Məhkəmə qərarları › İş №2(106)-1656/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1656/2025

02.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1656/2025 02.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, İsazadə Salman Raqif oğlunun katibliyi, İddiaçı X3, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İmişli Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli 2(036)-1020/2025 saylı qətnaməsindən X6 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxıb M Ü Ə Y Y Ə N E T D İ: X2 İbrahim Fərman oğluna qarşı xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 tələbatlarını, təhsilini və övladının müalicəsini nəzərə alaraq yetkinlik yaşına çatana qədər saxlanılması üçün sabit pul məbləğində bir uşaq üçün hər ay 250 manat olmaqla cəmi iki uşaq üçün hər ay 500 manat alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi və sənədlərini məhkəməyə təqdim etdiyi gündən alimentin hesablanması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər 2013-cü ildə faktiki ailə münasibətinə girərək evlənmişlər və 25 oktyabr 2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X8 anadan olmuşdur. Cavabdeh içki içərək iddiaçıya və övladlarına fiziki, psixoloji şiddətlər göstərdiyi və xasiyyətləri uyğun gəlmədiyi üçün nikahın pozulması barədə məhkəməyə müraciət etmiş, İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikahın pozulması barədə qərar qəbul edilmiş, övladları iddiaçının yanında saxlanılmışdır. Cavabdeh maddi olaraq uşaqlara baxacağını bildirərək 2 ay ərzində cəmi 300 manat pul vermişdir. Hal-hazırda cavabdeh övladları ilə maddi və mənəvi olaraq maraqlanmır. Tənha və işsiz xanım olaraq övladlarının tələbatlarını ödəmək çətindir. Bu səbəbdən də övladlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün bir uşaq üçün 250 manat olmaqla, iki uşaq üçün 500 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsini istəyir. xx.xx.2016-cı il təvəllüdlü X8 epilepsiya xəstəsidir və müalicəsinə imkanı çatmır. İmişli Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli (hakim Zaur Pirverdiyev) qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə 160 manat, yəni iddianın verildiyi vaxtda qüvvədə olmuş minimum aylıq əmək haqqı məbləğinin 0,4 misli miqdarında, cəmi 320 manat sabit pul məbləğində alimentin X3 xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. X6 apellyasiya şikayəti verərək qətnaməsinin dəyişdirilərək iddia tələbinin tam təmin edilməməsini xahiş etmişdir. İŞİNHALLARİ: İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(036)-1353/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 21 saylı nikah akt qeydinin pozulması qət edilmişdir. AZ-İ seriyalı 429892 saylı Nikahın pozulması haqqında Şəhadətnamədən görünür ki, İddiaçı və Cavabdeh ilə olan nikah ləğv edilmişdir. Nikah ləğv olunandan sonra qadına “Əzizova” soyadı verilmişdir. AA1365800 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X7 xx.xx.2014-cü il tarixdə doğulmuşdur. AA5671422 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X8 xx.xx.2016-cı il tarixdə doğulmuşdur. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, X6 180 manat məbləğində pensiya alır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəflərin maddi və digər vəziyyətini nəzərə almadığı üçün qətnamə qəbul edərkən səhv nəticəyə gəlmişdir. Cavabdehin maddi vəziyyəti çox yaxşıdır. Belə ki, cavabdehin təsərüfatı vardır və oradan da gəlir əldə edir. Həmçinin cavabdehin traktoru da var və həmin texnikadanda yaxşı gəlir əldə edir. Cavabdeh məhkəmə prosesi zamanı yataq xəstəsi olduğunu, əmək qabiliyyəti olmadığını bildirmişdir. Lakin dedikləri əsassızdır traktor və texnika ilə işlər apardığı barədə foto və videogörüntü sübutları vardır. Bütün bunlara baxmayaraq məhkəmə düzgün araşdırma aparmadığı üçün alimentin məbləğinin təyin olunması hissəsində düzgün nəticəyə gəlməmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, 320 manat məbləğində aliment müəyyən olunmuşdur. Uşaq epilepsiya xəstəsidir. 320 manat təhsil, yemək və müalicə xərclərinə bəs etmir. 2 aydan 1 müalicə olunması üçün xəstəxanaya aparır. Başqa gəliri yoxdur. İİİ qrup gözdən əlildir və buna görə 180 manat məbləğində pensiya alır. Cavabdeh nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat veərək bildirmişdir ki, Cavabdeh xəstədir. Hal-hazırda heç bir yerdə işləmir. Özü 390 manat təqaüd alır və baba olduğundan alimenti öz təqaüdü ilə ödəyir. Məhkəmə tərkibi tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini X3 apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. Azərbaycan Respublikasının Konstıtusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Konstıtusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən hər bir uşaq fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazim olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. AM-in 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən olunur. AM-in 110.2-ci maddəsinə görə alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 20 noyabr 1989-cu il tarixli “Uşaq Hüquqları Haqqında Konvensiya”nın (02 sentyabr 1990-cı il tarixdə qüvvəyə minmişdir) 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları onlara əsas qayğı obyektidir. Həmin Konvensiyanın 3-cü və 4-cü maddələrinin tələblərinə əsəsən uşaq barəsində bütün tədbirlərdə uşaqların maraqları tam həcmdə nəzərə alınmalıdır. Dövlət bu hüquqların həyata keçirilməsi üçün bütün mümkün tədbirləri görməlidir. Həmin Konvensiyanın 36-cı maddəsinə əsasən uşaqlar onların inkişafına zərər vuran hər bir fəaliyyətdən müdafiə hüququna malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşaqların hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 8-ci maddəsinə görə isə hər bir uşaqların yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə görə valideynlərin uşaqların tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşaqları sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşaqların qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərinin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşaqların maraqları naminə yol verilə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016- cı il tarixli qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Habelə “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, ailə qanunvericliyinin tələbinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Beləcə, uşaqların gündəlik zəruri qida və digər ehtiyaclarının təmin edilməsində valideynlərin hər biri bərabər məsuliyyət daşıyırlar. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının (“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli № 15 qərarı ilə əlavə edilmişdir) 8.4- 1-ci maddəsinə görə Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər və hərtərəfli şəkildə araşdırmışdırmış, təyin edilmiş alimentin miqdarının hər ay hər uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarında ehtiva edilən göstərişlərə uyğundur. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərkibi yekun dəyərləndirmə apararaq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi hazırkı nəticə qanuni və əsaslıdır. Buna görə də, iddiaçının verdiyi apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. Beləliklə, məhkəmə tərkibi yuxarıda göstərilənlərə əsasən, dispozitivlik və prosessual qənaət prinsiplərini rəhbər tutaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Nəzərə alınmalıdır ki, MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan əlavə, məhkəmə tərkibi diqqətə çatdırır ki, AM-in 81-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli qərarında göstərilir ki, “Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsi əsasları müəyyən edilmiş, onun ağır xəstə və ya əlilliyi müəyyən edilmiş uşaqlara görə tutulması göstərilmişdir. Lakin hazırkı iddia tələbi əlavə xərclərin tutulması barədə yox, alimentin tutulması barədədir. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 217.2, 218.3, 372, 384.0.2, 385.1.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli 2(036)-1020/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar