Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1499/2025 16.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “uşaq tələbi və alimentin ləğv edilməsi” tələbinə dair ilkin iddiasına, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı qarşı “alimentin artırılması” tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: ilk iddia: nikahın qeydinin pozulması və birgə nikahdan doğulmuş uşaqlardan birinin tələb edilməsi, qarşılıqlı iddia: alimentin artırılması. Şirvan şəhəri, 16 oktyabr 2025-ci il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X15 (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (bundan sonra - iddiaçı) iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşaq tələbi və alimentin ləğv edilməsi” tələbinə dair ilkin iddiasına, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı qarşı “alimentin artırılması” tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 2(036)-122/2025 saylı qətnaməsindən (hakim Orxan Mahmud) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “uşaq tələbi və alimentin ləğv edilməsi” tələbinə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü oğlu X7 Cavabdeh alınıb onun himayəsinə verilməsi və həmin uşağa münasibətdə aliment ödəməkdən azad olunmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, 2009-cu ildə Cavabdeh ilə rəsmi nikah münasibətinə daxil olub evlənmişdir. Onların birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X12 və xx.xx.2015-ci il təvəllüdlü X10 adlı iki uşaqları anadan olmuşdur. Cavabdehlə xasiyyətləri düz gəlmədiyindən və aralarında tez-tez narazılıqlar olduğundan 2015-ci ildə aralarında olan nikah ləğv edilsə də faktiki olaraq 2018-ci ilin fevral ayına qədər bir yerdə yaşamış və 2018-ci il fevral ayında cavabdeh birdəfəlik olaraq ayrılmışdır. Bundan sonra o, uşaq tələbi ilə bağlı İmişli Rayon Məhkəməsinə ərizə vermiş və məhkəmənin 27 sentyabr 2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X12 onun yanında və xx.xx.2015-ci il təvəllüdlü X10 cavadehin yanında saxlanılmışdır. Cavabdeh qeyd olunan qətnmədən apellyasiya şikayəti vermiş və apellyasiya məhkəməsinin 04 aprel 2019-cu il tarixli qətnaməsinə əsasən İmişli Rayon Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qətnaməsini ləğv edərək hər iki uşağın cavadehin himayəsinə verilməsi qət edilmişdir. Bundan sonra İmişli Rayon İcra Şöbəsinin əməkdaşları dəfələrlə Şirvan Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsini icra etmək istəsə də oğlu X12 cavabdehə getmək istəmədiyini və onunla qalacağını bildirmişdir. Lakin sonradan Saatlı Rayon İcra və Probasiya Şöbəsi qeyri qanuni olaraq məcburi qaydada uşağı ondan alaraq cavabdehə vermişdir. Keçən müddət ərzində cavabdehin oğluna qayğı göstərmədiyi, onu incitdiyi, onun təhsili və səhhəti ilə maraqlanmağı ona məlum olmuşdur. Belə ki, oğlu baxımsızlıq ucbatından əqlizehni inkişafdan geri qalmış, onun müalicəyə ehtiyacı vardır. O, dəfələrlə cavabdehə ya uşağı özünün müalicə etdirməyi ya da özünün aparıb müalicə etdirməyi demişdir, lakin cavabdeh nə özü uşağı müalicə etdirməyi, nə də müalicə etdirməyə imkan verməmişdir. Oğlu dəfələrlə ona anasıgildə vəziyyətin yaxşı olmadığını və onun yanında qalmaq istədiyini bildirmişdir. Uşaqlarını normal saxlayıb tərbiyə etmək üçün hər cür imkanı, şəraiti vardır. Cavabdeh İddiaçı qarşı “alimentin artırılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, iddiaçıdan Cavabdeh xeyrinə İmişli Rayon Məhkəməsinin 2(036)- 1497/2021 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci ildə təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün umumilikdə 280 manat aliment məbləğlərinin artırılaraq 470 manat olması və övladı xx.xx.2012-ci il təvəllüdlü X7 müalicəsi üçün 100 manat pul məbləğinin İddiaçı tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd etmişdir ki, İddiaçı İmişli Rayon Məhkəməsində ona qarşı “Alimentin azaldılması” barədə iddia qaldırmışdır. Həmin iş icraatdadır. xx.xx.2024-cü il tarixində görüşləri keçriləcəkdir. Qeyd edir ki, İmişli Rayon Məhkəməsinin 2(036)1497/2021-ci il tarixli qətnaməsinə əsasən övladları xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün bir uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla iki uşaq üçün cəmi 280 (iki yüz səksən) manat aliment məbləğinin İddiaçı tutularaq onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilmişdir. İddiaçı iki uşaq üçün qeyd edilən 280 (iki yüz səksən) manat aliment məbləğinin azaldılması barədə iddiası ilə razı deyildir. Hal-hazırda uşaqlar böyümüşdür və 280 (iki yüz səksən) manat aliment məbləği övladlarının tələbatlarını ödəmir. Həmçinin bildirir ki, övladı xx.xx.2012-ci il təvəllüdlü X12 autizum xəstəsidir. Övladlarının tələbatlarını təhsil xərclərini və müalicəsini ödəmək tənha xanım olaraq ona çətindir. Bu səbəbdən də aliment məbləğini azaltmayaraq və İmişli Rayon Məhkəməsinin 2(036)1497/2021-ci il tarixli qətnaməsində qeyd edilən 280 (iki yüz səksən) manat aliment məbləğinin artırılaraq bir uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla iki uşaq üçün cəmi 470 (dörd yüz yetmiş) manat olmasını və övladı xx.xx.2012-ci il təvəllüdlü X7 müalicəsi üçün 100 (bir yüz) manat pul məbləğinin İddiaçı alınaraq onun xeyrinə ödənilməsinin nəzərə alınmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın təmin, qarşılıqlı iddia ərizəsinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə edərək, qarşlılıqlı iddia ərizəsinin təmin edilməsini, ilkin iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş xx.xx.2012-ci il təvəllüdlü X12 izahatında anası ilə birlikdə yaşadığını, atası ilə qalmaq istəmədiyini və bundan sonra da anası ilə də birlikdə qalmaq istədiyini bildirmişdir. İmişli Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 2(036)-122/2025 saylı qətnaməsi ilə İlkin iddia təmin edilməmiş, Qarşılıqlı iddia qismən təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 2(036)-1497/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2015- ci ildə təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay İddiaçı X3 xeyrinə tutulan 140 (yüz qırx) manat məbləğində alimentin miqdarı artırılaraq, xx.xx.2024-cü il tarixdən etibarən sabit pul məbləğində - sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,49 misli miqdarında aliment müəyyən edilməsi, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci ildə təvəllüdlü X5 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün hər ay İddiaçı sonrakı artımlar nəzərə alınmaqla, xx.xx.2024-cü il tarixdən hər uşaq üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,49 misli miqdarında pul vəsaiti cavabdeh X4 ödənilməsi və Qarşılıqlı iddia qalan hissədə təmin edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, İmişli rayon məhkəməsinin 2(036)- 122/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməklə, ilkin iddia tələbimin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim tərəfindən alimentin məbləği indeksasiya edilərkən onun gəlirlərinin olub-olmaması nəzərə alınmamışdır. Hakim tərəfindən onun gəlirlərinin olub-olmaması ailə vəziyyəti, ikinci nikahda olduğu, həyat yoldaşının onkoloji xəstəliyini, həmin nikahdan digər uşağının olması nəzərə alınmamışdır. Məhkəmə ilkin iddia tələbini rədd etməsi, qarşılıqlı iddianı təmin etməsi qətnamənin nəticə hissəsində göstərilən nəticələr işin hallarına, və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələblərinə qəti uyğun gəlmir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh X6 nümayəndəsi (vəkili) Apellyasiya şikayətinə qarşı etirazla müraciət edərək, göstərmişdir ki, məhkəmə araşdırması zamanı həm ilkin iddia tələbi, həm də cavabdehin qarşılıqlı iddia tələbi tam, hərtərəfli və obyektiv olaraq araşdırılmış, ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi barədə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Ona görə də İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-122/2025 nömrəli qətnaməsini qüvvədə saxlanılması barədə qərar qəbul etməyinizi xahiş etmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçı vermiş olduğu apellyasiya şikayətini müdafiə etmiş, onun dəlillərinə uyğun izahat vermiş və şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, apellyasiya şikayətinin əsas dəlilləri həm İsmayılın anadan alınaraq ona verilməsi, həm də alimentin məbləği barədədir. Həmçinin göstərmişdir ki, ikinci dəfə nikaha girmiş 5 yaşında uşağı vardır. Uşağı hazırda hazırlığa gedir, ayda ona 50 manat pul ödəyir. Həyat yoldaşı onkoloji xəstədir. Məhkəmə alimentin məbləğini müəyyən edərkən bunları nəzərə almamışdır. Qeyd etmişdir ki, heç bir yerdə işləmir, ata-anası ona köməklik edir. 2.7 ha torpaq sahələri var. Bildirmişdir ki, uşağı İsmayılda olan dəri xəstəliyi anadangəlmədir. Birgə yaşadıqları dövrdə müalicə etdirsələrdə xəstəliyi tam keçməmişdir. Həmin xəstəlik daima müalicə olunmalıdır. Cavabdeh X11 və onun nümayəndəsi (vəkili) kollegiyanın iclasında iştirak etməmişlər. Lakin onlar məhkəməyə etiraz ərizəsi göndərərək İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-122/2025 nömrəli qətnaməsini qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda İddiaçı verdiyi apellyasiya şikayətində İmişli rayon məhkəməsinin 2(036)-122/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməklə, ilkin iddia tələbimin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına catmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Həmin Məcəllənin 22.2.1-22.2.2-ci maddələrində nəzərdə tutulur ki, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyindən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Qanunun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən isə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Qanunun 19-cu maddəsində isə müəyyən edilmişdir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasını, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Qanunun 11-ci maddəsinə görə hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvesiyasının 8-ci maddəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demoktratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir. "Elşolts Almaniyaya qarşı" işi üzrə Avropa İnsan hüquqları Məhkəməsinin 13 iyul 2000-ci il tarixli qərarında qeyd edilir ki, Konvesiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideyinlərin arasında ədalətli tarazlığa riayət etsinlər, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideyinlərin maraqlarından üstün tutula bilər. Xüsusən 8-ci maddəyə əsasən valideyin uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Ailə Məcəllənin 29.2-ci maddəsinə əsasən analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 63.1-ci maddəsinə əsasən valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər. Həmin Məcəllənin 63.2-ci maddəsinə əsasən belə tələblərə baxdıqda məhkəmə uşağın valideynlərə verilməsinin uşağın marağına zidd olduğunu müəyyən edərsə, uşağın arzusuna əsasən valideynlərin iddiasını rədd edə bilər. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 saylı qərarının 7.1-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Həmin Plenum qərarına əsasən valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması, uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. Ailə Məcəlləsinin; 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il tarixli Qərarı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi uşağın cavabdehdən tələb edilməsi və alimentin azaldılması hissədə düzgün nəticəyə gəlsə də qarşılıqlı iddia üzrə alimentin məbləğinin müəyyən edilməsi hissədə iddiaçının ikinci nikahdan da 1 azyaşlı uşağının olmasını və arvadının onkoloji xəstə olmasını nəzərə almamışdır. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən aliment məbləği azaldılmalıdır. Müəyyən edilir ki, tərəflər xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar və onların birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X12 və xx.xx.2015-ci il təvəllüdlü X10 doğulmuşdur. Tərəflərin nikahı İmişli Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(036)-288/2016 saylı qətnaməsi ilə pozulmuşdur. İmişli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(036)-1827/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X12 İddiaçı yanında saxlanılmış və Cavabdeh alınıb ona verilmiş, iddia qalan hissədə təmin olunmamış, birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X10 Cavabdeh yanında saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(106)- 903/2019 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 2(036)-1827/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı “uşaq tələbinə” dair iddiası rədd edilmiş, xx.xx.2012-ci il təvəllüdlü X12 İddiaçı alınaraq anası Cavabdeh verilmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(036)-1497/2021 saylı qətnaməsi ilə İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X12 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(106)- 3226/2021 saylı qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellasiya şikayəti təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(036)-1497/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. X2 və X10 anası ilə birlikdə yaşayır. Birinci instansiya məhkəməsinin araşdırması zamanı isə müəyyən edilmişdir ki, yetkinlik yaşına çatmayan uşaqlardan X12 və X10 anası birlikdə yaşayırlar. Məhkəmə hesab etmişdir ki, mübahisənin qanuni və ədalətli həll edilməsi baxımından ilk növbədə, yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafelərinin daha üstün olmasını və yetkinlik yaşına çatmayan uşaqların fikri, istəyi və uşaqların birbirinə bağlılığı nəzərə alınmaqla, tərəflərin maddi və həyat şəraiti, uşaqların hansı valideynə daha çox bağlı olması, valideynlərin uşaqlarla münasibətləri, uşaqların təhsili, mənzil şəraiti ilə bağlı olan hallar araşdırılmalıdır. X7 10 yaşına çatdığından onun fikri məhkəmə iclasında dinlənilmiş, o, bildirmişdirlər ki, hal-hazırda anasının yanında qalır və orada məktəbə gedir. Anasının himayəsində qalmaq istəyir. Həmçinin, X1 və Himayəçilik Komissiyasına yazdığı ərizəsində də, anasının yanında qalmaq istədiyini bildirmişdir. Bundan başqa, İmişli rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyinə əsasən, Komissiya tərəfindən iddiaçı və cavabdehin maddi və yaşayış şəraiti öyrənilmişdir. Araşdırmanın yekunu olaraq Qəyyumluq və Himayəçilik Komissiyası belə qənaətə gəlmişdir ki, X12 anası X6 himayəsində saxlanılması onun mənafeyinə uyğundur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının xx.xx.2025- ci il tarixli, 11/131 saylı rəyində belə qərara gəlinmişdir ki, xx.xx.2012-ci il tarixdə anadan olmuş X7 hazırda anası Cavabdeh və atası İddiaçı bağlılığı müəyyən olunmaqla, anası Cavabdeh bağlılığı daha çoxdur. xx.xx.2012-ci il tarixdə anadan olmuş X7 hazırda psixoloji durumu qənaətbəxş deyildir. Ailədaxili qarşılıqlı münasibətlərdə yaşanmış gərginlik X7 emosionaliradi sferasına neqativ təsir göstərməklə, atası İddiaçı olan münasibətinə sirayət etmişdir. X12 əqli və psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini müstəqil olaraq formalaşdırmaq və sərbəst qərar qəbul etmək qabiliyyətinə malik olmamaqla, onun psixikasında və davranışlarında hansı valideynin himayəsində yaşamasını seçməsi ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. Boşanmadan sonra uşağın hansı valideyninin himayəsinə verilməsinin məqsədəuyğun olmasının müəyyən olunması və həmin halın gələcəkdə uşağın psixi vəziyyətinə necə təsir göstərəcəyinin proqnozlaşdırılması məhkəmə-psixoloji ekspertizasının səlahiyyətlərinə aid deyildir. Birinci instansiya məhkəməsinin araşdırması müəyyən olunmuşdur ki, X7 fikri məhkəmədə dinlənilirkən anasının yanında saxlanmasını israrlı və qəti olaraq bildirmiş, həm məhkəmə iclasında dinlənilərkən söylədikləri, həm də Qəyyumluq və Himayəçilik oqanına müraciətindən görünür ki, o, anasına daha çox bağlıdır. Buna görə də onun anasının yanında saxlanmasına dair xahişi məhkəmə tərəfindən nəzərə alınmışdır. Yuxarıda qeyd edilənlər Psixoloji ekspertizanın rəyi ilə də öz təsdiqini tapmışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi ilk iddianı təmin etməmiş, qarşılıqlı iddianı isə qismən təmin etmişdir. Qətnamədən ilk iddiaçı narazı qalmış və apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin əsas dəlili alimentin məbləği indeksasiya edilərkən onun gəlirlərinin olub-olmaması, ailə vəziyyəti, ikinci nikahda olması, həyat yoldaşının onkoloji xəstə və həmin nikahdan 1 azyaşlı uşağının olmasının nəzərə alınmamasıdır. İddiaçı uşaq tələbi və həmin uşağa münasibətdə alimentdən azad olunma ilə bağlı şikayətinin dəlilləri olmasa da dəqiqləşmə zamanı uşağın anadan alınıb ona verilməsini tələb etmişdir. İddiaçının öz iddiası ilə bağlı şikayətinin dəlilləri olmasada şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, iddiaçının “uşaq tələbi və həmin uşağa münasibətdə alimentdən azad edilmə” ilə bağlı şikayəti əsassızdır. Belə ki, uşağın anadan alınaraq ataya verilməsi ilə bağlı hər hansı müstəsnalıq mövcud deyildir. İddiaçının bu hissədə yeganə arqumenti ananın uşağa baxmaması nəticəsində onda dəri xəstəliyinin yaranmasıdır. Lakin kollegiyanın iclası zamanı iddiaçı özü bildirmişdir ki, uşağı İsmayılda olan dəri xəstəliyi anadangəlmə olmuş, birgə nikahda olduqları zaman müalicə edilsə də xəstəliyi tam sağalmamışdır. Buna görə də həmin xəstəliyin daima nəzarət altında müalicə olunmasının vacibliyini vurğulamışdır. Bundan başqa qəyyumluq və psixoloji ekspertizanın rəyləri ilə də müəyyən olunur ki, uşaq ananın yanında qalmaq istəyir, anaya bağlılıqları vardır, həmçinin uşaqların valideyinlərinin hansının yanında qalmalarının seçilməsində kənar təsirlər müəyyən edilmir. Bütün qeyd edilənlər nöqteyi-nəzərdən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianı rədd edərkən haqlı olmuşdur. Həmçinin işdən görünür ki, qarşılıqlı iddia qismən təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 2(036)-1497/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2015- ci ildə təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay İddiaçı X6 xeyrinə tutulan 140 (yüz qırx) manat məbləğində alimentin miqdarı artırılaraq, xx.xx.2024-cü il tarixdən etibarən sabit pul məbləğində sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,49 misli miqdarında aliment müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi aliment məbləğini indeksasiya edilərkən iddiaçının gəlirlərinin olub-olmamasını, onun ailə vəziyyəti, ikinci nikaha girməsini, ikinci həyat yoldaşının onkoloji xəstə və həmin nikahdan 1 azyaşlı uşağının olmasını nəzərə almamışdır. Belə işdən müəyyən edilir ki, iddiaçı ikinci dəfə Rəqsanə adlı qadınla ailə qurmuş və həmin nikahdan İslam adında 5 yaşlı uşağı doğulmuşdur. Buna görə də kollegiya hesab edir ki, qətnamə ilə müəyyən edilən aliment məbləği qismən azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Kollegiya ilk iddiaya münasibətdə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən həmin hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddiaya münasibətdə ləğvi üçün əsaslar yoxdur. Lakin kollegiya hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 2(036)-122/2025 saylı qətnaməsi qarşılıqlı iddia ərizəsi üzrə alimentin müəyyən edilməsi hissəsində dəyişdirilərək - İddiaçı X6 xeyrinə tutulmalı olan aliment məbləği xx.xx.2024-cü il tarixdən etibarən heasblanmaqla - sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,45 misli miqdarında aliment müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 2(036)-122/2025 saylı qətnaməsi qarşılıqlı iddia ərizəsi üzrə alimentin müəyyən edilməsi hissəsində dəyişdirilərək - İddiaçı X6 xeyrinə tutulmalı olan aliment məbləği xx.xx.2024-cü il tarixdən etibarən heasblanmaqla - sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,45 misli miqdarında aliment müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1499/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1499/2025
16.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver