Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1446/2025 14.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), X3 və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi, tərəflərin iştirakı ilə, Masallı Rayon Məhkəməsinin 07 avqust 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Cavabdeh ilə İddiaçı faktiki nikahından bir uşaq- 22 mart 2023-cü il təvəllüdlü X6 doğulmuşdur. Atanın ərizəsi əsasında atalıq tanınmışdır, Cavabdeh 22 mart 2023-cü ildə İddiaçı doğulmuş X4 atası hesab edilmiş, bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 04 aprel 2023-cü il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində 61 nömrə ilə qeyd aparılmışdır. Hazırki tələbində İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, faktiki nikahdan olan 22 mart 2023-cü il təvəllüdlü X1 üçün cavabdehdən hər ay 246 (iki yüz qırx altı) manat aliment pulunun, eləcə də uşaq üç yaşına çatanadək 150 (bir yüz əlli) manat aliment pulunun alınıb ona verilməsi və mediasiya təşkilatına ödədiyi 60 manat xərcin də ona ödənilməsini xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciə edərək cavabdehdən uşağın saxlanılması üçün hər ay 246 (iki yüz qırx altı) manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 2021-ci il tarixdən faktiki ailə həyatı qurmuşdur. Cavabdehlə faktiki nikahdan bir uşaq- 22 mart 2023-cü il təvəllüdlü X6 doğulmuşdur. Masallı rayon Qeydiyyat şöbəsində 04 aprel 2023-cü il tarixdə 61 nömrə ilə qeydə alınaraq “atalığın müəyyən edilməsi haqqında” şəhadətnamə verilmişdir. Cavabdehlə rəsmi nikahı olmadığından onun ailəsi tərəfindən narazılıqlar olmuşdur. 2025-ci ilin aprel ayından faktiki olaraq ayrı yaşayırlar. Cavabdeh ona heç bir maddi dəstək göstərmədiyindən övladı saxlamaqda çətinliklər çəkir. 06 iyun 2025-ci il tarixdə Masallı 1 saylı Mediasiya Təşkilatına aliment tələbi ilə bağlı müraciət etmişdir. 23 iyun 2025-ci il tarixdə onların ilkin mediasiya sessiyası prosesi keçirilmişdir. Lakin, cavabdeh aliment verməkdən boyun qaçırdığından mediasiya prosesinə gəlməməklə yanaşı, aliment verməkdən imtina etmişdir. Birgə nikahdan olan 22 mart 2023-cü il təvəllüdlü X6 azyaşlı olduğundan işləyə bilmir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, böyrəyindən əməliyyat olunmuş və bir böyrəyi çıxarılmışdır. Bir böyrəklə yaşayır və böyrəyindən müalicə alır. Həkim işləməsinə icazə vermədiyi üçün işləmir və maddi cəhətdən ailəsi ona köməklik edir. Lakin uşağın saxlanması üçün 150 manat aliment ödəyə bilər. Ona görə iddianın qismən təmin edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin (hakim E.Hüseynov) 07 avqust 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 02 iyul 2025-ci il tarixdən başlayaraq Cavabdeh 22 mart 2023cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində alimentin tutulması, iddia tələbinin digər hissədə təmin edilməməsi, Cavabdeh ödənilmiş mediasiya xərcinin əvəzi kimi 60 (altmış) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilməsini və iddia tələbinin tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını düzgün müəyyən etməmişdir. Şikayətə görə, məhkəmə onun Cavabdeh qarşı olan aliment tələbi ilə bağlı tam və hərtərəfli araşdırma aparmamışdır. Sübutları hərtərəfli təhlil etməmiş və cavabdehin fikrini əsas götürərək işi birtərəfli qaydada aparmış və əsassız bir qərarın qəbul olunmasına nail olmuşdur. Məhkəmə onun xx.xx.2023-cü ildə anadan olmuş X4 3 yaşınadək 150 manat aliment pulunun alınıb ona verilməsi ilə bağlı tələbini təmin etməsə də, bununla bağlı qətnaməsində heç bir araşdırma aparmamışdır. İzahatlar Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmiş və izahatında bildirmişdir ki, cavabdeh birinci instansiya məhkəməsində söz verdi ki, alimenti vaxtlıvaxtında hər ay ödəyəcək, lakin sözünü tutmadı və onu aldatdı. Bu səbəbdən də apellyasiya şikayəti vermiş və hazırda alimentin artırılmasını tələb edir. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və izahatında bildirmişdir ki, xəstədir, bir böyrəyi yoxdur. Hazırda işləmir və atasının himayəsində qalır. Alimentin ödənilməsinə etirazı yoxdur. İmkan qədər az artırılmasını xahiş edir. Əsaslandırma Məhkəmə Kollegiyası, tərəflərin izahatlarını və məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İddiaçı apellyasiya şikayətində tələbinin tam təmin edilməsini xahiş etmişdir. İddia tələbi ilə bağlı, Kollegiya aşağıdakıları bildirir. İşin hallarından görünür ki, Cavabdeh ilə İddiaçı faktiki nikahda olmuşlar. Faktiki nikahdan bir uşaq- 22 mart 2023-cü il təvəllüdlü X6 doğulmuşdur. Hazırki tələbində iddiaçı faktiki nikahdan olan 22 mart 2023-cü il təvəllüdlü uşağının saxlanılması üçün cavabdehdən hər ay 246 manat aliment pulunun, eləcə də uşaq üç yaşınadək özü üçün 150 manat aliment alınıb ona verilməsi xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən, alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8- 2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndinə görə Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun adı çəkilən 28 mart 2016-cı il Qərarında qeyd edilir ki, sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir (MPM-in 77.3 maddəsi). Qanunun tələbinə görə, sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Aliment təyin edilərkən ilk növbədə aliment ödəyən şəxsin maddi imkanları və gəlirləri, uşaqların əvvəlki təminat səviyyəsi, yaşayış şəraiti, aliment ödəyəcək şəxsin digər ailə ehtiyacları, valideynlərin hər ikisinin sağlamlıq durumu, əmək qabiliyyəti kimi hallar nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi indeksasiya tətbiq edilməklə sabit pul məbləğində alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almışdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Birinci instansiya məhkəməsində cavabdehin aylıq qazancı və digər gəlirləri barədə məlumat olmamışdır. Tərəflər bu barədə hər hansı sübut təqdim etməmişlər. Bununla yanaşı, Kollegiya tərəflərin izahatlarını dinləyib sübutlara qiymət verərək hesab edir ki, qətnamə təyin edilmiş alimentin miqdarına dair hissədə dəyişdirilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən alimentin miqdarı dəyişdirilərək uşaq yetkinlik yaşına çatana qədər onun saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə təyin edilmiş alimentin, sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşağa münasibətdə 0.50 misli miqdarında müəyyən edilməlidir. İddiaçı apellyasiya şikayətində uşaq üç yaşınadək özü üçün 150 manat alimentin alınıb ona verilməsinə dair tələbinə də münasibət bildirilməsini xahiş etmişdir. Kollegiya hesab edir ki, bu hissədə apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Əvvəla, iddiaçı birinci instansiya məhkəməsinə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciə edərək ərizəsində cavabdehdən uşağın saxlanılması üçün hər ay 246 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, bununla da mahiyyətcə digər hissədə iddia tələbini müdafiə etmədiyini bildirmişdir. Ona görə məhkəmə yalnız uşaq üçün aliment təlbinə baxmışdır. Digər tərəfdən, Qanunun tələbinə görə ər-arvadın bir-birini saxlamaq öhdəliyi vardır. Bu baxımdan bu hissədə iddianın qanuni əsası yoxdur. Beləliklə, Kollegiya belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi müəyyən edilmiş alimentin miqdarına dair hissədə dəyişdirilməli, 22 mart 2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi onun saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə, sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşağa münasibətdə 0.50 misli miqdarında aliment müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Mübahisələndirilən hissədə iddianın qiyməti (ödəmənin bir illik məcmusu) Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.3, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 07 avqust 2025-ci il tarixli, 2(050)-2472/2025 saylı qətnaməsi uşağın saxlanılması üçün cavabdehdən tutulmalı olan, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində alimentin tutulmasına dair hissədə dəyişdirilsin. 02 iyul 2025-ci ildən başlayaraq Cavabdeh, 22 mart 2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi onun saxlanması üçün İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1446/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1446/2025
14.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver