Məhkəmə qərarları › İş №2(106)-1547/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1547/2025

05.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1547/2025 05.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 21 iyul 2025-ci il tarixli, e-2(049)-1547/2025 saylı qətnaməsindən İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları Lənkəran Rayon Məhkəməsinin 3(049)-946/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 09 radələrində Lənkəran şəhəri, Bazar ərazisində şəxsi münasibətləri zəmnində baş vermiş mübahisə zamanı İddiaçı taxta parçası ilə döymüş və İddiaçı bədəni üzərində sol said nahiyəsinə sağlamlığa zərər vurmayan xəsarət - qançır aşkar edilmiş, bununla da, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 300 (üç yüz) manat miqdarında inzibati cərimə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı 01 aprel 2025-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 2500 (iki min beş yüz) manat məbləğində dəymiş maddi təzminat, 1500 (min beş yüz) manat məbləğində dəymiş mənəvi zərərin əvəzi və ödədiyi 60 manat dövlət rüsumunun (cavabdehə aid edilməsini) tutularaq ona məxsus hesaba köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ayaqqabıların təmiri emalatxanası, onun, yəni iddiaçı - İddiaçı toxunulmaz mülkiyyətinə aiddir. Ona məxsus obyektin qarşısında Cavabdeh da ayaqqabı tikməklə məşğul olur. Cavabdeh onunla uzun illər şəxsi-qərəzlik aparmış, onun al-verinin qarşısını almağa çalışmışdır. Daha sonra isə, o, (yəni İddiaçı) bu kimi dava-dalaşlardan uzaq olmaq üçün bazardan ayrılmış, ona məxsus olan həmin köşkü icarəyə vermiş, hazırda da icarədədir. Buna baxmayaraq, qonşuluqda yerləşən dükan sahibi Cavabdeh ona məxsus plastik materialdan olan dükanın divarlarına və konstruksiyasına kəsici-deşici alətlərlə qəsdən ziyan vurmuş, nəticədə dükanın strukturu ciddi şəkildə zədələnmiş, maddi zərər yetirilmişdir. Bütün bunlar az imiş kimi, hətta Cavabdeh onu xx.xx.2024-cü il tarixdə saat 09 radələrində Lənkəran şəhəri, Bazar ərazisində şəxsi münasibətləri zəmnində baş vermiş mübahisələri zamanı taxta parçası ilə döymüş və məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilmişdir. Cavabdeh tərəfindən ona dəymiş maddi ziyanın dəyəri 2500 (iki min beş yüz) manatdır. Həmçinin cavabdehin təqsirli hərəkətləri nəticəsində ona vurulmuş mənəvi zərəri 1500 (min beş yüz) manat qiymətləndirir. Hesab edir ki, cavabdeh tərəfindən mənə vurulmuş mənəvi zərərin əvəzi (həm də fiziki iztirablar formasında) də ödənilməlidir. Ona görə də, cavabdehin ona vurduğu maddi ziyana görə 2500 manat (iki min beş yüz) və mənəvi zərərin əvəzinin ödənilməsi üçün 1500 (min beş yüz) manat pulun ona verilməsinin təmin edilməsi barədə məhkəmədə iddia qaldırıb, müraciət etməkdə haqlıdır. Cavabdeh hüquqa zidd hərəkətləri nəticəsində ona dəymiş maddi-mənəvi ziyanın (fiziki və mənəvi iztirabların) əvəzini verməlidir. Odur ki, cavabdeh tərəfindən ona dəymiş birlikdə maddimənəvi cəmi zərəri 4000 (dörd min) manat dəyərində qiymətləndirir. Daha sonra İddiaçı nümayəndəsi Nümayəndə 21 may 2025-ci il tarixdə elektron kabinet vasitəsilə Azəraycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsaslanmaqla iddia tələblərinin, yəni maddi ziyan tələbi hissəsində maddi ziyanın məbləğinin 2500 (iki min beş yüz) manatdan 600 (altı yüz) manata azaldılmasını və digər hissədə, yəni mənəvi ziyana dair hissədə mənəvi ziyanın məbləğinin 1500 (min beş yüz) manatdan 2500 (iki min beş yüz) manata artırılmasını bildirib işə dəyişdirilmiş iddia tələbləri əsasında baxılmasını xahiş etmişdir. 21 may 2025-ci il tarixli iddianın dəyişdirilməsi barədə İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş ərizə onunla əsaslandırmışdır ki, təmir xərcləri və digər maddi ziyanla bağlı hissəni şəxsi səbəblərdən nəzərə almamağa, yəni müəyyən qədər keçməyə (güzəşt etməyə) qərar vermiş, lakin cavabdehin onun fiziki bütövlüyünə qəsdən xəsarət yetirməsi, ona qarşı zor tətbiq etməsi, şərəf və ləyaqətini alçaldan davranışlar sərgiləməsi nəticəsində ona dərin, mənəvi iztirablar yaşadılmış, bu səbəbdən mənəvi ziyan hissəsini bağışlamaq (güzəşt etmək) və ya az qiymətləndirmək mümkün hesab edilmir. Mənəvi təhqir və iztirablar hələ də, öz psixoloji təsirini göstərməkdədir. Məhkəmə iclasında Nümayəndə izahatında göstərmişdir ki, dükana vurulan zərərdən əlavə həm də, anasının cavabdeh tərəfindən fiziki zorakılığ yetirməsi qanunsuzdur, anası İddiaçı iztirab və sarsıntı keçirmiş, məhkəmə qərarı ilə zərərçəkmiş şəxs kimi tanınıb və cavabdeh məhkəmə qərarı ilə təqsirli bilmişdir. Anası öz gözündə də, onun gözündə də alçaldılmışdır. Onların dükanına Cavabdeh dəmir stulu köşkə dayayaraq ziyan vermiş, köşkün çölündə müxtəlif yerlərdə deşiklər yaratmış, bunun nəticəsinə köşk pis hala düşmüşdür. Həmçinin cavabdeh şəxsə məxsus dəmir stulun yanındakı alətlər də ziyan vurmuşdur. Dükana dəymiş zərəri minimum qiymətləndirmişlər, bununla bağlı ekspertiza və yaxud qiymətləndirici rəyi əldə olunması onlar tərəfindən ehtiyac görülməmiş, maddi zərərin qiymətləndirilməsini real bazar qiymətinə uyğun müəyyən etmişlər, mənəvi zərərin qiymətləndirilməsi üçün isə mexanizim mövcud olmadığından təxəyyülə əsasən 2500 manat məbləğ müəyyən etmişlər. Dükanın (köşkün) ətrafında köşkün çöl hissəsinə zərər verəcək kəsici alətləri işlədən cavabdehdən başqa heçkəs yoxdur. Onlar dükanı təmir etdikləri zamandan, köşkə zərər verilmiş, iddiaçı ilə cavabdeh arasında illərdir konflikt mövcud olmuş, keçmiş illərdə dükanı təmizləmək üçün getdikdə belə, özü də konfliktlərə şahid olmuş, o, yeniyetmə olan vaxtı orada satış etmək istəsələr də, cavabdehin hərəkətlərinə görə istifadə edə bilməmişlər, sonra isə icarəyə vermişlər. Cavabdehə dəfələrlə bildirsələr də, o, hərəkətlərini dayandırmamışdır. Cavabdeh, anasına fiziki-zor tətbiqlər edib, bununla bağlı şikayət etmişlər və məhkəmə qərarı ilə cavabdeh şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Məhkəmə iclasından sonra köşkün yanına dərhal gedib, yenə şəkillərini çəkmişlər. Cavabdeh iddiaçını döymüş, daha sonra onu də döyməməsi üçün daha çox foto-şəkil çəkə bilməmişdir. Elektron kabinetlə əlavə olunmuş görüntüləri özü çəkmişdir. Köşkün yenidən təmiri üçün bazar qiymətinə görə 2500 manat civarında zərər dəymişdir. Minimum məbləğ olaraq maddi ziyan tələb etməklə, mənəvi ziyan az tələb etmişlər, buna səbəb isə tələbin ağlabatanlığını nəzərə almışlar, daha sonra isə mənəvi zərərin çox az olduğun hesab edərək, iddia həcminin dəyişdirilməsinə dair ərizə təqdim etmişlər. Dükanın (köşkün) içi təmiz olmaqla, çölü pis vəziyyətdədir, qiymətləndirici təşkilatından müvafiq rəy almamalarının səbəbi isə məhkəmənin çox zaman özü-öz təşəbbüsü ilə ekspertiza təyin etməsi olmuşdur, həmçinin qiymətləndirməni real bazar qiymətinə uyğun qeyd etmişlər. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, göstərmişdir ki, onun barəsində qəbul olunmuş İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair məhkəmə qərarı əsassızdır, lakin məsələni böyütməyərək, məhkəmə qərarından şikayət verməmişdir. Dükana (köşkə) ziyan vurmamış, onun çalışdığı hissəsin yanında olan mağazada videogörüntülər mövcud olmuş, həmçinin iddiaçı qəsdən köşkü özü zərər yetirərək onun törətdiyini iddia etmişdir. Bundan əlavə ona qarşı iddiaçı və onun nümayəndəsi tərəfindən qərəzli hərəkətlər törədilir, işə gedərkən, iddiaçı və onun nümayəndəsi tərəfindən təqib olunaraq, videogörüntüyə qeydə alınmış, bununla da ou təxribata cəlb edirlər. Lənkəran Rayon Məhkəməsinin e-2(049)-1547/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Elvin Ələsgərov) İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiasının rədd edilməsi və məhkəməyə müraciət etmək üçün ödənilmiş 60 (altmış) manat dövlət rüsumu məbləği iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 avqust 2002-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 95.1, 77.1, 78.1, 82.4, 88 və 217.4cü maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, cavabdeh iddiaçıya sağlamlığa zərər vurmayan və dərəcələri təyin edilməyən xəsarət, yaxud fiziki ağrı yetirmiş olsa belə, iddiaçıların şikayəti əsasında hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılaraq hazırki iş üzrə cavabdehin əməlinə hüquqi qiymət verilmişdir. Cavabdeh tərəfindən iddiaçılara qarşı törədilmiş hüquqazidd əməldə, yəni inzibati xəta hadisəsində onun şərəfini, ləyaqətini, şəxsiyyətini alçaldan, ona sarsıntı, iztirab və ya işgəncə verilməsi ilə müşayiət olunan hərəkətlərə yol verilməsi aşkar edilməmişdir. Cavabdeh iddiaçıya qarşı hüquqazidd əməl törətmiş olsa belə, bu əməl onu aşağılayıcı tərzdə və nümayişkaranə şəkildə deyil, həmin anda tərəflər arasında yaranmış mübahisə zamanı hadisələrin axarı zəminində baş vermişdir. Həmçinin, cavabdeh törətdiyi əmələ görə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbehə məruz qalmış, onun barəsində qanunvericilikdə nəzərdə tutulan inzibati tənbeh cərimə cəzası tətbiq edilmiş və qeyd olunan qərar qüvvəyə minmişdir. İddiaçı cavabdeh tərəfindən ona mənəvi iztirab formasında zərər vurulduğunu iddia etsə də, cavabdehin hərəkətləri ilə hansı mənəvi dəyərlərinə zərər dəymiş olmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdehin tərəflər arasında yaranmış mübahisə zamanı hadisələrin axarı zəminində İddiaçı sağlamlığa zərər vurmayan və dərəcələri təyin edilməyən xəsarət, yaxud fiziki ağrı yetirmiş olması iddiaçılara mənəvi zərər vurulması kimi qiymətləndirilə bilməz. Məhkəmə bu hissədə iddiaçının 2500 (iki min beş yüz) manat mənəvi zərər tələbini əsaslı hesab etmir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə iddia tələbini təmin etməyərək maddi hüquq normalarını pozmuş və cavabdeh tərəfindən döyülərək, onun zərərçəkənə birbaşa ziyan vurulmasına gətirib çıxaran hüquqazidd əmələ düzgün münasibət bildirməmişdir. Qanunvericiliyin tələblərinə əsasən, mənə cavabdeh tərəfindən vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməli olsa da, məhkəmə absurd olaraq, iddianı rədd etmişdir. Halbuki, hətta qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə belə qoyula bilər. Bundan başqa, cavabdehin təqsiri olmadığını belə fərz etsək də, obyektiv surətdə hüquqa zidd əməl üçün, yəni cavabdeh tərəfindən döyülməyim üçün də zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilərdi. Çünki, istər ərizəçilərin, istərsə də iş materiallarından müəyyən olunur ki, cavabdeh iddiaçıya qarşı onun iş yerində fiziki zorakılıq göstərmiş, törədilmiş obyektiv surətdə hüquqa zidd əməl, yəni döyülmə üçün də anama dəymiş maddi ziyanın əvəzi ödənilməlidir. Məhkəmə isə, bunlara heç bir hüquqi qiymət verməmişdir, hakimin hansımaraqları üzündən iddiamı əsassız sayması onlara müəmmalı bir sirr olaraq qalmışdır. Vurulmuş mənəvi zərərə görə kompensasiya tələb etmək hüququ Konstitusiya ilə təmin edilib. Belə ki, Konstitusiyanın 31-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Digər tərəfdən birinci instansiya məhkəməsi Avropa Məhkəməsinin president hüququnu da nəzərə almamışdır. Belə ki, şəxsin ona vurulmuş mənəvi zərərin əvəzinin ödəniləsi tələbini bütün hüquq pozuntuları üçün mümkün sayır və tətbiq edir. Qeyd etmək zəruridir ki, mənəvi zərərin ödənilməsi tələbi irəli sürmək kimi sübyektiv hüququn obyektiv əsasları digər hallarda da yarana bilər. Məsələn, istehlakçı hüquqlarının pozulması nəticəsində dəyən mənəvi zərərin ödənilməsi tələbi irəli sürmək hüququ İstehlakçı hüquqlarının müdafiəsi haqqında qanunun 12-ci maddəsi, cinayətin törədilməsi nəticəsində vurulmuş mənəvi zərərin ödənilməsini tələb etmək hüququ Cinayət Prosessual Məcəllənin (CPM) 7.0.36, 12.2-ci maddələri, artıq həbsdə qalarsa, ona dəymiş mənəvi ziyana görə pul kompensasiyasını almaq hüququ CPM-nin 48.4-cü maddəsi, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində dəymiş mənəvi ziyana görə pul kompensasiyasını almaq hüququ CPM-nin 57.1-ci maddəsi, əmək münasibətlərində vurulan mənəvi zərərin əvəzinin ödənilməsi isə Əmək Məcəlləsinin 195, 196, 202, 285 və sairə maddələri ilə nəzərdə tutulur. Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında göstərilir ki, mənəvi zərər zərərçəkmiş şəxsin mənəvi dəyərlərinə dəymiş zərərdir. O cümlədən şəxsə qarşı inzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin tələb edilməsi hüququ da İnzibati Xətalar Məcəlləsinin 36.3-cü maddəsi ilə nəzərdə tutulur. İXM-nin 36.3-cü maddəsinə əsasən İnzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. İXM-nin 62.1-ci maddəsinə əsasən isə inzibati xəta nəticəsində mənəvi, fiziki və ya maddi zərər dəymiş şəxs zərər çəkmiş şəxs sayılır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Lənkəran Rayon Məhkəməsinin qətnaməsində işin halları tam, obyektiv və hərtərəfli araşdırılmamış, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş kifayət qədər mötəbər sübut, faktlara baxılmadan əsassız olaraq iddia tələbini rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının döyülməsi nəticəsində dərəcəsi təyin edilməyən xəsarətlərin olması ilə fiziki iztirab çəkməməsi arasında bir başa kareliyası aparıb. Belə ki, dərəcəsi təyin edilməyən xəsarətlərin olması zərərvurmuş şəxsin əməlinə görə cəlb məsuliyyətin tövsüf edilməsi üçün önəmli olsa da, bu onun əməli nəticəsində iddiaçıya fiziki əzab verməməsi mənasına gəlmir. İstənilən döyülmə döyülən şəxsə fiziki əzab verir. Məhz buna görə də belə əməl törətmiş şəxslər bu və ya digər formada (cinayət və ya inzibati xəta) məsuliyyətə cəlb edilirlər. Əgər döyülmə döyülən şəxslərə heç bir fiziki əzab verməsəydi onda, onlar ümumiyyətlə zərərçəkmiş sayıla bilməzdilər. İXM-nin 62.1-ci maddəsinə əsasən isə inzibati xəta nəticəsində mənəvi, fiziki və ya maddi zərər dəymiş şəxs zərər çəkmiş şəxs sayılır. İXM-nin 62.1-ci maddəsindən də göründüyü kimi iddiaçı bu əməl nəticəsində fiziki və ya mənəvi zərər çəkdiyi üçün zərərçəkmiş şəxs kimi tanınıb. əni, işdə olan sübutlarla müəyyən olunur ki, cavabdeh iddiaçı ilə qərəzlidir və iddia ərizəsinə əlavə olunan, o cümlədən xx.xx.2025-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinə təqdim edilmiş fotoşəkilləri nəzərdən keçirdikdə görünür ki, ağ plastik şüşəli, kiçik tikilinin - köşkün çöl hissəsinin yanında dəmirçilik işçiliyinin görüldüyü üzərində müxtəlif ləvazimatlar olan stul yerləşdirilmiş, köşkün çöl hissəsində - xarici hissəsində müəyyən dərəcədə, müxtəlif hissələrdən kəsik və cızıqlar kimi zədələr olması müəyyən edilmişdir (bunu birinci instansiya məhkəməsi də qəbul edir). Məhkəmə isə, qeyd edir ki, iddiaçı tərəf köşkün mövcudluğuna və hansı ünvanda yerləşməsinə dair şəhadətnaməni təqdim etsə də, plastik materialdan olan köşkə zədələrin hazırki iş üzrə cavabdeh tərəfindən yetirilməsini sübut edə bilməmişdir. Halbuki, həmin ərazidə dəmir alətlərlə yalnız cavabdehin işlədiyi və zədələri də onun yetirdiyi açıq-aşkar ortalıqdadır. Belə ki, Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Hazırkı işdə – iddiaçının özünəməxsus köşkə baş çəkərkən, öz köşkünün, iş yerinin yaxınlığında cavabdeh tərəfindən döyülməsinin baş verməsi öz təsdiqini tapmışdır. Yəni, şəxsin delikt normaları çərçivəsində məsuliyyət daşıması üçün tələb olunan zəruri şərtlərdən biri də səbəbli əlaqədir”. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apelyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apelyasiya baxışında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iclasda iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən ddiaçı İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, Lənkəran Rayon Məhkəməsinin 21 iyul 2025-ci il tarixli e-2(049)-1547/2025 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamənin çıxarılmasını xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 24-cü maddəsinə əsasən, insan ləyaqəti qorunur və ona hörmət edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. 46-cı maddəsinin 1 -ci hissəsinin tələbinə görə, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. 46-cı maddəsinin 2-ci hissəsinə əsasən, şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1.-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 36.3.-cü maddəsinə əsasən inzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli qərarının 14-cü bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, mənəvi ziyanın tutulması bir qayda olaraq vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində tətbiq edilir. Vətəndaşların əmlak hüquqlarının pozulması ilə əlaqədar mənəvi ziyanın tutulmasına qanunvericilikdə bilavasitə müəyyən olunmuş hallarda yol verilir. Mənəvi ziyanın miqdarı pul ilə ölçülməlidir. Mənəvi ziyanın miqdarını müəyyən edərkən məhkəmələr hər bir işə fərdi yanaşmalı, məlumatın yayılma dairəsini, iddiaçıya yetirilmiş mənəvi və fiziki sarsıntıların xarakterini və dərəcəsini, cavabdehin təqsirini və əmlak vəziyyətini, işin sair diqqətəlayiq hallarını, habelə mənəvi ziyanın ödənilməsi üçün cavabdehin real imkanlarını və qətnamənin icrasının mümkünlüyünü nəzərə almalıdırlar. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 4.-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarının 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və. s), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin yanaşması Avropa Məhkəməsi mənəvi zərəri "nigarançılıq, ruhi sarsıntı və iztirab”, "həyəcan, acizlik və sarsıntı”, "məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Avropa Məhkəməsi "Maksimov Rusiyaya qarşı” iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1.-ci Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən “mənəvi zərərin təmin edilməməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən olunmalı, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir: İş materiallarından göründüyü kimi, Cavabdeh İddiaçı qarşı fiziki zor tətbiq etməsi, onu taxta parçası ilə döyməsi və nəticədə zərərçəkənin bədənində qançır yaranması Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli inzibati iş üzrə qərarı ilə rəsmi qaydada təsbit olunmuş, həmin qərar qanuni qüvvəyə minmişdir. Qüvvədə olan məhkəmə aktı ilə cavabdehin əməli və təqsiri fakt kimi müəyyən edilmişdir və bu məsələ hazırkı iş üzrə yenidən sübuta olunmur. Beləliklə, cavabdehin iddiaçıya qarşı zorakılıq tətbiq etməsi və fiziki ağrıya səbəb olması sabit hesab olunmalıdır. Birinci instansiya məhkəməsi mənəvi zərərin mövcud olmadığını əsaslandırarkən xəsarətin “dərəcəsinin təyin edilməməsi” məntiqinə istinad etmişdir. Bu yanaşma tətbiq edilən hüququn mahiyyəti ilə uyğunlaşmır. Konstitusiyanın 24 və 46-cı maddələri insanın ləyaqətinin, fiziki və mənəvi toxunulmazlığının mütləq şəkildə qorunduğunu, şəxsin zorakılığa məruz qalmasının hüquqa zidd olduğunu açıq şəkildə təsbit edir. Mülki Məcəllənin 1097-ci maddəsi və Ali Məhkəmənin 03 noyabr 2008-ci il tarixli Plenum qərarı göstərir ki, mənəvi zərər dedikdə şəxsin hüquqazidd davranış nəticəsində fiziki ağrı və psixoloji sarsıntı keçirməsi başa düşülür və bu zərərin mövcudluğu üçün xəsarətin dərəcəsinin müəyyən edilməsi tələb olunmur. Hətta ən yüngül fiziki zor tətbiqi belə şəxsdə ağrı, həyəcan və iztirab yaradır. Bu, hüquqi və tibbi yanaşmanın ümumi qəbul edilmiş nəticəsidir. İnzibati xəta haqqında qanunvericilik də bu mövqeyi dəstəkləyir: İXM-in 62.1-ci maddəsinə əsasəniİnzibati xəta nəticəsində mənəvi, fiziki və ya maddi zərər dəymiş şəxs zərər çəkmiş şəxs sayılır. Deməli, dərəcəsi təyin edilməyən xəsarətin olması mənəvi zərərin inkarına əsas vermir, əksinə, mənəvi zərərin mövcudluğunu təsdiqləyən haldır. Həmin Məcəllənin 36.3.-cü maddəsinə əsasən inzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. İş materialları, iddiaçı və onun nümayəndəsinin izahatları, hadisənin başvermə şəraiti – yəni mübahisənin ictimai məkanda baş verməsi, cavabdehin zorakı davranışı zərərçəkənin psixoloji narahatlıq keçirdiyini, özünün alçaldıldığını hiss etdiyini və real mənəvi sarsıntılara məruz qaldığını göstərir. Mülki hüquq pozuntusunun mövcudluğu, fiziki ağrı, narahatlıq və həyəcan mənəvi zərərin mövcudluğunu hüquqi cəhətdən təsdiq edən kifayət qədər əsasdır. Mənəvi zərərin məbləğinin müəyyən edilməsinə gəldikdə, Plenum qərarının izahatları məhkəmənin bir sıra meyarları nəzərə almasını tələb edir: cavabdehin hərəkətinin xarakteri, zərərçəkənin cins və yaş xüsusiyyətləri, keçirdiyi sarsıntı və iztirabların ağırlıq dərəcəsi, hadisənin baş verdiyi şərait, tərəflər arasındakı münasibətlərin xarakteri, cavabdehin təqsiri və real imkanları, habelə ədalət və ağlabatanlıq prinsipi. Bu meyarlar nəzərə alındıqda mənəvi zərərin mövcud olduğu qənaəti dəyişməz qalır, lakin iddiaçı tərəfindən tələb olunan 2500 manat məbləğin işin faktiki hallarına nisbətdə yüksək olduğu müəyyən edilir. Hadisənin xarakteri, zərərin ağırlıq dərəcəsi və digər qeyd edilən xüsusatlara əsasən Kollegiya 500 (beş yüz) manat məbləğində kompensasiyanın mənəvi zərərin ədalətli və ağlabatan həddi olduğunu hesab edir. Maddi ziyana dair tələbin qiymətləndirilməsi zamanı müəyyən edilir ki, iddiaçı tərəfindən maddi ziyanın məbləği zədələnmiş köşk üzərində aparılan vizual dəyişikliklərlə əsaslandırılmış, lakin həmin zərərin məbləğini dəqiq müəyyən etməyə imkan verən hər hansı ekspertiza rəyi, qiymətləndirmə aktı, təmir xərclərinə dair qəbzlər və ya digər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Fotoşəkillər obyektin zədələndiyini vizual göstərsə də, bu zədələrin cavabdeh tərəfindən törədilməsi və onların dəqiq pul ifadəsi ilə müəyyən olunması sübuta yetirilməmişdir. Halbuki maddi ziyan tələb edən şəxs həmin ziyanın məbləğini sübuta yetirməlidir. Bu öhdəlik icra olunmadığı üçün birinci instansiya məhkəməsinin maddi ziyanın rədd olunması hissəsi doğru hesab olunur və dəyişdirilmədən saxlanılır. Göstərilən bütün hüquqi və faktiki halların məcmu qiymətləndirilməsi nəticəsində kollegiya belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən-mənəvi zərərin təmin edilməməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia 500 manat məbləğində qismən təmin olunmalıdır. Maddi ziyan tələbi üzrə qətnamə isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qətnamənin qalan hissəsi də dəyişdirilmədən qüvvədə qalır. “Oyalın Türkiyəyə qarşı işi üzrə 23 mart 2010-cu il, nömrə 4864/05 tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında deyilir; “Dövlət etiraz edərək bildirdi ki, mənəvi zərərlə bağlı tələb hədsiz çoxdur və ədalətsizdir. Dövlət daha sonra bildirdi ki, hər hansı məbləğdə mənəvi zərərin tutulması əsassız zənginləşməyə səbəb olacaqdır. Dövlətin təmin olunacaq məbləğin səbəbsiz zənginləşmə təşkil etməsi arqumentinə gəldikdə, məhkəmə qeyd etmişdir ki, şəxsin çəkdiyi əzab və istirab, sarsıntı heç bir məbləğlə, hətta ən yüksək məbləğlə belə kompensasiya edilə bilməz”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd edilən prinsip, hüquq sisteminin ən əsas prinsiplərindən biri olan “sübutetmə yükü” prinsipini özündə əks etdirir. Bu prinsipə əsasən, hər bir tərəf öz irəli sürdüyü iddiaların və ya qarşı tərəfə yönəltdiyi etirazların hüquqi əsasını sübut etmək vəzifəsini daşıyır. Bu, məhkəmə mübahisələrinin ədalətli şəkildə həll olunması üçün zəruri bir mexanizmdir. Sübutetmə yükü prinsipi yalnız tərəflərin öhdəliklərini deyil, həm də məhkəmənin funksiyasını müəyyən edir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutları obyektiv və qərəzsiz şəkildə dəyərləndirir. Sübutların mötəbərliyini, əlaqəliliyini və kifayətliliyini yoxlayır. Eyni zamanda, məhkəmə tərəflərin sübutetmə öhdəliyini yerinə yetiribyetirmədiyini qiymətləndirir. Bu prinsip məhkəmələrdə mübahisələrin həlli zamanı aşağıdakı məqsədləri təmin edir: 1.Ədalətli qərar qəbul etmək-Məhkəmə yalnız təqdim olunan sübutlar əsasında qərar qəbul edir və tərəflərin hər birinin mövqeyini əsaslandırmaq üçün eyni imkanlara malik olmasını təmin edir.

2. Həqiqətin müəyyən olunması-sübutetmə yükü tərəflərin prosessual aktivliyini artıraraq, faktiki halların tam və hərtərəfli araşdırılmasını təmin edir. Odur ki, məhkəmə kollegiyası işin yuxarıda göstərilən halları, təqdim edilmiş sübutlar, izahatları və tətbiq ediləcək hüquq normalarını nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 21 iyul 2025-ci il tarixli, e-2(049)-1547/2025 saylı qətnaməsi qismən “mənəvi zərərin təmin edilməməsi” hissəsində ləğv edilməli, Cavabdeh 500 (beş yüz) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməli, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Kollegiya belə hesab edir ki, mənəvi təzminat (mənəvi zərərin ödənilməsi) tələbləri, hüquqi təbiətinə görə qiymətləndirilən iddialara aid edilir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən, “mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər”. Hazırkı işdə Kollegiya tərəfindən mənəvi zərərin ödənilməsi tələbi üzrə müəyyən edilmiş kompensasiya məbləği 500 manat olduğundan, mənəvi təzminat tələbi qiymətləndirilən iddia sayıldığından və onun məbləği beş min manatdan az olduğuna görə, bu hissədə qətnamədən kassasiya şikayəti verilməsi MPM-nin 402.1-ci maddəsinin tələblərinə əsasən yolverilməzdir. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

q ə t e t d i:

İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 21 iyul 2025-ci il tarixli, e-2(049)-1547/2025 saylı qətnaməsi qismən, mənəvi zərərin təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia qismən təmin olunsun. Cavabdeh 500 (beş yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar