Məhkəmə qərarları › İş №2(106)-1588/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1588/2024

03.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1588/2024 03.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki iş üzrə Açar sözlər: aliment tələbi, aliment maddi imkanı aşağı olan bir valideyndən digərinin xeyrinə tutulur. X6 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(056)-1578/2024 saylı (hakim Səlim Allahverdiyev) qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı «iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından olan xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün iş üzrə cavabdeh xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə el adəti ilə toy edib evlənmiş, nikahlarını xx.xx.2009-cu ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X4 adlı iki uşaqları anadan olmuşdur. Bir müddət birgə yaşasalar da, sonradan münasibətləri uyğun gəlmədiyinə görə ayrılmışlar. Hazırda xx.xx.2009-cu il təvəllüdlü X5 onun, xx.xx.2011-ci il təvəllüdlü X4 isə onun himayəsindədir. Onlar razılığa gəlmişdilər ki, uşaqlardan biri onun, digər cavabdehin yanında qaldığı üçün bir-birlərindən aliment tələb etməyəcəklər. Bundan sonra o, nikahın pozulması, uşaqların yaşayış yerinin müəyyən olunması ilə bağlı məhkəməyə müraciət etmiş, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli. e-2(056)-161/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, onlar arasında olan nikahın pozulması, xx.xx.2009-cu il təvəllüdlü X3 onun, xx.xx.2011-ci il təvəllüdlü X1 isə cavabdehin yanında qalması, xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla hər ay 170 manat sabit pul məbləğində alimentin ondan alınıb cavabdehə verilməsi qət edilmişdir. Hazırda özü işsizdir. Fərdi əmək fəaliyyəti ilə məşğul olur. Himayəsində olan Səid məktəbli olmaqla 9-cu sinifdə oxuyur. Onun gündəlik, aylıq, illik xərcləri hamıya bəllidir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı iddia tələbini müdafiə edərək iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə işə baxılmasının yolverilməzliyi barədə ərizə təqdim edərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh işə baxılmasının yolverilməzliyi barədə ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə onun arasında nikahın pozulması, uşaqların yaşayış yerinin müəyyən olunması və aliment ödənişi ilə bağlı mübahisə ilə əlaqədar məhkəmə çəkişməsi olmuş və iş yekunlaşmışdır. Mübahisə xx.xx.2024-cü ildə yekunlaşmış, qətnamə qəbul edilmiş və qanuni qüvvəyə minmiş e-2(056)-2396/2023 saylı həmin iş üzrə qətnaməyə əsasən xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla hər ay 170 manat sabit pul məbləğində alimentin iddiaçıdan alınıb ona verilməsi qət edilmişdir. Onların 15 il ərzində qurub yaratdıqları, qazandıqları bütün əmlaka, ailənin varidatına hazırda iddiaçı təkbaşına sahiblik edir. O, isə azyaşlı övladı ilə kirayədə yaşayır. Buna görə məhkəmə övladının minimal xərclərini qarşılamaq üçün minimum məbləğdən az olmamaqla, yəni 170 manat aliment təyin etdi. İndiki vəziyyətdə onların münasibəti, gəliri və s. haqqında hər hansı dəyişiklik olmamışdır. Qarşı tərəf prosessual müddəti ötürmüş və bu qətnamədən apellyasiya şikayəti verməmişdir. Belə olan halda aydındır ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə minir. Buna görə də hesab edir ki, hazırkı iddia məhkəmə mübahisəsinin predmeti ola bilməz və işə baxılması yolverilməzdir. Sabirabad Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(056)-1578/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, alimentin bu qaydada tutulmasının xx.xx.2024-cü il tarixdən hesablanması və qətnamə dərhal icraya yönəldilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti vermiş, şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə işdən mübahisəni gördüyü halda iddia tələbini tam və hərtərəfli araşdırmadan, düzgün nəticəyə gəlmədən qətnamə qəbul etmişdir. İş üzrə cavabdeh yazılı qaydada əvvəlki məhkəmə qətnaməsini və orda nəyə görə birtərəfli qaydada aliment təyin edilməsini açıq-aşkar surətdə məhkəməyə təqdim etsə də məhkəmə "birinci işdə aliment məsələsinə ümumiyyətlə toxunulmadığını" bildirmişdir. Məhkəmə təcrübəsi göstərir ki, nikahın pozulması, uşaqların yaşayış yerinin müəyyən edilməsi və aliment öhdəliyinin təyin edilməsi məsələləri bir yerdə həyata keçirilir. Ona görə ki, bu üç məsələ bir-biriləri ilə ayrılmaz surətdə bağlıdır. Nikahın pozulması ilə ailənin bütövlüyü dağılır, uşaqlar ata və ya ananın himayəsinə verilir, uşaqların əmək qabiliyyətləri olmadığı və fiziki olaraq yetişkin olmadıqları üçün işləyə bilmədikləri nəzərə alınaraq onlar üçün çəkilən xərclərə görə valideynindən aliment alınır. Hesab edirlər ki, bu üç məsələni ayrı-ayrı həll etmək mümkün deyil. Ona görə ki, onlar zəncirvari şəkildə bir-birləri ilə əlaqədardır və birinin nəticəsi digərinin səbəbinə çevrildiyi üçün məhz bir bir yerdə həll edilməlidir. Buna görə də elə düşünmək olmaz ki, birinci dəfə Sabirabad RM-də işə baxılarkən hakim aliment məsələsini unudub. Sadəcə nəticə İddiaçı xoşuna gəlməmişdir. Həmçinin məhkəmə necə münasibət bildirməyib ki, qətnamədə açıq-aşkar aliment öhdəliyinin başlanğıc tarixi, miqdarı və s. qeyd edilibdir. Eyni tərəflər arasındakı eyni predmet üzrə mübahisə barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olduğunu bilə-bilə işə təkrar baxaraq kobud prosessual pozuntuya yol vermişdir. İşdən görünür ki, məhkəmə işə “ilk dəfə” baxırmış kimi yanaşmış və buna görə də qalan bütün hərəkətlərində prosessual qanunvericiliyi dəfələrlə pozmuşdur. Barəsində şikayət verilən məhkəmə qətnaməsində öncəki məhkəmənin baxıb həll etmədiyi və ya unutduğu hər-hansı məsələ qalmamışdır. Aralarında alimentlə bağlı mübahisənin olduğunu əks etdirən sənədlər birinci işdəki qarşı tərəfin yazdığı iddia ərizəsi və onların ona yazdığı etiraz Məhkəməyə təqdim edilmişdir. Təbii ki, onlar, kimsənin qanunla tanınan hüquqlarının pozulmasına tərəfdar deyil. Lakin, burda sadə bir həqiqət vardır ki, tərəf hesab edirsə ki onun hüquqları pozulub qanuna uyğun olaraq hələ məhkəmə qətnaməsi qüvvəyə minməmiş apellyasiya instansiyasına müraciət etməli idi. Şəxs bu müddəti ötürüb, müddətin bərpa edilməsinə dair hər hansı hərəkət etməyib və yenidən birinci instansiya məhkəməsinə müraciət edib. Aydındır ki, məhkəmədə mübahisə edən tərəflərdən biri əksər hallarda məhkəmə qətnaməsindən narazı qalır. Belə olan halda hər narazı qalan təkrar-təkrar eyni məhkəməyə müraciət edəcəksə məhkəmə mübahisələri necə həll edəcək?! Eyni məhkəmənin bir-birinə zidd xarakterli bir neçə qətnaməsi varsa bunlardan hansı icraya yönəldiləcək? Hesab edir ki, bu məsələ ümumiyyətlə hüquq müstəvisində müzakirə edilməyə belə layiq deyil. Çünki, məhkəmənin eyni tərəflər arasındakı eyni predmet üzrə işə say məhdudiyyəti olmadan baxmaq imkanı faktiki olaraq məhkəməni əhəmiyyətsiz bir alətə çevirərdi. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı və cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. İddiaçıya və cavabdehə müəyyən edilmiş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçı və cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh apellyasiya şikayətində qətnaməni tam olaraq mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı cavabdehin apellyasiya şikayəti əsasında tam yoxlanılmalıdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəni dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. AZ-İ No 525714 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Səfayət oğlu xx.xx.2009-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Doğum haqqında arayışlardan görünür ki, tərəflərin xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X4 adlı iki uşaqları anadan olmuşdur. Sabirabad Rayon Məhkəməsinin e-2(056)-161/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2009- cu il tarixdə bağlanmış nikahın pozulması, tərəflərin övladı xx.xx.2009-cu il təvəllüdlü X3 atası İddiaçı, xx.xx.2011-ci il təvəllüdlü X1 isə anası Cavabdeh yanında qalması, xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla hər ay 170 manat sabit pul məbləğində alimentin İddiaçı alınıb Cavabdeh verilməsi qət edilmişdir. İddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, cavabdehdən iddiaçının xeyrinə aliment tutmuşdur. Hazırda cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, aliment bir valideyndən aztəminatlı digər valideynin xeyrinə tutulur. Belə olan halda, iddiaçı əvvəl aliment tələbinə dair mübahisə olarkən, qətnamədən apellyasiya şikayəti verə bilərdi. Lakin cavabdeh qətnamədən apellyasiya şikayəti verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslıdır və birinci instansiya məhkəməsi işə baxarkən iş üçün mühüm əhəmiyyəti olan halları aydınlaşdırmamış və bununla da maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, Ailə Məcəlləsinin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Qanunvericiliyin məğzindən görünür ki, aliment bir valideyndən az təminatlı digər valideynin xeyrinə tutulur. Sabirabad Rayon Məhkəməsinin e-2(056)-161/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2009- cu il tarixdə bağlanmış nikahın pozulması, tərəflərin övladı xx.xx.2009-cu il təvəllüdlü X3 atası İddiaçı, xx.xx.2011-ci il təvəllüdlü X1 isə anası Cavabdeh yanında qalması, xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla hər ay 170 manat sabit pul məbləğində alimentin İddiaçı alınıb Cavabdeh verilməsi qət edilmişdir. Göründüyü kimi, ilk dəfə aliment aztəminatlı olan cavabdehin xeyrinə iddiaçıdan tutulmuşdur. Belə olan halda da, hazırkı iddia əsaslı hesab edilə bilməz. Çünki əvvəlki məhkəmə qətnaməsinə əsasən cavabdeh aztəminatlı hesab edilmiş və buna görə də onun xeyrinə iddiaçıdan aliment tutmuşdur. Bu onu deməyə əsas verir ki, cavabdehin iddiaçıya münasibətdə daha az maddi təminata malik olmuşdur. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələb təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissə- aliment 220 manat məbləğində tələb edilmişdir. Alimentlə bağlı ödəmənin illik məcmusu (170x12=2040) 5000 manatdan az olduğundan hazırkı qətnamədən kassasiya instansiyası məhkəməsinə kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(056)-1578/2024 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumunun əvəzi 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Cavabdeh ödənilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar