Məhkəmə qərarları › İş №2(106)-1394/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1394/2025

11.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1394/2025 11.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh iştirakları ilə, İddiaçı Saqiyeva (Zeynalova) Rəşidə Rafiq qızının Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-1582/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Saqiyeva (Zeynalova) Rəşidə Rafiq qızı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə xx.xx.2024-cü il tarixli nikahlarından doğulmuş xx.xx.2025-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh aylıq qazancının ¼ hissəsi məbləğində alimentin və xx.xx.2025-ci il təvəllüdlü X1 3 yaşına çatanadək saxlanması üçün hər ay 200 manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə faktiki olaraq 2024-cü ilin aprel ayında ailə qursa da, nikahları rəsmi olaraq xx.xx.2024-cü il tarixdə bağlanmış və Sabirabad regional “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsində 422 saylı akt qeydi ilə qeyd edilmişdir. Onların birgə nikahından xx.xx.2025-ci il təvəllüdlü X2 adlı uşaqları doğulmuşdur. Söz-söhbətlər səbəbi ilə ailə münasibətləri pisləşmiş, nəticədə o, xx.xx.2024-cü il tarixdə qaynanası tərəfindən evdən qovulmuşdur. Həmin vaxtdan ata evində yaşamış, ata evinə gedən zaman 2 ay, 20 günlük hamilə olmuş və həmin vaxtdan bu günə qədər ər evinə qayıtmamışdır. Uşaq doğulduğu gündən hazırki vaxta qədər cavabdeh heç vaxt öz uşağı ilə maraqlanmamış, qayğı göstərməmişdir. Bütün xərclər onun valideyni tərəfindən çəkilmiş, cavabdeh yalnız bir dəfə poçt banderolu ilə uşağa 70 manat dəyərində uşaq ləvazimatları göndərmişdir. Cavabdehin gəlirinin yaxşıdır, Sabirabad rayon DSMF–də sektor müdiri vəzifəsində işləyir, 1500 manat məbləğində əmək haqqı alır. Bütün qeyd olunanları nəzərə alaraq iddiaçı, xx.xx.2025-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh qazancının və digər gəlirlərinin ¼ hissəsi məbləğində alimentin, həmçinin, xx.xx.2025-ci il təvəllüdlü X1 3 yaşına çatanadək saxlanması üçün hər ay 200 manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-1582/2025 saylı qətnaməsi ilə (hakim A.İsmayılov) iddia təmin edilmiş, Cavabdeh ilə iddiaçı Saqiyeva (Zeynalova) Rəşidə Rafiq qızının nikahlarından doğulmuş xx.xx.2025-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2025-ci il tarixdən hesablanmaqla hər ay Cavabdeh aylıq qazancının ¼ hissəsi məbləğində aliment tutularaq iddiaçı Saqiyeva (Zeynalova) Rəşidə Rafiq qızının xeyrinə ödənilməsi, xx.xx.2025-ci il təvəllüdlü X1 3 yaşına çatanadək saxlanması üçün xx.xx.2025-ci il tarixdən hesablanmaqla hər ay 200 manat məbləğində alimentin Cavabdeh tutularaq iddiaçı Saqiyeva (Zeynalova) Rəşidə Rafiq qızının xeyrinə ödənilməsi və qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İşdə olan nikahın qeydə alınmasına dair arayışdan görünür ki, Cavabdeh ilə X3 arasında xx.xx.2024-cü il tarixdə Sabirabad regional “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsində rəsmi nikah bağlanmış, həmin nikah 422 saylı akt qeydi ilə qeydə alinmış ərə Zeynalov, arvada Saqiyeva Zeynalova soyadı verilmişdir. İşdə olan AZ-V 096400 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2025-ci ildə anadan olmuşdur. Atası Cavabdeh, anası isə Saqiyeva (Zeynalova) Rəşidə Rafiq qızıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh ilə iddiaçı Saqiyeva (Zeynalova) Rəşidə Rafiq qızının xx.xx.2024-cü il tarixli nikahlarından doğulmuş xx.xx.2025ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh aylıq qazancının ¼ hissəsi məbləğində aliment tutulmalı və iddia ərizəsinin verildiyi tarixdən-yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı, bundan başqa xx.xx.2025-ci il təvəllüdlü X1 3 yaşına çatanadək saxlanması üçün hər ay 200 manat məbləğində aliment xx.xx.2025-ci il tarixdənyəni ərizənin verildiyi tarixdən hesablanmaqla Cavabdeh tutularaq iddiaçı Saqiyeva (Zeynalova) Rəşidə Rafiq qızının xeyrinə ödənilməli və qətnamə dərhal icra edilməlidir . Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 76.1.1, 84.1, 84.2, 84.2.2, 100.2-ci maddələri, “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 234.2.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi qədər aliment təyin edilir. Bu ümumi veriləcək aliment məbləğinə aid olduğu halda məhkəmə onun digər xərclərini nəzərə almadan əlavə 200 manat məbləğində aliment təyin etmişdir. Hal hazırda iddiaçının səhhətində yaranmış prablemlərlə bağlı və digər xərcləri ilə bağlı götürdüyü kredit öhdəliyi də nəzərə alınmamışdır. Məhkəmə həqiqəti müəyyən etmək üçün iddiaçının evdən hansı şəraitdə getməsini, etiraz etdikləri qızılı özü ilə aparmasını, digər tərəfdən olan qızıl əşyaların olmasını onlar tərəfdən etiraf olunmasını yalnız italyan deyil, türk qızılı olması hissəsində düzgün araşdırma aparmamışdır. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-1582/2025 saylı qətnaməsinin qismən ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh Asif oğlu ilə birgə nikahlarından doğulmuş xx.xx.2025-ci il təvəllüdlü X2 onun himayəsindədir. Cavabdeh Asif oğlu ilə bir ildən artıq bir müddətdir ki faktiki olaraq ayrı yaşayırlar. Övladları doğulandan Cavabdeh Asif oğlu bir dəfə də olsun övladı ilə maraqlanmamış, uşağın 7 aylıq olmasına baxmayaraq bir dəfə də olsun uşağını görməmişdir. O ona dəfələrlə görüşməklərini, gəlib uşağını görməsini, uşağının gündəlik qayğıları ilə maraqlanmasını xahiş və tələb etsə də, Cavabdeh Asif oğlu yalnız bir dəfə poçt banderolu ilə 70 manatlıq uşaq ləvazimatları göndərmişdir. Sonra nə onu, nə də uşağını görmək istəmədiyini bildirib ona uşağın saxlanılması ilə bağlı heç nə kömək etməyəcəyini bildirmişdir. O, övladının saxlanmasına, gündəlik tələbatlarının ödənilməsinə kifayət qədər maddi vəsait xərcləyir (müxtəlif uşaq yeməkləri, uşaq bezləri, müxtəlif dərman vasitələri və s.). Hal-hazırda heç bir yerdə işləmədiyi üçün övladının saxlanılması üçün qanunvercilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən aliment tələb etmişdir. Qeyd etmək istəyir ki, cavabdeh Sabirabad rayon DSMF-da sektor müdiri vəzifəsində işləyir və onun aylıq əmək haqqı 1500 manatdan çoxdur. Cavabdeh apellyasiya şikayətində işə heç bir aidiyyatı olmayan əsaslar qeyd etmiş (Etiraz etdiyi qızılın İtalyan qızılı deyil türk qızılı olması hissəsində düzgün araşdırılma aparılmaması kimi və s.) Sabirabad Rayon Məhkəməsinin 02 iyul 2025-ci il tarixli, 2(056)1582/2025 saylı qətnaməsi qismən ləğv edilməsini xahiş etmişdir. O, tam qanunvericiliyə uyğun olaraq məhkəməyə cavabdehdən aliment tutulması barədə iddia ərizəsi ilə müraciət etmiş və işə baxan birinci instansiya məhkəməsi qanunvericiliyin tələbinə əsasən uşağın saxlanılması üçün hər ay cavabdehə aliment təyin etmişdir. Əlavə olaraq bildirmək istəyir ki, cavabdehin ödədiyi aliment məhz övladının normal sağlam böyüməsi, təhsil alması üçün sərf ediləcəkdir. Cavabdehin apellyasiya şikayətində göstərdikləri tamamilə əsassızdır. Göstərilənləri nəzərə alaraq Sabirabad Rayon Məhkəməsinin 02 iyul 2025-ci il tarixli, 2(056)1582/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilmədən, qətnamənin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, ona 200 manat miqdarında aliment təyin edilmişdir. O bu məbləği ödəyə bilmir. Ata və anasına da baxır. DSMF-də mütəxəssisdir, güzəştlərlə bir yerdə 1500 manat əmək haqqı alır. Əfsuslar olsun ki, iddiaçıyla yenidən barışa bilməz. Qətnamənin tam və ya qismən ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil2 izahat verərək bildirmişdir ki, onlar bu işlə bağlı məhkəməyə etiraz da təqdim etmişdirlər. Uşaq 7 aylıqdır. Şəxs cəmi bir dəfə 70 manat məbləğində öz uşağına yardım göstərmişdir. Ana özü halhazırda uşağa baxdığına görə işləmir. Əvvəl tibb bacısı işləmişdir. Uşaq 7 aylıq olduğuna görə təbii ki, onun xərcləri də çoxdur. Buna görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvadın ərindən aliment tələb etmək hüququ vardır. «Uşaq hüquqları haqqında» Konvensiyanın: 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Qanunun: 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-1582/2025 saylı qətnaməsi qismən ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə Ona görə də məhkəmə tərkibi Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-1582/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Məhkəmə tərkibi cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Qeyd edilməlidir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə tərkibi uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Qeyd edilməlidir ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Məhkəmə tərkibi aliment məbləğinin həcmini müəyyən edərkən uşağın və iddiaçının mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini nəzərə alır. “Elektron Məhkəmə” vasitəsilə sorğulanmış məlumatdan görünür ki, Cavabdeh Dövlət Müdaifə Sosial Fondunda aparıcı mütəxəssis vəzifəsində işləyir və aylıq əmək haqqı 1800 (min səkkiz yüz) manat təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə əsasən hər ay Cavabdeh aylıq qazancının ¼ hissəsi məbləğində aliment, həmçinin bundan başqa xx.xx.2025-ci il təvəllüdlü X1 3 yaşına çatanadək saxlanması üçün hər ay 200 manat məbləğində alimentin Cavabdeh tutularaq iddiaçı Saqiyeva (Zeynalova) Rəşidə Rafiq qızının xeyrinə ödənilməlidir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il təvəllüdlü X1 3 yaşına çatanadək saxlanması üçün hər ay 200 manat məbləğində alimentin Cavabdeh tutularaq iddiaçı Saqiyeva (Zeynalova) Rəşidə Rafiq qızının xeyrinə ödənilməsi hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad birbirinə maddi cəhətdən kömək etməlidirlər. 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvadın ərindən aliment tələb etmək hüququ vardır. Yuxarıda qeyd olunan maddələrin məzmunundan göründüyü kimi, arvadın ərdən aliment tələb etməsi bir-neçə şərtin – ərin zəruri vəsaitə malik, eləcə də arvadın maddi vəziyyətinin ona bunu tələb etməyə haqq qazandıracaq qədər aşağı olmasının mövcudluğundan asılıdır. Yəni aliment tələb olunan ərin gəlirləri, qazancı elə həddə olmalıdır ki, onun və ailəsinin minumum dolanışığını təmin etsin, eyni zamanda (keçmiş) arvada bu gəlirdən aliment tutmaq mümkün olsun, həmçinin arvad işləmədiyi və uşağa baxdığı üçün müstəqil qazanca sahib olmasın. Hazırkı iş üzrə isə cavabdehin belə vəsaitə malik olduğu iş materialları ilə sübuta yetirilmir. Məhkəmə tərkibi hesab edir ki, iddiaçı hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvadın ərindən aliment tələb etmək hüququna malikdir. Lakin cavabdehdən uşağa görə alimentin tutulacağını nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, uşağın saxlanılması üçün cavabdehin aylıq qazancının ¼ hissəsi məbləğində aliment ödəməli olduğu nəzərə alınadığında ondan keçmiş arvadının saxlanılması üçün əlavə 200 manat pulun da tutulması ədalətli deyildir. Belə ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Hazırkı halda alimentin daha yüksək həddə müəyyən edilməsi bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanını azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Məhkəmə alimenti miqdarı ilə bağlı Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbləri, tərəflərin maddi və ailə vəziyyəti baxımından düzgün qənaətə gəlməmişdir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşaraq bildirir ki, həqiqətən də, hazırkı işin müəyyən edilmiş halları hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvadın ərindən aliment tutulmasıni zəruri edir. Bununla yanaşı, məhkəmə tərkibi xx.xx.2025-ci il təvəllüdlü X1 3 yaşına çatanadək saxlanması üçün xx.xx.2025-ci il tarixdən hesablanmaqla hər ay 200 manat məbləğində alimentin Cavabdeh tutularaq iddiaçı Saqiyeva (Zeynalova) Rəşidə Rafiq qızının xeyrinə ödənilməsi hissəsində işin hallarının, tərəfin maddi və ailə vəziyyətinin, diqqətəlayiq olan digər halların tam nəzərə alınmadığını bildirir. Qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsasdır. Beləliklə məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də Cavabdeh verdiyi apellyasiya şikayəti qismən təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-1582/2025 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilməli, Cavabdeh ilə iddiaçı Saqiyeva (Zeynalova) Rəşidə Rafiq qızının nikahlarından doğulmuş xx.xx.2025-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2025-ci il tarixdən hesablanmaqla hər ay Cavabdeh aylıq qazancının ¼ hissəsi məbləğində aliment, xx.xx.2025-ci il təvəllüdlü X1 3 yaşına çatanadək saxlanması üçün hər ay 100 manat məbləğində aliment Cavabdeh tutularaq iddiaçı Saqiyeva (Zeynalova) Rəşidə Rafiq qızının xeyrinə ödənilməlidir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı halda qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: Cavabdeh verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-1582/2025 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Cavabdeh ilə iddiaçı Saqiyeva (Zeynalova) Rəşidə Rafiq qızının nikahlarından doğulmuş xx.xx.2025-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2025-ci il tarixdən hesablanmaqla hər ay Cavabdeh aylıq qazancının ¼ hissəsi məbləğində aliment, xx.xx.2025-ci il təvəllüdlü X1 3 yaşına çatanadək saxlanması üçün hər ay 100 manat məbləğində aliment Cavabdeh tutularaq iddiaçı Saqiyeva (Zeynalova) Rəşidə Rafiq qızının xeyrinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar