Məhkəmə qərarları › İş №2(106)-1589/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1589/2023

19.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1589/2023 19.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X15 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X12 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 2(022)-793/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, azyaşlı - 03 may 2011-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay onun xeyrinə bir uşaq üçün 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Biləsuvar Rayon Məhkəməsinin 2(022)- 50/2022 saylı, 31 yanvar 2022-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, X6 və İddiaçı arasında 24 avqust 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Kəngərli rayon Qeydiyyat Şöbəsində 91 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2011-ci il tarixdə anadan olmuş X14 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X8 anaları X3 yanında saxlanılmaları, xx.xx.2011-ci il tarixdə anadan olmuş X7 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X8 ondan alınıb iddiaçı X4 verilməsi, xx.xx.2011 -ci il tarixdə anadan olmuş X14 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin ondan alınıb X4 verilməsi, alimentin tutulmasının xx.xx.2011-ci il tarixdə anadan olmuş X14 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X8 ondan alınıb iddiaçı X4 verildiyi gündən etibarən həmin uşaqların yetkinlik yaşına çatana qədər müəyyən edilməsi qət edilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 2(022)-1153/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, 03 may 2011-ci il tarixdə doğulmuş X7 onun yanında saxlanılması, Biləsuvar Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli 2(022)- 50/2022 saylı qətnaməsinə əsasən 03 may 2011-ci il tarixdə doğulmuş X1 üçün ondan X3 xeyrinə aliment tutulması barədə öhdəçiliyə uşaq faktiki olaraq atanın yanında qaldığı müddətdən etibarən xitam verilməsi qət edilmişdir. Həmin vaxt hər iki övladı dindirilmiş və onun yanında qalmaq istədikləri deyilsə də, uşaqların hər ikisi cavabdehə verilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 2(022)-50/2022 saylı, 31 yanvar 2022-ci il tarixli qətnaməsi qüvvəyə mindikdən sonra icra edilməsi üçün Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, qızı Zəhra cavabdehə verilsə də, oğlu Yusif getməmiş və onun yanında qalmışdır. Yusif onun himayəsində olduğu halda o, cavabdehə Yusif üçün də aliment ödəyirdi. Daha sonra məhkəməyə müraciət edərək, hər iki övladının onun himayəsinə verilməsi və alimentə xitam verilməsini məhkəmədən xahiş etmiş, Biləsuvar Rayon Məhkəməsinin 2(022) -1153/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Yusifi qətnamə ilə tam şəkildə öz himayəsinə aldıqdan sonra Yusif üçün olan alimentə xitam verilmişdir. Hal-hazırda Yusif onun və qızı Zəhra isə cavabdehin himayəsindədir. O, qızı üçün cavabdehin xeyrinə 120 (bir yüz iyirmi) manat aliment ödəyir. O, cavabdehə təklif etmişdir ki, Yusif onun himayəsindədir və ona verdiyi aliment pulundan imtina etsin. Çünki Yusifə o, Zəhraya isə cavabdeh baxır. Lakin o, bundan imtina etdi. Çox kobud şəkildə ona aliment verməli olduğunu bildirdi. O, məhkəməyə müraciət etmədən öncə Salyan 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş, Salyan 1 saylı Mediasiya Təşkilatı tərəfindən ona İlkin medasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayış verildi və cavavdeh mediasiyaya gəlmədiyi üçün həmin arayış əsasında məhkəməyə müraciət edə biləcəyi izah olundu. Heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə bocludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Odur ki, 03 may 2011-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay onun xeyrinə bir uşaq üçün 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdeh X6 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı məhkəmədə ona qarşı xx.xx.2011-ci il tarixdə doğulmuş X9 görə sabit pul məbləğində hər ay 220 manat məbləğində alimentin tutulması tələbinə dair iddia qaldırmışdır. İddia ərizəsindən göründüyü kimi onların arasında olan xx.xx.2011-ci il tarixli nikah məhkəmə qaydasında pozulmuşdur. Həmin vaxt Biləsuvar Rayon Məhkəməsinin 2(022)-50/2022 saylı qətnaməsi ilə xx.xx.2011-ci il tarixdə doğulmuş X7 və xx.xx.2015-ci il tarixdə doğulmuş X8 onun yanında saxlanılması və hər uşağa görə 120 manat olmaqla alimentin İddiaçı tutularaq ona verilməsi müəyyən edilmişdir. Lakin həmin məhkəmə qərarının icrası zamanı İddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməyərək, xx.xx.2011-ci il tarixdə doğulmuş X10 ona verməmiş, daha sonra məhkəmədə uşaq tələbi ilə iddia qaldırmışdır. Məhkəmə həmin mülki işin baxılması zamanı İddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməməsini nəzərə almadan Yusifin atası ilə qalması və ona nisbətdə aliment öhdəçiliyinə xitam verilməsinə dair xx.xx.2022-ci il tarixli 2(022)- 1153/2022 saylı qətnamə qəbul etmişdir. Hazırda İddiaçı Yusifin yetkinlik yaşına çatmasına qədər hər ay 220 manat alimentin ondan alınmasına dair məhkəmədə iddia qaldırmışdır. Belə ki, oğlu Yusif atası tərəfindən ona göstərilmiş şiddətdən bezərək, bir müddət əvvəl qaçıb onun yanına gəlmişdir.Tərəfindən uşağın onunla saxlanılmasına dair mediasiya prosesi başladıqdan sonra İddiaçı icra işi üzrə xitam qərarının olmasına baxmayaraq, icra məmurunun vasitəsilə oğlu Yusifə fiziki güc tətbiq etməklə, ondan alıb aparmışıdır. İddiaçı indiyədək cəmi 200 (iki yüz) manat aliment ödəmişdir. Qeyd etdiyi əsaslara görə A. Rəsulovun iddia ərizəsi baxılmamış saxlanılmalı və o mediasiya prosesini aidiyyat qaydalarına uyğun keçirdikdən sonra yenidən ümumi əsaslar üzrə məhkəməyə müraciət etməlidir. Biləsuvar Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 2(022)-793/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı 03 may 2011-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay onun xeyrinə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və azyaşlı- xx.xx.2011-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay iddiaçının xeyrinə bir uşaq üçün 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Təbii ki, iddiaçı razılaşır ki, uşaqların saxlanması valideynlərin borcu və vəzifəsidir. Amma qanunda da yazılmır ki, uşaqları saxlamaq təkcə atanın borcudur. Əksinə, qanunda uşaqları saxlamağın hər iki valideynin borcu olduğu və uşaqlara münasibətdə valideynlərin hüquq və vəzifələrinin bərabər olduğu açıq göstərilir. Bildirir ki, cənab Prezidentin Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Qanunu imzalayıb və uşaqların saxlanması üçün minimum pul 220 manat məbləğində müəyyən edilmişdir. Bu Qanun 2023-cü ilin yanvar ayının 1-dən qüvvəyə minmişdir. İddiaçının bütün bu qeyd etdikləri birinci instansiya məhkəməsində nəzərə alınmayaraq, yalan ifadələr yazılmış ədalətsiz qətnamə qət edilmişdir. Qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsində işlədiyini bildirsə də, hakim qətnamədə cavabdehin işləmədiyini qeyd etmişdir. Şəffaf məhkəmə prosesləri keçirilməyərək, iddiaçının bütün hüquqları kobud şəkildə pozulmuşdur. İddiaçı da heç bir yerdə işləmir və aylq sabit gəliri olmadığı halda cavabdehə aliment verir. Bir daha qeyd edir ki, alimentin ödənilməsi təkcə atalar üçün deyil. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə İddiaçı apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin məzmunu ilə oxşar məzmunda izahat verərək onun təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, hazırda uşaqlardan biri onun, digəri isə cavabdehin yasnında qalır. O, cavabdehin yanında qalan uşaq üçün aliment ödəmir, yalnız uşaq üçün pal-paltar alır. Cavabdehə qarşı hazırkı iddianın qaldırmaqda məqsədi cavabdehin yanında qalan uşağa münasibətdə alimentdən imtina etməməsidir. Çünki, bundan öncə cavabdehə alimentdən imtina etməsini təklif etmiş, lakin cavabdeh onun bu təklifini qəbul etməmişdir. Ona görə də cavabdehə qarşı hazırkı iddianı qaldırmışdır. Cavabdeh apellyasiya şikayətini qəbul etməmiş, onun əsassız hesab etmişdir. Bildirmişdir ki, iddiaçı indiyədək cəmi 400 manat aliment ödəmişdir. Bundan sonra da aliment ödəməyəcəyini bildirir. Hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının iddiasını təmin etməmişdir. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı iddiaçı tərəfindən tam olaraq mübahisələndirildiyindən, əsaslılığı da iddiaçıya münasibətdə tam yoxlanılmalıdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Ailə Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan Biləsyvar Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(022)-50/2022 sayl qətnaməsindən görünür ki, iddia təmin edilmiş, X6 və İddiaçı arasında 24 avqust 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Kəngərli rayon Qeydiyyat Şöbəsində 91 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2011-ci il tarixdə anadan olmuş X14 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X8 anaları X3 yanında saxlanılması, 03,05.2011-ci il tarixde anadan olmuş X14 və xx.xx.2015-ci İl tarixdə anadan olmuş X8 cavabdeh İddiaçı alınıb iddiaçı X4 verilməsi, xx.xx.2011-ci il tarixdə anadan olmuş X7 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı alınıb X4 verilməsi qət edilmişdir. İş materiallarında olan Biləsyvar Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(022)-1153/2022 sayl qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X4 qarşı uşaqların onun yanında qalması və aliment öhdəçiliyinə xitam veriləməsi tələbinə dair iddiası qismən təmin edilmiş, 03 may 2011-ci il tarixdə doğulmuş X7 atası İddiaçı yanında saxlanılması, Biləsyvar rayon məhkəməsinin 31 yanvar 2022-ci il tarixli 2(022)-50/2022 saylı qətnaməsinə əsasən 03 may 2011-ci il tarixdə doğulmuş X1 üçün İddiaçı X3 xeyrinə aliment tutulması barədə öhədəçiliyə uşaq faktiki olaraq atanın yanında qaldığı müddətdən etibarən xitam verilməsi qət edilmişdir. İş materiallarında olan AZE seriyalı № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Rəsulov X11 şəhəri M.Müşfiq küçəsi ev 8- də qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Kərimova X5 şəhəri M.Müşfiq küçəsi ev 11-də qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MŞS/MT-028/2023/0167A saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, X6 mediasiya sessiyasının saatı və yeri barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmışdır.X2 mediasiya sessiyasında iştirak etməmişdir.İddiaçı mediasiya sessiyasında iştirak etmiş və 55 manat mediasiya xərcini ödəmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yaxud da, dəyişdirilməsi üçün əsas ola bilməz. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən doğru qənaətə gəlmişdir. Baxılan işdə tərəflər arasında yaranan münasibətə hüquqi qiymət verilməsi üçün alimentin mahiyyətini izah etmək vacibdir. Belə ki, valideyinlərin uşaqlarını saxlamaq vəzifəsi həm hüquqi həm də sosial əhəmiyyət kəsb edir. Uşaqlara qayğı göstərmək, onları saxlamaq valideyinlərin vəzifəsidir. Aliment – uşaqların saxlanılması üçün ödənilən vəsaitdir. Aliment bunu ödəmək üçün zəruri imkana malik olan tərəfdən (valideynlər, baba, nənə və s) tutulur. Göründüyü kimi aliment tələb edən valideyn onun yanında qalan uşağının zəruri ehtiyaclarını qarşılamaq üçün məhkəməyə müraciət edir. Yəni alimentlə bağlı məhkəmələrdə qaldırılan iddiaların əsasını yanında qalmış uşağın zəruri ehtiyacları və bu ehtiyacların ödənilməsi durur. Lakin hazırkı işdə iddiaçının tələbi cavabdehi onun yanında qalmış uşağa münasibətdə aliment tələbindən imtinaya məcburetməyə yönəlmişdir. Belə ki, iddiaçı həm iddia ərizəsində, həm də apellyasiya şikayətində qeyd etmişdir ki, “Hal-hazırda Yusif onun və qızı Zəhra isə cavabdehin himayəsindədir. O, qızı üçün cavabdehin xeyrinə 120 (bir yüz iyirmi) manat aliment ödəyir. O, cavabdehə təklif etmişdir ki, Yusif onun himayəsindədir və ona verdiyi aliment pulundan imtina etsin. Çünki Yusifə o, Zəhraya isə cavabdeh baxır. Lakin o, bundan imtina etdi. Çox kobud şəkildə ona aliment verməli olduğunu bildirdi.” Hazırda baxılan işdə ilkin olaraq aliment təyin olunarkən, uşaqları saxlamaq üçün alimentin ödənilməsi öhdəliyi iddiaçının üzərinə qoyulmuşdur. Hazırda valideynlərin hər birində bir uşaq qalması, bir valideyni digər uşağına baxma vəzifəsindən azad etmir. İlkin aliment təyin edilərkən maddi cəhətdən uşağı daha çox saxlamaq iqtidarında olan valideyn olaraq iddiaçıdan aliment tutulmuşdur. Eyni zamanda iddiaçı iddia tələbinə dair məhkəməyə müvafiq sübutlarını təqdim etməmişdir. Apellyasiya şikayətinə də, müvafiq sübutlarını əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlillər qətnamənin mübahisələndirilən hissələrdə ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv oluna, dəyişdirilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 2(022)-793/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə, dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar