Məhkəmə qərarları › İş №2(106)-1410/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1410/2025

20.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1410/2025 20.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “ər-arvad arasında əmlak mübahisələri” tələbinə dair Cavabdeh tərəfindən mülki işə baxan məhkəmə sədrinə edilmiş etiraza yazılı icraat qaydasında bаxаrаq, məhkəmə tərkibi MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ona öz valideyinləri və ümumilikdə hədiyyə verilmiş bir ədəd paxlava üzük 2.62 qram, əyyarı 585, qiyməti 300 manat, klon sep 6.7 qram, əyyarı 585, qiyməti 800 manat, komplekt (üzük, qolbaq, sırğa) 20 qram, əyyarı 585, qiyməti 3.000 manat, sadə üzük 3.5 qram, əyyarı 585, 450 manat, yaşıl qaşlı üzük 2.7 qram, əyyarı 585, qiyməti 330 manat, ümumilikdə cəmi 4.880 manat dəyərində olan qızıl-zinət əşyasının naturada özləri və ya onların dəyərinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh qarşı “ər-arvad arasında əmlak mübahisələri” tələbinə dair mülki işə Xocavənd Rayon Məhkəməsinin sədri X1 tərəfindən baxılmasına Cavabdeh tərəfindən etiraz edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, sabiq həyat yoldaşı ona qarşı heç bir əsas olmadan ona qarşı məhkəmədə iddia qaldırmışdır. Belə ki, o, İddiaçı ilə ailə həyatı qurduqdan sonra onun valideynləri onları sərbəst yaşamağa qoymamış, iki dəfə uşağa qalmış, valideynləri onun tam etirazına baxmayaraq, uşaqları cinayət yolu ilə xaric etdirərək öldürmüşlər. Bütün bunlara baxmayaraq, qarşı tərəf onu heç bir əsas olmadan məhkəməyə vermiş, məlumatına görə Xocavənd Rayon Məhkəməsində əlaqələri və yaxınlıqları var. Bu səbəbdən də, Xocavənd Rayon Məhkəməsində bu işə baxılmasına tam etiraz edir. Ona görə də, Apelyasiya məhkəməsi vasitəsilə bu işə başqa rayonda baxılmasını xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(069)-166/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “ər-arvad arasında əmlak mübahisələri” tələbinə dair mülki işə Xocavənd Rayon Məhkəməsinin sədri X1 tərəfindən baxılmasına Cavabdeh tərəfindən verilmiş etiraz mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə tərkibi iş materiallarını və etirazın dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin mülki işə baxan məhkəmə sədrinə edilmiş etiraz əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi olan "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin (bundan sonra - MPM): 19.1-ci maddəsinə əsasən hakimin işə baxılmasına aşağıdakı hallarda yol verilmir: o, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə (19.1.1), o, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə (19.1.2), o, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin mahiyyəti üzrə baxılmasında iştirak etmişsə (19.1.3), o, əvvəllər tərəflərdən birinin nümayəndəsi, yaxud vəkili olmuşsa və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə (19.1.4), o, məhkəmədə baxılan mübahisə üzrə əvvəllər tərəflər arasında mediasiya prosesində mediator kimi iştirak etmişdirsə (19.1.5), o, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin və ya vəkilinin qohumudursa və ya qohumu olmuşsa (19.1.6), onun şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa (19.1.7); 19.3-cü maddəsinə əsasən bir-biri ilə qohum olan şəxslərin işə baxan məhkəmə tərkibində iştirakına yol verilmir. 21.1-ci maddəsinə əsasən bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özü-özünə etiraz etməyə borcludur. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər; 21.2-ci maddəsinə əsasən etiraz etmə və ya özü-özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Sonradan etiraz etməyə və ya özü-özünə etiraz etməyə yalnız o halda yol verilir ki, etirazın əsasları məhkəməyə və etiraz edənə işə baxılmağa başlanandan sonra məlum olsun; 21.3-cü maddəsinə əsasən məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır; 21.4-cü maddəsinə əsasən əgər etiraz məhkəmə iclasında tərəflərin çıxışından sonra edilmişsə, bu halda o, etiraz üçün səbəblərin sonradan məlum olduğunu sübut etməlidir; 21.5-ci maddəsinə əsasən əgər etiraz məhkəmə prosesini ləngitmək məqsədi ilə edilmişsə və ya etirazın dəlilləri uydurma olaraq həqiqətə uyğun deyildirsə, bu halda etirazı vermiş tərəf yüz on manatadək cərimə edilə bilər; 21.6-ci maddəsinə əsasən eyni hakimə, ekspertə, mütəxəssisə, tərcüməçiyə və ya məhkəmə iclasının katibinə eyni əsaslar üzrə eyni şəxs, onun nümayəndəsi və ya vəkili tərəfindən məhkəməyə təkrar etiraz verilə bilməz; 22.5-ci maddəsinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tarixli, 3 saylı “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Plenum Qərarının 7.1-ci bəndinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə birinci instansiya məhkəməsinin bütün tərkibinə, həmçinin apellyasiya instansiyası məhkəməsi bütün məhkəmə tərkiblərinə eyni vaxtda etiraz edilməsinə yol verilmir. Birinci instansiya məhkəməsinin bütün hakimlərinə ayrı-ayrılıqda və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edildiyi halda, iş apellyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir. Bu halda birinci instansiya məhkəməsinin iş icraatında olan sonuncu hakiminə, habelə təktərkibli məhkəmənin hakiminə edilən etiraz da Azərbaycan Respublikası MPM-nin 22.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Məhkəmə tərkibi qeyd olunan hüquq normalarına əsaslanaraq qeyd edir ki, Xocavənd Rayon Məhkəməsində mülki işin baxılmasına mane olan hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə tərkibi qeyd edir ki, cavabdehin etirazda göstərdiyi hallar hakimə etiraz üçün əsas deyildir. Mülki iş üzrə mübahisə zamanı sübutların təqdim edilməsi mülki iş üzrə tərəflərin vəzifəsidir. Məhkəmələr isə yalnız təqdim edilmiş sübutlar əsasında yekun məhkəmə aktı qəbul edir. Bu baxımdan məhkəmə tərkibi qeyd edilən etirazın əsassız olduğundan təmin edilməməsi qənaətindədir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, İddiaçı Cavabdeh qarşı “ər-arvad arasında əmlak mübahisələri” tələbinə dair Cavabdeh mülki işə baxan məhkəmə sədrinə edilmiş etiraz təmin edilməməli və mülki iş baxılması üçün Xocavənd Rayon Məhkəməsinə göndərilməlidir. Bundan başqa, məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Аzərbаycаn Respublikаsı MPM-nin 22.6-cı maddəsinə əsasən etiraz etmə və ya özü özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 22, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “ər-arvad arasında əmlak mübahisələri” tələbinə dair Cavabdeh tərəfindən mülki işə baxan məhkəmə sədrinə edilmiş etiraz təmin edilməsin. Mülki iş baxılması üçün Xocavənd Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar