Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1527/2024 02.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 2(036)-948/2024 saylı, 11 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 iyun 2014-cü il təvəllüdlü X9 və 21 aprel 2016-cı il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər hər ay sabit pul məbləğində bir uşaq üçün 200 manat olmaqla, iki uşaq üçün cəmi 400 manat aliment məbləğinin Cavabdeh tutularaq ona verilməsi və sənədlərini məhkəməyə təqdim etdiyi gündən alimentin hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2013-cü ildə faktiki münasibətə girərək ailə həyatı qurmuşdur. 2015-ci ildə bu münasibəti rəsmiləşdirərək cavabdehlə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan iki övladları var: 17 iyun 2014-cü il təvəllüdlü X14 və 21 aprel 2016-cı il təvəllüdlü X7. Bir müddət cavabdehlə mehriban ailə kimi yaşadıqdan sonra ailə münasibətləri pozulmuşdur. Xasiyyətləri uyğun gəlmədiyi üçün 2019-cu ildə İmişli Rayon Məhkəməsinin qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah pozulmuş və övladları iddiaçının himayəsində qalmışlar. Tənha qadın olaraq övladlarının tələbatlarını ödəmək ona çətindir. Belə ki, övladlarının yetkinlik yaşına çatana kimi saxlanılması nəzərə alınaraq sabit pul məbləğində bir uşaq üçün 200 manat olmaqla, iki uşaq üçün 400 manat alimentin cavabdehdən alınmasını istəyir. Həmçinin, 17 iyun 2014-cü il təvəllüdlü X14 autizm xəstəsidir, müalicəsinə imkanı çatmır. İmişli Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2(036)-948/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Zaur Pirverdiyev) iddia təmin edilmiş, Cavabdeh 18 mart 2024-cü il tarixdən başlayaraq, 17 iyun 2014-cü il təvəllüdlü X9 və 21 aprel 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı ödənilməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində İmişli Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2(036)-948/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, sözügedən qətnamə ilə razı deyil, çünki hazırda uşaqlar onun himayəsindədir. Belə ki, İddiaçı uşaqları aparıb İmişli rayon İcra və Probasiya şöbəsinə atıb çıxıb getmişdir. Bundan sonra Elşən adlı icra məmuru cavabdehə zəng vuraraq bildirmişdir ki, iddiaçı uşaqları gətirib bura atıb çıxıb gedib. O, cavabdehə dedi ki, gəl uşaqlarını apar. Bundan sonra cavabdeh də İmişli rayon İcra və Probasiya şöbəsinə getmişdir, orada akt hazırlayaraq uşaqlarını cavabdehə təhvil vermişlər və cavabdeh uşaqlarını götürüb öz evinə gətirmişdir. Hazırda uşaqlar cavabdehin himayəsindədir, onlara cavabdeh baxır. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Birinci instansiya məhkəməsi işi düzgün və hərtərəfli araşdırmamış və nəticədə qeyri-qanuni qətnamə qəbul etmişdir. Qanunvericiliyin tələbinə görə aliment valideyndən ayrı yaşayan uşağa görə ödənilir. Hazırkı halda uşaqlara cavabdeh baxır. Ona görə də hesab edir ki, sözügedən qətnamə əsassızdır. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh çıxış edərək bildirdi ki, iddiaçı ilə birgə nikahından doğulmuş uşaqların hər ikisi hazırda iddiaçının yanındadır. O, təyin edilmiş alimentin məbləği ilə razı deyil. Həmçinin, bildirdi ki, onun Arzu Nəbiyeva ilə olan nikahından da 2009-cu il təvəllüdlü Ruhlan adında oğlu var və onun da saxlanılması üçün ayda 100 manat məbləğində aliment ödəyir. Ona görə də bu halların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsini və iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası cavabdehi dinləyib dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi təyin olunmuş alimentin məbləğinə dair hissədə dəyişdirilməlidir. İşdəki AZ-İ 469225 seriya nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 17 iyun 2014-cü ildə X4 doğulmuş X9 atası hesab edilmişdir. İşdəki İmişli “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən 13 may 2024cü il tarixdə verilmiş arayışın surətindən görünür ki, 17 iyun 2014-cü il təvəllüdlü X9 atası Cavabdeh, anası X6r. İşdəki AZ-İİİ 761510 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 21 aprel 2016-cı il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır. İşdə surəti olan İmişli Rayon Məhkəməsinin 08 iyul 2019-cu il tarixli, 2(036)- 718/2019 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı ilə Cavabdeh arasında İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən bağlanmış 09 oktyabr 2015-ci il tarixli, 407 saylı nikah aktı qeydinin pozulması, nikahın pozulmasının qeydə alınması üçün Cavabdeh 15 manat dövlət rüsumunun tutulması qət edilmişdir. İşdəki AZ-İ 429916 seriya nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı nikahı ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 24 oktyabr 2019-cu ildə 42 nömrə ilə qeyd edilmişdir. İşdəki İmişli “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən 24 aprel 2024cü ildə verilmiş arayışdan görünür ki, 11 sentyabr 2009-cu il təvəllüdlü X8 atası Cavabdeh, anası X5r. İşdə surəti olan İmişli Rayon Məhkəməsinin 11 sentyabr 2015-ci il tarixli, 2(036)- 3346/2015 saylı icra vərəqəsindən görünür ki, birgə nikahdan doğulmuş 11 sentyabr 2009cu il təvəllüdlü X12 adında uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı X2 xeyrinə Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilərək ayda 100 manat sabit pul məbləğində müəyyən edilmişdir. İşdəki Cavabdeh barəsində məlumatların “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə sorğulanması nəticəsində müəyyən olunmuşdur ki, o, hal-hazırda işəgötürən X15 ilə əmək müqaviləsi bağlayaraq, “sürücü, özüboşaldan” vəzifəsində işləyir və aylıq əmək haqqı məbləği 350 manat təşkil edir. İşdəki İddiaçı barəsində məlumatların “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə sorğulanması nəticəsində müəyyən olunmuşdur ki, o, hal-hazırda rəsmi olaraq işləmir və 100 manat pensiya alır. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdehin birgə nikahından 17 iyun 2014-cü il təvəllüdlü X14 və 21 aprel 2016-cı il təvəllüdlü X7 doğulmuşdur. Tərəflərin nikahı İmişli Rayon Məhkəməsinin 08 iyul 2019-cu il tarixli, 2(036)-718/2019 saylı qətnaməsi ilə pozulmuşdur. Hazırkı iş üzrə iddiaçı uşaqların saxlanılmasına imkanı çatmadığını əsas gətirərək, aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, İmişli Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2(036)-948/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 18 mart 2024-cü il tarixdən başlayaraq, 17 iyun 2014-cü il təvəllüdlü X9 və 21 aprel 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnaməni mübahisələndirmişdir. Cavabdeh apellyasiya şikayətində uşaqların hazırda onun yanında olmasına istinad etmişdir. Lakin apellyasiya məhkəməsinin iclasında iştirak edən cavabdeh uşaqların iddiaçının yanında olduğunu bildirmiş, sadəcə təyin edilmiş alimentin məbləği ilə razılaşmadığını və başqa nikahdan doğulmuş uşağı üçün də aliment ödədiyini bildirmişdir. Həqiqətən də, iş materiallarından görünür ki, cavabdehin həm də başqa nikahdan 11 sentyabr 2009-cu il təvəllüdlü X12 adlı uşağı var və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılmasına görə İmişli Rayon Məhkəməsinin 11 sentyabr 2015-ci il tarixli, 2(036)-3346/2015 saylı icra vərəqəsi üzrə 100 manat aliment ödəyir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşaraq bildirir ki, həqiqətən də, hazırkı işin müəyyən edilmiş halları birgə nikahdan doğulmuş iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmasını zəruri edir. Bununla yanaşı, məhkəmə kollegiyası təyin edilmiş alimentin məbləğinin müəyyən edilməsi zamanı işin hallarının, tərəflərin maddi və ailə vəziyyətinin, diqqətəlayiq olan digər halların tam nəzərə alınmadığını bildirir. Belə ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. İmişli Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2(036)-948/2024 saylı qətnaməsi ilə cavabdehdən 17 iyun 2014-cü il təvəllüdlü X9 və 21 aprel 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi qət edilmiş olsa da, alimentin məbləği müəyyənləşdirilərkən cavabdehin aylıq əmək haqqı məbləğinin cəmi 350 manat olması və onun aliment ödəməli olduğu başqa nikahdan bir uşağının da olması kimi hallar da nəzərə alınmalıdır. Həmin halları nəzərə alan məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş alimentin məbləğinin hər uşaq üçün 200 manat müəyyən edilməsi düzgün və ədalətli olmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən Qərarında həm də göstərilir ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu baxımdan məhkəmə kollegiyası bildirir ki, aliment ödəməli olan valideynin (cavabdehin) gəlirinin azlığı onu aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdeh apellyasiya şikayətində iddia tələbinin rədd edilməsini xahiş etsə də, məhkəmə kollegiyası aliment tələbinə dair iddianın tamamilə rədd edilməsinin uşaqların təminat səviyyəsinin maksimal saxlanılmasına şərait yaratmayacağını bildirir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunun 1-ci maddəsi ilə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Lakin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi bundan ibarətdir ki, ölkə üzrə müəyyən edilən yaşayış minimumu məbləği aliment məbləğinin müəyyənləşdirilməsi baxımından mümkün məntiqi meyar olaraq nəzərə alına bilər və bu zaman minimum dolanacaq xərclərinə yaxın məbləğ aliment kimi digər valideyndən tutula bilər. Bu zaman həm də nəzərə alınmalıdır ki, uşağın saxlanılması yalnız cavabdehin deyil, valideynlərin ümumi vəzifəsidir. Beləliklə də, məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi təyin edilmiş alimentin məbləğinə dair hissədə dəyişdirilməli, 17 iyun 2014-cü il təvəllüdlü X9 və 21 aprel 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün təyin edilmiş alimentin məbləği 150 manat, cəmi iki uşağa görə 300 manat sabit pul məbləğində müəyyən edilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Bununla yanaşı, iddiaçı tərəfindən təqdim olunmuş X21 Dispanserinin 1901 nömrəli, 13 noyabr 2023-cü il tarixli tibbi rəyinin surətindən görünür ki, 17 iyun 2014-cü il təvəllüdlü X10 “Psixoloji inkişafın ümumi pozuntusu. Yüngül əqli ləngimə pozuntusu” diaqnozu qoyulmuşdur. Təqdim edilmiş ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışın surətindən isə görünür ki, 17 iyun 2014-cü il təvəllüdlü X10 əsas xəstəlik kimi “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu”, yanaşı xəstəlik kimi isə “Nitq və dilin inkişafının spesifik pozğunluqları” diaqnozu qoyulmuşdur. Bununla bağlı, məhkəmə kollegiyası bildirir ki, iddiaçı zəruri sübutları təqdim edərək Ailə Məcəlləsinin 81-ci maddəsi əsasında cavabdehin həmin uşağın müalicəsi ilə əlaqədar əlavə xərclərə cəlb olunmasını müstəqil qaydada tələb edə bilər. Belə ki, Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Ailə Məcəlləsinin 81.3-cü maddəsinə əsasən, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz və o, çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.3, 385.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2(036)-948/2024 saylı qətnaməsi təyin edilmiş alimentin məbləğinə dair hissədə dəyişdirilsin. 17 iyun 2014-cü il təvəllüdlü X9 və 21 aprel 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün təyin edilmiş alimentin məbləği 150 manat, cəmi iki uşağa görə 300 manat sabit pul məbləğində müəyyən edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1527/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1527/2024
02.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver