Məhkəmə qərarları › İş №2(106)-1530/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1530/2025

01.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1530/2025 01.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi hakim), Əsədli Mahir Abdulla oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Cəlilabad Rayon Məhkəməsinin 27 may 2025-ci il tarixli 2(073)-898/2024 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənəvi zərərə görə 5000 (beş min) manat məbləğində pul vəsaiti və 70 (yetmiş) manat dövlət rüsumu alınmasını barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2(073)-898/2024 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh mənəvi zərərə görə 5000 (beş min) manat məbləğində pul vəsaiti və 70 (yetmiş) manat dövlət rüsumu alınıb İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh Nuriyev X1 Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2(073)-898/2024 saylı qiyabi qətnaməsinin ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, işə yenidən baxılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2(073)-898/2024 saylı qərardadı ilə Cəlilabad rayon məhkəməsinin 29 may 2024-cü il tarixli, 2(073)-898/2024 saylı qiyabi qətnaməsi ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnərək məhkəmə iclası 24 oktyabr 2024-cü il tarixə saat 11:40-a təyin edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2(073)-898/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh mənəvi zərərə görə 500 (beş yüz) manat və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 70 (yetmiş) manat alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Cavabdeh Nuriyev X1 Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2(073)-898/2024 saylı qətnaməsindən 25 may 2025-ci il tarixdə apellyasiya şikayəti verərək, qətnaməni ləğv edərək İddiaçı ona qarşı mənəvi zərərə görə 500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 70 manat pul tələbinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul ediməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 27 may 2025-ci il tarixli 2(073)-898/2024 saylı qərardadı ilə Cəlilabad Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2(073)-898/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh Nuriyev X1 Rayon Məhkəməsinin 27 may 2025-ci il tarixli, 2(073)-898/2024 saylı qərardadından şikayət verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə ilə müraciət etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 06 avqust 2025-ci il tarixli, 2(073)-898/2024 saylı qərardadı ilə Cavabdeh Cəlilabad Rayon Məhkəməsinin 27 may 2025-ci il tarixli, 2(073)-898/2024 saylı qərardadından qanunla müəyyən olunmuş şikayət vermə müddəti ötürülməmiş hesab edilmişdir. Cavabdeh Nuriyev X1 Rayon Məhkəməsinin 27 may 2025-ci il tarixli, 2(073)-898/2024 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-898/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh Cəlilabad rayon məhkəməsinin 27 may 2025- ci il tarixli, 2(073)-898/2024 saylı qərardadının ləğv edilməsinə dair şikayətinin təmin edilməməsi və şikayətin mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin 27 may 2025-ci il tarixli 2(073)-898/2024 saylı qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilməlidir. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin verilmə müddətinə riayət edilib-edilməməsi ilkin prosessual yoxlama predmetidir. Həmin yoxlama çərçivəsində tərəf tərəfindən “müddətin bərpası” barədə vəsatət verilmişsə, məhkəmə şikayətin mümkünlüyü ilə bağlı hər hansı nəticəyə gəlməzdən (o cümlədən geri qaytarmazdan) əvvəl mütləq bu vəsatəti həll etməlidir. Cavabdehin xx.xx.2025-ci tarixli apellyasiya şikayətinin verilməsi üçün vəsatəti mövcud olduğu halda birinci instansiyanın ona hüquqi qiymət vermədən apellyasiya şikayətini geri qaytarması prosessual ardıcıllığın pozulmasıdır. Müddətin bərpası institutunun mahiyyəti tərəfin məhkəməyə çıxışının təmin edilməsidir, bu institutdan istifadə ehtimalı olduğu anda vəsatətsiz hərəkət mümkün deyildir. Başqa sözlə desək, Cəlilabad Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2(073)-898/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini forma və məzmuna riayət olunmadığı üçün geri qaytaran birinci instansiya məhkəməsi qərardadında prosessual müddətin bərpası barədə ərizənin hüquqi müqəddəratını həll etməmişdir. İkincisi, apellyasiya müddətinin başlanğıcı barədə faktlar aydınlaşdırılmadan şikayətin geri qaytarılması yolverilən deyildir. İş materiallarının 97-ci vərəqində “qətnamənin xx.xx.2024-cü il tarixdə alınması” barədə qəbz, 98-ci vərəqindəki ərizədən görünən “qətnamənin xx.xx.2025-ci il tarixdə alınması” barədə məlumat apellyasiya müddətinin axımına birbaşa təsir edən hüquqi əhəmiyyətli hallardır. Qətnamə surətinin verilmə (təqdim olunma) tarixi sübutlarla (poçt bildirişi, cavabdehin qeydi, qəbz və s.) dəqiqləşdirilməli, bu tarixdən hesablanmaqla şikayətin vaxtında verilib-verilməməsi müəyyən edilməli idi. Əgər qətnamə cavabdehin imzası ilə qeyd etdiyi kimi, xx.xx.2025-ci il tarixdə təqdim edilibsə, xx.xx.2025-ci il tarixdə verilmiş apellyasiya şikayəti ilkin görünüşə görə ümumiyyətlə “müddət daxilində”dir və belə olan halda “müddətin bərpası”na ehtiyac da qalmır. Bu əsaslı ehtimal araşdırılmadan şikayətin geri qaytarılması hüquqauyğun deyildir. Üçüncüsü, iş materiallarının 97-ci vərəqindəki məhkəmə qəbzinin hansı sənədə aid olduğu məhkəmə tərəfindən dəqiqləşdirilməyib. Qəbzin məhz hansı məhkəmə aktına aid olmasının müəyyən edilməsi, apellyasiya şikayətinin tələblərə uyğunluğunu da müəyyən edilməsində rol oynayan əsas şərtlərdəndir. Məhkəməyə müraciət və apellyasiya şikayəti vermək hüququ Konstitusiyanın məhkəmə müdafiəsi təminatlarının (o cümlədən effektiv hüquqi müdafiə və instansiya nəzarəti) tərkib hissəsidir. Prosessual normaların tətbiqində həddən artıq formalizmə yol verilməsi tərəfin ədalətli məhkəmə müdafiəsi hüququnu əsassız olaraq məhdudlaşdıra bilər. Bundan əlavə, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadında nə müddətin bərpası barədə vəsatətə, nə də qətnamənin təqdim olunma tarixi ilə bağlı sübutlara hüquqi qiymət verilməməsi qərardadın əsaslandırma tələblərinə ziddir. Əsaslandırma vəzifəsi pozulduqda apellyasiya instansiyası belə aktı qüvvədə saxlaya bilməz, çünki apellyasiya instansiya məhkəməsinin təxminlər əsasında birinci instansiya məhkəməsinin fuksiyasını yerinə yetirərək sübutları birinci dəfə qiymətləndirməsi prosessual funksiyaların bölgüsünə də ziddir. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, cavabdehin şikayəti qismən təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin 27 may 2025-ci il tarixli, 2(073)-898/2024 saylı qərardadı ləğv olunmalı, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yekun olaraq Kollegiya qeyd edir ki, şikayətə yenidən baxılarkən birinci instansiya məhkəməsi aşağıdakı məsələləri araşdırmalıdır: Cavabdehin xx.xx.2025-ci il tarixli apellyasiya şikayətinin verilməsi üçün “müddətin bərpası” barədə vəsatətinə hüquqi qiymət verməli; Qətnamənin surətinin cavabdehə təqdim olunma tarixi dəqiqləşdirilməlidir. Nəticə etibarilə, qeyd olunanlar araşdırılmadan apellyasiya şikayətinin dərhal geri qaytarılması tərəfin apellyasiya hüququnun əsassız məhdudlaşdırılmasına səbəb olmuş, müddətin bərpası mexanizmi və təqdimetmə tarixi barədə sübutların hüquqi qiymətləndirilməsi aparılmamışdır. Odur ki, şikayət qismən təmin olunmalı, Cəlilabad Rayon Məhkəməsinin 27 may 2025-ci il tarixli, 2(073)- 898/2024 saylı qərardadı ləğv edilməli və qərardadda müəyyən olunmuş prosessual addımların icrası üçün iş birinci instansiya məhkəməsinə verilsin. MPM-in 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda şərh edilənlərə əsasən və MPM-in 263, 264, 397-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 27 may 2025-ci il tarixli, 2(073)-898/2024 saylı qərardadı ləğv edilsin. İş üzrə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Cəlilabad Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar