Məhkəmə qərarları › İş №2(106)-1432/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1432/2024

26.12.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1432/2024 26.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X8 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Sulidddin oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı ödənilməmiş əməkhaqqı tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2(017)-994/2024 saylı qətnaməsindən (hakim Sulduz Ləzimov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsində 1999-cu ilin dekabr ayında Cavabdehndə baş mühasib vəzifəsində işləməsini, bir neçə il sonra sədr müavini vəzifəsində işlədiyini, 2015-ci ilə qədər vergi yığma şöbəsində işlədiyini, bələdiyyədə işlədiyi dövrdə xx.xx.2011 -ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövr ərzində ona əməkhaqqı verilmədiyini göstərib, məhkəmədən Cavabdehndən 3722 manat 79 qəpik məbləğində ödənilməmiş əməkhaqqının tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Vaqif Məmmədxan oğlu iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, 1999-cu ilin dekabr ayında Cavabdehndə baş mühasib vəzifəsində işləmiş və bir neçə il sonra sədr müavini vəzifəsində işləmişdir. 2015-ci ilə qədər vergi yığma şöbəsində işləmiş, bələdiyyədə işlədiyi dövrdə xx.xx.2011 -ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövr ərzində ona əməkhaqqı verilməmişdir. Bununla bağlı o, 15 avqust 2016-cı il tarixdə Ağcabədi rayon Prokurorluğuna müraciət etmiş, lakin Ağcabədi rayon Prokurorluğunun 05 sentyabr 2016-cı il tarixli qərarı ilə Ağcabədi rayonu Gələbəddin bələdiyyəsinin sədri X5 barəsində cinayət işinin başlanması rədd olunmuşdur. xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü ilədək olan dövrdə ona əməkhaqqının ödənilməsi ilə bağlı hər hansı sənəd təqdim olunmamış və heç bir sənədə imza atmamışdır. Cavabdeh sədri X5 ona qarşı 30000 manat mənəvi ziyan tələbi ilə Ağcabdəi Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 23 iyun 2020-ci il tarixli, 2(017)-504 saylı qətnaməsinə əsasən iddia tələbi rədd edilmişdir. Cavabdehnə qarşı ödənilməmiş əməkhaqqı tələbi barədə Ağcabədi Rayon Məhkəməsinə müraciət etmiş, lakin Ağcabədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən hazırkı iş İnzibati Məhkəmədə baxılmalı olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bundan sonra o, Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş, Şirvan İnzibati Məhkəməsinin 29 fevral 2024-cü il tarixli qarardadı ilə hazırkı mübahisə ümumi məhkəmələrdə baxılmalı olduğundan iddia tələbi mümkünsüz sayılmışdır. Sonradan o, hazırkı tələblə bağlı yenidən Ağcabədi Rayon Məhkəməsində iddia qaldırmaq qərarına gəlmişdir. Ona görə də məhkəmədən iddia tələbinin təmin edilməklə, Cavabdehndən 3722 manat 79 qəpik məbləğində ödənilməmiş əməkhaqqının tutularaq ona verilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh nümayəndəsi X5 iddia tələbini qəbul etməmiş və izahat verərək göstərmişdir ki, 2000-ci ildən hazırkı vaxtadək Cavabdeh sədri vəzifəsində işləyir. Yığılan vergilər ilk növbədə kənd üçün əhəmiyyətli olan işlərə sərf edilmiş, sonra isə bələdiyyə işçilərinin əməkhaqqı ödənilmiş, əməkhaqqı ödənilən zaman blədiyyə işçiləri idarədə toplanmış, hər kəs müvafiq sənədlərə imza etməklə öz əməkhaqqını almış və bələdiyyə işçilərinin əməkhaqqlarını hər il aparılmış audit yoxlamasına heç bir aidiyyatı olmamışdır. Azərbaycan Respublikasının Prezidentinin bələdiyyə vergilərinin xx.xx.2015-ci il tarixdən poçt və bank vasitəsilə yığılması barədə sərancamına əsasən İddiaçı bələdiyyədə vergiyığan vəzifəsindən azad edilmişdir. İddiaçı onunla bağlı 15 avqust 2016-cı il tarixdə Ağcabədi rayon Prokurorluğuna müraciət etmiş, lakin Ağcabədi rayon Prokurorluğunun 05 sentyabr 2016-cı il tarixli qərarı ilə onun barəsində cinayət işinin başlanması rədd olunmuşdur. Həmin araşdırma zamanı İddiaçı əməkhaqqının alınmasına dair müvafiq sənədin imzalaması öz təsdiqini tapmışdır. İddiaçının tələbi əsassızdır və böhtan xarakterlidir. Ona görə də məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2(017)-994/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Göstərmişdir ki, Bələdiyyə tərəfindən ona təqdim edilmiş əmək haqqı ödənişinə dair sənədlər onun tərəfindən imzalanmamış və beləliklə əmək haqqı ona ödənilməmişdir. Hesab etmişdir ki, hazırkı iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməli və qeyd edilən sənədlərdəki imzaların ona məxsus olub-olmaması, imzaların nə zaman çəkildiyi ekspertiza vasitəsi ilə aydınlaşdırılmalıdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən İddiaçı, onun vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam olaraq mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası qətnamənin həmin iddiaçıya münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 172-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik fdövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətə verilməlidir. Həmin Məcəllənin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin məcəllənin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin məcəllənin 296-cı maddəsinin 1-ci hissəsinə əsasən, bu maddənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin 1 -ci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisələrinin həll edilməsi üçünb işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Həmin məcəllənin 297-ci maddəsinə əsasən, fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün hadisənin və təqsirləndirilən şəxsin ona aidiyyəti olubolmaması hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəni və izahatları dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının arayışından görünür ki, iddiaçı hazırkı tələblə bağlı Mediasiya Şurasına müraciət etmişdir. İş materiallarında olan Ağcabədi rayon Prokurorluğunun 05 sentyabr 2016-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, araşdırılma aparılmış və İddiaçı iddiasında göstərdiyi xüsusatlar öz əksini tapmamış, Cavabdeh tərəfindən verilmiş 49№-li arayışdan görünmüş ki, İddiaçı ilə həmin bələdiyyə arasında bağlanmış xx.xx.2011 -ci il tarixdən xx.xx.2014-cü il tarixədək yığılan verginin 10 %-i miqdarında əməkhaqqı ödənilməsi barədə əmək müqaviləsi bağlanmış, keçən müddət ərzində yığılan vergilərə görə hesablanan əməkhaqqı xx.xx.2011 -ci il tarixdən xx.xx.2012- ci il tarixədək 1434 manat 46 qəpik, məbləğində olmaqla xx.xx.2012-ci il tarixdə ödənilmiş, 01 avqust 2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək 342 manat 68 qəpik məbləğində olmaqla xx.xx.2012-ci il tarixdə ödənilmiş, xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək 1088 manat 13 qəpik olmaqla xx.xx.2013-cü il tarixdə ödənilmiş və xx.xx.2014- cü il tarixdən xx.xx.2014-cü il tarixədək 857 manat 52 qəpik olmaqla xx.xx.2014-cü il gtarixdə ödənilmiş və həmin məbləğlər İddiaçı özünə imza etdirməklə verilmişdir. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(120)- 1454/2024 saylı qərardadına əsasən hazırkı tələblə bağlı iddia mümkünsüz sayılmışdır. İş materiallarında olan 01 yanvar 2011-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh sədri X5 ilə İddiaçı arasında əmək müqavilə bağlanmışdır. İş materiallarında olan 15 yanvar 2020-ci il tarixli Ağcabədi rayon Gələbəddin bələdiyyəsinin birinci iclasının 1№-li protokolunun surətindən görünür ki, X1 rayon Gələbəddin bələdiyyəsinin sədri seçilmişdir. İş materiallarında olan X6 surətindən görünür ki, vergilərə görə hesablanan əməkhaqqı xx.xx.2011 -ci il tarixdən xx.xx.2012-ci il tarixədək 1434 manat 46 qəpik, məbləğində olmaqla xx.xx.2012-ci il tarixdə ödənilmiş, 01 avqust 2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək 342 manat 68 qəpik məbləğində olmaqla xx.xx.2012- ci il tarixdə ödənilmiş, xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək 1088 manat 13 qəpik olmaqla xx.xx.2013-cü il tarixdə ödənilmiş və xx.xx.2014-cü il tarixdən xx.xx.2014- cü il tarixədək 857 manat 52 qəpik olmaqla xx.xx.2014-cü il gtarixdə ödənilmiş və həmin məbləğlər İddiaçı özünə imza etdirməklə verilmişdir. İddiaçı hazırda əmək haqqı tələbinə dair cavabdehə qarşı iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş və hesab etmişdir ki, İddiaçı iddasında göstərdiyi xüsusatlar öz əksini tapmır, onun əməkhaqqını özü tərəfindən imzalamaqla alması işdə olan Ağcabədi rayon Prokurorluğunun 05 sentyabr 2016-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında da öz əksini tapmışdır. İddiaçının apellyasiya şikayətində qətnaməni əsassız hesab etmiş və şikayətinin əsas dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi işi düzgün araşdırmamışdır. Cinayət işinin başlanılmasının rədd edilməsi barədə materiallarda verdiyi ərizədə olan imzanın ona məxsus olubolmaması barədə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi barədə birinci instansiya məhkəməsinə vəsatət versə də, vəsatət əsassız olaraq təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının verdiyi apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas deyildir, buna görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı əgər cinayət işinin başlanılmasının rədd edilməsi barədə materiallarda olan ərizənin onun tərəfindən verilmədiyini iddia edirdisə, prokurorluqda araşdırılma aparılan zaman ekspertizanın keçirilməsi barədə vəsatət verə bilərdi. Həmçinin cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda olan izahatları o vermədiyini bildirdiyi halda da, həmin qərardan müvafiq olaraq yuxarı prokurora və ya məhkəməyə şikayət verə bilərdi. Göründüyü kimi, iddiaçı bununla bağlı heç bir şikayət və yaxud da vəsatət verməmiş, hazırkı işə baxılan zaman ekspertiza keçirilməsini xahiş etmişdir. İş üzrə apellyasiya baxışında xətşünaslıq ekspertizası keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 oktyabr 2024-cü il tarixli, 3-16-16/2-4/1566 nömrəli rəyinə görə ekspertizaya təqdim edilmiş, 2(106)-1432/2024 saylı mülki işin 75-ci vərəqində olan xx.xx.2012-ci il tarixli, 51 nömrəli Məxaric xəzinə orderinin aşağı sağ küncündə “imza” qrafasındakı imza; 76-cı vərəqində olan xx.xx.2012 tarixli, 78 nömrəli Məxaric xəzinə orderinin aşağı sağ küncündə “imza” qrafasındakı imza; 77-ci vərəqində olan Ağcabədi rayon Gələbədin bələdiyyəsində yanvar-dekabr 2013-cü il ərzində müqavilə əsasında işçiyə əmək haqqının haqqhesab ödəniş cədvəlinin “alınması barədə imza” qrafasındakı imza; 78-ci vərəqində olan Ağcabədi rayon Gələbədin bələdiyyəsində 01 yanvar - 31 dekabr 2014-cü il ərzində müqavilə əsasında işçiyə əmək haqqının haqq-hesab ödəniş cədvəlinin “alınması barədə imza” qrafasındakı imza - EYNİ ŞƏXS, İddiaçı tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün hadisənin və təqsirləndirilən şəxsin ona aidiyyəti olubolmaması hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Göründüyü kimi, cinayət təqibi üzrə qərar məhkəmə tərəfindən hadisənin olduğu hissədə məcburidir. Belə olan halda da, iddiaçının şikayətinin dəlili əsaslı hesab edilə bilməz. Həmçinin apellyasiya baxışında təyin edilmiş xəttşünaslıq ekspertizası nəticəsində əmək haqqının ödənilməsinə dair mühasibat sənədlərindəki imzaların İddiaçı tərəfindən imza edilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə, dəyişdirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırda iddiaçı tərəfindən tələb olunan məbləğ 5000 manatdan az olduğundan, qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2(017)-994/2024 saylı qətnaməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar