Məhkəmə qərarları › İş №2(106)-1388/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1388/2025

25.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1388/2025 25.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment və uşaq 3 yaşına çatanadək maddi yardımın ödənilməsi” tələbi barədə iddiasına dair mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: alimentin təyin edilməsi. Şirvan şəhəri, 25 sentyabr 2025-ci il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X6, (sədrlik edən, məruzəçi) Əsədli Mahir Abdulla oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment və uşaq 3 yaşına çatanadək maddi yardımın ödənilməsi” tələbi barədə iddiasına dair mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin 14 iyul 2025-ci il tarixli, e-2(053)-958/2025 saylı qətnaməsindən (hakim Ləman Qasımzadə) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı xx.xx.2025-ci il tarixdə Cavabdeh qarşı “aliment və uşaq 3 yaşına çatanadək maddi yardımın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2025-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərildiyi, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq sabit pul məbləğində və uşaq 3 yaşına çatanadək sonrakı artımlarda nəzərə alınmaqla minimum əmək haqqının 1,23 misli miqdarında alimentin, 60 manat mediasiya xərcinin, hüquqi yardıma görə vəkilə ödənilən 300 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə Salyan regional “Asan xidmət mərkəzi” Qeydiyyat şöbəsində nikaha daxil olmuşdur. Həmin nikahdan xx.xx.2025-ci il təvəllüdlü X4 adlı bir övladı var. Cavabdeh onu və uşağını saxlamaqdan imtina edir və ailənin dolanışığına heç bir maddi yardım göstərmir. Ona görə də cavabdehə qarşı aliment tələbini qoymaq məcburiyyətindədir. Cavabdeh ailə ilə qəti maraqlanmır. Azərbaycan Respublikasında 2025-ci il üçün bir uşağın yaşayış minimumunun 246 manat olmasını nəzərə alaraq o, cavabdehdən mediasiya prosesinin tətbiqi barədə təklif göndərilən xx.xx.2025-ci il tarixdən hesablanaraq sabit pul məbləğində 246 manat olmaqla, eyni zamanda uşaq 3 yaşına çatana qədər 246 manat olmaqla, cəmi 492 manat sabit pul məbləğində aliment tələb edir. Bu da minimum əmək haqqına münasibətdə 1,23 misli edir. Tərəfindən İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmiş və 50 (əlli) manat ilkin mediasiya sessiyası üçün rüsum ödənilmişdir. Həmçinin vəkilə tərəfindən ödənilən 300 manatın da cavabdehdən tutulmasını xahiş edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən onun mövqeyini öyrənmək mümkün olmamaışdır. Neftçala Rayon Məhkəməsinin 14 iyul 2025-ci il tarixli, e-2(053)-958/2025 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, xx.xx.2025-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulması, xx.xx.2025-ci il təvəllüdlü X2 3 (üç) yaşına çatanadək, yəni xx.xx.2028-ci il tarixədək Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq, hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, Hüquqi yardıma görə ödənilmiş 300 manat və mediasiya prosesi üçün ödənilmiş 50 manat pul tutularaq Cavabdeh tutularaq İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Neftçala Rayon Məhkəməsinin 14 iyul 2025-ci il tarixli, e-2(053)-958/2025 nömrəli qətnaməsinin qismən ləğv edilməsini, ondan hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində alimentin tutulmasını və həmçinin ondan tutulmalı olan məhkəmə xərclərini vəziyyətini nəzərə alınıb ağlabatan həddə müəyyən edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o işsiz kimi qeydiyyatdadır. Hazırda heç bir yerdə işləmir, başqa gəlir və qazancı, o cümlədən təsərrüfatı yoxdur. Özü də hərbi xidmətdə olarkən dəri xəstəliyinə tutulmuşdur və mütəmadi müalicə olunmalıdır. Lakin maddi imkanı olmadığı üçün özünü müalicə etdirə bilmir. Həmçinin himayəsində yaşlı və xəstə olan valideynləri var. Valideynləri pensiyaçıdırlar, aldıqları pensiya onların müalicə və dərmanlarına kifayət etmir. O da məşğulluq xidməti tərəfindən iş təklif olunanda müvəqqəti işləyir. Qazancı da kifayət qədər olmur. İddiaçı isə Neftçala şəhər V.Həmidov adına 3 saylı Körpələr evində tərbiyəçi işləyib ayda 400 manat məbləğində əmək haqqı alır. Məhkəmə işə baxarkən bu halları nəzərə almamış, ondan hər ay 296 manat pulun, həmçinin məhkəmə xərclərinin də demək olar ki, tam həcmdə tutulmasını qət etmişdir. Məhkəmə qətnaməsində onun 246 manat məbləğində alimenti ödəmək imkanının olub-olmaması araşdırılmamış, ümumiyyətlə məhkəmə hansı səbəbdən gəliri və iş yeri olmayan, işsiz statusu olan şəxsdən yüksək məbləğdə alimentin tutulmasını ağlabatan olmasını əsaslandırılmamışdır. Bu da onun maddi vəziyyətinin xeyli çətinləşməsinə səbəb olur. O qeyd edilən məbləğdə alimenti ödəyə bilməyəcək. O uşağının saxlanması üçün hər ay 100 manat aliment ödəyə bilər. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, vermiş olduğu apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin aliment hissədə dəyişdirilərək hər ay 100 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, iddiaçının nümayəndəsinin məhkəmə iclasında onun hazırda güya Türkiyədə gəmidə işləməsi ilə bağlı fikirləri ilə razı deyil. Belə ki, o hazırda heç bir yerdə işləmir. Lakin 1 il bundan əvvələ qədər həqiqətəndə Türkiyədə gəmidə işləmişdir. Həmçinin qeyd etmişdir ki, muzdlu işə görə əmək haqqından gəlir vergisi ödəyən fiziki şəxs kimi VÖEN-nə malikdir. İddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, cavabdeh hazırda da Türkiyədə gəmidə işləyir və ayda 1700-2000 ABŞ dolları qazanc əldə edir. Belə ki, o dəqiq bilir ki, cavabdeh qızı ilə birgə nikahda olduğu dövrdə ayda evə 2000 dollara yaxın qazanc gətirmişdir. Lakin cavabdeh hələ 1 yaşı tamam olmayan uşağına aliment ödəmək istəmir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, ondan hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində alimentin tutulmasını və həmçinin ondan tutulmalı olan məhkəmə xərclərini vəziyyətini nəzərə alınıb ağlabatan həddə müəyyən edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə mübahisələndirilən hissələrdə yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına almaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanmasıüçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağınıəhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 85.1.1-ci maddəsində göstərilmişdir ki, hamiləlik dövründə və ya ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Salyan regional “ASAN xidmət mərkəzi” Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İİ seriyalı 590563 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh X5 arasında Salyan regional “ASAN xidmət mərkəzi” Qeydiyyat şöbəsində xx.xx.2023-cü il tarixdə nikah bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 383 nömrəsi ilə qeyd edilmişdir. Nikahdan sonra ərə Salmanov arvada Salmanova soyadı verilmişdir. İş materiallarında olan Neftçala rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, AZ-V seriyalı 064179 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2025-ci il tarixdə Neftçala şəhəridə anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2025-ci il tarixdə 72 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, xxxxxxx fin kodlu şəxs tərəfindən Salyan 1 saylı Medfiasiya təşkilatına 50 manat rüsum ödənilmişdir. İş materiallarında olan İddiaçı ilə Elman Hənfəli arasında bağlanmış xx.xx.2025- ci il tarixli müqavilədən müəyyən edilir ki, İddiaçı tərəfindən hüquqi yardıma görə Elman Hənfəliyə 300 manat ödəniş edilmişdir. Göründüyü kimi iddia qismən təmin edilmiş, qətnamədən cavabdeh narazı qalaraq apellyasiya şikayəti vermişdir. Şikayətin əsas dəlili ondan hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində alimentin tutulması və həmçinin ondan tutulmalı olan məhkəmə xərclərini onun vəziyyətini nəzərə alınıb ağlabatan həddə müəyyən edilməsindən ibarətdir. Kollegiya şikayətin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, cavabdeh muzdlu işə görə əmək haqqından gəlir vergisi ödəyən fiziki şəxs kimi VÖEN-nə malikdir. Həmçinin cavabdeh hazırda heç bir yerdə işləmdiyini bildirsə də iddiaçı tərəf onun hazırda Türkiyədə gəmidə işləməklə ayda 1700-2000 ABŞ dolları qazanc əldə etməsini qeyd edir. Buna cavabında cavabdeh 1 il bundan əvvələ qədər həqiqətəndə Türkiyədə gəmidə işləməsini bildirmiş, hazırda isə işləmədiyini qeyd etmişdir. Buradan belə anlaşılır ki, cavabdeh 1 uşaq üçün aliment ödəmək üçün zəruri vəsaitə malik olan şəxsdir. Həmçinin uşaqları saxlamaq valideyinlərin vəzifəsidir. Müəyyən edilir ki, azyaşlı uşaq xx.xx.2025-ci il təvəllüdlü olmaqla 9 aylıqdır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Prezidentin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsaslanaraq hesab etmişdir ki, iddia qismən təmin edilməli, xx.xx.2025-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulmalı, xx.xx.2025-ci il təvəllüdlü X2 3 (üç) yaşına çatanadək, yəni xx.xx.2028-ci il tarixədək Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq, hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, həmçinin hüquqi yardıma görə ödənilmiş 300 manat və medisasiya prosesi üçün ödənilmiş 50 manat Cavabdeh İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və iddiaçının apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Bütün yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, mülki mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və mülki kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi alimentin mübahisələndirilən hissəsi 5000 manatdan çox deyil. Buna görə də hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin 14 iyul 2025-ci il tarixli, e-2(053)-958/2025 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar