Məhkəmə qərarları › İş №2(106)-1423/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1423/2024

08.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1423/2024 08.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X9 ibarət tərkibdə, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı atanın əlavə xərclərə cəlb olunması tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 2(020)-155/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü oğlu X10 xəstəliyi ilə əlaqədar hər ay 150 manat əlavə xərcin və mediyasiyaya ödənilmiş pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə birgə nikahlarında iki uşaqları anadan olmuş, xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Beyləqan Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli 2(020)-895/2023 saylı qətnaməsi ilə iki uşağın saxlanılması üçün cavabdehdən ümümilikdə 340 manat məbləğində alimentin hər ay alınıb ona verilməsi qət olunmuşdur. Onun maddi vəziyyəti çox aşağıdır və həmin məbləğ uşağın saxlanması üçün azlıq təşkil edir. Oğlu Cavabdeh ağır xəstədir. Həkim ona “Serebral İflic” diaqnozu qoymuşdur. Uşağa mütamadi olaraq müalicə lazımdır. O, imkan daxilində oğlunu müalicə etdirir. Cavabdeh isə heç bir köməklik etmir. Cavabdehdən uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün əlavə xərc istəmir, uşağının sağalana kimi ona köməklik edilməsini istəyir. Hazırda uşaqları ilə birlikdə valideynlərinin evində yaşayır, atası ölmüş, anası isə xəstə qadındır. Cavabdeh işləyir, onun şadlıq sarayı vardır. Uşağı yeriyə bilməsə də, oxumaq və təhsil almaq istəyir. Onun isə uşağının təhsil alması üçün müəllim tutmağa imkanı yoxdur. Özü müəllimə işləyir və səhhətində problemləri vardır. Aldığı maaşla özünü ancaq təmin edir. İndiyə kimi, uşaqlarının saxlanması üçün bütün əlavə xərcləri özü çəkmişdir. Hazırda isə buna gücü çatmır. Cavabdeh də uşağının müalicə olunmasında iştirak etməlidir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(020)-155/2024 saylı qətnaməsi ilə (hakim Ramiz Nurullayev) iddia qismən təmin edilərək Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü oğlu X10 xəstəliyi ilə əlaqədar hər ay 100 manat əlavə xərc və mediyasiya xərci kimi 55 manatın alınıb İddiaçı ödənilməsi, X7 dövlət rüsumuna görə 32 manatın alınıb dövlət büdcəsinə keçirilməsi, qətnamənin alimentin tutulmasına dair hissədə dərhal icra edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın tam rədd edilməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İşdə olan Beyləqan Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli 2(020) 895/2023cü il tarixli qətnaməsindən görünür ki, Beyləqan rayon məhkəməsinin 21 sentyabr 2012-cı il tarixli qətnaməsinə əsasən Beyləqan şəhəri Elxan Əliyev küçəsi 48-də qeydiyyatda olan və yaşayan Cavabdeh xx.xx.2007-ci ildə anadan olan X10 və xx.xx.2010-cı ildə anadan olan X1 üçün İmişli rayonunun Yalavac kəndində qeydiyyatda olan və yaşayan uşaqların anası İddiaçı xeyrinə qət edilən hər ay hər uşaq üçün 87 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində müəyyən edilməklə artırılması qət edilmişdir. İşdə olan 2007-ci il təvəllüdlü X10 adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X18 tərtib edilmiş 243 saylı ambulator kartadan çıxarışdan görünür ki, o, xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək müayinə və müalicələrdə olmuşdur. Diaqnoz: “Uşaq serebral iflici. Aşağı paraparez”. İş materiallarına əlavə edilmiş K.Y.Fərəcov adına X2 tərtib edilmiş dəyişmə vərəqəsindən görünür ki, X14 xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək müayinə və müalicələrdə olmuşdur. Diaqnoz: “İki tərəfli pnevmoniya, kəskin gedişli, ağır forma”. İş materiallarına əlavə edilmiş X6 verilmiş müayinə vərəqindən görünür ki, X14 müayinədə olmuş və ona “Perinatal ensefalopatiya” diaqnozu təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstutu PHŞ-si tərəfindən verilmiş ********** saylı arayışından görünür ki, X14 müayinədə olmuş və ona “Uşaq serebral spastik iflici. Skolioz” diaqnozu təyin edilmişdir. İş materiallarına əlavə edilmiş “City HospitaP’da tərtib edilmiş 1789 saylı xəstəlik tarixinin epikrizindən görünür ki, X14 xx.xx.2011-ci il tarixdə stasionar şöbəyə daxil olmuşdur. Xəstə klinikada müayinələrdən keçmiş və ona xx.xx.2011-ci il tarixdə endotraxeal narkoz altında “Hər iki tərəfdə axil bağlarının uzadılması. Hər iki qamış sümüklərinin proksimal 1/3 kortiktomiyası, detorsiya, millərlə osteosintezi” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonra ətraf gips sarğısı ilə immoblizasiya edilmişdir. Əməliyyat fəsadsız keçmişdir. xx.xx.2011-ci il tarixdə xəstə kafi vəziyyətdə evə yazılmışdır. Diaqnoz: “Uşaq serebral iflici. Hər iki pəncənin ekvinus deformasiyası. Hər iki baldırın daxilə torsiyası”. İş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X18 təıtib edilmiş 243 saylı ambulator kartadan çıxarışdan görünür ki, X14 xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək müayinə və müalicələrdə olmuşdur. Diaqnoz: “Uşaq serebral iflici. Aşağı paraparez”. İş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X18 tərtib edilmiş 243 saylı ambulator kartadan çıxarışdan görünür ki, X14 xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək müayinə və müalicələrdə olmuşdur. Diaqnoz: “Uşaq serebral iflici. Aşağı paraparez”. İş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X18 tərtib edilmiş ambulator kartadan çıxarışdan görünür ki, X14 xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək müayinə və müalicələrdə olmuşdur. Diaqnoz: “Uşaq serebral iflici. Aşağı paraparez”. İş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DövlətTibbi Sosial Ekspertiza və Reablitasiya Xidmətinin tabeliyində Xüsusi Qayğıya Ehtiyacı X17 Reablitasiya Müəssisəsində tərtib edilmiş 258 saylı fərdi reablitasiya kartasının çıxarışından görünür ki, X14 xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək müayinə və müalicələrdə olmuşdur. Diaqnoz: “Uşaq serebral iflici. Tetraparez forma”. İş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X18 tərtib edilmiş 243 saylı ambulator kartadan çıxarışdan görünür ki, X14 xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək müayinə və müalicələrdə olmuşdur. Diaqnoz: “Uşaq serebral iflici. Aşağı paraparez”. İş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət-Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyi 1 nömrəli X13 tərəfindən tərtib edilmiş 604 saylı stasionar reablitasiya kartasından çıxarışdan görünür ki, X14 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müayinə və müalicələrdə olmuşdur. Diaqnoz: “Dispkegik spasifık serebral iflic”. Məhkəmənin 26 yanvar 2024-cü il tarixli qərardadına əsəsən xx.xx.2007-ci il təvəllüdlü X3 iflic diaqnozu ilə ağır xəstə olubolmamasının konkret olaraq müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin 04 aprel 2024-cü il tarixli 1479 saylı rəyin nəticə hissəsindən görünür ki, 2007-ci il təvəllüdlü X10 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, özünün məhkəmə-tibbi və ixtisaslı mütəxəssis (oftalmoloq, travmatoloq-ortoped, nevroloq) müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1) X11 hal-hazırda “Uşaq serebral iflici, tetraplegik forma”, Anadangəlmə döş-bel İ dərəcəli skolioz”, “OUgörmə sinirinin hissəvi atrofıyası” kimi xəstəliklərinin olduğu müəyyən edildi. Qeyd olunan patologiyalar ağır xəstəliklərə aiddirlər. 2) Nadir Qarayevdə qeyd edilən xəstəliklərlə əlaqədar onun daimi müalicəyə ehtiyacı vardır. Aparılacaq müalicələrin proqnozu haqqında əvvəlcədən fikir söylənilməsi mümkün deyildir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, oğlu Nadir Qarayevin uşaq vaxtından müalicəsində iştirak etmiş və onu əməliyyat etdirmişdir. Əməliyyat üçün xərcləri də özü çəkmişdir. Lakin onun digər müayinə və müalicələri dövlət xəstəxanasında pulsuz aparılır və heç vaxt özəl klininkalarda müalicə almayıb. O Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində X18 müayinə və müalicə olunur, orada isə bütün xərcləri dövlət özü çəkir. Belə olmasaydı, iddiaçı məhkəməyə hansısa bir klinikanın hesabına pul köçürülməsi barədə qəbz təqdim edərdi. Uşaq sərbəst yeriyir, onun müalicəsi üçün hər ay 100 manat olmaqla onun ödənişi ildə 1200 manat edir, lakin iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdə onun hər 3 və ya 4 ildən bir müayinədə olduğu, həmin müayinələrində dövlət xəstəxanalarında pulsuz olaraq aparılmışdır ki, məhkəmə bu halları nəzərə almamışdır. O, bir valideyn kimi heç vaxt övladının müalicəsindən yayınmamışdır, lakin ona çəkilən xərc real olmalı, sübutlarla təsdiq olunmalıdır ki, o həmin xərci ödəsin. Məhkəmə uşağa iddiaçı tərəfindən hansısa bir xərcin çəkilməsi barədə sübut olmadığı halda, eyni zamanda ona dövlət müəssisələrindən kənar pullu bir müalicənin təyin olunması barədə hər hansı bir məlumatın olmasını belə araşdırmadan əsasssız nəticəyə gəlmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, əvvəllər işlədiyinə və maddi imkanı yaxşı olduğuna görə alimenti vaxtında ödəyə bilirdi. Lakin uzun müddətdir ki, işsizdir və hazırda iki aydır işə düzəlmişdir. Hər ay 350 manat məbləğində aliment ödəyir. Yenidən ailə qurmuş və həmin nikahdan 2 övladı var. Onların maddi xərclərini təkcə özü qarşılayır. Maddi imkanı aşağıdır deyə hazırda əlavə xərc qismində tələb edilən məbləği ödəmək imkanına malik deyil. Bakı şəhərində ofisiant işləyir və aylıq 175 manat məbləğində maaş alır. Bakı şəhərində kirayədə qalır və aylıq 100 manat məbləğində kirayə haqqı ödəyir. Aliment ödənişlərini valideynlərinin təqaüdü hesabına ödəyir. Qeyd edir ki, aylıq maaşından əlavə müştərilərin verdiyi bəxşişləri də olur. Cavabdehin nümayəndəsi vəkili Nümayəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, sözügedən xəstəliyin ağır xəstəlik olması barədə iş materiallarında ekspert rəyi də mövcuddur. Qeyd edir ki, müalicə mərkəzləri dövlətin nəzdindədir və uşağın xərcləri dövlət tərəfindən qarşılanır, eyni zamanda uşaq 270 manat məbləğində təqaüd alır. İddiaçı övladını 4 ildən sonra həkimə aparmışdır. İddiaçı uşağa çəkdiyi xərcləri təsdiq edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, özü xəstədir. Atası vəfat etmişdir və anası onkoloji xəstədir. Əvvəllər pensiya alsa da, 2021-ci ildən bəri ona pensiyanı verilməsi dayandırılmışdır. Öhdəliyində 2 övladı var və onların maddi xərclərini təkbaşına qarşılamaqda çətinlik çəkir. Uşağın müalicəsi ilə bağlı dərman xərcləri hər dəfə müayinədən sonra 150 manat məbləğ təşkil edir. Dövlət xəstəxanalarında həmin xəstəlik üzrə bütün tibbi xidmət göstərilmədiyindən, məcbur qalaraq özəl klinikalara müraciət etməli olur. Cavabdeh övladları ilə, ümumiyyətlə maraqlanmır. Qızı 9-cu sinifdə oxuyur və onun təhsil xərcləri var. Xəstə olan övladı 11-ci sinifdə də oxuyur və o da ali təhsil almaq arzusundadır. Onu universitet hazırlıqlarına taksi ilə göndərir. Təyin edilən alimentlə bütün bunları qarşılamaq çətindir. Cavabdehin maddi imkanı yaxşıdır və Beyləqan rayonunda restoranı da var. Cavabdehin maddi imkanı aşağı olsaydı, ikinci dəfə ailə qurmazdı. Digər ailədən olan övladlarının ehtiyaclarını necə qarşılayırsa, digər iki övladına da elə şəkildə baxmaq onun mənəvi borcudur. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Beyləqan Rayon Məhkəməsinin 2(020)- 155/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideyinlərin borcudur. Azərbaycan Respublikasının Konstıtusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən hər bir uşaq fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazim olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. “Uşaq Hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyənnamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Belə ki, tərəflərin istinad etdiyi halları, iş materiallarını, tərəflərin birgə nikahın doğulmuş uşağın fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsini əsas tutuaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, tərəflərin birgə nikahın doğulmuş uşaq səhhətində yaranmış problemlərlə bağlı davamlı olaraq müxtəlif dövlət və özəl xəstəxanalarda müalicələr almış, aşkar edilmiş patologiyalar ağır xəstəliklər kimi müəyyən edilmiş və Nadir Qarayevin xəstəlikləri ilə əlaqədar daimi müalicəyə ehtiyacı vardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, yuxarıda qeyd edilənlər, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli maddi hüquq normalarını düzgün tətbiq etmişdir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası yekun dəyərləndirmə apararaq belə nəticəyə gəlir ki birinci instansiya məhkəməsinin gəldiyi hazırkı nəticə qanuni və əsaslıdır. Buna görə də, cavabdehin verdiyi apellyasiya şikayəti faktlar nöqteyinəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 217.2, 218.3, 372, 384.0.2, 385.1.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 2(020)-155/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar