimi qeydiyyat aparılmalı olduğu halda, xx xxxxxx 1988-ci ildə doğulması kimi qeydiyyat aparılması ilə bağlı olmuşdur. Yəni iddiaçıya inzibati orqan olaraq Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının arvadı Cavabdeh adına verilmiş doğum akt qeydində doğum tarixinin düzgün qeydiyyatının aparılmasını tələb edir. Bunun üçün isə iddiaçı qeydiyyat orqanına ərizə verməklə vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvin düzəldilməsinə nail ola bilər. Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 4 saylı 10 aprel 2015-ci il qərarına görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları,onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (2, 3.1, 4 və 5.1-ci bəndlər). “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarınımüəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən isə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbi inzibati orqan tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin yəni inzibati orqanın qəbul etdiyi inzibatı aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) aiddir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı doğum haqqında şəhadətnamənin cavabdeh X2 məxsus olmamasının müəyyən edilməsi üçün inzibati orqana müraciət etməlidir. İmtina olacağı təqdirdə isə inzibati məhkəmə qaydasında iddia qaldırmalıdır. İddiaçı həmçinin iddia tələbində mənəvi ziyanın ödənilməsini tələb edir, tələbinin əsasını isə məhz onun arvadı Cavabdeh doğum tarixinin düzgün qeydiyyatının aparılmaması ilə əlaqələndirir. Yəni bu tələb ilkin tələbdən törəmə tələb olduğundan lkin tələb üzrə icraata xitam verillməsi, törəmə tələb üzrə yekun nəticəyə gəlməni də, istisna edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 151.2-ci maddəsinə əsasən zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Mülki Prosessual Məcəllənin 365-ci maddəsinə əsasən apelyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən hakim iş üzrə icraata iş məhkəmədə baxılmalı deyildirsə xitam verir. Belə olan halda kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Lerik Rayon Məhkəməsinin 2(048)233/2023 saylı, 06 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı doğum haqqında şəhadətnamənin ona məxsus olmaması və mənəvi ziyan tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.4-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 372, 400,402.2 və 402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lerik Rayon Məhkəməsinin 2(048)233/2023 saylı, 06 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı doğum haqqında şəhadətnamənin ona məxsus olmaması və mənəvi ziyan tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar