Məhkəmə qərarları › İş №2(106)-1409/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1409/2023

21.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1409/2023 21.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X5 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki iş üzrə Şirvan şəhər Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(032)-876/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından anadan olmuş xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay uşağa görə 220 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə el adəti ilə ailə həyatı qurmuşlar. Rəsmi nikahları olmamışdır. Sonradan ailə münasibətləri pozulduğundan ayrılmışlar. Ailəli olduqları dövrdə xx.xx.2022-ci il təvəllüdlü X2 adlı uşaqları anadan olmuşdur. Cavabdeh uşağa atalıq vermiş və bu barədə Şirvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmişdir. Ailə həyatı qurduqdan bir müddət sonra cavabdehin günahı ucbatından ailə münasibətləri pozulmuşdur. Uşaq hal-hazırda ananın himayəsindədir. Cavabdeh uşaq doğulduqdan halhazıra kimi faktiki nikahlarından doğulmuş uşaqlarının maddi təminatının ödənilməsinə heç bir köməklik göstərmir. Uşağı azyaşlı olduğundan heç bir yerdə işləyə və əmək fəaliyyəti ilə məşğul ola bilmir. Cavabdeh uşağın saxlanması ilə bağlı çəkilmiş xərclərdə iştirak etmir. Hazırda uşağı ilə birlikdə atasının himayəsində yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı ilə nikahlarını rəsmiləşdirmədən ailə qurmuşlar. Ailəli olduqları dövrdə xx.xx.2022-ci il təvəllüdlü X2 adlı uşaqları anadan olmuşdur. Hazırda uşaq anasının himayəsindədir. Aralarında olan nikah münasibətləri xeyli müddətdir ki, kəsilmişdir. Övladının saxlanması üçün hər ay 120 manat məbləğində aliment ödəyə bilər. Heç bir yerdə işləmir. Müntəzəm gəliri yoxdur. Fəhləlik etməklə ailəsini dolandırır. Şirvan Şəhər Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(032)-876/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2022- ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəli 26 may 2023-cü il tarixdən hesablanmaqla xx.xx.1993-cü ildə anadan olmuş və ünvan 1 ünvanında yaşayan Cavabdeh hər ay 160 (bir yüz altımış) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı qızına verilməsi, qətnamənin qəbul edildikdən darhal sonra icra olunması, mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat pulun cavabdehdən alınaraq iddiaçıya, dövlət rüsumu kimi 39 manat pulun isə dövlət nəfinə köçürülməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən, xx.xx.20222-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəli 26 may 2023-cü il tarixdən hesablanmaqla, hər ay 160 manat sabit pul məbləğində aliment məbləğinin dəyişdirilərək, hər ay 120 manat məbləğində sabit pul məbləğində alimentin tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, hazırda heç bir yerdə işləmədiyindən Şirvan Şəhər Məhkəməsinin qətnaməsi ilə təyin edilmiş aliment məbləğinin ödənilməsində çətinlik çəkir. Müəyyən işlə təmin edilməsi üçün müvafiq olaraq yaşadığı Şirvan şəhərində Məşğulluq Mərkəzinə müraciət etmişdir, bu halları məhkəmə nəzərə almamışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdeh apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsini qismən ləğv edərək aliment məbləğinin azaldılmasını xahiş etmişdir. Bildirmişdir ki, yetimdir, heç bir yerdə işləmir. Məhkəmədə iddiaçı apellyasiya şikayətini əsassız hesab etmiş, ona görə də şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək, müəyyən edilmiş 160 manat aliment məbləğinin, 120 manat müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı yalnız cavabdeh tərəfindən alimentin məbləğinin müəyyən edilməsinə dair hissədə mübahisələndirildiyindən, əsaslılığı da cavabdehə münasibətdə mübahisələndirilən hissədə yoxlanılmalıdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Ailə Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən uşaqlar üçün bu məbləğ 220 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin qeyri-rəsmi nikahından xx.xx.2022-ci il təvəllüdlü X2 adlı uşaqları anadan olmuşdur. İşdə olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh İddiaçı doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 atası hesab edilmiş, bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 14 № ilə qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yaxud da, dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdeh tərəf apellyasiya şikayətində maddi imkanının aşağı olduğunu, hal-hazırda işləmədiyini qeyd etsə də, Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin işləməməsi, onu aliment ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlillər qətnamənin mübahisələndirilən hissələrdə ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv oluna, dəyişdirilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda cavabdeh apellyasiya şikayətində alimentin məbləğinin 120 manat müəyyən edilməsini xahiş etməklə, təyin edilmiş 160 manat alimentin 40 manat məbləğində azaldılmasını xahiş etmişdir. Aliment məbləğinin müəyyən edilməsi ilə bağlı iddia qiyməti ödəmənin illik məcmusu ilə hesablanır. Ümumi olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsi 480 manat (40x12=480 manat) təşkil edir ki, bu da 5000 manatdan azdır və həmin qətnamələrdən kassasiya şikayəti verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumunu cavabdehin özünə aid edilir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şirvan şəhər Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(032)-876/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar