Məhkəmə qərarları › İş №2(106)-1522/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1522/2024

20.08.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1522/2024 20.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Məmmədova (Camalova) Mələk Hacıməmməd qızına və Cavabdeh4 qarşı “müqavilənin bağlanmış hesab edilməsi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 2(055)-1307/2023 saylı, 15 dekabr 2023-cü il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Məmmədova (Camalova) Mələk Hacıməmməd qızına və Cavabdeh4 qarşı iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, JN-0083, KOD 90801018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktında qeyd olunan 1,56 ha torpaq sahəsinin hazırda faktiki olaraq iddiaçı X1 istifadəsində olan 1,35 ha hissəsinin alğı-satqı edilməsi ilə bağlı İddiaçı ilə mərhum X5, Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh4 arasında bağlanmış 01 mart 2002-ci il tarixli müqavilənin bağlanmış hesab edilməsi və İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(055)-1307/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim İxtiyar Abuşov) iddia təmin edilərək, Saatlı rayon Aqrar İslahat Komissiyasının 02 oktyabr 2000-ci il tarixli 07 saylı qərarı əsasında JN-0083, KOD 90801018 saylı Torpağın mülkiyyət hüququna dair Dövlət aktı ilə Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4 və mərhum X3 ümumi mülkiyyətinə verilmiş 1,56 hektar torpaq sahəsinin 1,35 ha torpaq sahəsini torpaq mülkiyyətçiləri cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4 və mərhum X3 İddiaçı satmaları barədə öz aralarında bağlanmış 01 mart 2002-ci il tarixli alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin torpaq sahəsi (iddiaçının faktiki istifadəsində olan 1,35 hektar torpaq sahəsi) üzərində İddiaçı mülkiyyət hüququnun tanınması, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4 müştərək qaydada alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Saatlı Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(055)-1307/2023 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. MPM-in 357.2-ci maddəsinə əsasən, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci, 306-cı və 355-1.1-ci maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Hazırda mümkünlüyü yoxlanılan apellyasiya şikayətini vermiş Maraqlı şəxs iş üzrə tərəf deyil. MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. MPM-in 364.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. İşin hallarından görünür ki, hazırda qətnamədən Maraqlı şəxs apellyasiya şikayəti versə də, o, mülki iş üzrə tərəf olmamış, mülki iş üzrə məhkəmə qətnaməsinin onun hüquq və maraqlarına toxunduğu halda bu barədə sübutları apellyasiya şikayətinə əlavə etməmişdir. Birinci instansiya məhkəməsi isə bu hallara qiymət vermədən apellyasiya şikayətini apellyasiya qaydasında baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Göründüyü kimi, hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülki-prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, qəbul edilən qətnamənin apellyator Maraqlı şəxs hüquq və vəzifələrinə toxunmasını, toxunduğu halda apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamaq məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və MPM-in 263, 264, 357, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Saatlı Rayon Məhkəməsinin 2(055)-1307/2023 saylı, 15 dekabr 2023-cü il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş qəbul edilən qətnamənin apellyator Maraqlı şəxs hüquq və vəzifələrinə toxunmasını, toxunduğu halda apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamaq məqsədilə Saatlı Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar