Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1479/2025 11.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət məhkəmə tərkibində, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “inzibati cərimə qərarlarının ləğv edilməsi” tələbinə dair iş üzrə Salyan rayon Məhkəməsinin 13 avqust 2025-ci il tarixli, e-2(057)-2611/2025 saylı (hakim Rüstəm Alıyev) qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “inzibati cərimə qərarlarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-2021-ci illərdə barəsində tərtib olunmuş inzibati cərimə qərarlarının ləğv edilməsini xahiş etmişdir. Salyan rayon Məhkəməsinin 13 avqust 2025-ci il tarixli, e-2(057)-2611/2025 saylı qərardadı ilə iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “inzibati cərimə qərarlarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilməsi və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılması qərara alınmışdır. Qərardaddan İddiaçı şikayət vermişdir. Salyan rayon Məhkəməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli, verilmiş şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə əsasən baxılması üçün iş Salyan Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinə əsasən: 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kassasiya instansiyası məhkəməsinə göndərilir. İş materiallarından müəyyən edilir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılması barədə qərardaddan verilmiş şikayətə Azərbaycan Respublikası MPMnin 269-cu maddəsinin tələblərinə uyğun olaraq baxmalı olduğu halda şikayətə qanunvericiliyinə tələbinə uyğun olaraq baxmamış və işi birbaşa apellyasiya instansiyası məhkəməsinə göndərmiş və bununlada birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, məhkəmə tərəfindən qəbul edilmiş qərardaddan şikayət verildiyi təqdirdə, hakim çıxarmış olduğu qərardada baxaraq həmin qərardadı qüvvəsində saxlaya, dəyişdirə və ya ləğv edə bilərdi. Lakin məhkəmə öz qərardadının qanuniliyini yoxlamamış və şikayətə hüquqi qiymət vermədən işi Apellyasiya məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Salyan rayon Məhkəməsinin 13 avqust 2025-ci il tarixli, e-2(057)-2611/2025 saylı qərardadından verilmiş şikayətə hazırkı halda apellyasiya qaydasında baxılması üçün əsas yoxdur. Kollegiyanın qənaətinə görə, şikayətə Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinin tələbləri qaydasında baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. MPM-nin 384.0.6-cı maddəsinə görə apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. MPM-nin 402.2.5-ci və 402.3-cü maddələrinə görə bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi qanunvericiliyin mənasına görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 269cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçı X1 şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “inzibati cərimə qərarlarının ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Salyan rayon Məhkəməsinin 13 avqust 2025-ci il tarixli, e-2(057)-2611/2025 saylı qərardadından iddiaçı X2 tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə əsasən baxılması üçün iş Salyan Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1479/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1479/2025
11.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver