Məhkəmə qərarları › İş №2(106)-1437/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1437/2025

29.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1437/2025 29.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), X2 və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı xx.xx.2012-ci il təvəllüdlü X1 onun yanında qalmasının müəyyən edilməsi və alimentin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 2(020)-255/2025 saylı, 15 iyul 2025-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə 29 sentyabr 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2012-ci il təvəllüdlü X1 onun yanında qalmasının müəyyən edilməsi və həmin uşağa görə ödədiyi alimentin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının həmin tələbi cavabdehlə birgə nikahdan anadan olan xx.xx.2012-ci il təvəllüdlü X1 cavabdehdən alınıb ona verilməsi və həmin uşağa görə cavabdehə ödədiyi aliment öhdəliyinin xitam verilməsini ehtiva edir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə etdi və izahatında göstərdi ki, o, Cavabdeh ilə ailə quraraq nigahlarını rəsimləşdirmişlər. Birgə nikahlarından xx.xx.2012-ci ildə Vaqif və xx.xx.2014-cü ildə Elcan adlı uşaqları anadan olmuşdur. Sonradan birgə yaşaya bilmədiyikləri üçün məhkəmə qayıdasında boşanmışlar. Boşandıqdan sonra da uzun müddət bir yerdə yaşamışlar. Əvvələr uşaqları cavabdehlə bir yerdə yaşasalarda sondan böyük oğlu Vaqif onun yanına qayıtmış və onunla birlikdə yaşayır. O, uşağının bütün ehtiyacını ödəyir. Cavabdeh ilə ümümi təsərrüfatlarını birgə idarə etmirlər. O, özü hərbidə işləyir, lakin uşağına baxır və tərbiyyəsi ilə məşğul olur. İşdə olarkən uşağa anası, yəni uşağın nənəsi baxır. Ona görə də, xx.xx.2012- ci il təvəllüdlü X1 onun yanında qalmasının müəyyən edilməsi və həmin uşağa görə ödədiyi alimentin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, İddiaçı ilə birgə nikahlarından xx.xx.2012-ci ildə Vaqif, xx.xx.2014-cü ildə Elcan adlı uşaqları anadan olmuşdur. İddiaçı ona xəyanətlə bağlı böhtan atdığından ayrılmışlar. Məhkənin qətnaməsinə əsasən uşaqlarının onun yanında qalmaları müəyyən edilmişdir. Ayrıldıqdan sonra uşaqlar onun yanında qalmışlar. Həmçinin sonradan iddiaçı ilə barışmış, bir müddət bir yerdə yaşasalar da yenidən mübahisələri olmuş və ayrılmışlar. İddiaçı yeddi aydan artıqdır ki, oğlu Vaqifi görüşmək adı ilə aparmış və bir daha geri qaytarmamışdır. O, uşağı ilə danışmaq istəsə də, uşağı onunla danışmamış, iddiaçı uşağı ona qarşı öyrətməklə ondan ayırmağa çalışmışdır. İddiaçı hərbidə işləyir və evə həftədə bir dəfə gəlir. O, isə bir ana kimi uşağın tərbiyyəsi ilə məşğul ola bilmir. Ona görə də uşaq iddiaçının anasının ümidinə qalmışdır. Uşağını iddiaçıdan tələb edir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra hakimiyyəti yanında Qəyyumluq və Himayə işlər üzrə Komissiyanın nümayəndəsi X4 çıxışında göstərdi ki, uşağın özünün fikrini sərbəst bildirmək, ifadə etmək bacarığı yoxdur. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Beyləqan Rayon Məhkəməsinin 2(020)-255/2025 saylı, 15 iyul 2025-ci il tarixli qətnaməsi (Hakim: Ramiz Nurullayev) ilə, iddianın təmin edilməməsi, İddiaçı Cavabdeh qarşı xx.xx.2012-ci il təvəllüdlü X1 yanında qalmasının müəyyən edilməsi və alimentin ləğv edilməsi tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə Ekspertiza tədqiqinin dəyərini təşkil edən 100 (yüz) manatın İddiaçı alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan qarşılıqlı İddiaçı nümayəndəsi-vəkili Nümayəndə Beyləqan Rayon Məhkəməsinin 2(020)-255/2025 saylı, 15 iyul 2025-ci il tarixli qətnaməsini qətnaməsi ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı cavabdehin apelyasiya şikayətinə etiraz göndərərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya icraatı zamanı verdiyi izahatında, Beyləqan Rayon Məhkəməsinin 2(020)-255/2025 saylı, 15 iyul 2025-ci il tarixli qətnaməsini qətnaməsi ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə həm şifahi həm də yazılı formada etiraz edərək, izahatında apellyasiya şikayətinin təmin edilməməsini, Beyləqan Rayon Məhkəməsinin 2(020)-255/2025 saylı, 15 iyul 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Beyləqan Rayon Məhkəməsinin 2(020)-255/2025 saylı, 15 iyul 2025-ci il tarixli qətnaməsini İddiaçı nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən Ailə Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; Ailə Məcəlləsinin 22.2.2-ci uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli; Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın (xx.xx.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də ödəməyə borclu olan valideyinin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancının hamısını və ya bir hissəsini xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-255/2025 saylı, 15 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2012-ci ildə Vaqif və xx.xx.2014-cü ildə isə Elcan adlı uşaqları anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Beyləqan Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 22 yanvar 2014-cü ildə Beyləqan rayon Qeydiyyat şöbəsində qeyd edilmiş nikahları pozulmuş, tərəflərin birgə nikahlarından xx.xx.2012-ci ildə anadan olan Vaqif və xx.xx.2014-cü ildə anadan olan Elcan adlı uşaqların Cavabdeh yanında qalmaları müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh xeyrinə xx.xx.2012-ci ildə anadan olan Vaqif, xx.xx.2014-cü ildə anadan olan Elcan adlı uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 80 (səksən) manat, cəmi 160 (bir yüz altmış) manat alimentin tutulması barədə İddiaçı ilə Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişi təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra Hakmiyyəti Başçısı aparatı yanında Qəyyumluq və Himayə işləri üzrə Komissiyasının 17 mart 2025-ci il tarixli rəyindən görünür ki, eşitmə və nitq məhdudiyyətli X1, atasına yaxud anasına mənəvi-psixoloji bağlılığın tam müəyyən edilməsi üçün xüsusi bilik tələb olunduğundan iş üzrə məhkəmə-psixoloji ekspertiza təyin edilməsini məqsədəmüvafiq hesab edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyun 2025-ci il tarixli rəyindən görünür ki, X3 psoxoloji test və metodikaları yerinə yetirməkdə çətinlik çəkdiyindən, onunla tam şəkildə ekspertiza aparmaq mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş loqopedik rəydən görünür ki, xx.xx.2012-ci ildə anadan olmuş X3 10 mart 2025-ci ildə müayinədən keçmiş, müəyyən edilmişdir ki, Vaqifin eşitmə məhdudiyyəti səbəbindən nitq inkişafında çətinlikləri mövcuddur. Nitq inkişafının dəstəklənməsi üçün mütəmadi loqopedik və surdopedaqoji müdaxilə tövsiyyə olunur. Birinci instansiya məhkəməsi zamanı işin müəyyən edilmiş hallarından görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2012-ci ildə Vaqif və xx.xx.2014-cü ildə isə Elcan adlı uşaqları anadan olmuşdur. Tərəflərin münasibətləri pozulduğundan ayrılmışlar. Tərəflər ayrıldıqdan sonra uşaqlar anasının yanında qalmışlar. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh xeyrinə xx.xx.2012-ci ildə anadan olan Vaqif, xx.xx.2014-cü ildə anadan olan Elcan adlı uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 80 (səksən) manat, cəmi 160 (bir yüz altmış) manat alimentin tutulması barədə İddiaçı ilə Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişi təsdiq edilmişdir. Sonradan iddiaçı uşağı görüşmək adı ilə cavabdehdən almış və geri qaytarmamışdır. Məhkəmə kollegiyası azyaşlı uşaqların mənafeləri ilə bağlı bütün diqqətəlayiq halları araşdıraraq aşağıdakları qeyd etməyi zəruri hesab edir. İlk öncə azyaşlı uşaqların yaşayış yeri, yəni valideynlərdən hansının yanında qalması məsələsi müzakirə edilərkən hər şeydən əvvəl onun mənafeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1 və 58-ci maddələri, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi və «Uşaq Hüquqları haqqında» BMT Konvensiyasının 27-ci maddəsinin tələblərinə görə valideynlər öz uşaqlarının təlim-tərbiyəsinin və inkişafının təmin olunmasında bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 49.2-ci maddəsi isə uşağın hər iki valideyninin yanında yaşamaq haqqını təsbit edir. Göstərilən qaydalar təməli möhkəm qoyulmuş, birgə yaşayan ailələrdə uşaq hüquqlarının və valideyn haqlarının normativ təminat vasitələri kimi çıxış edir və faydalı olur. Qurulduqdan sonra doğulmuş uşaqları yetkinlik yaşına çatmamış dağılan ailələrdə isə hər iki valideynin uşaqlarla bağlı hüquqları müəyyən məqamlarda biri-birinə qarşı duran əksliklərə çevrilir. Hazırkı işdə də məhz belə bir vəziyyət yaranmışdır və bu işdə uşağın valideynlərdən hansına verilməsi ilə bağlı məsələdə valideynlərin sadalanan hüquqlarından da üstün hesab edilən başqa bir mənafe var ki, bu da xx.xx.2012-ci il təvəllüdlü X1 qanunvericiliklə öz valideynlərinin yuxarıda sadalanan hüquqlarından da artıq qorunan uşaq mənafeləridir. Bu barədə Ailə Məcəlləsinin 60.4-cü maddəsində ətraflı bəhs olunur. Həmin maddənin tələbinə görə, «valideynləri ayrı yaşayan uşaqların yaşayış yeri barədə valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqı və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir». «Uşaq hüquqları haqqında» AR Qanununun 5-ci maddəsi də belə məsələlərin həllində uşaqların mənafelərinin üstün tutulmalı olmasından bəhs edir. Valideynləri ayrı yaşayan uşaqların yaşayış yerinin müəyyən olunması ilə bağlı məsələlərin həlli zamanı uşaqların mənafelərinə üstünlük verilməli olması İnsan hüquqlarının Müdafiəsi üzrə Avropa Məhkəməsinin presedentləri işığında xüsusilə aydın görünür. Avropa Məhkəməsinin İnsan Hüquqları üzrə Avropa Konvensiyasının göstərilən məsələlərdən bəhs edən 8-ci maddəsilə və həmin konvensiyanın 7 saylı protokolunun 5-ci maddəsilə bağlı formalaşmış hüquqi mövqeyinə diqqət etdikdə görərik ki, Avropa dəyərləri müstəvisində uşaqların saxlanılması ilə bağlı atanın və ananın hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir. Əgər uşaqların saxlanması ilə bağlı valideynlər arasında fikir ayrılığı yaranırsa dövlət uşaqların hüquqlarını ictimai maraq kimi qiymətləndirərək uşaqların tərəfindən mübahisəyə qarışır. Odur ki, məhkəmə kollegiyası az yaşlı Vaqifin mənafeyi ilə bağlı olaraq onun normal yaşayışı, inkişafı, tərbiyəsi və təminatları ilə bağlı məsələlərə diqqəti cəlb edir. Məhkəmə iclasında araşdırılmış sənədlərdən, tərəflərin izahatlarından və sair sənədlərdən görünür ki, tərəflərin maddi və məişət şəraiti bir-birindən ciddi fərqlənmir və atanın bu sahədə nisbətən üstünlüyü nəzərə çarpır. Lakin məhkəmə uşağın valideynlərindən hansının yanında qalması məsələsini müzakirə edərkən bu halı zəruri və mütləq şərt hesab etmir. Belə ki, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 saylı Qərarının 7.2-ci bəndində göstərilir ki, valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. Uşaqların normal inkişafına təsir edəcək digər məsələlərdə isə məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan Qərarının 7.1-ci bəndində göstərilən xüsusatları nəzərə almaqla üstünlüyü anaya verir. Çünki, qeyd olunan bənddə göstərilir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı, onun fikri, uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı, valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri, valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər, uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı və sair hallar. İddiaçı apellyasiya şikayətinin dəlillərində əsas kimi az yaşlı uşağının 10 yaşının tamam olmasını və onun atası kimi onun yanında qalmasını bildirməsinə baxmayaraq məhkəmə tərəfindən bu halın nəzərə alınmadığını göstərmişdir. Birinci instansiya məhkəməsi icraatı zamanı müəyyən olunmuş hallardan və eskpert rəyindən aydın olur ki, xx.xx.2012-ci il təvəllüdlü X3 anadan gəlmə nitq qüsurlu olmaqla əqli inkişafının yaşına görə aşağı olması müəyyən edilmişdir. Həmçinin apellyasiya icraatı zamanı verilmiş suallara cavablardan aydın olmuşdur ki, İddiaçı hərbi qulluqçu olmaqla ordu sıralarında xidmət edir. Dediyinə görə hazırda xidmət yeri Kəlbəcərdə yerləşməklə hər həftənin şənbə və bazar günləri evə gələ bilir və həmin müddətdə isə az yaşlı Vaqifə anası baxır. Kollegiya ilk əvvəl qeyd edir ki, uşağın valideynlərindən hansının yanında saxlanılması məsələsi müəyyən edilərkən, məhkəmə tərəfindən uşağın həmin valideynin yanında saxlanılarkən uşağa kimin tərəfindən baxılması, uşağın kimin nəzarətində olması da müəyyən edilməlidir. Əlbəttəki valideynin işləməsi ailə üçün maddi ehtiyaclar baxımından zəruri olsa da, həftənin əksə günlərində uşağın nənəsinin yanında qalması uşağın mənafeləri baxımından düzgün hesab edilə bilməz. Belə ki, Cavabdeh əxlaqi-mənəvi keyfiyyətlərində, maddi durumunda uşaqlarının normal inkişafını, tərbiyəsini ciddi risq altında qoyacaq hər hansı bir təhlükəyə rast gəlinmir və onun istər maddi durumu, yaşayış tərzi, istər sağlamlıq vəziyyəti ona imkan verir ki, uşağın sağlamlığına, mənəvi, fiziki, psixi inkişafına qayğı göstərsin, onun təlimtərbiyəsi və təhsili ilə məşğul olsun və onun üçün layiqli həyat şəraitini təmin etsin. Ona görə də az yaşlı Vaqifin anasının yanında qalması, anasının himayəsində qalması onun mənafeləri baxımından daha məqsədə uyğun olar. Cavabdeh öz övladına bir valideyn kimi daim məsuliyyətlə yanaşacaq, diqqət və qayğı göstərəcək, öz valideynlik borcunu layiqincə yerinə yetirəcək keyfiyyətlərə sahib olan insandır və onu azyaşlı uşağından ayırmağa səbəb ola biləcək müstəsna hallar müəyyən edilməmişdir. Yuxarıda istinad olunan Ali Məhkəmə Plenumunun Qərarının 7.6-ci bəndində göstərilir ki, məhkəmələrə tövsiyə edilsin ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Ali Məhkəmə Plenumunun Qərarının mövqeyindən çıxış edən kollegiya uşaqların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafı üçün onlar birlikdə böyüməsini və eyni valideynə verilməsini məqsədə müvafiq hesab edir. İş materiallarından olan səs yazılarından da və iddiaçının verdiyi izahatdan da müəyyən edilir ki, o tərəflərin birgə nikahlarında doğulan digər uşaqları olan Elcanı istəmədiyini, yalnız Vaqifi istədiyini bildirmişdir. Həmçinin iddiaçı apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin uşağın atasını istəməsi barədə fikrinin nəzərə alınmadığını bildirmişdir. Kollegiya onu da qeyd edir ki, Qəyyumluq və Himayə işləri üzrə Komissiyanın rəyi məhkəmə üçün məcburi və üstünlük hüququna malik olmasa da, həmin rəy sübut növlərindən biri olmaqla, rəydə əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Lakin məhkəmə kollegiyası əsas meyar kimi uşaqların üstün mənafeyi baxımından nəzərə alır ki, iddiaçının şikayətinin dəlillərinin əsaslı hesab ediləcəyi təqdirdə, xx.xx.2012-ci il təvəllüdlü Vaqifin və xx.xx.2014-cü il təvəllüdlü Elcanın qardaş kimi birlikdə böyüməsinə maneə olar və bu hal onların gələcəkdə bir fərd kimi formalaşmasına mənfi təsir göstərə bilər. “Uşaq Hüquqları Bəyannaməsi”nin 6-cı prinsipinə görə azyaşlı uşaq müstəsna hallardan başqa, anasından alına bilməz. Burada müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dəlalət edən hallar başa düşülür. Məsələn, ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm və ağır xəstəlikdən əziyyət çəkməsi, uşaqla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından sui-istifadə etməsi və s. Yuxarıda qeyd olunanlara əsasən qeyd olunmalıdır ki, tərəflər arasında onların toqquşan maraqlarından azyaşlı uşaqların zərər görməməsi üçün uşağın öz valideynlərindən hansının yanında qalmalarının onların maraqlarına daha çox cavab verdiyini müəyyən edən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı xx.xx.2012-ci il təvəllüdlü X1 yanında qalmasının müəyyən edilməsi və alimentin ləğv edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə kollegiya yuxarıda qeyd olunan apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, əvvəla uşağın anasının yanında saxlanılarkən uşağın yaşı; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar nəzərə alınmışdır. İkincisi isə, uşaqlarla bağlı məsələdə hər hansı orqanın, ekspert rəyi hətta qəyyumluq və himayəçilik orqanının verdiyi rəy belə məhkəmə üçün məcburi olmamaqla uşağın mənafeyi baxımından Mülki Prosessual Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydada qiymətləndirilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə qənaətinə gələrkən yuxarıda qeyd olunan halları, həmçinin tərbiyəsinə, təhsilinə və mənəvi sarsıntı keçirməsinə səbəb olacaq bütün halları uşaqların mənafeyi üçün nəzərə almışdır. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır, hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Bununla yanaşı, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsində deyilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinin tələbinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8- 2/2016 saylı Qərarının 8.2-ci bəndində deyilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin alimentlə bağlı mövqeyi ilə də razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından iş üzrə Beyləqan Rayon Məhkəməsinin 2(020)-255/2025 saylı, 15 iyul 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 2(020)-255/2025 saylı, 15 iyul 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar