Məhkəmə qərarları › İş №2(106)-1695/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1695/2024

30.10.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1695/2024 30.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, katib X5 iştirakı ilə, İddiaçı Fəyyaz oğlunun Cavabdehnə qarşı əmək haqqı tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-572/2024 saylı, 11 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları İddiaçı ******* saylı əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, həmin əmək kitabçasının 1 saylı, xx.xx.1994- cü il tarixli qeyddə onun RTŞ-nin xx.xx.1994-cü il tarixli 355 №-li əmri əsasında Sarxanlı kənd orta məktəbində ədəbiyyat dərsinin aparılmasına icazə verildiyi qeyd edilmişdir. Əmək kitabçasının 4 saylı, xx.xx.2010-cu il tarixli qeyddə RTŞ-nin xx.xx.2010-cu il tarixli, 1164 №-li əmri əasında Sarxanlı kənd orta məktəbində məktəbə rəhbərliyin məktəbin dil-ədəbiyyat müəllimi İddiaçı tapşırıldığı qeyd edilmişdir. Cəlilabad Rayon Təhsil Şöbəsinin 1172 saylı, 30 dekabr 2010-cu il tarixli əmrindən görünür ki, həmin əmrlə Sarxanlı kənd ümumi orta məktəbin dil-ədəbiyyat müəllimi İddiaçı xx.xx.2010-cu il tarixdən məktəbə nəzarət və rəhbərlik tapşırılmışdır. “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı” xxxxxxx000101 saylı, xx.xx.2016-cı il tarixli və xxxxxxx000102 saylı, xx.xx.2019-cu il tarixli Əmək müqaviləsi bildirişlərindən görünür ki, İddiaçı müəllim vəzifəsində işləmişdir. Cəlilabad Rayon Təhsil Şöbəsinin 124 saylı, 15 sentyabr 2020-ci il tarixli “Sarxanlı kənd ümumi orta məktəbin direktoru səlahiyyətlərinin müvəqqəti tapşırılması barədə” əmrindən görünür ki, həmin əmrdə İddiaçı Sarxanlı kənd ümumi orta məktəbin direktoru vəzifəsində səlahiyyətlərinin müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi Təhsil Nazirliyi tərəfindən yeni direktor təyin olunanadək uzadılaraq, həmin vəzifə üçün əmək haqqının 80 faizi miqdarında 3 ay müddətinə ona əlavə əmək haqqı kimi ödənilməsi qeyd edilmişdir. Sarxanlı kənd ümumi orta məktəbinin müəllimi İddiaçı ödənilmiş “əmək haqqı barədə” Cavabdehndən təqdim edilmiş Çıxarışdan görünür ki, 2020-ci ilin oktyabr, noyabr və dekabr aylarında İddiaçı məktəbin direktor vəzifəsi səlahiyyətlərini icra etdiyi üçün əlavə əmək haqqı ödənilmişdir. Lənkəran – Astara Regional Təhsil İdarəsinin K-284 saylı, 06 dekabr 2022-ci il tarixli əmrindən görünür ki, həmin əmrlə əmək müqaviləsi üzrə öhdəliklərini düzgün icra etmədiyinə görə Cəlilabad rayonu Sarxanlı kənd ümumi orta məktəbinin direktor vəzifə səlahiyyətlərini icra edən İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilərək, həmin məktəbin direktor bəzifə səlahiyyətlərinin icrası 07 dekabr 2022-ci il tarixdən onun üzərindən götürülmüşdür. Lənkəran rayon prokurorluğunun böyük müstəntiqi X9 tərəfindən qəbul edilmiş “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 07 yanvar 2024-cü il tarixli qərardan görünür ki, həmin qərarla İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, qərar ona elan edilmişdir. Qərarın təsviriəsaslandırıcı hissəsində İddiaçı Sərxanlı kənd orta məktəbində direktor vəzifəsi səlahiyyətlərini icra edərkən məktəbin qanunla qorunan hüquq və mənafelərinə, habelə dövlətin və cəmiyyətin elm və təhsil sahəsində həyata keçirdiyi siyasətlə bağlı qanunla qorunan mənafelərinə mühüm ziyan vuraraq vahid niyyətlə vəzifə səlahiyyətlərindən sui istifadə etdiyi qeyd edilmişdir. Lənkəran – Astara Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə2 tərəfindən məhkəməyə ünvanlanmış ərizədə hazırki mülki iş üzrə iddia tələbi araşdırılarkən iddia müddətinin tətbiq edilməsi məhkəmədən xahiş edilmişdir. Lənkəran 1 saylı Mediasiya Təşkilatı tərəfindən tərtib edlmiş MŞL/MT014/2023- 02768 saylı, xx.xx.2023-cü i tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməsi barədə” Arayışdan görünür ki, İddiaçı “əmək haqqı tələbi”nə dair mübahisə ilə əlaqadar mediasiya təşkilatına ilkin olaraq xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh Lənkəran – Astara Regional Təhsil İdarəsinə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2010 – xx.xx.2022-ci il iş dövrü üçün Cəlilabad rayonu, Sarxanlı kənd orta məktəbinin direktoru səlahiyyətlərini müvəqqəti icra edən şəxs qismində (111 ay müddət üçün təxmini 72.000 manat) ödənilməyən əmək haqqının cavabdehdən tutularaq, ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, göstərmişdir ki, o, Cəlilabad rayonu, Sarxanlı kənd ümumi orta məktəbində dil-ədəbiyyat müəllimi işləyir. Cəlilabad rayon keçmiş Təhsil Şöbəsinin xx.xx.2000-ci il tarixli 1164 nömrəli əmri ilə yaranmış vəziyyətlə əlaqədar olaraq məktəbə nəzarət və rəhbərlik ona həvalə edilmiş və tapşırılmışdır. Ərizəsi əsasında Lənkəran – Astara Regional Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixdə əmri ilə direktor səlahiyyətlərini müvəqqəti icra vəzifəsindən azad edilmişdir. Məktəbdə direktor səlahiyyətlərini müvəqqəti icra etmiş və bu vəzifəyə aid bütün öhdəlikləri həyata keçirmiş, bütünlüklə təşkilatçı – sərəncamçı funksiyasında vəzifəli şəxs olaraq idarəetməni həyata keçirmişdir. Belə ki, məktəbin idarə edilməsinə nəzarət, dərs saatı bölgülərinin həyata keçirilməsi, məktəbin maliyyə təsərrüffatına rəhbərlik, əmək haqqları və büdcə üzrə nəzərdə tutulmuş bütün cari xərclərin aparılması və ona nəzarət, tədris məsələlərini direktor səlahiyyətlərini müvəqqəti icra edən şəxs qismində yerinə yetirmişdir. Digər analoji kənd ümumi orta məktəbləri kimi Sarxanlı kənd məktəbin direktorunun əmək haqqı 2010-2022-ci illərdə məktəb şagirdlərinin say tərkibinin artmasından asılı olaraq, təhsil idarələrinin müəyyən etdiyi ştat maaşlarına uyğun olaraq, ***-**** manat məbləğində dəyişmişdir. xx.xx.2010–xx.xx.2022-ci il iş dövrü üçün onun hesablamasına əsasən, direktor səlahiyyətlərini icra edən vəzifəli şəxs olaraq, ödənməyən əmək haqqının məbləği, aylıq maaş 600 manatdan hesablansa, ümumilikdə 72.000 (yetmiş iki min) manat təşkil edir. Lənkəran – Astara Regional Təhsil İdarəsi yazılı müraciətinə verdiyi xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilir ki, müvafiq sənədlər elektron bildiriş qaydasında təqdim olunan sənədlərdə əksini tapmadığı üçün heç bir ödəniş həyata keçirilməmişdir. Hesab edir ki, X3 direktorluq vəzifəsinə müvəqqəti icraçı vəzifəsinə təyin edilməyi barədə əmr və digər zəruri sənədlər olduğu üçün onun hazırda tələb etdiyi əmək haqqının hesablanıb verilməməsi işəgötürənin öz vəzifələrini lazımınca yerinə yetirilməməsi sayılmalıdır. Birinci instansiya məhkəməsində İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçı Bəşirov X4 orta məktəbində direktor vəzifəsinin səlahiyyətlərini icra etməsinə baxmayaraq, ona həmin vəzifə üçün müəllim maaşı ilə direktor vəzifəsinin maaşı arasındakı fərq ödənilməmişdir. Lakin buna baxmayaraq məktəbə rəhbərliyi həyata keçirdiyi üçün maddi-məsul şəxs kimi onun barəsində Cəlilabad rayon prokurorluğunda ibtidai istintaq aparılaraq, ona qarşı cinayət işi üzrə ittiham elan edilmişdir. Həmçinin iddiaçı tələb etdiyi əmək haqqında dair iddia müddətini ötürməmişdir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Birinci instansiya məhkəməsində Lənkəran – Astara Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, xx.xx.2010-ci il tarixli əmrlə Cəlilabad rayonu, Sarxanlı kənd orta məktəbinin direktoru səlahiyyətlərinin müvəqqəti icrası İddiaçı tapşırılsa da o, həmin vəzifəni ictimai əsaslarla icra etmişdir. Lənkəran – Astara Regional Təhsil İdarəsinin müdirinin xx.xx.2022-ci il tarixli “intizam tənbehinin tətbiqi barədə” əmri ilə Cəlilabad rayonu, Sarxanlı kənd orta məktəbinin dil və ədəbiyyat müəllimi İddiaçı şiddətli töhmət elan edilərək, məktəbin direktor vəzifə səlahiyyətlərinin icrası ondan götürülmüşdür. İddiaçı direktor səlahiyyətlərini icra etdiyi dövr ərzində Cəlilabad rayon Təhsil Şöbəsinin 15 sentyabr 2020-ci il tarixli, 124 saylı əmri ilə onun direktor səlahiyyətlərinin icrası müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək yeni direktor təyin olunanadək uzadılmış və ona direktor vəzifəsinin əmək haqqının 80 faizi miqdarında 3 aylıq əmək haqqının ödənilməsi qərara alınmışdır. Bundan sonra İddiaçı direktor maaşının 80 faizi miqdarında 3 ay müddətində ödəniş edilmişdir. Eyni zamanda, İddiaçı irəli sürdüyü iddia tələbinə dair iddia müddətini ötürmüşdür. Odur ki, hazırki iddia tələbinə iddia müddəti tətbiq edilməklə rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Lənkəran Rayon Məhkəməsinin Məhkəməsinin (hakim Anar Pənahov) 11 mart 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bəşirov X6 rayonu Sərxanlı kənd orta məktəbinin direktor vəzifəsi səlahiyyətlərini icra etdiyi 01 oktyabr 2022-ci il tarixdən – 07 dekabr 2022-ci il tarixədək dövr üçün həmin məktəbin dil-ədəbiyyat müəlliminin əmək haqqı ilə direktor vəzifəsinin əmək haqqı arasındakı fərqin hesablanaraq əmək haqqı kimi ona ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qətnamənin icrasının Lənkəran – Astara Regional Təhsil İdarəsinə tapşırılması qət edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Qətnamədən İddiaçı Fəyyaz oğlu apellyasiya şikayəti vermişdir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 15 sentyabr 2020-ci il tarixli 124 saylı əmrlə direktor vəzifəsi səlahiyyətlərinin icrası müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi AR Təhsil Nazirliyi tərəfindən yeni direktor təyin olunanadək uzadılaraq, həmin vəzifə üçün əmək haqqının 80 faizi miqdarında üç ay müddətinə əlavə əmək haqqı ödənilməsi qeyd edilmişdir. İş materiallarına görə 2020-ci il oktyabr, noyabr, dekabr ayları - 3 aylıq müddət üçün direktor vəzifə səlahiyyətlərinin icrası üçün əlavə əmək haqqı ödənilsə də, müvafiq dövlər üçün direktorluq səlahiyyətləri üzrə əmək haqqlarının hesablanıb veriləcəyi vəd edilmiş, lakin hələlik büdcə pulu olmadığı üçün zamanında ayrılacağı bildirilməklə, son direktor vəzifəsindən çıxma əmri verilənə qədər, eləcə də, iddia tələbi verilənə qədər direktorluq maaşı və həmin vəzifə üzrə son haqq-hesab verilməmişdir. Lənkəran – Astara Regional Təhsil İdarəsinə ünvanladığı yazılı müraciətlərinə xx.xx.2023-cü il tarixli cavab məktubunda müvafiq sənədlər elektron bildiriş qaydasında təqdim olunan sənədlərdə əksini tapmadığı üçün heç bir ödəniş həyata keçirilmədiyi bildirilir. Lənkəran– Astara Regional Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli K-284 saylı əmri ilə Cəlilabad rayon Sarxanlı kənd orta məktəbinin direktor səlahiyyətlərini müvəqqəti icra vəzifəsindən azad edilmişdir. Digər kənd ümumi orta məktəbləri kimi Sarxanlı kənd orta məktəbin direktorunun əmək haqqı 2010-2022-ci illərdə məktəb şagirdlərinin say tərkibinin artmasından asılı olaraq, təhsil idarələrinin müəyyən etdiyi ştat maaşlarına uyğun olaraq, ***-**** manat məbləğində dəyişmişdir. xx.xx.2010– xx.xx.2022-ci il iş dövrü üçün direktor səlahiyyətlərini icra edən vəzifəli şəxs olaraq, ödənməyən əmək haqqının məbləği, aylıq maaş 600 manatdan hesablandıqda, ümumilikdə 72000 (yetmiş iki min) manat, hər gün üçün gecikmə faizi üzrə 7200 manat, ümumikdə 72000+7200=79200 manat təşkil edir. Məktəbdə direktor səlahiyyətlərini müvəqqəti icra etmiş və bu vəzifəyə aid bütün öhdəlikləri həyata keçirmiş, bütünlüklə təşkilatçı – sərəncamçı funsiyasında vəzifəli şəxs olaraq idarəetməni həyata keçirmişdir. Belə ki, məktəbin idarə edilməsinə nəzarət, dərs saatı bölgülərinin həyata keçirilməsi, məktəbinmaliyyə- təsərrüfatına rəhbərlik, əmək haqqları və büdcə üzrə nəzərdə tutulmuş bütün cari xərclərin aparılması və ona nəzarət, tədris məsələlərini direktor səlahiyyətlərini müvəqqəti icraedən şəxs qismində yerinə yetirmişdir. Azərbaycan Respublikası Əmək X1 direktorluq vəzifəsinə müvəqqəti icraçı vəzifəsinə təyin edilməyi barədə əmr və digər zəruri sənədlər olduğu üçün hazırda tələb etdiyi əmək haqqının hesablanıb verilməməsi işəgötürənin öz vəzifələrini lazımınca yerinə yetirilməməsi sayılmaldır. Belə ki, Lənkəran rayon Məhkəməsi e– 2(049)-572/2024 saylı, xx.xx.2024-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsində AR Əmək Məcəlləsinin 2,58, 61, 154, 162, 163, 178 maddələrinə əsaslanaraq, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Bəşirov X6 rayonu Sərxanlı kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləməklə 30 dekabr 2010-cu il tarixdən – 07 dekabr 2022-ci il tarixədək həmin məktəbin direktor vəzifəsi səlahiyyətlərini icra etdiyinə görə ona dil-ədəbiyyat müəlliminin əmək haqqı ilə direktor vəzifəsinin əmək haqqı arasındakı fərq əmək haqqı kimi ona ödənilməlidir. Məhkəmə hesab edir ki, AR Əmək Məcəlləsinin 296.4, 172.5 maddələrini şərh edərək, belə qənaətə gəlir ki, hazırki iddia tələbinə iddia müddəti tətbiq edilməlidir. Lənkəran rayon Məhkəməsi iddia tələbini qismən təmin edərək, Bəşirov X6 rayonu Sərxanlı kənd orta məktəbinin direktor vəzifəsi səlahiyyətlərini icra etdiyi 01 oktyabr 2022-ci il tarixdən – 07 dekabr 2022-ci il tarixədək dövr üçün həmin məktəbin dil-ədəbiyyat müəlliminin əmək haqqı ilə direktor vəzifəsinin əmək haqqı arasındakı fərq hesablanaraq əmək haqqı kimi ödənilməsi, iddia tələbini qalan hissədə təmin edilməməsi barədə qətnamə çıxarmışdır. Həmin qətnaməni əsassız saydıqları üçün apellyasiya qaydasında mübahisələndirilir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdı. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən İddiaçı Fəyyaz oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfin nümayəndəsi iddiaçının apellyasiya şikayəti ilə razı olmadığını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etsə də, iş üzrə iddia tələbinin təmin olunmayan hissəsini mübahisələndirdiyindən qətnamə həmin hissədə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin Maddə 58. Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsi 1.Əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır. Maddə 61. Başqa işçinin əmək funksiyasının icrası

1. Müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. Bu zaman əmək haqqı bu Məcəllənin 162-ci maddəsində nəzərdə tutulan qaydada ödənilir.

2. Boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir.

3. Boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür.

4. Əgər boş vəzifə üzrə əmək funksiyası boş olmayan vəzifə üzrə əmək funksiyası ilə eyni xarakterlidirsə, həmin boş olmayan vəzifəni tutan işçi onun razılığı ilə öz vəzifəsində qalmaqla həmçinin belə boş vəzifəyə təyin edilə bilər. Bu zaman işçiyə boş vəzifə üzrə nəzərdə tutulmuş əməkhaqqının (vəzifə maaşının) yarısından az olmamaq şərtilə əlavə əməkhaqqı ödənilir Maddə 154. Əmək haqqı

1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

2. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Maddə 162. Müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi

1. Özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir.

2. Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əmək haqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir. Maddə 163. Əvəzçilik üzrə əmək haqqının ödənilməsi

1. Əvəzçilik üzrə işləyən işçilərin əməyinin ödənilməsi mövcud əmək şəraiti nəzərə alınmaqla faktik yerinə yetirilən işə görə ödənilir.

2. Əvəzçilik üzrə işləyənlərin tarif (vəzifə) maaşı, mükafatlandırılması, əmək haqqına əlavələrin, artımların verilməsi əsas işçilər üçün müəyyən olunmuş qaydalara uyğun olaraq həyata keçirilir. Maddə 178. Əməyin ödənilməsinin təminatları İşəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri

4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli Qərarında göstərilir ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2001-ci il 27 dekabr tarixli Qərarında iddia müddətinin əhəmiyyəti ilə bağlı aşağıdakı məqamlar qeyd edilmişdir: -birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; -ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; -üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun (mediasiyanın keçirildiyi tarixdə qüvvədə olan redaksiyası) 3.2-ci maddəsinə əsasən kommersiya, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

53. Həmin qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

54. Həmin qanunun 21.5-ci maddəsinə əsasən mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır.

55. Qanunvericiliyin tələblərindən də göründüyü kimi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl tərəflərin mediasiya sessiyasında iştirakları şərtdir. Buna görə də hazırki iş üzrə iddiaçılar ilk öncə mediasiyaya müraciət etməli olmuşlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə Kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsi, mübahisənin həlli, eləcə də iddia müddətinin tətbiqinin şamil edildiyi dövr baxımından düzgün qənaətə gəlmişdir. Qeyd olunduğu kimi Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar yaranmış əmək mübahisəsinin həlli üçün işçi öz hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Bu zaman məhkəmə tərəfindən göstərilən məqamlar aydınlaşdırılmalıdır: 1) Hazırki iş üzrə iddiaçılar ayrı-ayrılıqda hüquqların pozulduğunu nə zaman aşkar etmişlər? 2) Həmin andan etibarən 1 ildən az müddət ərzində məhkəməyə müraciət etmişlərmi? 3) Həmin müddətin axımını dayandıran hallar mövcud olmuşdurmu? Yuxarıda qeyd edilənlərə əsasən iddiaçıların hüquqlarının pozulduğunu nə zaman aşkar etməsi müəyyənləşdirməlidir. Belə ki, Əmək Məcəlləsinin 296.3-cü maddəsinə əsasən hüququn pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Qanunvericilik normalarından görünür ki, işçi öz hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində əvvəlki dövr üçün əmək haqqı tələbi ilə məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 296-cı maddəsinin 7-ci bəndinə əsasən, mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. İşin faktiki hallarından müəyyən edilir ki, İddiaçı İddiaçı “əmək haqqı tələbi”nə dair mübahisə ilə əlaqadar mediasiya təşkilatına xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. İş materiallarında olan rayon təhsil şöbəsinin təqdim etdiyi əmək haqqının ödənilməsi ilə əlaqadar çıxarışdan da görünür ki, İddiaçı əmək haqqı hər ay ödənilmişdir. Bu baxımdan xx.xx.2022-ci il tarixdə İddiaçı 2022-ci ilin oktyabr ayına dair dövr üçün əmək haqqı ödənildiyindən və o, həmin ödəniş zamanı direktor vəzifəsini icra etməsi ilə əlaqadar ona əlavə əmək haqqının ödənilmədiyini və bu barədə hüququnun pozulduğunu bilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2010-cu il tarixdən xx.xx.2022-ci il tarixədək dövr üzrə məhkəmə iddia müddətini tətbiq etməkdə haqlı olmuşdur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia müddətini tətbiq etməklə iddianın qalan hissədə rədd olunmasında maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırkı iş üzrə iddia müddəti tətbiq olunduğundan, iddiaçının irəli sürdüyü digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki belə yanaşma prosessual qənaət prinsipinin tələbidir və məhz buna görə də iddianın təmin olunması mümkün deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur, odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirələn hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi:

İddiaçı Fəyyaz oğlunun apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, e-2(049)-572/2024 saylı qətnaməsi mühasələndirələn hissəsə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar