Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1598/2025 27.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X3 qarşı aliment tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 2(055)-1127/2025 saylı, 11 sentyabr 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 27 oktyabr 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 17 iyun 2010-cu ildə anadan olmuş X4 yetkilik yaşına çatana qədər saxlanılması üçün cavabdeh X1 hər ay 246 manat sabit pul məbləğində alimentin və mediasiya xərci kimi ödənilmiş rüsumun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinin onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə el adəti ilə toy etməklə, nikahlarını 29 avqust 2017-ci il tarixdə Sabirabad Regional “Asan Xİdməti “Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 0637 saylı akt ilə qeydə alınmışdır. Birgə nikahlarından 17 yanvar 2014-cü il tarixdə X5 və 08 iyul 2019-cu il tarixdə X7 adlı iki övladları anadan olmuşdur. Aralarında olan nikah münasibətlərinin pozulması ilə əlaqədar Əlili X2 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Sonradan Cavabdeh ilə aralarında bağlanılmış və 29 avqust 2017-ci il tarixdə Sabirabad Regional “Asan Xİdməti “Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 0637 saylı akt ilə rəsmiləşdirilmiş nikah pozulması ilə əlaqədar Saatlı Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etmişdir. Saatlı Rayon Məhkəməsinin 2(055)-8/2025 saylı xx.xx.2025ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 29 avqust 2017-ci il tarixdə Sabirabad Regional «Asan xidmət» mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 0637 saylı nikah qeydi pozulması, tərəflərin birgə nikahından anadan olmuş 17 iyun 2010-ci il təvəllüdlü X7 adlı uşağın cavabdeh İddiaçı, 17 yanvar 2014-cü il təvəllüdlü X5 adlı uşağın iddiaçı Cavabdeh yanında qalması yanında qalması müəyyən edilməsi, cavabdeh İddiaçı 17 yanvar 2014-cü il təvəllüdlü Zəhra adlı bir nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 10 iyun 2024-cü il tarixdən başlanaraq hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,37 misli həddində sabit pul məbləğində aliment alınıb iddiaçı Cavabdeh xeyrinə ödənilməsi, cavabdeh İddiaçı ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci, cəmi 100 (bir yüz) manat alınıb iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Hal-hazırda X7 onun himayəsindədir. Birgə nikahdan doğulmuş iki övladlarından biri anada, biri isə onun yanındadır. Buna baxmayaraq Saatlı Rayon Məhkəməsi ananın himayəsində saxlanmış övladının saxlanması üçün aliment müəyyən etmişdir. Aliment məbləğinin ödənilməsi onun maddi durumunu çətin vəziyyətə salır. Müntəzəm gəlirinin olmaması səbəbindən çox çətinlik çəkir. Bu səbəbdən aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı ərizə təqdim edərək, məhkəmə baxışının onun iştirakı olmadan keçirilib, iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh X6 heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etməmişdir və məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Saatlı Rayon Məhkəməsinin 2(055)-1127/2025 saylı, 11 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (Hakim: Vüqar Qasımov), iddianın qismən təmin edilməsi, cavabdeh X1 17 iyun 2010-cu ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 15 iyul 2025-ci il tarixdən başlanaraq hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,075 misli həddində sabit pul məbləğində alimentin alınıb İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia qaldırılarkən ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin cavabdeh X1 alınaraq İddiaçı ödənilməsi, X1 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, qətnamənin alimentə dair olan hissəsinin dərhal icra olunması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Saatlı Rayon Məhkəməsinin 2(055)-1127/2025 saylı, 11 sentyabr 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək Cavabdeh İddiaçı xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.61 misli həddində sabit pul məbləğində aliment tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Saatlı Rayon Məhkəməsinin 2(055)-1127/2025 saylı, 11 sentyabr 2025-ci il tarixli qətnaməsini İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın (xx.xx.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də ödəməyə borclu olan valideyinin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancının hamısını və ya bir hissəsini xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Saatlı Rayon Məhkəməsinin 2(055)-1127/2025 saylı, 11 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. İşdə olan Saatlı Rayon Məhkəməsinin 2(055)-8/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin surətindən görünür ki, qətnamə ilə iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 29 avqust 2017-ci il tarixdə Sabirabad Regional «Asan xidmət» mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 0637 saylı nikah qeydi pozulması, tərəflərin birgə nikahından anadan olmuş 17 iyun 2010-ci il təvəllüdlü X7 adlı uşağın cavabdeh İddiaçı, 17 yanvar 2014-cü il təvəllüdlü X5 adlı uşağın iddiaçı Cavabdeh yanında qalması yanında qalması müəyyən edilməsi, cavabdeh İddiaçı 17 yanvar 2014-cü il təvəllüdlü Zəhra adlı bir nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 10 iyun 2024-cü il tarixdən başlanaraq hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,37 misli həddində sabit pul məbləğində aliment alınıb iddiaçı Cavabdeh xeyrinə ödənilməsi, cavabdeh İddiaçı ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci, cəmi 100 (bir yüz) manat alınıb iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməzdən əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır.
1. Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir.
2. Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi, uşağın hüquq və mənafeyi ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən tələbləri gözləməklə istər uşağın hüquq və mənafeyini, istərsə də valideynlərin hüquq və mənafelərini gözləmişdir. Kollegiya qeyd edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112- ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən qeyd etmişdir ki, cavabdeh X6 yetkinlik yaşına çatmamış 17 iyun 2010-cu ildə anadan olmuş X4 valideyni olduğundan, Ramiz isə hazırda İddiaçı ilə birlikdə yaşadığından və alimentin ödənilməsi barədə tərəflər arasında razılıq olmadığından iddiaçı hazırkı iddia tələbini irəli sürməkdə haqlıdır. Lakin kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə ilə Saatlı Rayon Məhkəməsinin 2(055)- 8/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ziddiyyət təşkil edir. Belə ki, Saatlı Rayon Məhkəməsinin 2(055)-8/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından anadan olmuş 17 iyun 2010-ci il təvəllüdlü X7 adlı uşağın cavabdeh İddiaçı, 17 yanvar 2014-cü il təvəllüdlü X5 adlı uşağın iddiaçı Cavabdeh yanında qalması yanında qalması müəyyən edilmiş, İddiaçı 17 yanvar 2014-cü il təvəllüdlü Zəhra adlı bir nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 10 iyun 2024-cü il tarixdən başlanaraq hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,37 misli həddində sabit pul məbləğində aliment alınıb iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Göründüyü kimi uşaqlardan biri atanın, digəri isə ananın himayəsinə verilmiş, ananın himayəsində saxlanılan uşaq üçün aliment müəyyən edilmişdir. Hazırki vəziyyətdə isə iddiaçının onda qalan uşaq üçün aliment tələb etməsi, qətnamə ilə müəyyən edilmiş alimenti cavabdeh Ülviyyə Əlili aldığı kimi eynilə iddiaçıya geri ödəmək məcburiyətində qalır. Başqa sözlə məhkəmə hazırkı iddianın təmin etməklə, faktiki olaraq hazırkı iddiaçının əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan aliment öhdəliyində azad etmişdir. Bu isə heç bir halda uşağın mənafeyinə uyğun hesab oluna bilməz. Lakin qətnamə nə qədər ki cavabdeh tərəfindən mübahisələndirilməmişdir, o zaman kollegiya hesab edir ki, təyin edilmiş məbləğə münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və aliment məbləğinin artırılması üçün əsaslar yoxdur. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İş materiallarından göründüyü kimi məhkəmənin qətnaməsi ilə alimentin miqdarı minimum əmək haqqının 0.075 misli, yəni 30 manat müəyyən edilmiş, iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını, yəni 246 manat pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Belə olan halda cavabdehin apellyasiya şikayəti üzrə qətnamənin mübahisələndirilən hissəsinin qiyməti 2592 (216x12) manat (yəni qətnamənin mübahisələndirilən hisssində iddianın qiyməti beş min manatdan az) təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 2(055)-1127/2025 saylı, 11 sentyabr 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.