Məhkəmə qərarları › İş №2(106)-1559/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1559/2025

13.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1559/2025 13.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlunun (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X3 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı və cavabdeh X4 iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-2267/2025 saylı, 07 avqust 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 13 oktyabr 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(050)-126/2025 saylı qərardadı ilə ona təyin edilmiş hər bir uşaq üçün 232 manat, cəmi 464 manat alimentin miqdarının azaldılaraq hər bir uşaq üçün 125 manat, cəmi 250 manat miqdarında olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X12 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X15 və xx.xx.2017-ci il təvəllüdlü X16 adlı iki övladları olmuşdur. Ailə daxili narazılıqlar səbəbi ilə nikahları məhkəmə qaydasında pozulmuş, uşaqlar yetkinlik yaşına çatanadək analarının himayəsində saxlanılmışdır. Uşaqların saxlanılması üçün ondan hər bir uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment kəsilmişdir. O, kəsilmiş aliment pulunu ödəməkdə çətinlik çəkir. Qardaşları və qohumlarının köməyi ilə aliment pulunu gecikmələrlə ödəmişdir. Bir neçə dəfə aliment pulunu ödəyə bilmədiyindən barəsində inzibati tənbeh tədbiri tətbiq olunmuşdur. Cavabdeh yenidən Masallı Rayon Məhkəməsinə müraciət edərək alimentin indeksasiya olunmasını xahiş etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli, 8(050)-126/2025 saylı qərardadı ilə alimentin məbləği 2025-ci ilə indeksasiya olunmuşdur. Qərara əsasən minimum əmək haqqının 0,58 misli, yəni hər bir uşaq üçün 232 manat, cəmi 464 manat alimentin tutulması qərara alınmışdır. Çıxarılmış qərar Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli Plenum Qərarına istinad olunmuşdur. Son illərdə Ali Məhkəmə mülki işlər üzrə araşdırma aparmadığından ədalətsiz plenum qərarları qəbul edir və məhkəmələri konkret olaraq plenum qərarlarına mütləq əməl etməyə məcbur edir. O, işsizdir və günəmuzd fəhlə işləyir. İkinci dəfə X13 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Hazırda yoldaşı Ramilə Abıyeva 3 aylıq hamilədir. Nikah haqqında şəhadətnaməni və hamiləlik barədə sənədləri iddia ərizəsinə əlavə etmişdir. Qanuna əsasən uşağı saxlamaq hər iki valideynin borcudur. Ölkə üzrə 2025-ci il üçün uşağın yaşayış minimumu 246 manat təşkil edir. Həmin məbləğin 123 manatı onun öhdəsinə düşür. Vahid məhkəmə təcrübəsinə əsasən birinci instansiya məhkəmələri bir uşağa görə alimenti 180-200 manat kəsirlər. İki uşağa görə isə 150-170 manat kəsirlər. Birdən-birə onun alimenti 3 dəfə qalxmışdır. Onun maddi həyatında hansı artım olmuşdur ki, alimentin miqdarı bu qədər artsın. O, Mediasiya şöbəsinə alimentin azaldılması barədə müraciət etsə də, heç bir nəticə əldə edə bilməmişdir. Həmçinin, cavabdeh özü işləyərək yüksək məbləğdə əmək haqqı və premiya alır. Cavabdehin onun verdiyi aliment puluna ehtiyacı yoxdur. İddiaçı məhkəmə iclası zamanı iddiasını müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə çıxrılmasını xahiş etdi. Cavabdeh X12 məhkəmə iclası zamanı iddianı qəbul etməyərək izahatında göstərdi ki, həqiqətən də iddiaçı ilə birgə nikahlarından xx.xx.2012- ci il təvəllüdlü X15 və xx.xx.2017-ci il təvəllüdlü X16 adlı iki nəfər uşaqları olmuşdur. Sonra iddiaçı ilə münasibətləri pisləşdiyindən aralarında olan nikah pozulmuş, uşaqları onun yanında qalmaqla onların saxlanılması üçün hər bir uşağa görə 200 manat, ümumilikdə 400 manat aliment müəyyən edilmişdir. Heç bir yerdə işləmədiyindən Masallı Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(050)- 671/2023cü il tarixli qətnaməsinin indeksasiya olunması üçün müraciət etmiş və ərizəsi təmin edilmişdir. Uşaqları Həsən və Nihad hazırda tənəffüs yolları xəstəliyindən əziyyət çəkir və müalicəyə ehtiyacları vardır. Cavabdeh isə mebel sexində işləməklə yaxşı qazanc əldə etməsinə baxmayaraq uşaqların müalicəsi ilə bağlı ona heç bir köməklik göstərmir. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin 2(050)-2267/2025 saylı, 07 avqust 2025-ci il tarixli qətnaməsi ilə (Hakim: Firdovsi Əliyev), iddia rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməklə, Masallı Rayon Məhkəməsinin 2(050)- 2267/2025 saylı, 07 avqust 2025-ci il tarixli qətnaməsinin ləğv edilməklə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən apelyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməsini, Masallı Rayon Məhkəməsinin 2(050)-2267/2025 saylı, 07 avqust 2025-ci il tarixli qətnaməsinin ləğv edilməklə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X12 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Masallı Rayon Məhkəməsinin 2(050)-2267/2025 saylı, 07 avqust 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Masallı Rayon Məhkəməsinin 2(050)-2267/2025 saylı, 07 avqust 2025-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın (xx.xx.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də ödəməyə borclu olan valideyinin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancının hamısını və ya bir hissəsini xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edibetməməsini yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi, alimentin məbləğinin azaldılması ilə bağlı düzgün nəticəyə gəlməyərək, qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yaratmışdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. İş materiallarında olan Şəxsiyyət vəsiqələrindən surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X15 və xx.xx.2017-ci il təvəllüdlü X16 adlı adlı iki uşaqları anadan olmuşdur. İş materiallarında olan X2 tərəfindən təsdiqlənmiş 12 may 2025-ci il tarixli, MŞM/MT036/2025-00368 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, X12 isə məlumatlandırılmasına baxmayaraq mediasiya sesiyasında iştirak etməmişdir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(050)- 671/2023-cü il tarixli qətanməsindən görünür ki, İddiaçı ilə X9 arasında Masallı rayon Qeydiyyat Şöbəsi tərəfindən bağlanmış 15 mart 2008-ci il tarixli 76 saylı nikahın pozulması və tərəflərin birgə nikahdan 10 iyul 2012-ci ildə doğulmuş X15 və xx.xx.2017-ci il təvəllüdlü X16 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 01 fevral 2023-cü il tarixdən başlayaraq İddiaçı hər ay, hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin tutulub X5 verilməsi qət edilmişdir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 8(050)- 126/2025 saylı qərardadından görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-671/2023 saylı, 04 iyul 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası aparılaraq 04 aprel 2025-ci il tarixdən başlayaraq İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X15 və xx.xx.2017-ci il təvəllüdlü X16 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Əliyeva (əvvəl Cəbiyeva) Cəmalə Rafiq qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məblğində alimentin tutulması qərara alınmışdır. İş materiallarında olan Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X13 arasında Masallı Regional ASAN Xidmətinin Qeydiyyat Şöbəsi tərəfindən bağlanmış 12 may 2025-ci il tarixli, 436 saylı nikah qeydi vardır. İş materiallarında olan Masallı MRX-nın Poliklinika şöbəsi tərəfindən verilmiş 11 aprel 2025-ci il tarixli arayışdan görünür ki, X17 yuxarı tənəffüs yollarının çox lokalizasiyalı digər kəskin infeksiyası xəstəliyindən əziyyət çəkir. İş materiallarında olan - Masallı MRX-nın Poliklinika şöbəsi tərəfindən verilmiş 04 iyul 2025-ci il tarixli arayışdan görünür ki, X15 xroniki övrə xəstəliyindən əziyyət çəkir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbinin hüquqi əsasını Masallı Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 8(050)-126/2025 saylı qərardadı ilə indeksasiya edilmiş aliment miqdarının azaldılması təşkil edir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticə düzgün olmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməzdən əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır. 1) Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir. 2) Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Kollegiya qeyd edir ki, aliment təyin olunarkən azyaşlı uşaqların mənafeyi ilə yanaşı aliment ödəmək öhdəliyi daşıyan valideyinin də maddi və sair gəlirləri, həmçinin qət olunan alimenti ödəmək imkanı nəzərə alınmalıdır. Bununla əlaqədar kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən Cnin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Kollegiya qeyd edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Kollegiya qeyd edir ki, alimentin təyin edilməsi zamanı hər şeydən əvvəl əsas meyar uşaqların üstün mənafeyi olsa da, iddiaçı apellyasiya icraatı zamanı verdiyi izahatında yenidən ailə qurduğunu, himayəsində az yaşlı uşağının olduğunu bildirmişdir. Həmçinin iş materiallarından iddiaçının gəlilərində artım olması barədə də hər hansı sübut yoxdur. Belə olan halda iddiaçının gəlilərinin indeksasiya olunmuş alimenti ödəmək iqtidarında olmaması məhkəmə tərəfindən nəzərə alınmalı və təyin edilmiş alimentin miqdarı yeni qaydalar uyğun olaraq minumum əmək haqqının misli miqdarında müəyyən edilməklə azaldılmalıdır. Ona görə də kollegiya hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilərək, İmişli Rayon Məhkəməsinin 2(036)-1611/2024 saylı, 13 avqust 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli, iş № 2(006)-1054/2018 saylı qətnaməsi ilə 14 iyun 2009-cu il təvəllüdlü X14 və xx.xx.2013-cü ildə təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün təyin edilmiş alimentin miqdarı sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üçün müəyyən olunmuş minimum əmək haqqının 0.33 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112- ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə məhkəmə kollegiyası qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Masallı Rayon Məhkəməsinin 2(050)- 2267/2025 saylı, 07 avqust 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməli, Masallı Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 8(050)-126/2025 saylı qərardadı ilə xx.xx.2012-ci il təvəllüdlü X15 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün indeksasiya edilmiş aliment miqdarı azaldılaraq hər uşağa görə hər ay ölkə üçün müəyyən olunmuş minimum əmək haqqının 0.50 misli həddində sabit pul məbləğində müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qətnamənin mübahisələndirilən hissəsində tərəflərə muvafiq olaraq iddiaçının apellyasiya şikayəti üzrə qətnamənin mübahisələndirilən hissəsinin qiyməti (464-400)x12=768 manat (yəni qətnamənin mübahisələndirilən hisssində iddianın qiyməti beş min manatdan az) təşkil edir. Ona görə də tərəflər qətnamədən kassasiya şikayəti verə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 2(050)-2267/2025 saylı, 07 avqust 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh X6 qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 8(050)-126/2025 saylı qərardadı ilə xx.xx.2012-ci il təvəllüdlü X15 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün indeksasiya edilmiş aliment miqdarı azaldılaraq hər uşağa görə hər ay ölkə üçün müəyyən olunmuş minimum əmək haqqının 0.50 misli həddində sabit pul məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar