Məhkəmə qərarları › İş №2(106)-144/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-144/2024

30.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-144/2024 30.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X14 (sədrlik edən və məruzəçi), X18 və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, X22 oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil1, Cavabdeh və onun nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı tikintiyə çəkilən xərcin ödənilməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(049)-123/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Ağayeva (Əzimova) Aysel Mirheybət qızından Lənkəran rayonunun Şilavar kəndində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsində mərhum əri X16 tərəfindən inşa edilmiş iki mərtəbəli evin tikintisinə çəkilmiş xərcin əvəzi kimi 48000 manat, vurulmuş mənəvi zərərin əvəzi olaraq 2000 manat pulun, həmçinin ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(049)-123/2023 saylı qətnaməsi ilə (hakim Muradağa Qasımov) iddia qismən təmin olunaraq, Cavabdeh inşa edilmiş evə xərclənmiş 21757 manat vəsaitin yarısı, yəni 10875 manat 50 qəpik məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, idiaçının inşa edilmiş evə çəkilmiş vəsaitin mərhum X9 aid hissədə tələbinə hüquqi qiymət verilmədən açıq saxlanılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh Ağayeva X5 Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(049)- 123/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 22 noyabr 2005-ci il tarixdə X16 ilə nikahlarını rəsmiləşdirməklə ailə qurmuş və xx.xx.2017-ci il tarixdə Mayis Quliyev vəfat etmişdir. O, vəfat etməmişdən təxminən 3 il əvvəl Lənkəran rayonunun Şilavar kəndində 0,03 ha həyətyanı torpaq sahəsi alaraq ev tikdirməyə başlamışdır. Həmin torpaq sahəsinə dair mərhum ərinə xx.xx.2014-cü il tarixdə qeydiyyat nömrəsi **********30 olan DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən RX seriyalı ******* saylı daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış da verilmişdir. Ərinin vəfatından bir müddət sonra qayınatası Yunsur Quliyev onun Şilavar kəndində yerləşən torpaq sahəsinə nəzarət etmək istəsə də, bu mümkün olmamışdır. Belə ki, ərinin vəfatından xeyli müddət sonra ona məlum olmuşdur ki, əri X16 cavabdeh X6 ilə yaxın münasibətləri olmuş və özünə məxsus olan Lənkəran rayonunun Şilavar kəndində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsini 12 dekabr 2014-cü il tarixdə Lənkəran rayonu 1 saylı notariat kontorunda alqı-satqı müqaviləsinə əsasən cavabdehə satmış, sonuncu da həmin torpaq sahəsində mülkiyyət hüququna dair Çıxarış almışdır. Buna görə də, o, həmin daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi tələbi ilə Lənkəran Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmə iddiasını təmin etsə də, apellyasiya məhkəməsi həmin qətnaməni ləğv etmiş, kassasiya instansiya məhkəməsi də apellyasiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Mərhum əri X1 Lənkəran şəhərində yerləşən “Starway” şadlıq sarayında müdir işləməklə yanaşı təmirtikinti briqadasına da rəhbərlik etdiyi üçün vəfatından təxminən 3 il əvvəl - 2015-ci ildən başlayaraq onlar orada qayınatası və qayınlarının köməyi ilə cavabdehin mülkiyyətində olan torpaq sahəsində ev tikdirməyə başlamışlar və 2016-cı ilin axırlarında evin dam hissəsini örtməklə tikintinin bir hissəsini yekunlaşdırmışlar. Hətta evlərinin giriş qapısı ilə qayınatası Yunsur Quliyevin hazırda Ləj kəndində olan evinin giriş qapısını mərhum əri X16 eyni gündə Bakı şəhərindən gətirərək yerləşdirmişdir ki, fotoşəkilləri iddia ərizəsinə əlavə etmişdir. xx.xx.2014-cü il tarixdə əldə olunmuş və Lənkəran rayonunun Şilavar kəndində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi mərhum əri Mayis Quliyev tərəfindən onunla birgə nikahda olduqları müddətdə əldə olunmuşdur. 2015-2017-ci illərdə həmin torpaq sahəsində inşa etdirdikləri 2 mərtəbəli evin tikintisi üçün onlar tikinti materialları və onların daşınma xərci, usta və fəhlələrin haqları və onların gündəlik qidaları üçün çəkilən xərclər nəzərə alınmaqla, ümumilikdə 48000 manat məbləğində vəsait xərcləmişlər. Usta və fəhlələrin əksər vaxtı yeməklərini özü hazırlamışdır. Hal-hazırda Lənkəran rayonunun Şilavar kəndində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi cavabdehin mülkiyyətində olsa da, həmin torpaq sahəsində tikilmiş ev onun mülkiyyətində deyildir. Eyni zamanda, cavabdehin o qədər maddi imkanı olmamışdır ki, o, iki mərtəbəli ev tikmək iqtidarında olsun. Belə ki, cavabdeh xx.xx.2013-cü il tarixdə, yəni məlum alqı-satqı müqaviləsi bağlanmamışdan əvvəl, X16 ilə faktiki birlikdə olduğu müddətdə nikahın pozulması tələbinə dair əri X17 qarşı Lənkəran Rayon Məhkəməsində iddia qaldırmış və nikahları xx.xx.2013-cü il tarixdə pozulmuşdur. İmzaladığı həmin iddia ərizəsində cavabdeh özünün maddi vəziyyətinin yaxşı olmadığını və uşaqlarını valideynlərinin köməkliyi ilə saxladığını qeyd etmişdir. Bundan təxminən il yarım sonra xx.xx.2015-ci il tarixdə, yəni alqı-satqı müqaviləsinin bağlanmasından sonra, lakin X16 ilə birlikdə olduğu müddətdə aliment tələbinə dair əri X17 qarşı Lənkəran Rayon Məhkəməsində iddia qaldırmış və imzaladığı həmin iddia ərizəsində cavabdeh özünün heç bir yerdə işləmədiyini, buna görə də, maddi durumu zəif olduğundan uşaqlarına lazımi diqqət və qayğı göstərə bilmədiyini qeyd etmişdir. Belə bir sual meydana çıxır ki, 2014-cü ildə olan alqı-satqı müqaviləsindən həm əvvəlki dövrdə, həm də sonrakı dövrdə cavabdehin maddi durumu heç də yaxşı olmamış, kifayət qədər ehtiyac içində yaşamışdır. Necə olur ki, belə bir zəif maddi durumda olan, işləməyən və 3 uşaq anası olan bir qadın iki mərtəbəli ev tikdirir?!..Bununla yanaşı, evin həqiqətən də mərhum əri X16 tərəfindən tikildiyini cavabdeh özü də qayınatası X10 şikayəti əsasında Lənkəran rayon prokurorluğunda araşdırma zamanı təsdiq etmişdir. Mərhum əri X16 ilə birgə nikahda olduqları dövrdə əldə etdikləri vəsaiti, yəni öz əmlakını həmin evin tikintisi üçün sərf etmişdir ki, onun da hazırda bu vəsaiti tələb etməyə tam haqqı çatır. Cavabdehin nümayəndəsi Vəkil2 cavabdehin iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə ərizə təqdim edərək onun təmin olunmasını xahiş etmişdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, iddia ərizəsində qeyd edildiyi kimi “xx.xx.2014-cü il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və xx.xx.2014-cü il qeydiyyat tarixli RX 05479000 seriya nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi tələbi” barədə İddiaçı tərəfindən Lənkəran Rayon Məhkəməsində iddia qaldırılmış, həmin məhkəmənin müvafiq qətnaməsi ilə cavabdeh olaraq onun əleyhinə, apellyasiya və kassasiya məhkəmələrinin müvafiq qətnamə və qərarı ilə isə onun lehinə nəticəyə gəlinmişdir. Göründüyü kimi, adına verilən alqı-satqı müqaviləsinin də, çıxarışın da Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş qərarı ilə etibarlılığı müəyyən edilmiş və İddiaçı tələbləri əsassız olduğundan rədd edilmişdir. İddia ərizəsində mübahisələndirilən fərdi yaşayış evi Lənkəran rayonunun Şilavar kəndində mülkiyyətində olan 0,03 ha həyətyanı torpaq sahəsində yerləşir. Həmin fərdi yaşayış evinin ona məxsus olması 10 aprel 2017-ci il tarixli İN/L-336/2017 saylı lisenziya ilə də müəyyən olunmuşdur. Göründüyü kimi, o, lazımi icazələr almaqla mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evi tikdirmişdir. İddiaçının qayınatasının və qayınlarının köməyi ilə evin tikintisinə pul xərclədiyi ilə bağlı fikirlər əsassızdır. Lənkəran rayonunun Şilavar kəndində mülkiyyətində olan 0,03 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi özbaşına tikili deyil, lazımi icazələr alınmaqla tikilmişdir və heç kəsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Qanunla özbaşına tikintiyə mülkiyyət hüququ torpaq sahəsinə olan mülkiyyət hüququ əsasında müəyyən edilir. Yuxarıda qeyd olunanlardan əlavə, İddiaçı iddia ərizəsində istinad etdiyi normalar hazırkı işin hallarına ümumiyyətlə uyğun gəlmir. Belə ki, iddiaçı Mülki Məcəllənin vərəsəliklə bağlı 1151.1, 1159.1 və 1159.1.1-ci maddələrinə istinad etmişdir. Hansı ki, mübahisələndirilən fərdi yaşayış evi mərhum X7 mülkiyyətində olmamışdır. Mübahisəli fərdi yaşayış evi X7 mülkiyyətində olsaydı belə, vərəsəlik münasibətlərindən söhbət gedə bilməzdi. Çünki bu halda hüquq münasibətləri onun sağlığında yarandığından vərəsəliklə bağlı normalar hazırkı mülki işə tətbiq edilə bilməzdi. İddiaçı daha sonra Mülki Məcəllənin əsassız varlanma ilə bağlı 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə istinad etmişdir. Hazırkı mülki işdə əsassız varlanma halı da mövcud deyildir. Mübahisəli fərdi yaşayış evi Lənkəran rayonunun Şilavar kəndində mülkiyyətində olan 0,03 ha həyətyanı torpaq sahəsində yerləşir. Tələbinin hüquqi əsası (xx.xx.2014-cü il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX 05479000 seriya nömrəli çıxarış) vardır və məhkəmədə bu hal bir daha təsdiqini tapmışdır. Ona görə də, hesab edir ki, tərəfindən iddiaçıya qarşı əsassız varlanma hərəkətləri edilməmişdir. Qeyd etdiklərindən əlavə, tərəfindən əsassız varlanma hərəkətləri edilsəydi, yəni iddiaçının qeyd etdiyi kimi fərdi yaşayış evi qanunsuz olaraq tərəfindən əldə olunmuş olsaydı belə, iddia tələbi hazırkı ərizəsi əsasında rədd edilməli idi. İddiaçı iddia ərizəsinin işin halları hissəsində mübahisəli fərdi yaşayış evinin 2015-2017-ci illərdə tikildiyini bildirmişdir. Belə olan halda, iddiaçı mülki qanunvericiliklə müəyyən olunmuş iddia müddətini də ötürmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Lənkəran Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(049)-123/2023 saylı qətnaməsi tamamilə əsassızdır, mülki hüququn norma və prinsiplərinə ziddir. Məhkəmə hüquqlarını müdafiə etdiyi Cavabdeh inşa edilmiş tikintinin altındakı torpaq sahəsinin sonuncunun mülkiyyətində olmasını nəzərə almamış, çəkilən xərclərin məhz Cavabdeh məxsus olmasını təsdiq edən ifadələrə məhəl qoymamış, iddia müddətinin tətbiqi ilə əlaqədar olaraq tərəflərindən verilmiş ərizəni əsassız olaraq tətbiq etməmiş, cavabdehin mülkiyyət hüququ pozulmuş və nəticədə açıq-aşkar qanunsuz nəticəyə gəlindiyi qətnamə qəbul etmişdir. Məhkəmə mövcud olan situasiyada tətbiq etməli olduğu maddi hüquq normalarını tətbiq etməmişdir. Eləcə də, məhkəmə işin faktiki halları ilə bağlı mühüm əhəmiyyət kəsb edən halları müəyyən etmədən həmin hallarla əlaqəli qətnamə qəbul etmişdir. Belə ki, xərclənmiş pulların kimə aid olması, həmin pulun bağışlanılıb-bağışlanılmaması və digər bu kimi mühüm halları müəyyən etmədən iddiaçının leyhinə qətnamə qəbul etmişdir. Qətnamə kobud pozuntularla (maddi və prosessual normalar pozulmuşdur) müşayiət edilməklə qanunsuz və əsassızdır. Sözügedən ev hüquqlarını müdafiə etdiyi Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin üzərində yerləşir və məhz bu səbəbdən də, onun gözlənilən mülkiyyət hüquqları olmuşdur. Yəni, sözügedən ev inşa edilərkən həmin torpaq sahəsi mərhum X7 deyil, məhz Cavabdeh mülkiyyətində olmuşdur. Həmin xüsusat isə X9 da bəlli olmuşdur. Çünki alqı-satqı müqaviləsi məhz Mayis Quliyevlə bağlanmışdır. Deməli, belə olan təqdirdə, Mayis Quliyevin öz pulu ilə özü üçün ev tikməsi ilə bağlı iddia absurd iddiadır. Çünki, Mayis Quliyev özgəsinin mülkiyyətində olan torpaq sahəsində tikiləcək evin onun mülkiyyətinə verilə bilməyəcəyini çox gözəl bilmiş, özünə başqasının mülkiyyətində ev tikməsi ilə bağlı iddianın məntiqi əsası yoxdur. Bundan əlavə, məhkəmə hazırlıq iclasında Cavabdeh iddianı qəbul etməyib göstərmişdir ki, “Starvay” şadlıq sarayının müdiri mərhum X11 2014-cü ildən, orada qabyuyan işləyərkən tanımışdır. O, Mayis Quliyevlə 3 il birlikdə işləmiş və ayda 300 manat əmək haqqı almışdır. İlk tanış olduqları vaxt Maisin evli olduğunu bilməsə də, 1-2 il sonra mərhum Mayis Quliyevin evli olduğunu bilmişdir. Mayis Quliyev vəfat etməmişdən əvvəl öz mülkiyyətində olmuş Lənkəran rayonunun Şilavar kəndində yerləşən 0.03 ha torpaq sahəsini alqı-satqı müqaviləsi ilə 3000 manata ona satmışdır. Torpaq sahəsi yolun kənarında yox, içəri tərəfdə olduğuna görə qiyməti ucuz idi. Həmin dövrdə uşaqları üçün aliment tələbi ilə bağlı məhkəməyə müraciət etməmiş, kirayədə qalmış, hər ay 150 manat kirayə haqqı vermiş, torpağında inşa edilmiş ev üçün Mayis Quliyevə hissə-hissə olmaqla 40000 manata yaxın pul vermiş, həmin 40000 manat pulu aldığı maaşdan, anasının ona verdiyi pensiya pullarından, götürdüyü kreditdən, bacılarının ona göndərdiyi pullardan, özünün satdığı qızılların pulları təşkil etmişdir. Mayis Quliyevə pulu evdə, iş yerində və başqa müxtəlif yerlərdə vermişdir. Mais Quliyevlə evin inşası ilə bağlı aralarında yazılı formada tapşırıq müqaviləsi bağlanmamışdır. Mais Quliyevin sağlığında və o, vəfat edəndən sonra nəzarət etmək məqsədilə o, qeyd olunan evə gedib-gəlmişdir. Lakin ora gedəndə orada ustaları görməmişdir. Çünki, o adətən mərhum Mayis Quliyevlə ustalar axşamçağı işlərini bitirib getdikdən sonra həmin evə getmişdir. Evin tikintisi üçün xərclənən pulla bağlı mərhum Mayis Quliyevlə müqavilə bağlamışdır. Çünki Maisə evin tikintisi üçün pul verib sonra gedib evə baxdıqda görmüşdür ki, evdə iş gedir. Bununla da, həmin izahatdan görünür ki, xərclənən pullar ustalara və fəhlələrə Mais Quliyev tərəfindən verilmiş olsa da, Cavabdeh pulları olmuşdur, Mayis Quliyev isə sadəcə vasitəçi olmuş, tikinti işləri üzrə mütəxəssis kimi ustalara məsləhətlər vermişdir. Cavabdeh izahatından əlavə, məhkəmə hazırlıq iclasında onların təşəbbüsü ilə məhkəmədə dindirilmiş X4 bildirmişdir ki, o, Cavabdeh ilə uzun müddətdir ki, ailəvi dostdur. Cavabdeh 2015-ci ildə ondan Lənkəran rayonunun Şilavar kəndində ev tikdirdiyini demiş, ondan borc istəmiş və həmin pulu ona hissə-hissə qaytarmışdır. Həmin vaxt Aysel ona tikinti işlərinə nəzarəti X26in etdiyini bildirmişdir. Lənkəran Rayon Məhkəməsi nə cavabdehin izahatını, nə də şahidin ifadəsini nəzərə almış, işin faktiki halları ilə uzlaşmayan və iddiaçının əsassız mövqeyini təsdiq edən şahid ifadələrinə istinad etmişdir. Hazırkı mülki iş üzrə iddia cavabdehə qarşı 2020-ci il tarixinədək verilməli idi. Belə ki, pul tələbinə dair hazırkı mülki iş üzrə nə müqavilə mövcud deyil, nə də mülki hüquq pozuntusunu ehtiva edən delikt mövcud deyildir. İddiaçı məhkəmə iclasında hazırkı vəziyyəti əsassız varlanma kimi qiymətləndirmiş olduğundan iddia müddətinin tətbiqi ilə bağlı ərizəni məhkəməyə təqdim etmiş, lakin iş materiallarında olan həmin ərizəyə məhkəmə düzgün hüquqi qiymət verməmişdir. Birinci instansiya Məhkəməsi qeyd edir ki, evə çəkilmiş xərclər iddiaçı ilə onun ərinin birgə nikahları dövründə ümumi gəlirlər hesabına əldə olunmuş vəsait hesabına inşa edilmişdir. Həmin vəsait hesabına əldə olunmuş və evə xərclənmiş material hal-hazırda da iddiaçı ilə onun ərinin mülkiyyətidir. İddiaçının öz mülkiyyətində olan əmlakı və ya onun dəyərini onu özündə saxlayan hər bir şəxsdən tələb etmək hüququ vardır. Bu zaman həmin tələblə bağlı iddia müddəti tətbiq edilə bilməz. Buna görə də, cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi əsassızdır və təmin olunmamalıdır. Məhkəmənin həmin mövqeyinə münasibətdə qeyd edir ki, burada mülkiyyətçi məhz Cavabdehdır, iddiaçının mülkiyyət hüququndan söhbət gedə bilməz. Xərclənmiş pulları iddiaçının mülkiyyəti hesab edən məhkəmə həmin xüsusatı sübuta yetirən mötəbər sübuta istinad etməmişdir. İş üzrə mövcud olan sübutlar şahid ifadələri olmuşdur ki, həmin ifadələr də iddiaçının təsiri altında olan şahidlərin öyrədilmiş ifadələridir. Bundan əlavə, məhkəmə nəzərə almamışdır ki, əsassız varlanmadan söhbət gedirsə, burada hər bir halda əldən çıxmış pul məbləğindən söhbət gedir. Məhkəmənin mövqeyi nəzərə alınsa, onda iddia müddəti institutu yaddan çıxarılmalıdır. İddiaçı iddia ərizəsinin işin halları hissəsində mübahisəli fərdi yaşayış evinin 2015-2017-ci illərdə tikildiyini bildirmişdir. Belə olan halda, iddiaçı mülki qanunvericiliklə müəyyən olunmuş iddia müddətini ötürmüşdür. Qeyd edir ki, İddiaçı özü Mülki Məcəllənin əsassız varlanma ilə bağlı 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə istinad etmişdir. Məhz iddiaçının mövqeyinə istinad edib əsassız varlanma ilə bağlı iddia müddətinin tətbiqini məhkəmədən xahiş etdilər. Bundan əlavə, onlar məhkəmə iclasında da əks tərəfə tələbin hüquqi və faktiki əsasının nə ilə bağlı olduğunu soruşduqda, onlara verilən cavab belə oldu ki, bu əsassız varlanma halıdır. Çünki iddia tələbinin hüquqi əsası olaraq nə delikt, nə də hər hansı müqavilə vardır. Belə olan təqdirdə, iddia tələbinin faktiki və hüquqi əsası kimi əsassız varlanmanı iddiaçı tərəf bildirdiyindən mövqeləri əsaslıdır. Həmin tikili (fərdi-yaşayış evi) ilə bağlı çıxarış olmasa da, lazımi icazələr alınmışdır. Belə ki, 10 aprel 2017-ci il tarixli İN/L- 336/2017 saylı lisenziya ilə də müəyyən olunmuşdur. Lakin məhkəmə həmin lisenziyanı məhkəmə baxışı iclasında ondan qəbul etməmişdir. Amma hər bir halda torpağa münasibətdə çıxarışın mövcudluğu hüquqlarını müdafiə etdiyi Cavabdeh münasibətdə gözlənilən mülkiyyət hüququnun mövcudluğu deməkdir. Lakin məhkəmə həmin xüsusatı da nəzərə almamışdır. Qeyd edir ki, məhkəmə iclasında xərclənmiş pul məbləğinin kimə aid olması müəyyən olunmamış, həmin evə ayrılmış pul məbləğinin hədiyyə qismində verilibverilməməsi araşdırılmamış, ziddiyyətli və şübhəli fikirlər əsasında qətnamə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə sübutları bilavasitə tədqiq etməmiş, ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında lazımi qaydada həyata keçirməmiş və həqiqətə nail olmaq üçün düzgün araşdırma aparmamışdır. Belə ki, xərclənmiş pul vəsaitinin mərhum X16 tərəfindən hədiyyə edilib-edilməməsi məhkəmə tərəfindən araşdırılmamış və təbii ki, hədiyyə edilmiş əmlakın geri tələbi mülki qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Bundan əlavə, İddiaçı hazırkı iddianı verməyə subyektiv hüququ da olmamışdır. Belə ki, əsassız varlanmadan söhbət gedirsə, yəni iddiaçı bunu iddia edirsə, nəzərə almaq lazımdır ki, onun buna hüququ olmamışdır, bu hüquq məhz Mayis Quliyevin subyektiv hüququdur. Lənkəran Rayon Məhkəməsi isə bu məqamları və faktiki halları aydınlaşdırmadan yekun qərar qəbul etmişdir, halbuki həmin faktiki halların müəyyən edilməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb etmişdir. Cavabdeh nümayəndəsi Vəkil2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Cavabdeh X26lə faktiki ailə münasibətlərində olmuş, bir ailə kimi yaşamışlar. Cavabdeh mübahisəli əraziyə dair çıxarış almış və orada özünə ev tikdirmişdir. Cavabdeh hələ X26in sağlığında ona ev almaq istədiyini, ev tikdirmək istədiyini bildirmişdir. X26 mübahisəli torpaq sahəsini aldıqdan sonra cavabdehə satmış, cavabdeh də öz vəsaiti hesabına orada ev tikdirmişdir. Cavabdeh özü mərhumun yanında qabyuyan işləmiş və maaş almışdır. Əlavə olaraq, cavabdeh özünə məxsus qızılları satmış, bankdan kredit götürərək özünə ev tikdirmişdir. Evin tikilməsində onun ailə üzvləri də ona maddi cəhətdən köməklik etmişdir. X26 özü mühəndis olmuşdur. Evin tikintisi demək olar ki, 2017-ci ildə başa çatsa da, təmiri hələ də davam edir. Evlə bağlı birinci instansiya məhkəməsinə lisenziya təqdim etsələr də, iş materiallarına əlavə edilməmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, X26ə məxsus “Spring Hotel”də təmzilikçi işləmişdir. Günlük 10 manat olmaqla, aylıq 300 manat maaş almışdır. Maislə təxminən 7 il birlikdə yaşamışlar. Övladları olmamışdır, lakin onun Maislə faktiki nikah münasibətlərində olmağı gizli deyildi. Belə ki, bu faktı hamı, habelə onun atası da bilirdi. Mais onunla yaşadığı müddətdə, hətta vəfat edənə qədər öz ailəsi ilə də birlikdə olmuş və ayrılmamışdır. Mübahisəli evin tikintisini öz maddi vəsaiti hesabına həyata keçirmiş, həmçinin evin tikintisi zamanı maddi cəhətdən ona anası və bacısı köməklik etmişdir. Belə ki, əlinə pul düşdüyü zaman hissə-hissə tikinti işlərini icra etmişdir. Evin tikintisi zamanı orada olmasa da, tikintidən sonra evə baş çəkmək üçün dəfələrlə getmişdir. Evin tikintisi zamanı ustalara yemək bişirib göndərmişdir. Tikintidən sonra oraya çox zaman ya tək, ya Maislə, ya da ki uşaqları ilə getmişdir. Qonşular onu tanıyır və onu orada görüblər. Lakin onlara müraciət etsə də, şahid kimi məhkəmədə ifadə vermək istəməmişlər. Evin tikintisi demək olar ki, tam təmirli olmasa da belə, 2017-ci ildə başa çatmışdır. İddiaçının nümayəndəsi Vəkil1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, birinci sübut edilməli hal odur ki, iddia tələbində qeyd olunan tikili faktiki olaraq mövcuddurmu? Bəli, bu hal tamamilə təsdiq olunur və bu tərəflərin izahatları və işdə olan ekspert rəyi ilə sübuta yetirilir. İkinci sübut edilməli hal odur ki, mübahisə predmetinə aid olan tikili X26lə onun arvadının, yəni hazırkı iş üzrə iddiaçının birgə nikahda olduqları dövrdə tikilibmi? Bəli, bu hal da öz təsdiqini tapır və əksi təkzib olunmur. Bu hal tərəflərin izahatları, nikah haqqında şəhadətnamə və iş materiallarında olan müvafiq məhkəmə qərarları ilə sübut olunur. Üçüncü sübut edilməli hal odur ki, evin tikintisi üçün usta və fəhlələrə, eləcə də tikinti materiallarına vəsait ödənilibmi? Bəli, ödənilmişdir. Bu hal da öz növbəsində hər iki tərəfin izahatı ilə tam sübuta yetirilir və təkzib olunmur. Dördüncü və ən əsas sübut edilməli hal odur ki, həmin usta və fəhlələrə, eləcə də tikinti materiallarına vəsatiti X26 vermişdirmi? Bəli, bu hal da hər iki tərəfin izahatı, eləcə də, işdə olan Cinayət işinin başlanmasının rədd olunması haqqında qərarla tam təsdiq olunur və sübuta yetirilir. Belə ki, cavabdeh özü də deyir ki, usta və fəhlələrə, eləcə də tikinti materiallarına pulu X26 vermişdir. Cavabdeh həmçinin qeyd edir ki, Mais Quliyevin verdiyi pulu ona o vermişdir və onun puludur. İş materiallarında olan Cinayət işinin başlanmasının rədd olunması haqqında qərarda cavabdeh özü prokurorluqda ifadəsində qeyd etmişdir ki, “mən Maisə deməmişəm mənə ev tik, o, özü mənim üçün tikirdi”. Yəni, bu o deməkdir ki, o nə Maisə pul vermişdir, nə də ona ev tik demişdir. Öz pulu ilə o evi özü könüllü şəkildə ona tikirdi. Cavabdeh iddia edirsə ki, pulu məhz o Maisə vermişdir, o zaman məhkəməyə bu halı təsdiq edən mötəbər sübutlar təqdim etməli idi. Mübahisəli evlə bağlı birinci instansiya məhkəməsinə cavabdeh tərəfindən lisenziya təqdim edilməmiş, hətta verilsə belə, aydındır ki, torpaq sahəsi onun adına olduğu üçün tikiliyə də rəsmi olaraq icazə onun adına ola bilərdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Lənkəran Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(049)-123/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, işdə olan “Hüqüqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri”nin Çıxarışından görünür ki, Lənkəran rayonu Şiləvar kəndində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında cavabdehin adına dövlət qeydiyyatına alınmışdır. İşdə olan ƏMDK DƏDRX-nin 10 saylı Lənkəran Əİ-nin birinci instansiya məhkəməsinə ünvanladığı cavabdan görünür ki, Lənkəran rayonu Şiləvar kəndində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair hər hansı bir hərəkətin aparılmasına qadağa (həbs) qoyulmuşdur. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/1316 nömrəli rəyindən və ekspertiza xərclərinə dair bildirişdən görünür ki, Seriya RX ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan və Lənkəran rayonunun Şilavar kəndində yerləşir 0,03 ha torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evinin inşasına sərf edilmiş vəsaitin məbləği təqribən 21757 manat müəyyən edilmişdir (ekspertiza xərci 100 manat təşkil edir). İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinə görə 240 manat dövlət rüsumu ödəmişdir. Kollegiya qeyd edir ki, MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarına müvafiq hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Beləliklə, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh mübahisəli evin məhz onun vəsaiti hesabına tikildiyinə dair mötəbər sübutlarını (tapşırıq müqaviləsini, pulunu iddiaçının ərinə verildiyini təsqdiqləyən qəbzləri, telefon danışıqlarını, “wotsapp” yazışmalarını, onunla apalarında aparılmış işlərlə əlaqədar qaralamalarını, əlyazmalarını və s.) məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh iddiaçının ərinin Şadlıq sarayında qabyuyan işləməklə 300 manat əmək haqqı almış, qeyd olunan evin tikintisi zamanı Lənkəran Rayon Məhkəməsində ərinə qarşı aliment tələbi ilə bağlı iddia qaldıraraq maddi durumunun aşağı səviyyədə olduğunu, uşaqlarını valideynlərinin köməkliyi ilə saxladığını bildirmişdir. Adıçəkilən ev inşa edilərkən maddi durumu çox aşağı səviyyədə olan cavabdehin həmin evi tikdirmək məqsədilə iddiaçının ərinə böyük məbləğdə pulun verməsi inadırıcı deyildir. Cavabdeh həmin evə sərf olunmuş vəsaitin öz bacı qardaşlarından, qohumlarından və s. aldığını bildirsə də, bunları təsdiq edən subutlarını məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də, cavabdeh evə sərf olunmuş xərcin iddiaçı ilə sonuncunun əri tərəfindən nikah dövründə ümumi gəlirləri hesabına əldə olunduğunu inkar edə bilmədiyi üçün məhkəmə hesab etmişdir ki, qeyd olunan evə çəkilmiş xərclər iddiaçı ilə onun ərinin nikah dövründə əldə olunmuş ümumi gəlirlər hesabına həyata keçirilmişdir. Beləcə, evə çəkilmiş xərclər iddiaçı ilə onun ərinin birgə nikahları dövründə ümumi gəlirlər hesabına əldə olunmuş vəsaitlə inşa edilməsi işin halları ilə təsdiqini tapmışdır. Həmin vəsait hesabına əldə olunmuş və evə xərclənmiş material hal-hazırda da iddiaçı ilə onun ərinin mülkiyyətidir. İddiaçının öz mülkiyyətində olan əmlakı və ya onun dəyərini onu özündə saxlayan hər bir şəxsdən tələb etmək hüququ vardır. Həmin tələblə bağlı isə iddia müddəti tətbiq edilə bilməz. Məhkəmə fərdi yaşayış evinin ona məxsus olmasını 10 aprel 2017-ci il tarixli İN/L336/2017 saylı lisenziya ilə təsdiq olunduğuna dair cavabdehin göstərdiyinə qiymət verərək qey edir ki, o, həmin lisenziyanı məhkəməyə təqdim etməmişdir. Halbuki, iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə ərizəsinə bir sıra sənədlərlə bərabər lisenziyanın da əlavə olunduğunu göstərsə də, faktiki olaraq həmin ərizəyə heç bir sənəd əlavə etməmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş və imzaları notarial qaydada təsdiq edilmiş şahidlər X3, X12 və X13 ərizələrini məhkəmə sübut kimi qəbul etməmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş şahidlərdən fərqli olaraq qeyd olunan şəxslər bilə-bilə yalan ifadələr vermələrinə görə cinayət məsuliyyətinə cəlb ediləcəkləri barədə xəbərdar edilərək onlardan müvafiq qəbz alınmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ-İV hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1 və 31.2-ci maddələrinə görə ərarvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinin tələbinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, apellyasiya şikayətinin təmin edilərək qətnamənin ləğvi yaxud dəyişdirilməsi üçün heç bir hüquqi əsas yoxdur. Belə ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmış, məhkəməyə təqdim olunmuş bütün sübutlara obyektiv qiymət verilmişdir. Cavabdeh apellyasiya şikayətində iddia müddətinin tətbiqinin tətbiq edilməməsini göstərsə də, birinci instansiya məhkəməsi haqlı olaraq hazırkı münasibət üzrə həmin müddətin tətbiqinin mümkünsüzlüyünə istinad etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384-cü maddəsində iddia müddətinin şamil edilmədiyi hallar göstərilmişdir (mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə (384.0.4.)). Cavabdehin mübahisəli evin tikilməsinə xərclənmiş pulların kimə aid olması, həmin pulun bağışlanılıb-bağışlanılmaması və digər halların müəyyən edilməməsinə dair dəlili üzrə qeyd edilməlidir ki, hazırkı işin müəyyən edilmiş halları ilə bütün xərcin İddiaçı ilə nikahda olduğu müddət ərzində yalnız X16 tərəfindən çəkilməsi təsdiq edilir. Habelə işdəki təkzib edilməyən mötəbər sübutlara görə X16 adıçəkilən evə ancaq iddiaçı ilə birlikdə getmiş, oradakı işlərlə maraqlanmış, hətta bunu orada işləmiş şahid qismində dindirilmiş ustalar da təsdiqləmişlər. Habelə məlum olduğu kimi qanunverici Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 31 və 32-ci maddələri ilə ər-arvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasını müəyyən etmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5 və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli qərarında qeyd edilmişdir ki, əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. Apellyasiya şikayətinin pul vəsaitinin bağışlanılıb-bağışlanılmaması dəlili üzrə xüsusi qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2023-cü il tarixli qərarında qeyd etməyi vacib hesab etmişdir ki, pul vəsaitinin bağışlanması ilə bağlı müqavilənin yazılı forması ilə bağlı qanunvericilikdə imperativ tələb olmasa da, nikah dövründə əldə edilmiş əmlakın məhz tərəflərdən birinə bağışlanmış pul vəsaiti hesabına əldə edilməsi əsası ilə ər-arvadın ümumi birgə deyil, ərin və ya arvadın şəxsi əmlakı kimi qiymətləndirilməsi və bununla da onların əmlakının qanuni rejimindən kənara çıxılması üçün, ilk növbədə, bağışlamanın ailəyə deyil, məhz tərəflərdən birinə edilməsini, habelə həmin vəsait hesabına mübahisəli əşyanın əldə edilməsini təsdiqləyəcək mötəbər, o cümlədən əyani sübutların (yazılı müqavilə və s.) mövcud olması zəruridir. Həmin qərarda, habelə göstərilmişdir ki, ailə-nikah münasibətləri üzrə hər hansı əşyanın məhz əvəzsiz əqd üzrə əldə edilməsi səbəbindən ərin və ya arvadın şəxsi mülkiyyəti olması ilə bağlı tələblərin təmin edilməsi üçün, belə əqdlərin mövcudluğu əyani sübutlarla (yazılı müqavilə və s.) təsdiqlənməlidir. Odur ki, ailə-nikah münasibətləri, ər-arvadın əmlakının ümumiliyi prezumpsiyasının əksinə olaraq nikah dövründə əldə olunmuş əşyanın ərin və ya arvadın şəxsi mülkiyyəti olması qənaətinə gəlinməsi baxımından əvəzsiz əqdlər üçün yazılı forma sübutetmə şərti olaraq qəbul edilməlidir. Əks yanaşma, yəni tərəflərin iradəsinin dəqiq, birmənalı, aydın şəkildə ifadə olunmasına imkan verən əyani sübutların (yazılı müqavilə və s.) olmaması halında əmlakın ər-arvadın hər birinin ayrıca mülkiyyəti kimi qiymətləndirilməsi Ailə Məcəlləsi ilə müəyyən edilən ər-arvadın əmlakının qanuni rejiminin mahiyyəti və məqsədinə uyğun gəlməməklə yanaşı, ərin və ya arvadın öz hüquqlarından sui-istifadəsinə əhəmiyyətli şərait yaradaraq digər tərəfin Konstitusiya ilə təminat verilən mülkiyyət hüququnun pozulması ilə nəticələnə bilər. Cavabdeh fərdi yaşayış evinin tikilməsi məqsədi ilə X9 hissə-hissə olmaqla 40000 manata yaxın pul verməsi barədə dəlilini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Belə ki, cavabdeh öz maaşından, anasının ona verdiyi pensiya pullarından, götürdüyü kreditdən, bacılarının ona göndərdiyi pullardan, özünün satdığı qızılların pullarından və s.dən 40000 manat məbləğində pul vəsaitini toplayaraq bütövlükdə və ya hissə-hissə olmaqla, X26ə verməsi və həmin vəsaitin məhz mübahisəli tikilinin inşa edilməsinə xərclənməsi, bununla yanaşı, birinci instansiya məhkəməsində cavabdehin təşəbbüsü ilə şahid qismində dindirilmiş X2 izahatında göstərilən hallar barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Kollegiya Cavabdeh apellyasiya şikayətinin dəlillərinin əsassız olması üzrə əlavə olaraq, nəzərə çatdırır ki, işdə olan Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 01 mart 2018-ci il tarixli qərarda Cavabdeh izahatında göstərmişdir ki, o, uşaqları ilə kirayə yaşadığı evdən çıxıb başqa ev axtararkən Maisin qardaşı Azər ona kirayə ev tapmaqda köməklik göstərmiş və axırda Azərlə birlikdə gedib baxdığı Lənkəran şəhəri Şəhidlər Xiyabanı bina 46-dakı 14 saylı mənzilə kirayə qalmaq üçün köçüb yaşamışdır. Həmin mənzilə 2017-ci ilin təxminən sentyabr ayında köçmüşdü və bundan sonra da Mais özü teztez həmin mənzilə gəlmiş, hətta həftədə bir neçə dəfə gəldiyi zaman gecələri də onunla birlikdə qalmışdır. Bundan başqa, Azər də tez-tez gəlib ona baş çəkib, nəyə ehtiyacı olardısa, köməklik edərdi, yemək də yeyərdi, Azər özünün azyaşlı oğlunu da hərdən onlara gətiribaparırdı. Həqiqətən də Mais sağlığında təxminən 3-4 il əvvəl onun üçün Lənkəran rayon Şiləvar kəndində 3 sot torpaq sahəsi alıb orada ona 2 mərtəbəli fərdi ev tikirdi. Həmin torpağı da ona aldığı üçün elə onun adına da sənədləşdirmişdir. Həmin torpağı Mais sırf öz istəyi ilə alıb, evi də öz istəyi ilə onun üçün tikirdi, o, Maisi belə bir şey üçün məcbur etməmişdir. Maisin ölümündən bir müddət sonra atası ona müraciət edib həmin torpağı satmaq istədiyini demiş, lakin o, Maisin ölümündən pis olduğu üçün atasına başqa bir söz deməyi və etiraz bildirməyi bacarmamış, lakin buna razı olmadığı üçün atasının sözündən sonra o, həmin həyətin küçə qapısının açarını özü dəyişmişdir ki, heç kim ora girə bilməsin (səh. 53-54). Bundan başqa, Cavabdeh 01 sentyabr 2022-ci tarixdə birinci instansiya məhkəməsində izahat verərkən bildirmişdir ki, Mais Quliyevi 2014-cü ildən bəri tanıyır və onunla 3 il birlikdə işləmiş, həmin iş yerində 300 manat əməkhaqqı alırdı. Həmin dövrdə uşaqları üçün aliment tələbi ilə də bağlı məhkəməyə müraciət etməmiş, ümumiyyətlə uşaqlar üçün aliment almamış, həmin dövrdə kirayədə qalmış və kirayə üçün ayda 150 manat məbləğdə pul ödəmişdir. Mübahisəli evi tikdirmək üçün öz maaşı, anasının pensiyası, onun qızılları, kreditə götürdüyü pul, həmçinin bacılarının ona göndərdiyi pulla hissə-hissə olmaqla Maisə 40000 manat məbləğdə pul vermişdir. Maislə aralarında heç bir tapşırıq müqaviləsi olmamışdır. Mübahisəli evi tikdirərkən Maisin sağlığında və o, vəfat edəndən sonra da nəzarət etmək məqsədilə adətən mərhum Mayis Quliyevlə ustalar axşamçağı işlərini bitirib getdikdən sonra həmin evə gedirdi. Evin tikildiyi torpağı da Maisdən 3000 manata almışdır. Mübahisəli evin tikilməsi üçün çəkdiyi xərclərlə bağlı hər hansı müqavilənin bağlanmasına ehtiyac görməmişdir. 2013-cü ildə Lənkəran Rayon Məhkəməsinə verdiyi iddia ərizəsində maddi imkanın olmaması məsələsi ilə bağlı da bildirmişdir ki, iddia ərizəsində ümumi şablon sözlərdən istifadə etmişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 01 mart 2018-ci il tarixli qərarın qəbul olunmasınadək Lənkəran rayon prokurorluğunda ifadə verərkən evin tikintisi üçün çəkdiyi xərcləri prokurorluq işçiləri soruşmadıqları üçün bildirməmişdir (səh.104-113). Bütün bunlarla yanaşı, İddiaçı hazırkı iddianı verməyə subyektiv hüququnun olmaması və digər dəlilləri də əsassızdır. Cavabdehin apellyasiya şikayətinin adıçəkilən dəlilinin də heç bir hüquqi əsasının olmaması işin faktiki halları və ona tətbiq edilməli olan qanunvericiliyin qüvvədə olan imperativ tələbləri ilə mütləq qaydada təsdiqlənir. Kollegiya eyni zamanda, qeyd etməyi zəruri hesab edir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə qabaqcadan bilməsinə imkan verməlidir. Bu prinsip azadlıq və toxunulmazlıq hüququnun məhdudlaşdırılması şərtlərinin milli qanunvericilikdə aydın və dəqiq təsbitini, hüquq tətbiq etmə praktikasının qanunun eyni cür və dürüst təfsirinə əsaslanmasını, müxtəlif məhkəmə qərarlarında hüququn tətbiqi məsələlərində ardıcıllığın gözlənilməsini, yəni qanunun tətbiqi təcrübəsinin şəxslər üçün gözlənilən olmasını nəzərdə tutur. Göründüyü kimi, məhkəmələr hüquqi müəyyənlik prinsipinin yüksək səviyyədə gözlənilməsi və eyni zamanda məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından hüququn tətbiqində tərəflərin mövqeyindən və hüquqi əsaslandırmasından asılı deyildir. Hətta mülki prosessual qanunvericilikdə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi müvafiq məhkəmə aktlarının (qətnamə və qərardadın) ləğv edilməsi üçün əsas kimi nəzərdə tutulmuşdur. Beləliklə, yuxarıdakı bütün qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(049)-123/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrinin rəhbər tutaraq QƏTETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(049)-123/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar