Məhkəmə qərarları › İş №2(106)-1507/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1507/2025

15.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1507/2025 15.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı, Cavabdeh və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 2(050)-1819/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları Doğum haqqında arayışlardan görünür ki, 24 iyul 2010-cu il təvəllüdlü X1 və 06 fevral 2012-ci il təvəllüdlü X2 atası İddiaçı, anası Cavabdehdır. Masallı Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2(050)-67/2025 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması, uşağın himayədə saxlanması və aliment tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında 13 sentyabr 2007-ci il tarixdə Masallı Rayon Səmidxan kənd ərazi nümayəndəliyində bağlanmış, 21 № ilə qeyd edilmiş nikahın pozulması, 24 iyul 2010-cu il təvəllüdlü X5 və 06 fevral 2012-ci il təvəllüdlü X2 atası İddiaçı yanında saxlanılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, tərəflərin adlarına rəsmi gəlir qeydə alınmamış və hazırda onların heç biri ilə bağlanmış əmək müqaviləsi mövcud deyil. Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı rayon İ Səmidxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 20 iyun 2025-ci il tarixli, 196 saylı arayışından görünür ki, Cavabdeh Masallı rayon Alışanlı kəndində valideyinləri ilə birgə yaşayır. Onun heç bir təsərrüfatı yoxdur və heç yerdə işləmir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh övladları xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 1000 manat, cəmi 2000 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Rəsmi nikahlarından iki övladları dünyaya gəlmişdir. Övladları xx.xx.2006-cı il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3r. Bir müddət mehriban yaşasalarda sonradan ailədaxili narazılıqlar səbəbindən ayrılmışlar. Nikahları məhkəmə qaydasında pozulmuş və iki yetkinlik yaşına çatmayan övladları onun himayəsində saxlanılmışdır. Nikahları pozularkən o, məhkəmə iclasında cavabdehdən aliment tələb etməmişdir. Lakin hazırda uşaqlarının maddi tələbatını qarşılaya bilmir. Qanuna əsasən uşaqları saxlamaq hər iki valideyinin borcudur. Cavabdeh fərdi əməklə məşğul olaraq yüksək gəlir əldə edir. Lakin uşaqlarına heç bir maddi köməklik etmir. Dəfələrlə cavabdehdən aliment pulu tələb etsə də heç bir nəticəsi olmamışdır. Özü hazırda işləyə bilmir və bu səbəbdən uşaqların maddi tələbatlarını qarşılamaqda çətinlik çəkir. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 2(050)-1819/2025 saylı qətnaməsi ilə (sədrlik edən Zeynal Zeynalov) iddia təmin edilməmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 560.1, 560.2, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3, 75.4, 76.1, 76.1.1, 76.1.2, 76.1.3, 78.1, 78.2, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 aylı Qərarının 8-ci bəndinə, Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 77.3, 78.1, 80, 88ci maddələrinə istinad etməklə əsaslandırmış, göstərmişdir ki, birgə nikah dövründə uşaqların maddi təminatı iddiaçı tərəfindən təmin edilmişdir. Eləcə də, təkcə uşaqların deyil, eyni zamanda onunla birgə yaşamış keçmiş arvadı olan cavabdehin də maddi təminatı iddiaçı tərəfindən təmin edilmişdir. Buda o deməkdir ki, ailənin bütün maddi təminatı iddiaçı tərəfindən təmin edilmişdir. Hazırda isə tərəflər ayrıldığından (2020-ci ildən) iddiaçının maddi durumunda bəlli bir səviyyədə yaxşılaşma olmuşdur. Burdanda belə bir nəticəyə gəlmək olar kı, hazırkı vəziyyətdə uşaqların əvvəlki təminat səviyyəsi maksimal səviyyədədir. Həmçinin tərəflər arasında olan rəsmi nikahları pozulan zaman İddiaçı cavabdehdən aliment tələb etmədiyini bildirmişdir. Həmin vaxtdan isə hazırkı vaxtadək qısa bir müddət keçmişdir və keçən müddət ərzində iddiaçının maddi durumunda pisliyə doğru dəyişiklik olmamışdır. Cavabdeh isə heç bir yerdə işləməyən, işləmək iqtidarında olmayan, heç bir yerdən gəliri olmayan, yaşlı, xəstə və aylıq aldıqları təqaüddən başqa gəliri olmayan valideynlərinin himayəsində yaşayan bir insandır (iş materiallarında olan sənədlərə əsasən). Bütün bunlar isə iddia təmin olunacağı təqdirdə gələcəkdə onun icrasını mümkünsüz edən amillərdir və tərəfələr arasında münaqişəyə və digər hallara səbəb olacaqdır. Valideynlər arasında baş verə biləcək hər hansı bir münaqişə isə uşaqların mənəvi və psixoloji durumuna mənfi təsir göstərən amildir. Göstərilənlərə əsasən və tərəflərin nikahlarının pozulmasından sonrakı münasibətlərini dəyərləndirərək məhkəmə qeyd edir ki, aliment tələbi ilə çıxış etmək iddiaçının hüququ olsa da, onun hazırkı tələbi hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Həmçinin məhkəmə tərəflər arasında aliment tələbinin davam edən hüquq münasibəti olmasını da nəzərə alır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş və apellyasiya şikayətində göstərmişdir ki, o məhkəmə heç bir araşdırma aparmadan ədalətsiz bir qətnamə qəbul etmişdir. İşin faktiki halı ondan ibarətdir ki, o, heç bir yerdə işləmir, fəhləlik edərək uşaqları saxlamağa çalışır. Uşaqları da saxlamaq hər iki valideyinin borcudur. Cavabdehlə birlikdə yaşayarkən evin keçiminə cavabdeh yardım edirdi. Həmin yardımdan o, məhrum olmuşdur. Uşaqlarımın əvvəlki həyat şəraiti pisləşmiş, məhkəmə isə qərəzli olaraq ədalətsiz qətnamə qəbul etmişdir. Məhkəmə heç bir sübuta istinad etmədən cavabdehdən alimenti tutmamışdır. İş üçün ən əhəmiyyətli hallardan biri guya məhkəmə tərəfindən onları maddi vəziyyətləri öyrənilmişdir. Məhkəmənin istinad etdiyi ancaq bundan ibarətdir. Lakin məhkəmə istinad etdiyi məqamları sübutlarla əsaslandıra bilməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, uşaqları saxlamağa maddi imkanı çatmır, onların tələbatlarını tək qarşılaya bilmir, halhazırda işləmir, odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Apellyasiya baxışında iştirak edən Cavabdeh, onun nümayəndəsi Nümayəndə oxşar izahat verərək bildirdi ki, cavabdeh işləmir, gəlir yeri yoxdur, başqa nikaha daxil olmamışdır, buna görə də, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə yoxlayır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır... Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.4-1-ci bəndində qeyd edilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını, birinci instansiya məhkəməsinin qətnaməsini, apellyasiya şikayətinin dəlillərini araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyətli hallar tam, hərtərəfli və obyektiv şəkildə araşdırmadan, mövcud sübutları düzgün qiymətləndirmədən və tətbiq ediləcək hüquq normalarını yanlış şərh etməklə qanuna uyğun olmayan qətnamə qəbul etmişdir. İş materiallarından müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah Masallı Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli qətnaməsi ilə pozulmuş, nikahdan olan yetkinlik yaşına çatmayan iki övlad – 24 iyul 2010-cu il təvəllüdlü X5 və 06 fevral 2012-ci il təvəllüdlü X6 atanın himayəsində saxlanılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər öz yetkinlik yaşına çatmayan uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1 və 76.1.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamaq vəzifəsini razılıq əsasında, razılıq olmadıqda isə məhkəmə qaydasında pul şəklində – aliment ödəməklə yerinə yetirirlər. Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinə əsasən, alimentin miqdarı uşaqların yaşayış səviyyəsi, hər iki valideynin maddi vəziyyəti, sağlamlıq durumu, uşaqların yaş və inkişaf ehtiyacları nəzərə alınmaqla müəyyən edilir. Həmçinin “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsində qeyd edilir ki, Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət ed BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə görə isə uşaqlarla bağlı bütün tədbirlərdə uşağın ən üstün maraqları əsas götürülməlidir. Kollegiya ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, bir uşağın saxlanması üçün tələb olunan sabit məbləğdə aliment ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edilir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarış və inzibati ərazi nümayəndəliyinin arayışlarından görünür ki, tərəflərin adlarına rəsmi gəlir qeydə alınmamış, əmək müqaviləsi mövcud deyil. Cavabdeh hazırda valideynləri ilə birgə yaşayır, təsərrüfatı və rəsmi gəliri yoxdur. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd edilən Plenum Qərarına əsasən, valideynin rəsmi gəlirinin olmaması onu aliment öhdəliyindən azad etmir. Valideyn əmək qabiliyyətli olduğu halda, uşaqlarını saxlamaq borcunu daşıyır və bu borc yalnız uşağın maddi rifahını deyil, həm də onun sosial və mənəvi inkişafını təmin etməyə yönəlib. Uşaqların saxlanılmasını yalnız bir valideynin üzərinə qoymaq onların hüquqlarının pozulması deməkdir. Həmçinin alimentin müəyyən edilməsi uşaqların əvvəlki həyat səviyyəsini mümkün qədər qorumaq məqsədi daşıyır. Birinci instansiya məhkəməsi bu prinsipi nəzərə almadan qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh faktiki gəliri rəsmi qeyd edilməsə də, əmək qabiliyyətli şəxsdir və ən azı minimal əməkhaqqı səviyyəsində gəlir əldə etməsi mümkündür. Belə şəraitdə cavabdehdən aliment tutulması uşaqların maraqlarına və ailə hüququ prinsiplərinə tam uyğundur. Birinci instansiya məhkəməsi həmçinin iddiaçının aliment tələbini “hüquqdan sui-istifadə” kimi qiymətləndirilmişdir. Lakin Məhkəmə kollegiyası belə hesab edir ki, bu nəticə qanunun ratio legis- (məqsədinə) uyğun deyil. Belə ki, haızrki işdə birinci instansiya məhkəməsi tərəfindən aliment tələbinin mahiyyəti, hüquqi xarakteri və məqsədi düzgün qiymətləndirilməmişdir. Nəzərə alınmalıdır ki, aliment tələbi valideynin şəxsi marağı üçün deyil, uşağın mənafeyinə xidmət edən xarakterli tələbdir. Valideyn alimentin ödənilməsini tələb etməklə uşağın maddi və mənəvi ehtiyaclarını təmin etməyə çalışır. Buna görə də belə tələb hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilməz. Mülki Məcəllənin 16.1-ci maddəsində “hüquqdan sui-istifadə” anlayışı yalnız o hallarda tətbiq edilir ki, şəxs hüququnu qəsdən başqa şəxsin hüquq və qanuni mənafelərinə zərər vurmaq məqsədilə həyata keçirsin. Halbuki, uşağın saxlanılması ilə bağlı aliment tələbinin məqsədi zərər vurmaq yox, uşağın yaşayış, təhsil, qida və sağlamlıq ehtiyaclarını təmin etməkdir. Məhkəmə kollegiyası qeyd edir ki, ailə münasibətlərinin tənzimlənməsində əsas məqsəd tərəflərdən birini üstün vəziyyətə gətirmək deyil, uşağın maraqlarının qorunması və valideyn məsuliyyətinin bərabər şəkildə bölüşdürülməsidir. Hər bir valideynin övlad qarşısında daşıdığı bu öhdəlik sosial ədalət və humanizm prinsiplərinə əsaslanır. Bu səbəbdən, cavabdehin rəsmi gəlirinin olmaması və ya onun ailə üzvləri ilə yaşaması kimi hallar aliment öhdəliyini aradan qaldırmır, əksinə, həmin öhdəliyin hüquqi mahiyyətini daha da gücləndirir. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi uşağın ən üstün maraqlarını nəzərə almadan qəbul edilmiş, qanunun ratio legis-inə zidd nəticəyə gətirib çıxarmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, 2025-ci il üzrə minimum əmək haqqı 400 manat olduğundan, onun 0,30 mislinin aliment kimi müəyyən edilməsi həm uşaqların əsas ehtiyaclarını ödəmək, həm də cavabdehin gəlirlərinə proporsional yanaşma təmin etmək məqsədinə xidmət edir ki, bu da balanslı, ədalətli və qanunauyğun həll yoludur. Yekun olaraq Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Masallı Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 2(050)-1819/2025 saylı qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan – 24 iyul 2010-cu il təvəllüdlü X5 və 06 fevral 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,30 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan cox olduğundan iddiaçı tərəfindən qətnamədən kassasiya şikayəti verilə bilər. Kollegiya onu da qeyd edir ki, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icra edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 2(050)-1819/2025 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan – 24 iyul 2010-cu il təvəllüdlü X5 və 06 fevral 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,30 misli həddində sabit pul məbləğində aliment tutulsun. İdda tələbi qalan hissədə rədd olunsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən iddiaçı tərəf, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar