Məhkəmə qərarları › İş №2(106)-1613/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1613/2025

12.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1613/2025 12.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X10 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin tutulma qaydasının dəyişdirilməsi" tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 23 iyul 2025-ci il tarixli 2(049)-2185/2025 saylı qətnaməsindən (hakim M.Aslanov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı "alimentin tutulma qaydasının dəyişdirilməsi" tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, 30 iyun 2019-cu il təvəllüdlü X6 adlı bir nəfər uşaqın saxlanılması üçün Lənkəran Rayon Məhkəməsinin 15 may 2024cü il tarixli, 2(049)-1467/2024 saylı qətnaməsi ilə təyin edilmiş alimentin tutulma qaydasının dəyişdirilərək aylıq qazancının dörddə bir hissəsində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı tələbini dəqiqləşdirərək Lənkəran Rayon Məhkəməsinin 15 may 2024cü il tarixli, 2(049)-1467/2024 saylı qətnaməsi ilə təyin edilmiş alimentin 80 manat sabit pul məbləğində alimentin tutulmamasını xahiş etmiş, əmək haqqının dörddə bir hissəsində alimentin tutulmasına etiraz etmədiyini bildirmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə ailə qurmaqla evlənmişlər, birgə yaşadıqları müddətdə 30 iyun 2019-cı ildə X6 adlı uşağı olmuşdur. Cavabdehlə bir müddət yaşadıqdan sonra xasiyyəti uyğun gəlmədiyindən ayrılmışlar. Lənkəran Rayon Məhkəməsinin 15 may 2024-cu il tarixli 2(049)-1467/2024 saylı qətnaməsi ilə bir nəfər X6 adlı uşağın saxlanılması üçün ondan qazancının dörddə bir hissəsində və sabit pul məbləğində 80 manat alimentin alınıb cavabdehə verilməsi qət edilmişdir. O, cavabdehdən ayrıldıqdan sonra yenidən evlənmiş nikahdan üç uşağı doğulmuşdur. Bir müddət sonra ikinci evlilyindən də ayrılmalı olmuşdur. Eyni zamanda o, həkim olaraq Masallı Rayon Mərkəzi Xəstəxanasında işləyir, aylıq əmək haqqı alır, ona aliment kəsildiyi il əmək haqları aşağı olduğundan Lənkəran Rayon Məhkəməsi tərəfindən əlavə 80 manat sabit pul məbləğində aliment də təyin edilmişdir. Lakin 2025-ci ildə əmək haqları artırıldığından artıq məhkəmə qətnaməsi ilə təyin edilmiş dörddə bir hissədə kimi əmək haqqından 200 manat aliment tutulur və üstəlik 80 manatda sabit pul məbləğində tutulur. Sabit pul məbləğində 80 manat alimentin tutulması artıq onun ailəsi üzərində digər valideynlik vəzifələrini yerinə yetirməyinə mane olur, maddi vəziyyətinin pisləşməsinə səbəb olur. Hesab edir ki, aylıq gəlirindən dörddə bir hissəsində alimentn tutulması uşağın saxlanılmasına yetdiyindən, əmək haqqı artdığından və bundan sonrada hər il əmək haqları artacağından digər sabit pul məbləğində olan 80 manat alimentin ondan tutulması ədalətli və obyektiv deyildir. Odur ki, Lənkəran Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli 2(049)-1467/2024 saylı qətnaməsi müəyyən edilmiş sabit pul məbləğində 80 aliment hissəsinin dəyişdirilərək bir nəfər Zəhra adlı uşağın yetkinlik yaşına catana kimi saxlanılması üçün onun aylıq gəlirinin və qazancının dörddə bir hissəsində alimentin tutulması barədə qətnamə çıxarılmalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını, qətnamə ilə təyin edilmiş alimentin 80 manat sabit pul məbləği hissəsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, bir uşağa görə hazırda qızı Cavabdeh iddiaçının əmək haqqından təxminən 280 manat aliment ödənilir. Lakin həmin məbləğ belə uşağın saxlanılması üçün kifayət etmir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Lənkəran Rayon Məhkəməsinin 23 iyul 2025-ci il tarixli 2(049)-2185/2025 saylı saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Lənkəran Rayon Məhkəməsinin 15 may 2024cü il tarixli, 2(049)-1467/2024 saylı qətnaməsi X6 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı 80 manat sabit pul məbləğində alimentin tutulması hissəsində dəyişdirilmiş, qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla X6 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay İddiaçı qazancının 1/4 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunması, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə bu formada işlərə baxarkən uşaqların mənafeyini və uşaqların yaşayış səviyyəsinin maksimal saxlanılmasını təmin etməkdə maarqlı olması əvəzinə, hansısa müəmmalı səbəblərdən dolayı iddianı təmin etmişdir. Bununla da məhkəmə övladının çətinliyə düşməsinə nail olmuşdur. Uşağın rifahını və daha yaxşı yaşamasını nəzərə almalı olan məhkəmə hansısa müəmmalı səbəblərdən dolayı bunu nəzərə almamışdır. İddiaçının sadəcə olaraq indi 200 manat aliment ödəyirəm sözü ilə kifayətlənmiş və bir uşağın saxlanılmasına 280 manatın belə kifayət etməməsi halını nəzərə almamışdır. Göründüyü kimi iddia rədd edilməli olduğu halda, hakim deyilənlərin heç birinə məhəl vermədən iddianın təmin edilməsi haqqında qətnamə qəbul etmişdir. Məhkəmə iş üzrə iddiaçını aliment məbləğini ödəməkdən azad edərkən heç bir sübuta istinad etməmiş, həmçinin iddiaçının alimentin 80 manat hissəsindən azad edilməsi ilə bağlı heç bir sübutun olmasına baxmayaraq iddianı təmin etmək qənaətinə gəlmişdir. Cavabdehin irəli sürdüyü dəlilləri sübut kimi qəbul etməmişdir. Bununla da məhkəmə uşağın mənafeyini nəzərə almayaraq uşağın hüquqlarını kobud şəkildə pozmuşdur. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının əmək haqqı nisbətən artandan sonra bu il 200 manatdan yuxarı aliment almışlar. Uşaqda dəri xəstəliyi var, tez-tez müalicələr alır, uşaq həmçinin məktəbə gedir, ödənilən aliment xərclərini qarşılamır. Cavabdehin isə maddi durumu yükəsəkdir, X1 feldşer işləyir, özünün Masallıda apteki vardır, üzərində adı və telefon nömrələri də qeyd olunub. Bundan da başqa cavabdehin Masallıda marketi vardır. İddiada qeyd olunanlar yalandır, iddiaçı yeni ailəsi ilə birlikdə yaşayır. Məhkəmədə İddiaçı apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmamasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, cavabdehin nümayəndəsinin bildirdiyi aptek həqiqətən ona aiddir, lakin heç bir marketi yoxdur. X2 reabilitasiya şöbəsində feldşer işləyir, aylıq əmək haqqı vergilər çıxılandan sonra 730-740 manat təşkil edir. Lənkəran Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verməmişdi. Məhkəmə qətnaməsi ilə müəyyən olunan alimentin dəyişdirilməsi ilə bağlı müraciət etməsinin əsas səbəbi əmək haqqının artmasıdır. Həmçinin üçüncü övladı dünyaya gəlmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini, iddianın rəddini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görədə məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin əsasını təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur. Doğum haqqında şəhadətnamələrin surətlərindən İddiaçı yeni nikahdan xx.xx.2021-ci ildə X7, xx.xx.2022-ci ildə X8 və xx.xx.2024-cü ildə X9 adlı üç uşağı vardır. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı Masallı Rayon Mərkəzi Xəstəxanasında tibb qardaşı işləyir və 736.15 manat əmək haqqı alır. Masallı Rayon Məhkəməsinin 6 oktyabr 2020-ci il tarixli 2(050)-2401/2020 saylı qətnaməsindən müəyyən edilir ki, 30 iyun 2019-cu il təvəllüdlü X3 atasının İddiaçı olması müəyyən edilmiş və həmin uşaq yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay İddiaçı aylıq qazancının dörddə bir hissəsi miqdarında və sabit pul məbləğində 40 manat alimentin alınaraq iddiaçi Cavabdeh ödənilməsi qət edilmişdir. Şivan Apellyasiya Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(106)-1186/2021 saylı qətnaməsi ilə Masallı Rayon Məhkəməsinin 6 oktyabr 2020-ci il tarixli 2(050)-2401/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-1467/2024 saylı qətnaməsindən aşağıdakılar müəyyən olunur: İddia tələbi illə xx.xx.2019-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Masallı Rayon Məhkəməsinin 6 noyabr 2020-ci il tarixli, 2(050)- 2401/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləğinin artırılaraq 235 manat olmaqla sabit pul məbləğində müəyyən olunması xahiş olunmuşdur; Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh Masallı rayonunun Mahmudavar kəndində yaşayan İddiaçı ilə 2018-ci ilin iyun ayında qeyri rəsmi nikaha daxil olmuşlar. Onlar üçün el adəti ilə toy olmuş, cavabdehin Mahmudavar kəndində olan evinə gəlin köçmüşdür. Birgə nikahılarından xx.xx.2019-cu ildə X6 doğulmuşdur. Uşaq hazırda sağ-salamat olmaqla onun himayəsində yaşayır. Cavabdeh həmişə ona qarşı aqressiv olub və kobud rəftar edirmiş. Hətta onun valideynləri də onun bu hərəkətlərinə göz yumur və bəzən onu müdafiə edirdilər. Son vaxtlar ona qarşı laqeyidlik göstərir və ona bir qadın kimi hörmət etmirdi. Məcbur olub valideynlərinin evinə qayıtmışdır. Sonra Masallı Rayon Məhkəməsinə "Atalığın müəyyən edilməsi və alimentin tutulması” tələbi ilə iddia qaldırmışdır. Masallı Rayon Məhkəməsinin 6 noyabr 2020-ci il tarixli qətnaməsi ilə 30 iyun 2019-cu il təvəllüdlü X3 atasının İddiaçı olması və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı aylıq qazancının dörddə bir hissəsi və sabit pul məbləğində 40 manat aliment tutulmuşdur. Masallı Rayon Məhkəməsinin qətnaməsindən narazı qalaraq qətnamənin aliment hissəsindən apellyasiya şikayəti vermişdir. Şirvan Apelyasiya Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qətnaməsi ilə Masallı Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda 110 manat aliment alır və bir uşaq üçün 110 manat alimenti real hesab etmək olmaz. Hazrki dövrə qədər qiymətlər dəfələrlə artmışdır. Uşaq üçün geyim, ərzaq və dərman vasitələrinin qiyməti çox bahadır. Bütün bunları cavabdeh İddiaçı verdiyi 110 manat alimentlə almaq mümükün deyil. Tək qadın olaraq bütün bu xərcləri tək ödəyə bilmir. Cavabdeh isə bir valideyn (ata) kimi övladına maddi yardım göstərməkdən imtina edir. Heç vaxt övladı ilə maraqlanmır. Uşağın bütün ehtiyaclarını özü tək ödəyir. Bu da onun üçün çox çətindir. Buna görə də cavabdehdən tutulan alimentin məbləği artırılmalıdır. Bu məqsədlə o, alimentin məbləğinin artırılması barədə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlib. Cavabdeh hazırda Masallı Rayon Xəstəxanasında tibb işçisi kimi işləyir. Yüksək əmək haqqı alır. Özünün şəxsi apteki və mağazası vardır. Eyni zamanda tibb işçisi kimi yardım etdiyi şəxslərdən zəhmət haqqı alır. Aylıq qazancı kifayət qədərdir. Ancaq doğma övladı ilə heç maraqlanmır. Övladına heç vaxt maddi yardım etmir; Cavabdehın nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, cavabdeh İddiaçı onun oğludur. Nicat X1 tibb qardaşı vəzifəsində işləyir və aylıq maaşı 441 manat təşkil edir. Onun başqa heç yerdən gəliri yoxdur. Bundan əlavə Nicat başqa bir qadınla ailə qurmuşdur və onun həmin rəsmi nikahdan iki uşağı da vardır. Himayəsində valideynləri, həyat yoldaşı və iki azyaşlı uşağı vardır. İddia tələbi tamamilə əsassızdır; Məhkəmə iddianı qismən təmin edərək cavabdeh İddiaçı Masallı Rayon Məhkəməsinin 6 oktyabr 2020-ci il tarixli, 2(050)-2401/2020 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarını dəyişdirərək 30 iyun 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay İddiaçı aylıq qazancının dörddə bir hissəsi və sabit pul məbləğində 80 manat alimentin alınaraq iddiaçi Cavabdeh ödənilməsi qət edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Qanunun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən isə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Qanunun 19-cu maddəsində isə müəyyən edilmişdir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvesiyasının 8ci maddəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demoktratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir. "Elşolts Almaniyaya qarşı" işi üzrə Avropa İnsan hüquqları Məhkəməsinin 13 iyul 2000ci il tarixli qərarında qeyd edilir ki, Konvesiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideyinlərin arasında ədalətli tarazlığa riayət etsinlər, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideyinlərin maraqlarından üstün tutula bilər. Xüsusən 8-ci maddəyə əsasən valideyin uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minumumu haqqında Qanuna əsasən uşaqlar üçün bu məbləğ 246 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). Göründüyü kimi yuxarıda qeyd olunan qanunvericilik aktları, Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin Plenum qərarları ilə uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin əsasını təşkil edir. Belə ki, Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən, tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Sonradan alimentin miqdarının dəyişdirilməsini isə qanunverici tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasından asılı etmişdir. Masallı Rayon Məhkəməsinin 6 oktyabr 2020-ci il tarixli 2(050)-2401/2020 saylı qətnaməsi ilə ilkin olaraq alimentin miqdarı cavabdehin qazancının dörddə bir hissəsi miqdarında və 40 manat sabit pul məbləğində müəyyən edilmişdir. Sonrakı tarixdə Cavabdeh ərzaq məhsullarının və digər zəruri tələbat mallarının dəyərində nəzərə çarpacaq dərəcədə artımların baş verməsini, yaşayış minimumunun 2024-cü ildə uşaqlar üçün 235 manat müəyyən edilməsini əsas tutaraq alimentin məbləğinin artırılması tələbi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli 2(049)-1467/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunaraq Masallı Rayon Məhkəməsinin 6 oktyabr 2020-ci il tarixli, 2(050)-2401/2020 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilərək hər ay İddiaçı aylıq qazancının dörddə bir hissəsi və 80 manat sabit pul məbləğində müəyyən edilmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən alimentin artırılması tələbinə dair işə baxılarkən hazırda İddiaçı iddiasında istinad etdiyi hallar mövcud olmuşdur. Yəni yeni nikahdan xx.xx.2021-ci il və xx.xx.2022-ci il təvəllüdlü uşaqları mövcud olmuş, üçüncü uşaq isə qətnamə qəbul ediləndən 3 ay sonra doğulmuşdur. Həmçinin iddiaçı həmin zaman X1 tibb qardaşı vəzifəsində işləyir və aylıq əmək haqqı 441 manat təşkil edirdi. Hazırda iddiaçı həmin əsaslardan çıxış edərək tələbini belə əsaslandırır ki, əmək haqqının dörddə bir hissəsi kimi 200 manat və əlavə 80 manat aliment ödəyir. Sabit pul məbləğində 80 manat alimentin tutulması artıq onun ailəsi üzərində digər valideynlik vəzifələrini yerinə yetirməyinə mane olur, maddi vəziyyətinin pisləşməsinə səbəb olur. Hesab edir ki, aylıq gəlirindən dörddə bir hissəsində alimentn tutulması uşağın saxlanılmasına yetdiyindən, əmək haqqı artdığından və bundan sonrada hər il əmək haqları artacağından digər sabit pul məbləğində olan 80 manat alimentin ondan tutulması ədalətli və obyektiv deyildir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, qanunverici məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra dəyişdirilməsini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasından asılı etmişdir. Alimentin miqdarı artırılandan sonra baş vermiş dəyişiklik isə ondan ibarətdir ki, uşağın saxlanması üçün yaşayış minimumu 235 manatdan 246 manata artmış, İddiaçı əmək haqqı 441 manatdan 736 manata qalxmışdır. Göründüyü kimi müəyyən olunan alimentin məbləğinin dəyişdirilməsi, yəni azaldılması üçün üçün əsaslar yaranmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Kollegiya işin müəyyən edilmiş faktiki hallarını, həmin hallar üzrə tətbiq edilməli olan yuxarıda sadalanan maddi hüquq normalarını əsas götürərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən hüquqi nəticə işin faktiki hallarına uyğun deyildir, maddi hüquq noqrması düzgün tətbiq edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri aparılan araşdırmanın nəticəsi olaraq öz təsdiqini tapdığından təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki tələb üzrə ödəmənin azaldılması istənilən hissədə iddianın qiyməti (80X12=960) 960 manat təşkil edir ki, prosessual qanunvericiliyə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385.1, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 23 iyul 2025-ci il tarixli 2(049)-2185/2025 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı "alimentin tutulma qaydasının dəyişdirilməsi" tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Qasım Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar