Məhkəmə qərarları › İş №2(106)-1686/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1686/2023

02.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1686/2023 02.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyan tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, e-2(049)- 2066/2023 saylı qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurduqları 4.400 ABŞ dolları maddi ziyanın və 2.500 manat mənəvi ziyanın tutularaq ona ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin aprel ayında yük daşıma işlərində vasitəçi kimi tanıdığı Cavabdeh2 ona zəng vuraraq bildirmişdir ki, Cavabdeh1 sifarişi var. Bir fura kivi İrandan təhvil alıb Ukraynaya daşınması təklifini etmişdir. Ümumi daşıma məbləği 6700 ABŞ dollarına razılaşdırılmışdır. İlkin olaraq 3000 ABŞ dolları avans olaraq ödənilmiş, qalan məbləğin Lvov şəhərində malı təhvil verərkən təqdim ediləcəyi bildirilmişdir. Lvov şəhərinə malı çatdırdıqdan sonra Lvovdakı şərik heç bir səbəb göstərmədən malı qəbul etməmiş, Kiyevə getməyi bildirmişdir. Öz vəsaiti hesabına məcburi Kiyevə getmişdir. Demişlər əlavə xərclər olduğu üçün malı boşaldıb qayıdıb 4400 ABŞ dolları Kiyevdən götürərsən, Lakin Kiyevdə də ona problemlər yaratmışlar, malların xarab olması bəhanəsi ilə çəkisini azaltmışlar, lakin buna baxmayaraq pulunu verməmişlər. Demişlər pulu gedib Bakıda Dəyanətdən alarsan, biz pul vermirik, yalnız malı qəbul edirik. Yenidən Bakıya qayıdaraq Dəyanətdən pulunu tələb etsə də görüşməkdən imtina edilmiş, maraqlandıqda məlum olmuşdur ki, onun kimi sürücülərin çoxu bu formada aldadılmışdır. Bununla əlaqədar DİN BMCMİ-nə müraciət etmiş, Babək adlı əməkdaş tərəfindən həm özünün, həm də Məqsəd və Dəyanətin izahatları alınmış, sonradan işin nəticəsi olamamışdır. Dəfələrlə Babək adlı əməkdaşla əlaqə saxlasa da heç bir xəbər çıxmamışdır. Dəyanət və Məqsəd isə xəbər göndərmişlər ki, artıq izahatlarını veriblər, İddiaçı verəcəkləri bir şey yoxdur. Dəfələrlə müraciətlər etsə də müraciətinin nəticəsi barədə məlumat verilməsindən imtina edilmişdir. Bu səbəbdən ona qarşı qanunsuzluq edən şəxslər barəsində cinayət işinin açılması üçün prokurorluğa, ordan da nəzarət qaydasında məhkəməyə müraciət edilmişdir. Dəfələrlə Nərimanov Rayon məhkəməsi işi tələb etsə də işin verilməsindən imtina edilmiş, lakin sonradan DİN BMCMİ-dən ona yazılı müraciət edilərək işin mülki xarakterli olması barədə məktub verilmişdir. Artıq bir ildən artıqdır ki, ona vurulan ziyan cavabdehlər tərəfindən ödənilmir, o, və onun kimi sürücüləri bu formada xarici ölkələrə göndərərək yolda əziyyət verirlər. Məcbur olub müxtəlif şəxslərdən vəsait alıb nəqliyyat vasitəsini Ukraynadan Azərbaycana gətirib çıxartmışdır. Cavabehlər ona həm maddi ziyan həm də etibardan istifadə edərək, aldadaraq borclu olduqları vəsaiti verməməsi ilə mənəvi ziyan vurmuşdur. Hazırda ona vurulan 4400 ABŞ dollar maddi ziyanı, 2500 mənəvi ziyanı tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, iş üzrə Cavabdeh2 beş ildir ki, tanıyır və o, Məqsədin qardaşına məxsus şirkətdə sürücü işləyir. Özünün xüsusi Tır yük maşını vardır. 2022-ci ilin aprel ayında Məqsəd telefonla ona zəng edərək bildirmişdir ki, Dəyanətin malını Lvov şəhərinə çatdırmaq lazımdır. Yükün daşınmasını 6.700 ABŞ dollarına razılaşmışlar. Bundan sonra o, Dəyanətin sifarişi ilə kivi meyvəsi olan məhsulu götürməkdən ötrü İrana getmişdir. İranda onu qarşılayaraq, yükü maşınına yükləmişlər və Ukraynaya doğru yola düşmüşdür. Azərbaycan Respublikasının ərazisinə keçdikdən sonra Məqsəd onunla Astara rayonu ərazisində görüşərək razılaşdıqları kimi 3.000 ABŞ dollarını ona vermişdir və pulun qalan hissəsini yükü təhvil verəndə alacağını bildirmişdir. O, iş üzrə Cavabdeh1la heç vaxt şəxsən görüşməmişdir. Dəyanətlə yalnız telefonla danışmışdır. Telefon danışıqlarında Dəyanət ona yükü çatdıracaq şəxslərin telefon nömrəsini vermişdir. Dəyanət ona malı təhvil alacaq Anar adlı şəxsin əlaqə nömrəsini vermişdir və Lvov şəhərinə çatdıqdan sonra həmin şəxslə əlaqə saxlamışdır. O, Lvov şəhərinə çatdıqdan sonra malı qəbul edən şəxslər ona bildiriblər ki, mal xarab olub. Maşında 28 palit mal olmuşdur, həmin mallardan cəmi 2 paliti xarab olmuşdu. O, malı daşıyarkən bütün yol boyu nəzərdə tutulan tempratura nəzarət etmişdir. Yükü Kiyev şəhərinə aparması ona bildirilmişdir və bunun üçün ona əlavə 700 ABŞ dolları da ödəniləcəyi bildirilmişdi. Malı Kiyev şəhərində avtomobilindən boşaldaraq satmışlar. Pul istədikdə isə ona bildirilmişdir ki, ona pul verilməyəcək və pulun qalanını Azərbaycanda Dəyanətdən almalıdır. İddia tələbinin təmin ediməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh2 ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, onun qardaşının Ukraynada daşıma şirkəti vardır və İddiaçı də həmin şirkətdə işləmişdir. İsmədin xüsusi Tır yük avtomobili vardır və yükdaşıma ilə məşğul olur. O, özü də bu sahədə çalışdığı üçün İsməd ondan xahiş etmişdir ki, yükdaşıma işi olanda onunla əlaqələndirsin. Dəyanət onun tanışıdır. 2022-ci ilin aprel ayında Dəyanət ona bildirmişdir ki, onun tanışları üçün X2 şəhərinə kivi meyvəsi olan yükü aparmaq lazımdır. Ona bu daşıma barədə Dəyanət bildirmişdir. İsməd həmin yükü Lvov şəhərinə 6.500 ABŞ dollarına aparmağa razılaşmışdır. Bundan sonra o, danışıqlarını Dəyanətlə davam etdirmişdir. İsməd malı İrandan yükləyib Azərbaycan respublikasının ərazisinə keçdikdən sonra Dəyanətin adından Astara rayonu ərazisində onunla görüşüb razılaşdırılan kimi avans olaraq 3.000 ABŞ dollarını İsmədə ödəmişdir. Daşınan mal onun olmamışdır. İsmədi yaxından tanıdığı üçün daşıma xidmətinin haqqını ondan soruşmuşdur və qiymət barədə Dəyanətə bildirmişdir. İlk əvvəllər həmin malın kimə məxsus olduğunu bilməmişdir, çatdırılandan sonra həmin malın Anar və Rövşən adlı şəxslərə məxsus olduğunu bilmişdir. Sadəcə İsmədə onun xahişinə əsasən xeyir vermək üçün daşıma barədə ona məlumat verərək, Dəyanətlə onu əlaqələndirmişdir. Bu barədə İsmədə deyərkən onun bu işdə yalnız vasitəçi olduğunu və ona xeyir vermək məqsədilə işi ona caladığını bildirmişdir. Sonradan hətta ona bildirmişlər ki, İsməd yükü təhvil verərkən malın xarab olduğu məlum olmuşdur. Onunla İsməd arasında yükdaşıma ilə əlaqədar heç bir müqavilə bağlanmamışdır və razılaşma olmamışdır. İsməd özü də həmin malın ona məxsus olmadığını bilirdi. Ona qarşı iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən Cavabdeh1 ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, 2022-ci ilin aprel ayında Anar və Rövşən adlı tanışları onunla əlaqə saxlayaraq X2 şəhərinə daşınası mallarının olduğunu və bunun üçün onlara avtomaşın lazım olduğunu bildirmişlər. O, da bu sahədə çalışan tanışı Məqsədə müraciət etmiş, Məqsəd də həmin yükün daşınması üçün İddiaçı məsləhət görmüşdür. İlkin olaraq İsmədlə Məqsəd danışsa da sonradan onunla özü əlaqə saxlamışdır. İlkin telefon danışığından malın və sifarişin ona deyil Ukraynada yaşayan Anar və Rövşən adlı şəxslərə məxsus olduğunu İsmədə bildirmiş, həmin şəxslərin əlaqə nömrələrini ona təqdim etmişdir. Pulun qalığının da malın təhvil verilməsi zamanı həmin Anar və Rövşən adlı şəxlər tərəfindən İsmədə ödəniləcəyini ona bildirmişdir. Ukraynaya çatdıqdan sonra İsməd özü malın sahibləri ilə əlaqə saxlamış və onu təhvil vermişdir. Sonradan ona məlum olmuşdur ki, malı təhvil verərkən onun xarab olduğu və bunun sürücünün təqsiri ucbatından baş verdiyi aşkar edilmişdir. O, daşıma zamanı soyuducunu düzgün işlətməyib və malı alan Ukrayna şirkəti 15.000 ABŞ dolları ziyana düşmüşdür. Göndərilən kivi məhsulu İran şirkəti ilə Ukrayna şirkəti arasında alqı-satqı müqaviləsi əsasında baş tutmuşdur. Həmin malın və daşımanın ona heç bir aidiyyəti yoxdur. Sonradan malı Kiyevə aparmağı da ona mal sahibləri tapşırmışlar. Ona qarşı iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin (hakim A.Pənahov) 27 iyul 2023-cü il tarixli, e- 2(049)-2066/2023 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyan tələbi barədə iddiasının təmin edilməməsi, İddiaçı tərəfindən ödənilmiş 120.20 manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, işin faktiki hallarından müəyyən olunur ki, həqiqətən də iddiaçı tapşırıq əsasında ona tapşırılan işin icrasına başlamış, tapşırıq ilkin olaraq Cavabdeh2 verilmiş, daha sonra Cavabdeh1 tərəfindən verilmiş bütün danışıqlar da sona qədər Cavabdeh1 ilə olmuşdur. Yekunda narazılıq olduqda hər üçü birgə danışaraq tapşırığın icrası başa çatmışdır. Bütün bunlar məhkəmədə müzakirə edildiyi halda məhkəmə bunları qətnamədə görməzdən gələrək hüquqi qiymət verməmişdir. İddiaçı tapşırığı yalnız cavadbehlərdən almışdır, cavabdehlər isə məhkəmədə tapşırığı bir-birlərinin üstünə ataraq məsuliyyətdən yayınmış, məhkəmə isə işin bu faktiki halına mülahizə kimi qiymət vermişdir. İddiaçının kimin tapşırığı ilə kimin malını hara aparmsı, nə üçün pul alması buna görə belə çıxır naməlumdur. İddiaçı heç bir firma ilə müavilə bağlamamış, mallar birbaşa Cavabdeh1 məxsus olmuşdur, sadəcə özünün firması olmadığından üçüncü şirkət adından malları göndərmişdir. Buna görə də bütün vəsait Cavabdeh1 ilə razılaşdırılmış və ödəniş də edilmişdir. Məhkəmə bütün bunlara mülahizə deyir. Cavabdeh1 ümumiyyətlə iddiaçını tanımadığını bildirirdi. Cavabdeh2 iştirak etdiyi sonuncu iclasda artıq bu ifadəni verə bilmədi, çünki Cavabdeh2 ona yalan danışmamağı, malın şəxsən Cavabdeh1 özünə məxsus olduğu, sifarişi də malı aparmağı tapşırığını da şəxsən Cavabdeh1 aid olduğu, hətta İranda hardan və kimdən mal götürməyi Cavabdeh1 özü tərəfindən iddiaçıya telefon vasitəsi ilə zənglə bildirildiyi təsdiqin tapmışdır. Belə vəziyyəti görən Cavabdeh1 malı Cavabdeh2 vasitəsi ilə sifariş verdiyini, pulu Cavabdeh2 vasitəsi ilə iddiaçıya ötürdüyünü etiraf etmişdir. Məhkəmə isə bunu iddiaçının mülahizəsi kimi qərəzli hüquqi qiymət vermişdir. İddiaçı tapşırıq əsasında malın kimə məxsus olmasından asılı olmayaraq Cavabdeh2 vasitəsi ilə Cavabdeh1 tapşırıq almış, daha sonra iddiaçı İrana keçdikdən sonra Cavabdeh1 tapşırıqları bilavasitə özü telefon vasitəsi ilə vermiş, razılaşdırılmış məbləği şəxsən özü Cavabdeh2 vasitəsi ilə iddiaçıya təqdim etmişdir. Tapşırığa əsasən qalan məbləği çatandan sonra almalı idi. Qalan məbləğ verilmədiyi halda Cavabdeh1 malın şirkətə məxsus olduğu yadına düşür, bu variantdan istifadə edərərk tapşırıq üzrə ödənilməli puldan geri qaçır. Tapşırıq verən var, pulu ödəyən var, malın aparılması və çatdırıması var, malda ziyan olması əsası ilə malın qəbulundan imtina var, hər üç tərəf bunu qəbul edir və etiraf edir, lakin məhkəməyə bu sərf etmədiyindən bunu qərəzli olaraq iddiaçının mülahizəsi sayır. Birinci instansiya məhkəməsi tərəfindən təqdim edilən qətnamədə ümumiyyətlə heç bir hal müəyyən edilməmişdir, müəyyən edilən hal isə o olmuşdur ki Cavabdeh1 tapşırıq verdikdən sonra tapşırığın davamı olaraq malların Anar və Rövşənə aid olduğundan onlara çatdırmağı iddiaçıya tapşırır. Göründüyü kimi burda da Cavabdeh1 mal göndərənin şirkət olduğunu deyil, mal alanların kim olduğunu bildirir. Məhkəmə bunu bildiyi, özü işin faktiki hallarını müəyyən etdiyi halda bu faktları görməzdən gəlmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə, apellyasiya şikayətinə qarşı etirazını göndərmişdir. Etirazda qeyd edilir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qаrşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(049)- 2066/2023 saylı qətnaməsi ilə iddianı təmin etməmişdir. İddiaçı həmin qətnaməni mübahisələndirərək ləğv olunması barədə apellyasiya şikayəti vermişdir (iş 2(106)- 1686/2023). Apelyasiya şikayətinə nəzər saldıqda görünür ki, şikayət bütövlükdə iddia ərizəsində qeyd olunanlar təkrarən qeyd olunmaqla tərtib edilmişdir. Belə ki, apelyasiya şikayətinə nəzər saldıqda məlum olur ki, həmin şikayət uzun-uzadı olmasına baxmayaraq, əsasən maddi və prosessual hüquq normalarının formal olaraq sadalanmasından və eyni halların təkrarən qeyd olunmasından ibarətdir. Apellyasiya şikayətini ümumiləşdirdikdə iddiaçı “hazırki mübahisənin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona verdiyi tapşırığından yarandığını və buna görə də onların birgə məsuliyyət dşıdığını” qeyd etməklə həmin hallara əsaslanmışdır. Ona görə də ilk növbədə nəzərə alınmalıdır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırkı mübahisə üzrə iddia ərizəsində göstərilən cavabdehin iddiaçı qarşısında öhdəliklərinin olması və onu yerinə yetirməməsi faktını sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, İddiaçı iddia ərizəsində və apelyasiya şikayətində cavabdehlərlə aralarında şifahi formada tapşırıq müqaviləsi bağlandığını, cavabdehlərin həmin müqaviləyə əsasən öhdəliklərini lazımi qaydada icra etmədiyini göstərmişdir. İşin müəyyən olunmuş halarından görünür ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Yalnız formal mülahizələrlə öz tələbini əsaslandırmaqla kifayətləndirmişdir. Bu da iddianın qanuni həll edilməsi üçün məhkəmənin yekun nəticəyə gəlməsi üçün yetərli olmamışdır. İşin müəyyən edilmiş hallarına əsasən qeyd edirik ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında iddiaçı ilə Cavabdeh1 arasında tapşırıq müqaviləsinin bağlanması faktı öz təsdiqini tapmadığından və iddiaçı tərəf məhkəmə iclasında həmin faktın varlığı barədə inamlı nəticəyə gəlməyə əsas verən hər hansı rəsmi sənəd təqdim etmədiyindən tərəflər arasında mülki hüquq və vəzifələrin yaranmasına əsas olan tapşırıq müqaviləsi bağlanmadığını göstərir. Bu da onu deməyə əsas verir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmadığından, iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmamış, yəni iddiaçı hazırkı iddianı irəli sürərkən subyektiv hüquqa malik olmamışdır. Bir daha qeyd etməyi zəruri hesab edirik ki, Cavabdeh1 ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməyərək, göndərilən kivi məhsulu İran şirkəti ilə Ukrayna şirkəti arasında alqı-satqı müqaviləsi əsasında baş tutmuşdur. Həmin malın və daşımanın ona heç bir aidiyyəti yoxdur. Sonradan malı Kiyevə aparmağı da iddiaçının özünün də bildirdiyi kimi mal sahibləri tapşırmışlar. Əgər həmin mal mənə məxsus olsaydı, onun başqa şəhərə aparılmasına dair məndən başqa kimsə tapşırıq verə bilməzdi. İddiaçı guya malın mənə aid olduğunu, başqa şirkətin adından dövr eydiyimi bildirsə də, buna dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. İddiaçının özünə də bəllidir ki, Cavabdeh1 yalnız bu məsələ ilə bağlı iddiaçını daşıma üçün şirkətə tövsiyyə etmişdir. Göründüyü kimi, iddiaçı ilə Cavabdeh1 arasında hər hansı yükdaşıma xidmətinin göstərilməsi barədə sövdələşmə olmamış, bununla da onun iddiaçı qarşısında öhdəliyi yaranmamışdır. Ümumiyyətlə iddiaçı apelyasiya şikayətinin dəlillərini tam və ətraflı əsaslandırmamış, tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, iddianı ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. Beləliklə, işin yuxarıda qeyd olunan faktiki hallarını, işdə olan sübutları və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq hesab edirəm ki, apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, təmin oluna ola bilməz. Hesab edirəm ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi hallara kifayət qədər aydın şəkildə və qanunun normaları ilə şərh edilməklə qiymət verilmiş və həmin hallar formal mülahizələrdən ibarət olduğundan əsaslı sayılmamışdır. Lakin apelyator hazırki şikayətində də eyni halları təkrarlamaqla birinci instansiyası məhkəməsinin konkret olaraq hansı maddi və prosessual hüquq normalarının pozmasını göstərməmiş, maddi və prosessual hüquq normalarının müddəalarının pozulmasının nədə ifadə olunmasını əsaslandırmamış, faktlara və hüquqa əsaslanmaq əvəzinə, şəxsi mülahizə xarakterli sözlərə əsaslanmışdır. Göründüyü kimi apellyasiya şikayətində qeyd edilmiş iddiaçının yuxarıda qeyd olunan bu fikirləri əsassız və formal mülahizə xarakterlidir, birinci instansiya məhkəməsi bu fikirləri hansı səbəbdən qəbul edilməməsini qətnaməsində lazımınca əsaslandırmışdır və apelyatorun bu dəlili özünümüdafiə məqsədilə yazılmışdır. Yuxarıda qeyd olunanlara əsasən hesab edirəm ki,apelyasiya şikayəti əsassız olduğundan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(049)-2066/2023 saylı qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, vermiş olduqları apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. - Həmçinin işin araşdırması zamanı ortaya çıxan suallara cavabında əlavə olaraq göstərmişdir ki, iddiaçı sifarişi əsasən Dəyanətdən almışdır. Belə ki, işin təhlili zamanı müəyyən olunmuşdur ki, İsmədə verilməli olan 6700 dollar pulun 3000 dolları Astara rayonu ərazisində Dəyanətin adından Məqsəd İsmədə vermişdir. Bu faktın özü ona dəlalət edir ki, sifariş Dəyanət tərəfindən verilmişdir. - həmçinin göstərmişdir ki, Lvovda malın xarab olması iddiaçıya bildirilsə də indiyədək qeyd edilən faktla bağlı onlara qarşı iddia qaldırılmayıb. İddiaçı birinci instansiya məhkəməsindəki izahatında “2 palit xarab olmuşdur” dedikdə həmin məhsulun nisbətən boşalmasını nəzərdə tutmuşdur. Həmin mal da elə iddiaçının yanında İİ sort mal kimi satışa çıxarılmışdır. - Qeyd etmişdir ki, iddiaçı Lvovdan Kiyevə qədər getməsi üçün cəmi 700 dollar xərcləmişdir. Həmin xərclərə yanacaq, dayanacaq, yemək, gözləmək vəs xərclər aid olmuşdur. Lakin bu xərclərlə bağlı onlarda yazılı sübut mövcud deyildir. Cavabdeh1 vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə qarşı etiraz etmiş və məhkəməyə təqdim etdiyi etirazın məzmununa uyğun izahat vermişdir. Sonda apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 apellyasiya baxışında iştirak etməmişdir. Cavabdeh2 müəyyən edilmiş qaydada, məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası işə Cavabdeh2 iştirakı olmadan baxılmasını, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mümkün saymışdır. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. MM-nin 777.1-ci maddəsinə görə tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. MM-nin 777.2-ci maddəsinə görə tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. MM-nin 778.1-ci maddəsinə əsasən Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. MM-nin 778.2-ci maddəssinə əsasən Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. MM-nin 850.1-ci maddəsinə görə Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. MM-nin 850.2-ci maddəsinə əsasən isə əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. MM-nin 851-ci maddəsinə görə yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır və buna görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin olunmalıdır. - Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı yük daşıma fəaliyyəti ilə məşğul olur. Bunun üçün onun TİR yük avtomobili vardır. İddiaçı cavabdehlərdən Məqsədi 5 ildir ki, tanımışdır. Çünki iddiaçı Məqsədin qardaşına məxsus yükdaşıma şirkətində işləmişdir. - 2022-ci ilin aprel ayında Məqsəd telefonla iddiaçıya zəng edərək bildirmişdir ki, Dəyanət adlı şəxsin malı var həmin malı İrandan götürüb Lvov şəhərinə aparmaq lazımdır. Yükün daşınmasını 6.500 ABŞ dollarına razılaşmışlar. - İddiaçı yükün daşınmasını 6700 dollarına razılaşması ilə bağlı məhkəməyə sübut təqdim etmədiyindən məhkəmə daşınma məbləğini cavabdehlərin etiraflarına əsasən 6500 ABŞ dolları məbləğində qəbul etmişdir. - İddiaçı yükün daşınması ilə əlaqədar İrana getmiş, lazım olan kivi malını götürərək Ukraynaya aparmaq üçün Azərbaycan Respublikasına daxil olmuşdur. İddiaçı Astarada olarkən Məqsəd Dəyanətin tapşırığı ilə onun adından razılaşma üzrə 3000 ABŞ dollar pulu iddiaçıya vermişdir. Bu hal işin mübahisəsiz hallarından biridir. - Bundan sonra Dəyanətin özünün də dediyi kimi bütün danışıqlar iddiaçı ilə Dəyanət arasında baş vermişdir. İddiaçı Dəyanətin tapşırığına əsasən kivi yükünü Lvov şəhərinə çatdırmışdır. Lakin oradan ona bildirmişlər ki, yük Kiyev şəhərinə çatdırılmalıdır. İddiaçı yükü Kiyev şəhərinə çatdırmış və malı təhvil vermişdir. Bütün bu hallar da işin mübahisəsiz halıdır. - Cavabdehlərin deməsinə görə mal xarab olmuş və buna görə də Dəyanətin tanışları Anarla Rövşən təhvil verilmiş malın daşıma xərcini iddiaçıya ödəməmiş və iddiaçıya demişlər ki, pulu Dəyanətdən almalıdır. - Bundan sonra iddiaçı ilə cavabdehlər arasında mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin, cavabdehin vəkilinin izahatını dinləyib, iş materiallarını təhlil edərək hesab edir ki, tərəflər arasında yük daşıma öhdəliyindən irəli gələn mülki hüquq münasibətləri yaranmışdır. Buna görə də qeyd edilən münasibətlərə yük daşıma və tapşırıq hüquq münasibətlərinə aid olan mülki hüquq normaları tətbiq olunmalıdır. Belə ki, MM-nin 850.1-ci maddəsinə görə yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 850.2-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. Yuxarıda şərh edilənlərə əsasən kollegiya hesab edir ki, Cavabdeh1 yükü alanın şifahi surətdə səlahiyyətləndirdiyi şəxsdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Dəyanət əvvəlcədən tanıdığı və yük daşıma ilə məşğul Məqsədə zəng vuraraq İrandan Ukraynaya çatdırılmalı olan yükün olmasını bildirmiş və bu işi başa çatdıra biləcək etibarlı şəxsi məsləhət bilməsini xahiş etmişdir. Məqsəd də Dəyanətə hazırkı iddiaçını məsləhət bilmişdir. Burada ilkin olaraq Məqsəd və İsməd Dəyanətin tapşırıqları üzrə hərəkət etmişdir. Belə ki, yükün daşınması 6500 ABŞ dollarına razılaşdırılmış, lakin İsməd hər hansı ilkin ödəniş almadan Dəyanətin dolayı tapşırığı üzrə İrana gedərək yükü götürərək Ukraynaya aparmaq üçün Azərbaycana qayıtmışdır. Astarada olan zaman Məqsəd Dəyanətin adından İsmədə 3000 ABŞ dolları pul vermişdir. Bu işin mübahisəsiz halıdır. Bütün bunlardan sonra isə İsməd yükün aparılması ilə bağlı Dəyanətlə telefonda əlaqə saxlamış və yükü Kiyevdə mal alanlara təhvil vermişdir. Yəni iddiaçı bundan sonra Məqsədlə hər hansı danışıq aparmamışdır. Apellyasiya baxışında iddiaçı tərəf yalnız Dəyanəti sifarişçi (səlahiyyətli şəxs) kimi tanıdıqlarını və yükü mənzil başına çatdırana kimi bütün tapşırıqları yalnız Dəyanətdən aldıqlarını bildirmişlər. Ümumiyyətlə iddiaçı tərəf bəhsi keçən qətnamənin ləğv edilərək tam təmin olunmasını xahiş etsələr də həm apellyasiya şikayətində həm də kollegiyanın iclasında izahatları zamanı Məqsədə qarşı hər hansı tələblərinin olması müəyyən edilməmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçı özü də iddiaya cavab verməli olan şəxsin yalnız Dəyanət olduğunu düşünmüşdür. Cavabdehlərin malın xarab olması barədə fikirlərinə münasibət bildirən kollegiya qeyd edir ki, əgər mal xarab olmuş olsaydı mal sahibləri iddiaçıya qarşı bu və ya digər müstəvidə hər hansı iddiaları olardı. Lakin cavabdehlərin belə iddiaları olmamışdır. Həmçinin iddiaçının nümayəndəsi bildirmişdir ki, yük avtomobilinin soyuducusu sürücü kabinasından idarə edilir və nəzarət edilir. Buna görə də yükün xarab olmasının mümkün olmamasını qeyd etmişdir. Bundan başqa iddiaçı bildirmişdir ki, Lvovdan Kiyevə qədər getməsi üçün cəmi 700 dollar xərcləmişdir. Həmin xərclərə yanacaq, dayanacaq, yemək, gözləmək və s xərclər aid olmuşdur. Lakin bildirmişdir ki, bu xərclərlə bağlı onlarda yazılı sübut mövcud deyildir. Şərh edilənlərə əsasən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 27 iyul 2023cü il tarixli, e-2(106)-2066/2023 saylı qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilərək Cavabdeh1 3500 (üç min beş yüz) ABŞ dolları məbləğində pul vəsaiti qətnamənin icra olunduğu gün Azərbaycan Respublikası manatı məzənnəsinə uyğun olaraq tutulub İddiaçı ödənilməli, iddia qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İddia ərizəsinin və apellyasiya şikayətinin təmin olunmuş hissəsinə mütənasib olaraq 107.13 (bir yüz yeddi manat, on üç qəpik) məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillərin əsaslı olması ilə yanaşı, həmin dəlillər apellyasiya baxışı zamanı qismən öz təsdiqini tapdığından, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, təqdim olunmuş sübutlar əsasında iddianın qismən təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşdən göründüyü kimi, cavabdehdən tələb edilən məbləğ 5950 manatdır. Belə olduqda kollegiya hesab edir ki, qətnamədən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, e-2(049)-2066/2023 saylı qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh1 3500 (üç min beş yüz) ABŞ dolları məbləğində pul vəsaiti qətnamənin icra olunduğu gün Azərbaycan Respublikası manatı məzənnəsinə uyğun olaraq tutulub İddiaçı ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin təmin olunmuş hissəsinə mütənasib olaraq 107.13 (bir yüz yeddi manat, on üç qəpik) məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada təqdim edildiyi vaxtdan 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar