Məhkəmə qərarları › İş №2(106)-1460/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1460/2024

06.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1460/2024 06.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X6 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı təyin edilmiş aliment məbləğinin artırılması tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(032)-548/2024 saylı qətnaməsindən (hakim Ceyhun Mustafayev) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan Şəhər Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(032)-1378/2022 saylı qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 90 manat, cəmi 180 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi hissəsində dəyişdirilərək artırılması, Cavabdeh hər ay uşağa görə 235 manat, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(032)-548/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Şirvan Şəhər Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(032)-1378/2022 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmış, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 130 (yüz otuz) manat olmaqla, ümumilikdə 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin tutulması, Cavabdeh 30 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Kollegiya hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-nin 361.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilməlidir. İş materiallarından görünür ki, Şirvan Şəhər Məhkəməsinin 24 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə müəyyən edilmiş miqdarda dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. (Dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz əlavə edilsə də, həmin qəbzdən görünür ki, 11 manat ödəniş edilmişdir, halbuki 27 manat ödəniş edilməli idi.) «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad edilir. Qanunun tələbinə görə, aliment tələbinə dair işlər üzrə cavabdehlər dövlət rüsmunu ödəməkdən azad edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. İşin hallarından görünür ki, apellyasiya şikayətinə dövlət rüsumunun müəyyən olunmuş miqdarda ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyi halda birinci instansiya məhkəməsi işi apellyasiya baxışına göndərmişdir. Bu halda isə işə apellyasiya qaydasında baxılmaq üçün əsas yoxdur. Ona görə apellyasiya qeyri-mümkün hesab edilməli, şikayətin geri qaytarılması üçün mülki iş Şirvan Şəhər Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 363, 366, 400, 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qəraraaldı: Şirvan Şəhər Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(032)-548/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Şirvan Şəhər Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qərardad “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar