Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1391/2024 18.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Ələmova (Həşimova) Qətibə Mehdi qızına qarşı “aliment tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 2(057)-801/2024 saylı, 27 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş 12 iyul 2012-ci il təvəllüdlü X6, 21 yanvar 2014-cü il təvəllüdlü X5 və 17 dekabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 705 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla, ailə həyatı qurmuşdur. Birgə nikahlarından 12 iyul 2012-ci il təvəllüdlü X6, 21 yanvar 2014-cü il təvəllüdlü X5 və 17 dekabr 2018-ci il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur və hazırda onlar məhkəmə qətnaməsi ilə iddiaçının himayəsindədirlər. Belə ki, cavabdehlə rəsmi nikahları Salyan Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli, 2(057)-139/2022 saylı qətnaməsi əsasında pozulmuş və birgə nikahdan doğulmuş uşaqların iddiaçının himayəsində qalması qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilməmişdir. Cavabdeh bir neçə il öncə “uşaq tələbi” ilə məhkəmədə ona qarşı iddia qaldırmış, Salyan Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə araşdırması zamanı Salyan rayon Qəyyumluq və Himayəçilik Komissiyasının, eyni zamanda psixoloji ekspertizanın rəyi alınmış və nəticədə uzun müddətli məhkəmə araşdırmasından sonra Salyan Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Eyni zamanda, 2022-ci ildə “uşaqla ünsiyyət tələbinə dair” icra sənədinin icrası zamanı uşaqların Cavabdeh ilə ünsiyyəti mümkün olmamış və icra sənədi Salyan rayonu üzrə İcra və Probasiya şöbəsi tərəfindən geri qaytarılmışdır. İddiaçının səhhətində ciddi problemlər var. Avtomobil qəzası səbəbindən onurğasının tam zədələnməsi ilə nəticələnən bədən xəsarəti almışdır və ağır cərrahiyyə əməliyyatı olunmuşdur. Bu səbəbdən də hazırda aktiv fiziki əməklə məşğul ola bilmir. Eyni zamanda, cavabdeh hazırda əmək fəaliyyəti ilə məşğul olur və yüksək məbləğdə aylıq əmək haqqı alır. Digər tərəfdən, birgə nikahdan doğulmuş uşaqlarının yetkinlik yaşına çatana qədər saxlanılması üçün qanunvericilikdə müəyyən edilmiş qaydada alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı cavabdehlə aralarında razılaşma əldə olunmadığından cavabdehə qarşı “aliment tələbinə dair” məhkəmədə iddia qaldırmaq məcburiyyətindədir. Bugünkü həyat şəraiti, uşağın saxlanılması, qidalanması, müalicəsi və s. hallar nəzərə alındıqda, təyin ediləcək alimentin məbləği dövrün tələbinə uyğun sabit pul məbləğində müəyyənləşdirilməlidir ki, uşaq yaşadığından, bugünədək sürdüyü həyat şəraitindən və malik olduğu təminatlardan aşağı səviyyəli həyat tərzi keçirməməlidir. Salyan Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2(057)-801/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ağarza Səmədov) iddia rədd edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Salyan Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2(057)-801/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə mübahisə üzrə qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının müvafiq tövsiyələrinə əməl etməmiş və nəticədə Qərarın 2.4-cü, 6.2-ci və 6.3-cü maddələrinin pozuntusuna yol vermişdir. Məhkəmənin iş üzrə qəbul etdiyi qətnamədə obyektiv həqiqəti ifadə edən faktlar nəzərə alınmamış, iş tam, hərtərəfli və obyektiv araşdırılmamış və nəticədə qanunvericiliyin tələbləri kobud surətdə pozularaq əsassız qətnamə qəbul edilmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyil, qətnamə maddi və prossesual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmış və bununla da pozuntuya yol verilmişdir. Məhkəmə qətnamə qəbul edərkən məhkəmə qərarlarının əsaslılıq meyarı ilə bağlı mülki prosessual qanunvericiliklə müəyyən edilmiş göstərişlərə riayət etməmiş, bununla da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) tələblərinin pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Məhkəmə iddiaçının və cavabdehin maddi imkanı ilə bağlı faktiki halları, yəni, iddiaçının səhhətində olan problemlə bağlı qazanc əldə etmək imkanının məhdud olması, hazırda heç bir yerdə işləməməsi, o cümlədən cavabdehin isə hazırda əmək fəaliyyəti ilə məşğul olması faktını aydınlaşdırmamış və nəticədə həmin faktiki halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətini nəzərə almamışdır. Qətnamədə cavabdehin aliment vermək, uşaqların saxlanılmasında iştirak etməklə bağlı maddi imkanının olmaması sübut edilməmişdir. Məhkəmənin qətnaməsində göstərilmiş nəticələr cavabdehin uşaqlardan imtina etməsi, məhkəmə qətnaməsi ilə uşaqların iddiaçının himayəsində qalması, cavabdehin maddi imkanın lazımi səviyyədə olması hallarına uyğun gəlmir. Cavabdehin əmək fəaliyyəti ilə məşğul olması ilə bağlı sübut təqdim olunacaqdır. Məhkəmə həmin faktla bağlı portalda axtarış aparmalı olduğu halda həmin araşdırmanı aparmamışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmənin 28 avqust 2024-cü il və 18 sentyabr 2024-cü il tarixli iclaslarında iştirak etməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdəki AZ-İİİ 215787 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 12 iyul 2012-ci il təvəllüdlü X4 atası İddiaçı, anası X1r. İşdəki AZ-İİİ 284438 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 21 yanvar 2014-cü il təvəllüdlü X2 atası İddiaçı, anası X1r. İşdəki AZ-İV 215553 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 17 dekabr 2018-ci il təvəllüdlü X3 atası İddiaçı, anası Cavabdehdır. İşdə surəti olan Salyan Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli, 2(057)- 139/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh ilə İddiaçı arasında 13 noyabr 2013-cü il tarixdə Salyan rayon VVADQ şöbəsi tərəfindən rəsmiləşdirilmiş nikahın pozulması, 17 dekabr 2018-ci il təvəllüdlü X7, 21 yanvar 2014-cü il təvəllüdlü X5 və 12 iyul 2012-ci il təvəllüdlü X4 atası İddiaçı yanında qalmaları qət edilmişdir. İşdəki AZ-İ 430237 seriya nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh nikahı ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 16 dekabr 2022-ci ildə 182 nömrə ilə qeyd edilmişdir. Birinci instansiya məhkəməsinin 27 may 2024-cü il tarixli, 2(057)-801/2024 saylı məhkəmə baxış iclasının protokolundan görünür ki, həmin məhkəmə iclasında iştirak edən İddiaçı və cavabdehin nümayəndəsi öz çıxışlarında uşaqlardan Mələk və Məryəmin iddiaçının yanında olduğunu, Əsmərin isə cavabdehin yanında olduğunu qeyd etmişlər. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, tərəflər 13 noyabr 2013-cü ildə rəsmi nikah bağlamış, nikahlarından 12 iyul 2012-ci il təvəllüdlü Mələk, 21 yanvar 2014-cü il təvəllüdlü Məryəm və 17 dekabr 2018-ci il təvəllüdlü Əsmər adlı uşaqları doğulmuşdur. Sonradan Salyan Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli, 2(057)-139/2022 saylı qətnaməsi ilə tərəflər arasında 13 noyabr 2013-cü il tarixdə Salyan rayon VVADQ şöbəsi tərəfindən rəsmiləşdirilmiş nikahın pozulması, uşaqların ataları İddiaçı yanında qalmaları qət edilmişdir. Hazırda isə uşaqlardan Mələk və Məryəm iddiaçının, Əsmər isə cavabdehin yanındadır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olubolmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, sabit pul məbləğində alimentin miqdarı müəyyən olunarkən ilk növbədə Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq digər hallar və uşağın əvvəlki təminatının səviyyəsi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası tərəfindən “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə tərəflərin əmlak və maddi vəziyyəti yoxlanılmışdır. Müəyyən olunmuşdur ki, İddiaçı "xxxx" MMC-də “Qazmaçı köməkçisi, neft və qaz kəşfiyyatı və istismarı qurğuları” vəzifəsində işləyir və 959,01 manat aylıq əmək haqqı alır. Cavabdeh isə rəsmi olaraq heç bir yerdə işləmir və hər hansı gəliri müəyyən olunmur. Bundan başqa, iddiaçı Salyan rayonunun Qarabağlı kəndində yerləşən 0,59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ümumi birgə mülkiyyətçilərindəndir. Lakin cavabdehin mülkiyyətində olan hər hansı əmlak da aşkar edilmir. İddiaçı özünün aktiv fiziki əməklə məşğul ola bilmədiyini qeyd edərək, bununla bağlı epikriz surəti təqdim etsə də, həmin epikrizdən görünür ki, iddiaçının stasionara daxil olma və çıxma tarixləri 2016-cı ilin noyabr ayına təsadüf edir. İddiaçının hazırda rəsmi əmək müqaviləsi əsasında qazmaçı köməkçisi olaraq işləməsi də onun aktiv fiziki əməklə məşğul ola bilməməsinə dair dəlilinin əsassız olduğunu göstərir. İddiaçı apellyasiya şikayətində cavabdehin əmək fəaliyyəti ilə məşğul olmasına dair sübut təqdim edəcəyini bildirsə də, nə apellyasiya şikayətinə hər hansı sənəd əlavə etməmiş, nə də məhkəmə iclaslarında iştirak edərək hər hansı sübut təqdim etməmişdir. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə cavabdehin məlumatları yoxlanılan zaman onun ümumiyyətlə rəsmi olaraq işləmədiyi müəyyən edilmişdir. İşin müəyyən edilmiş hallarını, iddiaçının 959,01 manat məbləğində aylıq əmək haqqı almasını, onun ümumi birgə mülkiyyətində torpaq sahəsinin olmasını, cavabdehin isə hər hansı bir gəliri və ya əmlakının olmamasını və yuxarıda qeyd edilən hüquq normalarını nəzərə alan məhkəmə kollegiyası bildirir ki, hazırda uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulması mümkün deyil və cavabdehin uşaqların saxlanılması üçün aliment ödəmək iqtidarında olmasını təsdiq edən hər hansı bir sübut mövcud deyil. Bununla yanaşı, məhkəmə kollegiyası onu da bildirir ki, işin hallarından da göründüyü kimi, hazırda tərəflərin hər ikisi ilə birgə nikahdan doğulmuş uşaq qalır. Bu baxımdan hazırkı aliment tələbinə qiymət verilərkən Ailə Məcəlləsinin 78.3-cü maddəsinin tələbləri də nəzərə alınmalıdır. Həmin maddə isə tərəflərin hər biri ilə uşaq qaldığı halda, digər valideyndən az təminatlı valideynin xeyrinə alimentin tutulmasını təsbit edir. Ailə Məcəlləsinin 78.3-cü maddəsinə əsasən, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. İddiaçının və cavabdehin maddi təminat səviyyəsini yoxlayan məhkəmə kollegiyası cavabdehin açıq-aşkar daha aşağı təminatlı olmasını müəyyən etmişdir. Bundan başqa, hazırda tərəflər arasında iddiaçı Cavabdeh İddiaçı qarşı “uşaqların yaşayış yerinin müəyyən olunması və aliment tələbinə dair” iddia ərizəsi ilə bağlı məhkəmə mübahisəsi də mövcuddur. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi hüquq normalarını düzgün tətbiq etmiş, onları pozmamış, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun olmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. Ona görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2(057)-801/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Mübahisələndirilən hissədə iddianın qiyməti qanunla müəyyən edilmiş həddi aşdıqda, qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1391/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1391/2024
18.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver