Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-152/2023 08.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı iştirakı ilə, Sabirabad Rayon Məhkəməsinin 2(056)-1520/2020 saylı, 27 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qızıl əşyaları və ya dəyərinin tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2011-ci ildə aldığı qızıl-zinət əşyaları əvəzində ödənilməmiş qalan 1100 manat pulun, dəyəri tam ödənilməmiş qalan 80 qram çəkidə brilyant qaşlı qızıl dəstini və ya özü olmazsa hazırkı qiymətlə olan 9000 manat dəyərinin, ödənilmiş dövlət rüsumu əvəzində 30 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Sabirabad şəhəri, H.Əliyev prospektində yerləşən qızıl-zinət əşyaları satışı ilə məşğul olan mağazada işləyir. Mağaza qanunvericiliyin tələbləri əsasında fəaliyyət göstərir və o vergi ödəyicisidir. Cavabdeh ailəsi ilə birlikdə 2011-ci ilin noyabr ayında etdikləri toy mərasimi ilə əlaqədar ondan 3400 manat məbləğində brilyant qaşlı nişan üzüyü və brilyant qaşlı dəst almışdır. Yəni 400 manata nişan üzüyü və 3000 manata qızıl dəstini almışdır. 2013-cü ildə isə yenə də, toy mərasimi ilə əlaqədar 80 qram çəkidə 3500 manat dəyərində brilyant qaşlı qızıl dəsti satın almışdır. Cavabdeh 2011-ci ildə 3400 manata aldığı nişan üzüyü və qızıl dəstin pulundan hissəhissə ödəmiş və həmin məbləğdən 1100 manat ödənilməmiş qalmışdır. Cavabdehin 2013cü ildə aldığı 3500 manat dəyərində dəstin isə pulu ödənilməmiş qalmışdır. Cavabdeh sonuncu dəfə ona xx.xx.2018-ci ildə pul ödəmişdir. Hal-hazıradək cavabdeh tərəfindən cəmi 2300 manat hissə-hissə ödənilmiş 2013-cü ildə aldığı qızıl dəstinin dəyəri tam olaraq ödənilməmiş qalmışdır. Lakin Cavabdeh hal-hazıradək satılmış mala görə verilməli olan pul öhdəliyini tam icra etməmişdir. O, satıcı olaraq satdığı malı alıcının mülkiyyətinə vermiş, cavabdeh alıcı kimi malları qəbul etsə də, müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürsə də, bugünə kimi pul öhdəliyinə əməl etməmişdir. Sabirabad Rayon Məhkəməsinin 2(056)-1520/2020 saylı, 27 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Füzuli Pənahov) iddia təmin edilərək, Cavabdeh 1100 manat məbləğində pul vəsaitinin, 80 qram çəkidə brilyant qaşlı qızıl dəsti və ya onun ödənilməmiş dəyəri 9000 manatın alınaraq İddiaçı verilməsi, cavabdehdən 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. O, iddiaçıdan qızıl zinət əşyaları almamışdır. İddiaçı atasına sələmə pul vermiş, həmin pul da onun tərəfindən qaytarılmışdır. Tərəflər arasında hər hansı müqavilə və ya yazılı saziş yoxdur, işə cavabdehin iştirakı olmadan baxılmış cavabdehin iddiaya qarşı etirazları dinlənilməmiş, cavabdehin adından göndərilmiş teleqramda iddianı etiraf etməsi deyil, işə iştirakı olmadan baxılması iddiaçı tərəfindən deyilmişdir, Aybənizin dediyinə uyğun olaraq məhkəməyə teleqram vurmuşdur, Aybəniz telefonla ona bildirmişdir ki, iş xitam olunub, ərizəsini geri götürüb, ona görə də teleqram vurmuşdur. Qətnamə ilə cavabdehdən alınması qət olunmuş 10130 manat puldan xəbəri yoxdur, işdə rəsmi sübut olmadığı halda iddianın təmin edilməsi qanunsuz olmuşdur. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-643/2022 saylı, 14 aprel 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Sabirabad Rayon Məhkəməsinin 2(056)-1520/2020 saylı, 27 oktyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, Cavabdeh 4600 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı qətnamədən kassasiya şikayəti vermiş və kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4203/2022 saylı, 10 oktyabr 2022-ci tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-643/2022 nömrəli, 14 aprel 2022-ci il tarixli qətnaməsi qismən, yəni iddianın təmin edilməyən hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən məcburi göstərişləri ondan ibarət olmuşdur ki, iddiaçı birinci müqavilə üzrə ödənilməmiş qalan vəsaitin tutulmasına dair apellyasiya məhkəməsinin mövqeyini kassasiya şikayətində mübahisələndirməmişdir. İkinci alğı-satqı üzrə isə iddiaçı satılan əşyanın dəyərinin tam ödənilməməsini iddia etmişdir. Bu halda, MM-in 600.4-cü maddəsinə əsasən iddiaçının ya verilmiş əşyanın dəyərinin ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb etmək hüququ yaranmışdır ki, iddiaçı məhz ikinci tələbi irəli sürmüşdür. Lakin apellyasiya məhkəməsi qətnaməsində MM-in 600.4-cü maddəsinin dispozisiyasına istinad etsə də, həmin maddənin hazırkı mübahisəyə hansı qaydada tətbiq etməsini şərh etməmişdir. Mülki Məcəllənin 600.2-ci maddəsi ilə bağlı isə məhkəmə kollegiyası izah edir ki, həmin norma Məcəllənin 600.4-cü maddəsinin tətbiqini istisna etmir. Belə ki, həmin maddənin mahiyyəti ondan ibarətdir ki, tərəflər arasında nisyə alğı-satqı müqaviləsi bağlanaraq, alıcı müqavilə üzrə öhdəliklərini müəyyən olunmuş qaydada icra etdiyi halda satılmış əşyanın qiymətinin dəyişməsinə yol verilmir. Lakin alıcı öhdəliyini icra etmədikdə satıcının 600.4-cü maddəsində nəzərdə tutulmuş tələblərdən birini irəli sürmək hüququ vardır. Həmçinin qeyd olunmalıdır ki, tələb olunan əşyanın naturada qaytarılması mümkün olmaması halına görə, Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsi tətbiq olunmalıdır. Həmin prosessual normaya görə isə məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Digər tərəfdən iş materiallarından müəyyən olunur ki, Cavabdeh birinci instansiya məhkəməsinə xx.xx.2020-ci il tarixli teleqramla müraciət edərək, iddiaçının ona qarşı pul barədə qaldırdığı iddianı qəbul etdiyini göstərməklə, həmin iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi məhz həmin etirafa əsaslanaraq iddianı tam təmin etmişdir. Lakin apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirərkən qeyd olunan etiraf ərizəsinə (teleqrama) istinad etməmiş, onun qəbul edilməməsini qətnaməsində əsaslandırmamış və bununla da, Mülki Prosessual Məcəlləsinin 191 və 372.2-ci maddələrinin tələblərini də pozmuşdur. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən cavabdehin birinci instansiya məhkəməsində iddianı etiraf etməsinin səbəbini araşdırmalı, həmin etirafın qəbul edilibedilməməsi əsaslandırılmalı, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməklə, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün saydı. Apellyasiya məhkəməsinin iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və Sabirabad Rayon Məhkəməsinin 2(056)-1520/2020 saylı, 27 oktyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası, iddiaçının 2011-ci ildə alınmış qızıl-zinət əşyalarının ödənilməmiş dəyəri üzrə 1100 manat pulun, 80 qram çəkidə brilyant qaşlı qızıl dəstinin və ya özü olmazsa hazırkı qiymətlə olan 9000 manat dəyərinin, ödənilmiş dövlət rüsumu əvəzində 30 manatın alınaraq ona verilməsini tələb etməsini, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-643/2022 saylı, 14 aprel 2022-ci il tarixli qətnaməsi ilə cavabdehdən 4600 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya verilməsini, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4203/2022 saylı, 10 oktyabr 2022-ci tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-643/2022 saylı, 14 aprel 2022-ci il tarixli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iş həmin hissədə yenidən baxılmasının qərara alınmasını nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsini 80 qram çəkidə brilyant qaşlı qızıl dəstinin və ya özü olmazsa hazırkı qiymətlə olan 9000 manat dəyərinin satış günü qüvvədə olmuş qiymətlə hazırkı qiyməti arasındakı fərq olan 5500 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi hissələrində yoxlamış və hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, apellyasiya şikayəti qətnamənin yoxlanılan və hüquqi qiymət verilən hissəsində təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən 80 qram çəkidə brilyant qaşlı qızıl dəsti və ya onun ödənilməmiş dəyəri üzrə 5500 manat pulun (satış günü qüvvədə olmuş qiymətlə hazırkı qiyməti arasındakı fərq) alınaraq iddiaçıya verilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, işdəki alğı-satqı dəftərindən görünür ki, Cavabdeh İddiaçı nisyə satılmış qızıl zinət əşyalarının dəyəri üzrə 4600 manat ödənilməmiş borcu qalmışdır. İşdəki "xxxx" ASC-nin Sabirabad rayon filialının qiymətləndiricisi vəzifəsində işləyən X2 tərəfindən tərtib edilmiş rəyə əsasən, 2013-cü ildə 80 qram, 750 əyarlı qızılın 5 karat brilyantı olan dəst qarniturun və nişan üzüyünün 750 əyarlı qızılın qiyməti 3500 manat dəyərində idi. İndi isə bu şəkildə qızılın dəyər qiyməti 9000 manat qiymətindədir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin iddiaçının ona qarşı pul barədə qaldırdığı iddianı qəbul etdiyini göstərməklə həmin iddianın təmin edilməsini xahiş etdiyi, birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2020-ci il tarixli teleqramına tənqidi yanaşır və teleqramın iddianın tam təmin edilməsinə əsas saymır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Bundan sonra MM-in) 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. MM-in 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Tərəflər arasındakı müqavilədə qiymətin sonradan dəyişməsi halında yenidən hesablanacağının nəzərdə tutulması təsdiq edilmədiyindən, nisyə satılmış qızıl-zinət əşyalarının qiymətinin sonradan dəyişməsi yenidən hesablaşmaya səbəb olmamışdır və iddiaçı üçün yalnız gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək faizlərin ödənilməsini tələb etmək hüququ yaratmışdır ki, iddiaçı da bu hüququndan istifadə etməmişdir. Odur ki, cavabdehin iddianı qəbul etdiyi barədə teleqramı qanunvericiliyin yuxarıda göstərilən tələblərinə ziddir və qəbul edilə bilməz. İlk öncə cavabdeh öz apellyasiya şikayətində teleqramı ona ərizəsini geri götürdüyünü, işin xitam olunduğunu bildirmiş Aybənizə inanaraq vurduğunu bildirmişdir. Bundan başqa, həmin teleqramda tələbin qızıl-zinət əşyalarının qaytarılması hissəsinə münasibət bildirilməmiş, iddianın hansı məbləğdə pul tələbi hissəsində qəbul edildiyi qeyd edilməmişdir. Ümumiyyətlə, qanunvericilikdə iddianın etirafı nəzərdə tutulsa da, iddianın qəbulu nəzərdə tutulmamışdır. Belə ki, MPM-in 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. MM-in 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə kollegiyası onu qeyd etməyi zəruri sayır ki, cavabdehin nisyə satın aldığı qızıl-zinət əşyalarının dəyərinin ondan tutulmasına dair hissədə məhkəmənin qətnaməsi qüvvəyə mindiyindən, qızıl-zinət əşyalarının ödənilməsi ilə yanaşı həmin əşyalar iddiaçıya qaytarıla bilməz. Eyni zamanda, iddiaçının nisyə satılmış qızıl-zinət əşyalarının hazırkı qiymətinin cavabdehdən özünün xeyrinə tutulmasını tələb etmək hüququ əmələ gəlməmişdir. Məhkəmə kollegiyası onu qeyd etməyi zəruri sayır ki, birinci instansiya məhkəməsi iddianın cavabdehdən 80 qram çəkidə brilyant qaşlı qızıl dəsti və ya onun ödənilməmiş dəyərinin alınaraq iddiaçıya verilməsi hissəsinə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə apellyasiya qaydasında ləğv edilməli, iddia cavabdehdən 80 qram çəkidə brilyant qaşlı qızıl dəsti və ya onun ödənilməmiş dəyəri üzrə satış günü qüvvədə olmuş qiymətlə hazırkı qiyməti arasındakı fərq olan 5500 manat pulun alınaraq iddiaçıya verilməsi hissəsində rədd edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin yoxlanılan və hüquqi qiymət verilən hissəsində təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 2(056)-1520/2020 saylı, 27 oktyabr 2020-ci il tarixli qətnaməsi Cavabdeh 80 qram çəkidə brilyant qaşlı qızıl dəsti və ya onun ödənilməmiş dəyəri üzrə 5500 manat pulun (satış günü qüvvədə olmuş qiymətlə hazırkı qiyməti arasındakı fərq) alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-152/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-152/2023
08.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver