Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1657/2025 18.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), X3 və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi, İddiaçı iştirakı ilə, Cəbrayıl Rayon Мəhkəməsinin 05 sentyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ilə Cavabdeh 2023-cü ildən faktiki nikahda olmuşlar. Faktiki nikahdan 1 uşaq- 04 may 2024-cü il təvəllüdlü Səma doğulmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-271/2025 saylı, 17 yanvar 2025-ci il tarixli qətnaməsi ilə İddiaçı 04 may 2024-cü ildə anadan olmuş X2 atası olması faktının müəyyən edilməsi və uşağın yetkinlik yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancından ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində, o cümlədən uşağın 3 (üç) yaşına çatanadək hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,15 misli həddində alimentin tutularaq, (ana) Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Hazırki tələbində İddiaçı Cavabdeh qarşı, Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin azaldılaraq, hər ay qazancından ümumilikdə 200 (iki yüz) AZN sabit pul məbləğində alimentin tutularaq, Cavabdeh xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandırarkən göstərmişdir ki, Cavabdeh ilə 23 avqust 2023-cü ildə qeyri-rəsmi nikaha daxil olaraq, ailə qurmuş, onların qeyri-rəsmi nikahından 04 may 2024-cü ildə bir uşaq- Səma doğulmuşdur. Əvvəl münasibətləri normal olsa da bir müddət keçdikdən sonra ailə, ər-arvad münasibətləri pisləşməyə başlamış və ayrılmışlar. Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli qətnaməsi ilə onun 04 may 2024-cü il təvəllüdlü Səma Hüseyn qızının atası olması faktının müəyyən edilməsi və uşağın yetkinlik yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancından ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində, o cümlədən uşağın 3 (üç) yaşına çatanadək hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,15 misli həddində alimentin (ana) Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli qətnaməsinə əsasən, o, hər ay ümumilikdə 332 (üç yüz otuz iki) AZN sabit pul məbləğində aliment ödəməlidir. Hazırda o, işləmir və rəsmi gəliri yoxdur. Səhhətində müəyyən narahatlıq var və bir neçə xəstəlikdən əziyyət çəkir. Bundan başqa, o, məhkəmənin qərarına əsasən 3627 (üç min altı yüz iyirmi yeddi) AZN miqdarında olan qızıl-zinət əşyalarını və ya onların dəyərini də tələbkar Cavabdeh verməlidir. Ümumiyyətlə, onun hər ay ümumilikdə 332 (üç yüz otuz iki) AZN məbləğində alimenti tələbkar Cavabdeh xeyrinə ödəməyə maddi cəhətdən imkanı yoxdur. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən iddiaya dair mövqeyi bəlli olmamışdır. Cəbrayıl Rayon Məhkəməsinin (hakim T.Nüsrətov) 05 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə hesab etmişdir ki, iddiaçının tələbi aliment məbləğinin azaldılması üçün əsaslı hesab edilə bilməz və iddianın təmin edilməsinin heç bir hüquqi əsası yoxdur. Məhkəmə qeyd edir ki, uşaq yalnız bir valideyn tərəfindən (ana tərəfindən) saxlanılır və bu, onun üzərinə bütövlükdə maddi, mənəvi və sosial yük qoyur. Əgər alimentin məbləği azaldılarsa, bu uşaq digərləri ilə müqayisədə əsas ehtiyaclarını qarşılamaq baxımından bərabər imkanlardan məhrum olacaq və bu da uşağın maraqlarına zidd olacaqdır. Məhkəmənin qənaətinə görə, iddiaçının arqumentləri sırasında maddi çətinliklər göstərilsə də, bunlar aliment öhdəliyinin azaldılması üçün hüquqi əsas yaratmır. Məhkəmənin mövqeyini əsassız sayır. İzahatlar Prosessual məsələlər Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, iddia tələbinin təmin edilməsini xahiş etmiş və izahatında bildirmişdir ki, cavabdehlə 2023-cü ilin avqust ayında ailə həyatı qurmuş, rəsmi nikaha daxil olmamışdır. Qeyri-rəsmi nikahdan 2024-cü ilin may ayında uşaq anadan olmuşdur. Hazırda xəstəliyi ilə əlaqədar işləyə bilmir. Xəstəlik sənədləri iş materiallarına əlavə olunmuşdur. Ürəyin mitral qapaq çatışmazlığı var. Həmin xəstəliklə 2020-ci ilə qədər əlilliyi olmuşdur. Xəstəliyi ilə bağlı hərbi xidmətə getməmişdir. Məcburu köçkün kimi, 60 manat çörək pulu alır. Cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəsini, izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş üzrə materiallarla araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, iddiaçı ilə cavabdehin faktiki nikahından 1 uşaq- 04 may 2024-cü il təvəllüdlü Səma doğulmuşdur. Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli qətnaməsi ilə İddiaçı 04 may 2024-cü ildə anadan olmuş X2 atası olması faktının müəyyən edilmiş, yetkinlik yetkinlik yaşına çatanadək uşağın saxlanması üçün hər ay İddiaçı qazancından ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində, o cümlədən uşaq 3 (üç) yaşına çatanadək hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,15 misli həddində alimentin tutularaq, (ana) Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Hazırki tələbində iddiaçı alimentin miqdarının azaldılmasını xahiş etmişdir. Kollegiya hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). ... Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir (8.2 və 8.3-cübəndlər). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qanunun tələbinə görə, məhkəmə aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (Ailə Məcəlləsi, maddə 112.1). Kollegiya iş materiallarını, iddiaçının təqdim etdiyi sübutları nəzərdən keçirərək iddiaçının, məhkəmə tərəfindən müəyyən edilmiş, tərəflərin faktiki nikahından doğulmuş uşaq 3 yaşına çatanadək ananın xeyrinə tutulması nəzərdə tutulmuş alimenti ödəməkdən azad edilməsini mümkün sayır. İddiaçı tərəfin təqdim etdiyi sənədlərdən görünür ki, o, ürəyin mitral qapaq çatışmazlığından əziyyət çəkir. Onun bildirdiyinə görə, hazırda xəstəliyi ilə əlaqədar işləyə bilmir. Aylıq qazancı yoxdur. Məcburi köçkün olaraq ayda 60 manat çörək pulu alır. İddiaçının xəstəliyi ilə əlaqədar sənədləri iş materiallarına əlavə olunmuşdur. İddiaçı hazırda faktiki olaraq işləmir. Xəstəliyi ilə əlaqədar əvvəllər əlillik müəyyən edilmiş, əlilliyə görə ona pensiya da təyin edilmişdir. Hazırda onun əlilliyi ləğv edilmişdir. Pensiya almır. Tərəflər əvvəllər rəsmi nikahda olmamış, hazırda da nikahda deyillər. Kollegiya hesab edir ki, iddiaçı, tərəflərin faktiki nikahından doğulmuş 04 may 2024-cü il təvəllüdlü uşaq 3 yaşına çatanadək faktiki atadan ananın xeyrinə tutulması nəzərdə tutulmuş, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,15 misli miqdarında alimenti ödəməkdən azad edilə bilər. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia qismən təmin edilməli, İddiaçı, Cavabdeh ilə faktiki nikahdan doğulmuş uşağı- 04 may 2024-cü il təvəllüdlü Səma Hüseyn qızı 3 yaşına çatanadək hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,15 misli miqdarında ana üçün ödənilməsi nəzərdə tutulmuş alimenti ödəməkdən azad edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti (azaldılması tələb edilən məbləğin illik məcmusu) Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Cəbrayıl Rayon Мəhkəməsinin 05 sentyabr 2025-ci il tarixli, 2(072)-489/2025 saylı qətnaməsi qismən ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı, Cavabdeh ilə faktiki nikahdan doğulmuş 04 may 2024-cü il təvəllüdlü Səma Hüseyn qızı 3 yaşına çatanadək hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,15 misli həddində ana üçün ödənilməsi nəzərdə tutulmuş alimenti ödəməkdən azad edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1657/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1657/2025
18.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver