Məhkəmə qərarları › İş №2(106)-1660/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1660/2025

21.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1660/2025 21.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, X7 oğlunun katibliyi, İddiaçı və nümayəndəsi Nümayəndə1, Cavabdeh və nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, 2(071)-795/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, himayəsində olan xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün iş üzrə Cavabdeh hər ay 246 manat məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı iş üzrə Cavabdeh ilə 29 iyul 2010cu il tarixli, 231 nömrəli akt qeydi əsasında nikahlarını qeyd etdirməklə evlənmişdir. Tərəflərin rəsmi nikahından xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X4 adlı 2 (iki) övladları anadan olmuşdur. Daha sonra münasibətləri pisləşdiyindən, aralarında söz-söhbət olduğundan ayrı yaşamağa başlamış və qeyri-rəsmi ayrılmışdır. Daha sonra Cavabdeh iddia ərizəsi ilə Hacıqabul rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(071)-10/2025 saylı qətnaməsinə əsasən cavabdehlə aralarında Hacıqabul rayon Qeydiyyat Şöbəsində xx.xx.2010-cu il tarixdə bağlanmış və akt qeydləri kitabında 231 nömrə ilə rəsmiləşdirilmiş nikah pozulması və birgə nikahlarından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X2 anası Cavabdeh, xx.xx.2011ci il təvəllüdlü X3 atanın himayəsində qalmaları müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X1 üçün ondan Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda o, himayəsində olan uşağa baxmağa borclu olduğundan alimentlə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 çıxışında bildirmişdir ki, hazırda aliment almır və ödəmir. Oğlu, yəni hazırda mülki iş üzrə İddiaçı Rusiya Federasiyasında işləyir. Oğlunun adından nəvəsinin saxlanılması üçün 246 manat məbləğində alimentin cavabdeh tərəfdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Verilən suallara cavab olaraq bildirmişdir ki, cavabdeh tərəf onun oğlunun Azərbaycanda olduğu müddət ərzində oğlundan yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün aliment istəməmişdir. Oğlu Rusiyada olarkən alimentin verilməsini tələb etmişdir. İddiaçı oğlundan aliment alınacağı barədə qətnamədən xəbərsiz olduğunu bildirmişdir. Lakin, məhkəmə tərəfindən onun oğluna məhkəmənin vaxtı və yeri barədə xəbərdarlıq olunmuşdur. Məhkəmə iclası zamanı isə oğlundan aylıq 100 manat aliment alınacağı bildirilmişdir və həmin şəxs nikahın pozulmasına etiraz etməmişdir. Lakin alimentə etiraz etmişdir. Oğlunun 6 aydır Rusiyada işlədiyini və əmək haqqı almadığını bildirmişdir. Təyin olunmuş alimenti ödəməyə oğlunun maddi imkanı olmadığını qeyd etmişdir. Verilən suallara cavab olaraq 2024-cü ildə təyin olunan alimentdən 2025-ci ilin aprel ayında xəbərdar olmuşdur. O çıxışında alimentin təyin olunmasından xəbərdar olsaydı alimenti ödəyəcəyini qeyd etsə də çıxışı ilə ziddiyətli şəkildə 2025-ci ilin aprel ayından bəri xəbərdar olduğu alimenti də 5 ay ərzində ödəməmişdir. Himayəsində olan nəvəsini pensiyaları hesabına saxladığını bildirmişdir. Oğlunun boşanmaq istəyi olmadığını bildirmişdir. Cavabdehin himayəsində olan uşağı öz evində və öz himayəsində olmaqla saxlamağı qəbul edir, lakin aliment ödəməyi qəbul etmir. Məhkəmə tərəfindən ona alimentdən xəbərdar olduqdan sonra da ödəməmələri qeyd olunaraq o zaman alimentdən xəbərdar olmalarının bir əhəmiyət kəsb etmədiyi bildirilmişdir. Çünki alimentdən xəbərdar olduğunu iddia etdiyi müddətdən sonra da heç bir aliment ödəməmişdir. Aliment ödəməsə də, kiçik maddi yardımlar göstərdiyini bayram günlərində “pay” göndərdiyini qeyd etmişdir. Yekunda isə 246 manat aliment tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, aliment tələbi ilə razı deyil. İddiaçı tərəf təyin olunan 100 manat aliment məbləğini indiyədək ödəməmişdir. Aliment ödəməyə imkanı olmadığını heç bir yerdə işləmədiyini, sosial yardım almadığını, himayəsində olan azyaşlı uşağı isə valideynlərinin dəstəyi ilə saxladığını qeyd etmişdir. Daimi işləmir, bəzən 10 manat civarlarında muzdla iş gördüyünü bildirmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Hacıqabul Rayon Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, 2(071)-795/2025 saylı qətnaməsi ilə (Hakim: Orxan Bayramov) iddia tələbi rədd edilmişdir Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində bildirmişdir ki, hazırda himayəsində olan azyaşlı uşağın saxlanılması ilə bağlı xərcləri təkbaşına qarşıladığı üçün cavabdehdən aliment tutulması barədə Hacıqabul Rayon Məhkəməsinə müraciət etmiş, lakin məhkəmənin (sədrlik edən hakim Orxan Babayev) xx.xx.2025-ci il tarixli, 2(071)-795/2025 nömrəli qətnaməsi ilə iddia tələbi əsassız sayılaraq rədd edilmişdir. Birinci instansiya məhkəməsi qərarını əsaslandırarkən bildirmişdir ki, guya cavabdeh daimi əmək fəaliyyəti ilə məşğul deyil, müntəzəm gəlir mənbəyinə malik deyil və sosial vəziyyətinə görə öz dolanışığını belə çətinliklə təmin edir. Bu arqumentlər əsasında məhkəmə aliment tutulmasını məqsədəuyğun hesab etməmişdir. Halbuki bu nəticə qanunsuz və əsassızdır. Məhkəmənin gəldiyi nəticə faktiki hallara və Ailə Məcəlləsinin tələblərinə ziddir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqların saxlanılmasında bərabər iştirak etməlidirlər və bu, yalnız faktiki əmək fəaliyyəti ilə deyil, maddi və mənəvi məsuliyyətlə ölçülür. Belə olduğu halda, cavabdehin hazırda işləməməsi onun uşağın saxlanmasına görə məsuliyyətdən azad olunması üçün əsas deyil. Qanunvericilikdə alimentin ödənilməsi üçün daimi gəlirin olması zəruri şərt kimi müəyyən edilməmişdir. Əksinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarlarında və məhkəmə təcrübəsində də dəfələrlə vurğulanmışdır ki, valideynin işsiz olması və ya rəsmi gəlirinin olmaması, uşağın saxlanılmasında iştirakdan imtina etməsi üçün hüquqi əsas yarada bilməz. Aliment institutunun məqsədi uşağın mənafelərinin qorunmasıdır. Aliment uşağın saxlanılması üçün zəruri xərcləri təmin etmək məqsədi daşıyır. Məhkəmənin bu məqsədi nəzərə almadan, yalnız cavabdehin maddi vəziyyətinə istinad etməsi uşağın maraqlarının pozulmasına gətirib çıxarır. Uşaqla bağlı mənafeyin üstünlüyü prinsipi məhkəmə qərarlarında əsas prinsip kimi rəhbər tutulmalıdır. Cavabdehin bəyanatları məhkəmə üçün hüquqi əhəmiyyət kəsb etmir. Apellyasiya şikayətimi təmin edilməsini, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(071)-795/2025 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya icraatı zamanı Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(071)-795/2025 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya icraatı zamanı Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(071)-795/2025 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya icraatı zamanı apellyasiya şikayətinin təmin edilməməsini, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(071)-795/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin təmin edilməməsini, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(071)-795/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(071)-795/2025 saylı qətnaməsinin bütövlükdə yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin 2-ci bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə: 22.2.1-ci maddəsinə əsasən boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2-ci maddəsinə əsasən uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli; 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də ödəməyə borclu olan valideyinin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancının hamısını və ya bir hissəsini xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın (xx.xx.1989-cu il): 3.1-ci maddəsinə əsasən uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Hacıqabul rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(071)-795/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(071)-795/2025 saylı qətnaməsi ləğv edilməli və onun yanında saxlanılan uşaq üçün aliment təyin edilməlidir və yaxud ümumiyyətlə aliment öhdəliyindən azad edilməlidir. Belə ki, yanında qalan uşağın maddi və mənəvi tələbatını ödəməkdə çətinlik çəkir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mövcud məhkəmə qətnaməsi ilə artıq İddiaçı Cavabdeh xeyrinə aliment ödəməsi təsbit olunmuşdur. Belə şəraitdə cavabdehdən də eyni qaydada iddiaçının xeyrinə aliment tutulması hüquqi məntiq baxımından ziddiyyətli vəziyyət yaradar. Nəticə etibarilə, tərəflərdən hər biri digərinə eyni məbləğdə aliment ödəmək öhdəliyində qalacaq və bu, faktiki olaraq qarşılıqlı ödənişlərin bir-birini kompensasiya etməsinə gətirib çıxaracaqdır. Belə hal məhkəmə qətnaməsinin mahiyyətinə zidd olmaqla yanaşı, alimentin sosial təyinatına və uşaqların təminatına xidmət edən prinsiplərə də uyğun gəlmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, ana bir uşaq üçün müəyyən edilmiş məbləğdə aliment aldığı təqdirdə, eyni zamanda, ata da bir uşaq üçün müəyyən məbləğdə aliment tələb edirsə, bu halda hər iki tərəf bir-birinə aliment ödəməli olacaqdır. Aliment, valideynlər arasında hesablaşma aləti deyil, uşağın rifahının təmin olunması vasitəsidir. Tərəflərin bir-birinə aliment ödəməsi isə ümumiyyətlə, alimentin tutulmasını əhəmiyyətsiz etməklə, ata ilə müqayisədə maddi imkanları daha zəif olan ananın yanında saxlanılan uşağın hüquq və mənafelərinin pozulmasına səbəb olacaqdır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından iş üzrə Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(071)-795/2025 saylı qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-nin 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası MPM-nə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(071)-795/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar