Məhkəmə qərarları › İş №2(106)-1411/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1411/2024

01.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1411/2024 01.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale İlham oğlu və X7 ibarət məhkəmə tərkibində, X11 oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 2(036)-927/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 manat manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər xx.xx.2021-ci il tarixdə rəsmi nikah münasibətinə girərək evlənmişlər və birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. Tərəflər arasında olan nikah pozulmuş və İmişli Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2022-ci il təvəllüdlü X1 üçün hər ay 200 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq İddiaçı veilməsi qət edilmişdir. Lakin himayəsində olan ikinci övladı- X6 xx.xx.2023-cü il tarixdə doğulmuşdur və hal-hazırda iki uşağın xərclərinin qarşılanması onun üçün çətinlik yaradır. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(036)-927/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 185 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi, alimentin tutulmasının xx.xx.2024-cü il tarixdən hesablanması və qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Cavabdeh qətnamənin dəyişdirilərək alimentin miqdarının 100 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xasiyyətləri tutmadığından faktiki ayrılıblar və İmişli Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli qətnaməsi ilə birinci uşaqları X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 200 manat alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Bundan 20 gün sonra iddiaçının ikinci uşağı dünyaya gəlmiş və hazırkı qətnamə ilə onun saxlanılması üçün ayda 185 manat alimentin ondan alınıb iddiaçıya verilməsi qət edilmişdir. Beləliklə, 2 uşağa görə iddiaçıya 385 manat aliment verməlidir ki, bu da praktiki mümkün deyil. Belə ki, o, İmişli şəkər zavodunda işləməklə ayda 410 manat əmək haqqı alır. İddiaçı onun ayda yüksək həddə aliment verməyə imkanı olmadığını, ayda 410 manat əmək haqqı aldığını yaxşı bilir, məhkəməyə ayda 385 manat aliment vermək imkanı olmasına dair heç bir sübut təqdim etməmişdir. İddiaçı özü tibb müəssisəsində işləməklə, ayda 500 manata yaxın əmək haqqı alır. Qanuna görə uşağı saxlamaq hər iki valideynin borcudur və bunu tək onun üzərinə qoymaq ədalətli deyildir. Məhkəmə də eyni bir iddiaçıya 200 manat aliment verdiyini, əlavə 185 manat aliment verməli olduğunu əsaslandırmamışdır. Onun başqa gəliri yoxdur. Ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 2024-cü ildə hər ay 235 manat həddində müəyyən edilməsi ilə bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin izahına görə bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Onun aylıq minimum yaşayışı təmin edəcək vəsaiti yoxdur. Ailə Məcəlləsinə görə 2 uşağa cəmi gəlirin 1/3 hissəsi verilməlidir. Ayda iddiaçıya 200 və 185 manat, cəmi 385 manat aliment verməyi üçün aylıq gəliri ən azı 1200 manata yaxın olmalıdır, belə qazancı isə yoxdur. Aylıq 410 manat əmək haqqından hər ay 385 manat tutulsa, ona cəmi 25 manat pul qalır ki, bu da işə getməyə yol puluna çatmır. Alimentin ayda 100 manat müəyyən edilməsi onu qohumların köməyi ilə ödəməyə imkan verər. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Göründüyü kimi, uşağın saxlanmasında iddiaçı ilə eyni məsuliyyət daşıyır və uşağın saxlanma xərcinə ana da cavabdehdir. Lakin məhkəmə onun minimum dolanışacaq gəlirinin olmadığını nəzərə almadan iddiaçının əsassız tələbini təmin edib uşağın saxlanma xərcini tək onun üzərinə qoymuşdur ki, bu da ədalətsizlikdir. Onun özü əmək haqqı ilə minimum normada təmin olunmadığı halda, məhkəmə qətnamələri ilə iddiaçıya birinci uşağa 200 manat, ikinci uşağa 185 manat aliment verməlidir ki ki, bu da qanunun müəyyən etdiyi normadan artıqdır. xx.xx.2024-cü il tarixdə İddiaçı apellyasiya şikayətinə etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin maddi imkanı çox yaxşıdır. O, İmişli şəkər zavodunda işləyir əmək haqqı alır, bundan başqa kənd təsərüfütı və heyvandarlıqla məşqul olur və oradan da gəlir əldə edir. Cavabdeh apelyasiya şikayətində xahiş etmişdir ki, aliment məbləği azaldılaraq 100 manat məbləğ edilsin. Ancaq 2024-cü il ildə uşaqlar üçün yaşayış minumumu artırılaraq 235 manat edilmişdir. Cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, cavabdeh onun qardaşıdır. Qardaşının ali təhsili yoxdur və əlavə olaraq hardasa işləmək imkanına malik deyildir. Cavabdeh Şəkər Zavodunda işləyir və aylıq əməkhaqqı 453 manat məbləğ təşkil edir. Bunu təsdiq edən müvafiq arayışı məhkəməyə təqdim etmişdir. Həmin məbləğdən tutulmalar da nəzərə alındıqda müəyyən edilir ki, cavabdehin maddi imkanı çox aşağıdır. Cavabdeh özü kənddə yaşayır və hər gün iş üçün rayona gedib-gəlir. Onun aylıq yol xərci təkcə 70-80 manat təşkil edir. Alimentə görə hər ay maaşından 385 manat (200 manat + 185 manat olmaqla) məbləğində pul tutulur. Belə olan halda sual olunur ki, cavabdeh hazırkı maaşı ilə necə dolana bilər? Onun başqa gəliri yoxdur. Bir evdə yaşadıqlarından ona özü, atası maddi köməklik edir. İddiaçı isə tibb bacısı işləyir və maddi vəziyyəti yaxşıdır. Uşaqları saxlamaq hər iki valideynin vəzifəsi olduğundan, məhkəmə tərəfindən qeyd edilən xüsusatların nəzərə alınmasını xahiş edir. İddiaçı məhkəməyə ünvanlandığı etirazda üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tərtərəfli şəkildə tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. İ Ş İ N H A L L A R İ: İşdə olan AZ-İİ 462237 nömrəli nikah haqqında şəhadətnamə ilə müəyyən olunur ki, Cavabdeh və İddiaçı arasında İmişli regional “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsində xx.xx.2021-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 622 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZ-İV 920529 nömrəli doğum haqqında şəhadətnamə ilə müəyyən olunur ki, X6 xx.xx.2023-cü il tarixdə doğulmuşdur. İşdə olan İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(036)-2568/2023 saylı qətnaməsindən müəyyən edilir ki, həmin qətnamə ilə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 üçün hər ay 200 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq İddiaçı veilməsi qət edilmişdir. İşdə olan “Elektron Məhkəmə İnformasiya” Sistemində şəxsin əmlak məlumatlarından əldə edilmiş çıxarışdan müəyyən edilir ki, İddiaçı mülkiyyətində ********** qeydiyyat nömrəli **********5-10301 reyestr nömrəli fərdi yaşayış evi mövcuddur. İşdə olan “Elektron Məhkəmə İnformasiya” Sistemində şəxsin gəlir məlumatlarından əldə edilmiş çıxarışdan müəyyən edilir ki, İddiaçı “İmişli Rayon Mərkəzi Xəstəxanası”nda tibb bacısı işləyir və aylıq əməkhaqqı 516 manat təşkil edir. Eyni zamanda, Cavabdeh "xxxx" MMC-də fəhlə işləyir və aylıq əməkhaqqı 453.63 manat təşkil edir. H Ü Q U Q İ M Ə S Ə L ƏL Ə R : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitutsiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016- cı il tarixli qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Pelunumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub- qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub- olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub- olmamasını və s. məsələləri nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu” haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. BMT-nin 12 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “. “Uşaq hüquqları haqqında” Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Yuxarıda sadalanan hüquq normaları əsasında işin faktiki halları sistemli şəkildə araşdırıldıqda müəyyən olunur ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(036)-2568/2023 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 üçün hər ay 200 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə X6 dünyaya gəlmiş, iddiaçı onun yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin təyin edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(036)-927/2024 saylı qətnaməsi ilə cavabdehdən xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 185 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İş materiallarından müəyyən edilir ki, cavabdehin mülkiyyətində hər hansı daşınar yaxud daşınmaz əmlak mövcud deyil. O, "xxxx" MMC-də fəhlə işləyir və aylıq əməkhaqqı 453.63 manat təşkil edir. Digər tərəfdən, iş materialları ilə müəyyən edilir ki, iddiaçının mülkiyyətində daşınmaz əmlak mövcuddur. O, “İmişli Rayon Mərkəzi Xəstəxanası”nda tibb bacısı işləyir və aylıq əməkhaqqı 516 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilə tərəflərin birgə nikahlarından doğulmuş uşağa təyin edilmiş alimentin miqdarı 185 manat miqdarında müəyyən edilmiş, lakin alimentin miqdarı cavabdehin gəlir və əmlak vəziyyəti ilə mütənasib və uyğun deyil. Belə ki, əvvəlki məhkəmə qətnaməsi ilə də tərəflərin birgə nikahından anadan olmuş digər uşağa görə cavabdehdən hər ay tutulacaq alimentin miqdarı 200 manat müəyyən edilmişdir. Aylıq əməkhaqqı 453 manat təşkil edən şəxsin əməkhaqqından iki uşağa görə birlikdə 385 manat tutulması cavabdehin ailə və maddi vəziyyətini əhəmiyyətli dərəcədə aşağı sala bilər. Buna görə də, aliment təyin edərkən məhkəmə hər iki tərəfin maddi vəziyyətini, eləcə də, diqqətəlayiq olan digər halları nəzərə almalıdır. Çünki qanunvericiliyin tələblərinə görə uşağı saxlamaq hər iki valideynin vəzifəsidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə yekun nəticəyə gəlir ki, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilsə də, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki halları aydınlaşdırılmamış və qət olunmuş nəticənin cavabdehin maddi rifahına nə dərəcədə təsir göstərəcəyini nəzərə almamışdır. Odur ki, kollegiya işin mübahisələndirilməyən faktiki hallarına uyğun olaraq uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək, yüksək maddi təminat hüququnu nəzərə alaraq xx.xx.2023-cü il tarixdə X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün müəyyən edilmiş aliment məbləğinin hər ay 150 manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ağlabatan hesab edir. Kollegiya birgə nikahdan doğulmuş iki uşağın saxlanılması üçün fərqli məbləğlərdə alimentin təyin edilməsi üzrə diqqətə çatdırır ki, hazırda iddiaın predmetini yalnız bir uşağın - xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün alimentin təyin edilməsi təşkil edir. Nəzərə alınmalıdır ki, hər iki uşaq analarının yanındadır və təyin edilmiş aliment məbləğləri anaya verilməklə uşaqların saxlanılması üçün vahid büdcədən ana tərəfindən xərclənəcəkdir. MPM-in 384.0.3-cü maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(036)-927/2024 saylı qətnaməsi alimentin tutulması hissədə dəyişdirilməli və Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini nəzərə alaraq tərəflərin diqqətinə çatdırmağı zəruri hesab edir ki, onların ailə və maddi vəziyyəti, habelə digər diqqətəlayiq hallar nəzərə alınmaqla, onları məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi (azaldılması və ya artırılması) tələbi ilə yenidən məhkəməyə müraciət etmək imkanından məhrum etmir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 385.2, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(036)-927/2024 saylı qətnaməsi xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün təyin edilmiş alimentin məbləği hissədə dəyişdirilsin və Cavabdeh hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar