Məhkəmə qərarları › İş №2(106)-1574/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1574/2024

02.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1574/2024 02.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X7 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(036)-1071/2024 saylı qətnaməsindən (hakim Z.Pirverdiyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər birinə görə 235 manat olmaqla iki uşağa görə ümumilikdə 470 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 2016-cı ildə qeyri rəsmi nikah münasibətinə girərək ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.2017-ci ildə X6, xx.xx.2019-cu ildə isə X8 adlı iki uşaqları olmuşdur. Ailə quran vaxtı bir müddət cavabdehlə mehriban ailə kimi yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Hazırda cavabdehlə faktiki olaraq ayrılmışlar, uşaqlar onun himayəsindədir. Uşaqları saxlamaqda çətinlik çəkir, cavabdeh isə ona heç bir köməklik göstərmir. Ona görə də məcbur olub hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçının vəkili, eyni zamanda nümayəndəsi X2 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh iddianın rədd olunmasını xahiş edib izahatında bildirmişdir ki, uşaqlarının saxlanılması üçün köməklik göstərir. İddiaçının kartına pul atmışdır, qəbzləri də vardır. İmişli Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(036)-1071/2024 saylı qətnaməsi ilə iddia təmin olunaraq, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək dəyişdirilib alimentin miqdarının ayda hər uşağa görə 130 manat müəyyən edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, alimentin yüksək olmasını mübahisələndirir. Hesab edir ki, İmişli Rayon Məhkəməsinin həmin qətnaməsi ilə hüquqları pozulmuşdur. İddiaçı onun ayda yüksək həddə aliment verməyə imkanı olmadığını, xəstə olduğunu yaxşı bilir. Məhkəmə ayda hər uşağa 235 manat aliment vermək imkanı olmasına dair heç bir sübuta əsaslanmamışdır. Xəstədir, xəstəliyinə görə hərbi xidmətə aparılmamışdır. Ayda orta hesabla 450 manat qazancı olur, mövsümi ara işlərində işləyir. Himayəsində təqaüdçü anası da vardır və əlavə olaraq kirayə pulu verir. Xəstə olmaqla ağır işlərdə işləyə bilmir. Başqa gəliri yoxdur. Buna baxmayaraq uşaqlarına tez-tez pul köməkliyi edir, iddiaçıya pul göndərdiyi barədə qəbzləri məhkəməyə təqdim etmiş, lakin məhkəmə götürməmişdir. Ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 2024-cü ildə hər ay 235 manat həddində müəyyən edilməsi ilə bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin izahına görə bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Aylıq minimum yaşayışı təmin edəcək vəsaiti yoxdur. Himayəsində qoca yaşlı anası da vardır və onu da saxlamaq borcudur. Həm də qanuna görə uşaqları saxlamaq hər iki valideynin borcudur. Uşaqların minimum saxlanma xərcini tək onun üzərin qoymaq düzgün deyildir. Ayda iddiaçıya 470 manat aliment verməyi üçün aylıq gəliri ən azı 1410 manat olmalıdır, belə qazancı isə yoxdur. Alimentin ayda hər uşağa 130 manat müəyyən edilməsi onu qohumların köməyi ilə ödəməyə imkan verər. Bu səbəbdən də hesab edir ki, qətnamə qismən ləğv edilməli və aliment məbləğinin azaldılması barədə yeni qətnamə qəbul edilməlidir. b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdeh apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, hal-hazırda Bakı şəhəri, Binəqədi rayonunda yerləşən şüşə sexində şüşələri düzən vəzifəsində işləyir, aylıq 400 manat əmək haqqı alır. Həmçinin Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 2 otaqlı mənzildə 100 manat ödəməklə kirayə mənzildə anası ilə birlikdə yaşayır. İddiaçı ilə birgə yaşadığı dövrdə də fəhlə işləyirdi. Məhkəmədə iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, böyük oğlu Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi ərazisində yerləşən 182 saylı tam orta məktəbin 2-ci sinif şagirdidir. Həmin ərazidə kirayədə yaşayır, aylıq 200 manat kirayə haqqı ödəyir. Kiçik oğlu isə “Günəş” adlı uşaq bağçasına gedir, həmin bağçaya isə hər ay 120 manat pul ödəyir. Əlavə olaraq 50 manat təhsili üçün hazırlığıa ödəyir. 2 ildir ki, cavabdehlə faktiki olaraq ayrılıblar. Bu müddət ərzində cavabdeh az da olsa maddi köməklik edib, 6 aydır ki, cavabdeh alimenti ödəmir və 1000 manata yaxın aliment borcu yaranmışdır. Valideynlərinin maddi dəstəyi ilə yaşayır, hal-hazırda fərdi qaydada gözəllik salonunda işləyir, aylıq 200-250 manat arası qazancı olur. Birgə yaşadıqları dövrdə cavabdehin işləməməsi səbəbindən aralarında mübahisələr olmuş, maddiyyat baxımdan çətinlik çəkmişdir. Cavabdehin alimenti azaldılması təlbinə isə o halda razılıq verər ki, cavabdeh uşaqları ilə maraqlansın, pulunun olmaması barədə ona məlumat versin. Ancaq cavabdeh uşaqları ilə maraqlanmır, hətta övladlarının doğum gününü telefonla belə zəng vuraraq təbrik etməmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək alimentin miqadarının azaldılmasını xahiş etməklə qətnaməni qismən mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə qismən düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borclaudur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur: İmişli rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İseriyalı 272654 nömrəli Atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə İddiaçı doğulmuş X3 atası hesab edilmişdir. İmişli rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 896799 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2017-ci il tarixdə Sabirabad şəhərində doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İmişli rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı 363444 nömrəli Atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə İddiaçı doğulmuş X4 atası hesab edilmişdir. İmişli rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 3-16-05/69- 470/2024 saylı arayışdan görünür ki, X8 xx.xx.2019-cu il tarixdə İmişli şəhərindədoğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. “Elektron məhkəmə” informasiya sistemi üzərindən əldə edilmiş məlumatlara əsasən İddiaçı heç bir yerdə işləmir, Cavabdeh işəgötürən fiziki şəxs X5 (VÖEN **********) aid sexdə şüşələri düzən vəzifəsində işləyir, aylıq əmək haqqı 400 manat təşkil edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur; Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur; Həmin Məcəllənin 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında Qanuna əsasən uşaqlar üçün bu məbləğ 235 manat müəyyən edilmişdir. Göründüyü kimi adı çəkilən qərarlarla və daxili qanunvericiliklə uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin alimentin məbləğinin dəyişdirilməsi üçün əsasdır. Belə ki, Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən, tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən uşağın əvvəlki təminatının səviyyəsinə dair hər hansı bir sübut verilməməsi ilə yanaşı, cavabdehin gəlirinin az olması və sair kimi diqqətəlayiq hallar, həmçinin valideynlərin hər ikisinin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmaları nəzərə alınaraq birinci instansiya məhkəməsi tərəfindən təyin olunan sabit pul məbləğində alimentin miqdarı hər ay hər uşağa görə 235 manatdan azaldılaraq hər ay hər uşağa görə 200 manat məbləğində müəyyən edilməlidir. Qanunverici alimentin miqdarı müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Hazırki iş üzrə cavabdehin iddianın mübahisələndirdiyi hissədə qiyməti (235X2=470; 470x12=5640; 130x2=260; 260x12=3120; 5640-3120=2520) 2520 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi mübahisələndirilən hissədə iddianın qiyməti 2520 manat təşkil etdiyindən, prosessual qanunvericiliyə əsasən hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(036)-1071/2024 saylı qətnaməsi alimentin müəyyən olunan məbləği hissədə dəyişdirilsin, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər birinə görə 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar