Məhkəmə qərarları › İş №2(106)-1390/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1390/2024

31.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1390/2024 31.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı qanunsuz tələblərinin icra edilməsi ilə əlaqədar cavabdeh tərəfindən ona və şəhid övladının xatirəsinə qarşı edilən həqarətlər nəticəsində ona vurulmuş 15.000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutulması tələbi barədə mülki iş üzrə (Açar sözlər: şərəf və ləyaqətin müdafiəsi, dəymiş mənəvi zərərin ödənilməsi) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X6, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və X3 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin qanunsuz tələblərinin icra edilməsi ilə əlaqədar cavabdeh tərəfindən ona və şəhid övladının xatirəsinə qarşı edilən həqarətlər nəticəsində vurulmuş mənəvi zərərlə bağlı mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin (hakim Ceyhun Qədimov) 30 dekabr 2023-cü il tarixli, 2(053)-970/2023 saylı qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək qanunsuz tələblərinin icra edilməsi ilə əlaqədar cavabdeh tərəfindən ona və şəhid övladının xatirəsinə qarşı edilən həqarətlər nəticəsində ona vurulmuş 15.000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırıldığına baxmayaraq gəlməmişdir. O, məhkəmənin hazırlıq iclasında iştirak etmiş və iddiasını müdafiə edərək, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşadığını bildirmişdir. Qeyd edir ki, mülkiyyətçisi olduğu mənzilin həyətindəki əlüzyuyandan istifadə nəticəsində yaranan çirkab suların axıdılması üçün ərazi üzrə kommunal təsərrüfat qurumu və yerli özünüidarəetmə orqanı tərəfindən ona yaşayış yerindən kənarda müvafiq xəndəyin qazılması üçün icazə verilmişdir. Lakin onunla qonşuluqda, bacısı X4 məxsus evdə yaşayan Cavabdeh və arvadı X1 ona qanunsuz təzyiqlər göstərərək xəndəyin doldurulmasını tələb etmişlər. Həmçinin bu təzyiqlərin fonunda onun və ailə üzvlərinin ünvanına təhqiramiz ifadələr işlətməklə yanaşı şəhid olmuş övladının da xatirəsinə ciddi hörmətsizlik məzmunu daşıyan söyüşlər söymüşlər. Bunun nəticəsində daxilən ağır sarsıntılar keçirmiş və mənəvi zərərə məruz qalmışdır. Cavabdeh onunla qonşuluqda yaşadığı üçün bu cür hərəkətlərini mütəmadi olaraq davam etdirmişdir. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi, vəkil Nümayəndə da işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək, İddiaçı bildirdiklərinə uyğun məzmunlu izahat vermişdir. Əlavə olaraq bildirir ki, bu mübahisə əvvəllər dəfələrlə cavabdeh ilə iddiaçının qızı və kürəkəni arasında olub. Mübahisə yuxarıda qeyd olunduğu kimi, kanalizasiya xətti ilə bağlı olub. Sonuncu dəfə baş vermiş mübahisə isə konkret olaraq iddiaçı ilə cavabdeh arasında olmuş və bu zaman cavabdeh həm iddiaçının özünün, həm də onun şəhid olmuş övladının ünvanına nalayiq ifadələr işlətmişdir. Bununla da iddiaçı müalicə almasına səbəb olan böyük sarsıntılar və iztirablar keçirmişdir. Qeyd etdiyi halları nəzərə alaraq iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, onun ümumiyyətlə iddiaçı ilə hər hansı bir mübahisəsi olmayıb. İddiaçıya məxsus mənzildə onun özü deyil, kürəkəni ailəsi ilə birlikdə yaşayır. Həmin mənzilə aid olan kanalizasiya xətti onların həyətindən keçir. Həmin kanalizasiya xəttində olan nasazlıq səbəbindən bütün çirkab sular onun yaşadığı mənzilin həyətinə axır və üfunət yaradır. Bununla bağlı tədbir görülməsini iddiaçı tərəfdən dəfələrlə xahiş etmiş, hətta təklif etmişdir ki, köməkləşib nasazlığı birlikdə aradan qaldırsınlar. Lakin nəticəsi olmamışdır. Sonuncu dəfə isə 28 iyun 2023-cü ildə saat 16.30 radələrində eyni halın yenə də baş verdiyini görüb iddiaçının kürəkəni Yaşarı səsləmişdir. Səsə Yaşarın arvadı, yəni iddiaçının qızı Mədinə çıxmışdır. Kanalizasiya xəttinin onlar üçün problem yaratdığını bir daha Mədinənin diqqətinə çatdırmış və onu köməkləşərək birlikdə təmir etmələri üçün Yaşarı çağırmasını xahiş etmişdir. Mədinə əri Yaşarın evdə olmadığını demişdir. Bundan sonra Mədinəyə kanalizasiya xətti ilə axan bütün çirkab suların həyətlərinə dolduğunu deyərək və göstərərək xətti söküb özü təmir edəcəyini bildirmişdir. Qeyd edir ki, bu zaman onların arasında heç bir söz-söhbət olmayıb. Kanalizasiya xəttini sökərkən borunun bir hissəsinin qatlanmış (əzilmiş) olduğunu görmüş və xəttin bu səbəbdən işləmədiyini müəyyən etmişdir. Bir qədər sonra isə İddiaçı gəlib ondan xətti sökməməsini tələb edəndə ona bildirmişdir ki, artıq xətti söküb. Buna görə iddiaçı onun və arvadının ünvanına nalayiq ifadələr işlətmiş və söyüşlər söymüşdür. Bundan sonra onun barəsində Neftçala Rayon Polis Şöbəsinə, həmçinin guya ərazidə 3 ədəd ağacı icazəsiz kəsməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayətlər etmişlər. Cavabdeh qeyd edir ki, iddiaçı qadındır və yaşlıdır. O, isə “böyük-kiçik bilən” adam olduğundan yaşlı qadının ünvanına söyüş söyə bilməzdi. Sadəcə olaraq aralarında sözlə mübahisə olmuş, iddiaçıya və sonuncunun qızına bildirmişdir ki, onların xətdəki nasazlığı aradan qaldırmamaları səbəbindən çirkab sular onun (cavabdehin) həyətinə axır və üfunət yaradır. Bir daha qeyd edir ki, heç kimi söyməmiş, həmçinin iddiaçının şəhid olan övladının ünvanına heç bir nalayiq ifadə işlətməmişdir. Şəhidləri daim hörmətlə andığını, bu mövzuda həmişə diqqətli olduğunu, onların ruhu qarşısında baş əydiyini bildirir. İddiaçının isə böyük kimi həmişə hörmətini saxladığını, onunla qonşu kimi hər zaman yaxşı münasibətlərinin olduğunu, hətta onun böyük oğlu ilə dost olduğunu qeyd edir. İddianı tamamilə əsassız hesab etdiyini bildirib, göstərilənləri nəzərə alaraq iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin (hakim Ceyhun Qədimov) 30 dekabr 2023-cü il tarixli, 2(053)-970/2023 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə şərh edilən bütün halları cavabdehin xeyrinə həll edərkən mübahisəni ilkin doğuran səbəblərini araşdırmamış, belə olduğu təqdirdə, yanlış nəticəyə gəlmişdir. Belə ki, mübahisənin yaranma səbəbi heç də cavabdehin bildirdiyi kimi, kanalizasiya xəttinin onun həyətindən keçməsi ilə bağlı deyil. Çünki həmin kanalizasiya xətti ümumiyyətlə onun həyətindən keçmir. Cavabdehlə aralarında olan mübahisənin yaranma səbəbləri ilə bağlı heç bir marağı olmamış, o, sadəcə əsassız olaraq onun həyətindən çirkab suların axdığı və onun yaşadığı yerdən xeyli aralıda olan xəndəyin doldurulmasını tələb etmişdir. Beləliklə, mübahisənin obyektiv cəhəti cavabdehin ondan qanunsuz tələblərinin icrası ilə əlaqədar olmuş, bu, işin faktiki halları və təqdim olunan arayışla təsdiqlənmiş, lakin məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bildirmişdir ki, iş üzrə şahid qismində dindirilmiş Şahid3 məhkəmə baxışı zamanı vermiş olduğu ifadə qətnamədə təhrif olunmuş şəkildə qeyd edilib. Belə ki, o, verdiyi ifadədə cavabdehin mənimlə gərgin şəkildə mübahisə edərək öz əsassız tələblərini icra etməyi tələb etdiyini, bu gedişatda əlindəki bellə üzərimə hücum çəkərək ona xəsarət yetirdiyini, eyni zamanda onun və ailə üzvlərinin ünvanına təhqiramiz ifadələr işlətdiyini qeyd etmişdir. Lakin məhkəmə həmin ifadələri cavabdehin mülki hüquqi məsuliyyətinin yaranmaması istiqamətində təhrif etmiş və onun xeyrinə həll etmişdir. Məhkəmə baxışı zamanı cavabdehlə arasında mübahisənin olması onun bilavasitə özü və arvadı tərəfindən etiraf olunmuş, lakin mübahisənin xarakterik tərəfləri bu barədə verilmiş şahid ifadələri qarşılıqlı şəkildə təhlil edilməmişdir. Bildirmişdir ki, cavabdeh tərəfindən mübahisəyə səbəb olan hallar davamlı olaraq təkrar edilir və bu hallar mənə qarşı qeyri-etik məzmunlu hərəkətlərlə müşayiət olunur. Apellyasiya instansiyası məhkəməsinə tərəfindən 1 (bir) ədəd kompakt disk təqdim olunur. Həmin diskdə yaşadığı mənzilin girişində quraşdırılmış kamera vasitəsilə cavabdehin ona qarşı qeyri-etik və təhqir məzmunlu hərəkətləri əks olunur. Sözügedən sübutu birinci instansiya məhkəməsinə təqdim edə bilməmək səbəbi həmin halın məhkəmə prosesi gedişində meydana gəlməsi, sonradan isə Neftçala Rayon Məhkəməsinin bu sübutu qəbul etməməsidir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, vermiş olduğu apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı əlavə olaraq göstərmişdir ki, cavabdehlə uzun müddət qonşu olublar, münasibətləri yaxşı olub. Kanalzasiya xətti əvvəllər dəfələrlə tutulub və cavabdehlə birgə tutulmanı açıblar. Həmin evini yenicə qızının adına keçirmişdir. Kanalzasıyanın tutulmasına görə son dövrlər aralarında mübahisələri olub. Sonuncu dəfə kanalzasiya xətti tutulanda yenə cavabdehlə aralarında mübahisə yaranmış və cavabdeh kanalzasiya xəttini özü təkbaşına söküb-tökmüşdür. Cavabdeh demişdir ki, yer mənimdir, nə istəyir edə bilər. Həmçinin bildirmişdir ki, evin video görüntüsündə cavabdeh onu əl hərəkətləri ilə təhqir etmişdir. Həmin görüntülər məhkəmə qətnaməsi çıxarıldıqdan sonra həyətlərində baş vermişdir. Cavabdeh kollegiyanın iclasında bildirmişdir ki, dənizdə işlədiyində 3 gündən bir evdə olur. Bildirmişdir ki, idiaçı ilə 10 ildən çoxdur ki, mehriban qonşu olublar. İddiaçıya bütün şəhidlərə olduğu kimi bir şəhid anası kimi böyük hörmət və ehtiramı olmuşdur. Onun iddiaçı ilə heç bir mübahisəsi olmamışdır. Kanalzasiya xəttinin tutulması ilə bağlı iddiaçının qızına məlumat vermişdir. Onlar laqeyidlik etdiklərindən özü kanalzasiya xəttini təmizləmək üçün sökmüşdür. Bununla bağlı iddiaçının qızı ilə söz-söhbətləri olmuşdur. Apellyasiya şikayətini əsassız hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq olunan hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə görə, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.4-cü maddəsinə görə, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsində şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Bu qaydalar həmçinin hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir (maddə 23.6). Lakin burada göstərilən zərərin maddi və yaxud mənəvi olduğu birbaşa göstərilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 13 iyun 2002-ci il tarixli qərarına əsasən şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunarsa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər biləvasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunveriliciyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli 7 nömrəli qərarının 3-cü bəndinə əsasən, şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç hal aydınlaşdırılmalı və onlara məcmu halda hüquqi qiymət verilməlidir: məlumatların vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olması, bu məlumatların yayılması. Məlumat əxlaq prinsipləri, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradarsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması başa düşülür. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab olunur. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirilməklə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə... məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlarda çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər... Qanunla xüsusi şikayət verilmə qaydası müəyyən edilmiş rəsmi sənədlərdə (məsələn, məhkəmə, istintaq orqanlarının qərarlarında və s.) olan məlumatların təkzib ediməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qaydaları tətbiq edilmir. Belə rəsmi sənədlərdən müvafiq qanunvericilik aktlarında (mülki, əmək, cinayət və mülki-prosessual və s. qanunvericilik aktlarında müəyyən edilmiş qaydalarda baxılır. Lakin cinayət, mülki və inzibati hüquq pozuntusu haqqında işin materiallarına əsasən hazırlanıb kütləvi informasiya vasitəsində istifadə olunmuş yazılarda verilən məlumatlar maraqlı şəxslər tərəfindən onların şərəf və ləyaqətlərinin ləkələnməsi kimi qiymətləndirildikdə bu cür iddialara da şərəf və ləyaqətin müdafiəsi kimi baxıla bilər. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunveriliciyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli 7 nömrəli tövsiyyə xarakterli qərarının 3-cü bəndinə əsasən, şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç hal aydınlaşdırılmalı və onlara məcmu halda hüquqi qiymət verilməlidir: məlumatların vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olması və bu məlumatların yayılması. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İşin məhkəmə baxışı zamanı iddiaçı tərəfin vəsatəti ilə şahid qismində dindirilmiş Şahid1 İddiaçı onun anası olduğunu bildirmişdir. Qeyd edir ki, hadisə bu ilin Qurban bayramı günü, yəni 28 iyun 2023-cü il tarixdə olmuşdur. Həmin gün əri Yaşar Tarverdiyev Bakı şəhərində olmuş, evdə yalnız özü və qızları olmuşlar. Bayırdan kiminsə əri Yaşarı çağırdığnı eşidib pəncərəni açmış və ərini çağıran şəxsin Cavabdeh olduğunu görmüşdür. Cahangirə salam verərək «necəsən?» demiş, Cahangir isə cavabında «necə olacağam?» deyərək Yaşarın harada olduğunu soruşmuşdur. Cahangirə Yaşarın evdə olmadığını bildirmiş və ondan nə baş verdiyini soruşmuşdur. Cahangir də kanalizasiya xəttini sökəcəyini bildirmişdir. Cahangirə bunu etməməsini, Yaşarın Bakıdan qayıtmasını gözləməsini xahiş etmişdir. Həmçinin Cahangirə özlərinin də kanalizasiya xəttinin bu xəttə qoşulduğunu xatırlatmışdır. Cahangirin ona məhəl qoymadığını görüb onun qarşısını almaq üçün anası İddiaçı xəbər vermişdir. Anası İddiaçı gəldikdən sonra da Cahangir yenə heç bir məhəl qoymadan hərəkətlərini davam etdirmiş və «mən buranın ağasıyam», «bacım evi verib mənə, özüm nə istəyirəm onu da edirəm. Həyət də mənimdir, hər şey də» deyib kanalizasiya xəttini sökməyə başlamışdır. Anası Cahangirin qarşısını almağa cəhd etdikdə o, əlindəki bellə onun üzərinə gələrək anasını, özünü və həyat yoldaşını söyməyə başlamışdır. Cavabdeh hətta dünyasını dəyişmiş qardaşını da söymüşdür. Həmin vaxt qızları və cavabdehin arvadı da orada olub. Hətta qızı Lalə evdən çıxıb «Cahangir ayıbdır, bu nədir edirsən» deyib Cahangirə öz iradını da bildirmişdir. Buna baxmayaraq Cahangir yenə də onların ünvanına söyüşlər söyərək öz hərəkətlərini davam etdirmişdir. İşin məhkəmə baxışı zamanı iddiaçı tərəfin vəsatəti ilə şahid qismində dindirilmiş Şahid3 İddiaçı onun keçmiş iş yoldaşı olduğunu, onunla uzun müddət eyni xəstəxanada tibb bacısı işlədiklərini və yaxın münasibətləri olduğunu bildirmişdir. İddiaçıya baş çəkməsi üçün 28 iyun 2023-cü il tarixdə onlara getmişdir. Evin həyətinə daxil olarkən həyətdə əvvəllər tanımadığı bir şəxsin, yəni cavabdehin Narıngülgillə mübahisə etdiyini görmüşdür. Həmçinin orada cavabdehin kanalizasiya xəttini sökdüyünü görmüşdür. Qeyd edir ki, Narıngüllə Cahangirin mübahisə etdiklərini görmüş lakin söyüş eşitməmişdir. Ola bilər ki, onlar bir-birinə söyüş söyüblər, lakin bunu dəqiq xatırlamır. İşin məhkəmə baxışı zamanı cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş X1 bildirmişdir ki, Cavabdeh onun əri, İddiaçı isə qonşusudur. İddiaçı məxsus mənzilin kanalizasiya xətti onların həyətindən keçir. Həmin kanalizasiya xəttində yaranmış nasazlıq səbəbindən çirkab sular onların həyətinə dolurdu. Bununla bağlı dəfələrlə iddiaçının həmin mənzildə yaşayan qızı Mədinəyə məlumat vermişdir. Hətta bir dəfə əri Cahangir evdə olmadığı vaxt belə bir hal baş vermiş, özü çirkab suyun qarşısını almağa cəhd etsə də bacarmamış, qonşuluqda yaşayan şəxsləri köməyə çağırsa da çirkabın qarşısını almaq mümkün olmamışdır. Həmin halı Mədinənin əri Yaşar özü də görmüş, lakin heç bir köməklik etməmişdir. 23 iyun 2023-cü il tarixdə əri Cavabdeh Bakı şəhərindən evlərinə gəlmiş və həyətlərinə çirkab suyun dolduğunu görümşdür. Yay fəsli olduğundan üfunətdən evdə belə oturmaq mümkün deyildi. Ona görə də əri Cahangir əlacsız qalıb kanalizasiya xəttinin borusunu özü çıxarıb iddiaçının həyətinə atmışdır. Borunu çıxarmamışdan əvvəl də onları xəbərdar etmişdir. Mübahisə də bu səbəbdən yaranmış və müddəti təxminən 5 – 6 dəqiqə çəkmişdir. Həmin vaxt əri və eləcə də özü ilə iddiaçı və sonuncunun qızı arşında sözlə mübahisə baş vermiş, lakin istər əri, istərsə də özü iddiaçıya və onun ailə üzvlərinə, o cümlədən şəhid övladına qarşı heç bir təhqir etməmiş, nalayiq ifadə işlətməmiş, söyüş söyməmişlər. Əksinə Mədinə onun dünyasını dəyişmiş atası barədə nalayiq sözlər demişdir. Hadisə vaxtı orada özü, əri, iddiaçı və onun qızı Mədinə olmuş, başqa heç kəs olmamışdır. Şahid3 da hadisə vaxtı orada görməyib. Hadisədən sonra iddiaçı onlara qarşı şər və böhtan yağdırmağa başlamış, hətta polisə müraciət etmiş, həmçinin bildirmişdir ki, guya ki, onlar həyətdə olan üç ağacı kəsiblər. Aparılmış araşdırmalar zamanı iddiaçının bildirdikləri öz təsdiqini tapmamış bunların şər və böhtan olduğu aidiyyəti dövlət qurumları tərəfindən müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddianı əssasız hesab edərək, iddianı rədd etmişdir. İddiaçı çıxarılmış qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya kollegiyası birinci instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiqi ilə qəbul edilmişdir. İddiaçının apellyasiya şikayətinin əsas dəlili Şahid3 ifadəsinin təhrif edilməsi ilə bağlıdır. Lakin araşdırma zamanı birinci instansiya məhkəməsində prosesin izlənməsi zamanı bəhsi keçən şahidin ifadəsinin təhrif edilmədiyi müəyyən olunmuşdur. Bundan başqa kollegiya tərəfindən məhkəmə iclası təxirə salınaraq Şahid3 təkrar apellyasiya baxışının iclasına gətirilməsi iddiaçının diqqətinə çatdırılmış, lakin iddiaçı həmin şahidi kollegiyanın iclasına 93 yaşı olması səbəbilə gətirə bilmədiyini bildirmişdir. Həmçinin cavabdehin vəsatəti ilə dindirilən şahid X1 Şahid3 hadisə baş verən anda orada olmadığını demişdir. İddiaçının ikinci dəlili məhkəmə qətnaməsi çıxarıldıqdan sonra cavabdeh tərəfindən onun yenidən təhqir olunması ilə bağlı DİSK-in olmasını qeyd etməsidir. Birincisi iddiaçı apellyasiya şikayətinə belə disk əlavə edildiyini qeyd etsə də şikayətə disk əlavə edilməmişdir. İkincisi, iddiaçı özü qeyd edir ki, həmin görüntülər birinci instansiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra çəkilmişdir. Belə olduğu halda da həmin görüntü sübut kimi qəbul edilib qiymətləndirilə bilməz. İddiaçının şikayətinin üçüncü dəlili məhkəmə baxışı zamanı cavabdehlə arasında mübahisənin olması onun bilavasitə özü və arvadı tərəfindən etiraf olunmasıdır. Lakin iş materialları ilə müəyyən olunur ki, nə cavabdeh nə də cavabdehin arvadı (şahid kimi ifadə verib) iddiaçının şərəf və ləyaqətinin alçaldılmasına yönəlik hər hansı ifadə və ya izahat verməmişlər. Birinci instansiya məhkəməsi iş materiallarını nəzərdən keçirərək hesab etmişdir ki, iddiaçı müvafiq sübutetmə vəzifəsini icra etməyib. Belə ki, iddia ərizəsində qeyd olunur ki, cavabdeh yaranmış mübahisə zamanı iddiaçının və onun ailə üzvlərinin, o cümlədən şəhid övladının ünvanına təhqirlər işlətmiş, söyüşlər söymüşdür. Bunun nəticəsində iddiaçı daxilən ağır sarsıntılar keçirmiş və mənəvi zərərə məruz qalmışdır. Məsələ ilə bağlı ilk növbədə qeyd olunur ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi bu hal işin məhkəmə baxışı zamanı sübuta yetirilməyib. Belə ki, hətta iddiaçı tərəfin vəsatəti əsasında dindirilmiş Şahid3 belə, cavabdehin mübahisə zamanı söyüş söydüyünü bildirmir. Məsələ ilə bağlı iddiaçının və qızının məhkəməyə bildirdikləri isə sonuncuların işin nəticəsində maraqlı olduqları nəzərə alınmaqla mötəbər sübut kimi qiymətləndirilə bilməzlər. Həmçinin tərəflərin bildirdikləri ilə müəyyən olunur ki, iddiaçı cavabdehlə bağlı polisə şikayət etmişdir. Lakin cavabdehin əməlində cinayət və ya inzibati məsuliyyətin yaranmasına səbəb ola biləcək halların müəyyən edilməsinə dair məhkəməyə heç bir sübut təqdim olunmayıb. Eyni zamanda cavabdehin iddiaçıya bellə hücum etməsi də iş materialları ilə müəyyən olunmur. Beləliklə, iddiaçı ilə cavabdeh arasında sözlə mübahisə baş verməsi halı müəyyən edildiyinə baxmayaraq, cavabdehin iddiaçını və onun ailə üzvlərini təhqir etməsi, o cümlədən onun və ya şəhid övladının ünvanına nalayiq ifadələr işlətməsi, söyüş söyməsi halları müəyyən edilmir. Kollegiya birinci instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiqi ilə qəbul edildiyindən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün hər hansı əsas görmür. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən apellyasiya şikayətinin dəlillərini araşdırıb hüquqi qiymət verərək apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi baxımından qanuni əsaslar müəyyən etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Hazırkı qətnamə ilə iddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu onun özünə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli, 2(053)-970/2023 saylı qətnaməsi iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar