Məhkəmə qərarları › İş №2(106)-1700/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1700/2023

16.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1700/2023 16.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, İddiaçı X4 cavabdehlər "xxxx" ASC-yə və Sabirabad rayon Həşimxanlı Bələdiyyəsinə qarşı torpaq sahəsinin bərpa edilməsi və dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə iddiaçı X6 tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə baxaraq MÜƏYYƏNETDİ: Sabirabad Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(056)-02/2023 saylı qətnaməsi ilə (hakim Nurəddin Bağırov) iddiaçı X4 cavabdehlər "xxxx" ASC-yə və Sabirabad rayon Həşimxanlı Bələdiyyəsinə qarşı torpaq sahəsinin bərpa edilməsi və dəymiş ziyanın əvəzinin ödənilməsi barədə iddia tələbi təmin edilməmişdir. İddiaçı X1 Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli 2(056)-02/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti nəzərdən keçirilərkən məlum olmuşdur ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) tələblərinə cavab vermir. Belə ki, MPM-in 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iddiaçı X6 tərəfindən iş üzrə Sabirabad Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(056)-02/2023 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti verilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş apellyasiya şikayətinin verilməsi formasına və məzmununa dair tələblərə əməl edilməmişdir. Belə ki, MPM-in 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar, yaşayış yeri və ya olduğu yer( həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktı hansı hissədə mübahisələndirdiyi; şikayəti verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayətində barəsində şikayət verilən məhkəmə aktı 20 iyun 2023-cü il tarixli qətnamədir. Ancaq iş materiallarına nəzər saldıqda orada 20 iyun 2023-cü il tarixli məhkəmə aktı mövcud deyildir. Bu səbəbdən də, hazırkı işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların mövcudluğun istisna edilir. Habelə, iddiaçı öz apellyasiya şikayətində istinad etdiyi konkret fakt və halları, habelə onları təsdiq edən sübutları göstərməmişdir. MPM-in 363-cü maddəsində apellyasiya şikayətinin qaytarılması əsasları nəzədə tutulmuşdur. Həmin apellyasiya şikayətinin qaytarılması əsaslarından biri də apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı X6 qətnamədən apellyasiya şikayəti verərkən mülki prosessual qanunvericiliklə müəyyən edilmiş apellyasiya şikayətinin formasına və məzmununa dair tələblərə əməl etməmişdir. MPM-in 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. İşə baxan birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayaraq, yalnız həmin normanın tələblərinə cavab verən apellyasiya şikayətini, ona əlavə edilmiş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərməli olduğu halda, yanlış olaraq apellyasiya şikayətinin prosessual qanunvericiliyin tələblərinə uyğun olması qənaətinə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Sabirabad Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(056)-02/2023 saylı qətnaməsindən iddiaçı X6 tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilməlidir. MPM-in 366.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o qəbul olunmamış hesab edilə bilər. MPM-in 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Şərh edilənlərə əsasən və MPM-nin 361, 263-264, 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı X6 tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin. İddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayəti MPM-in 363-cü maddəsinə müvafiq olaraq qaytarılması üçün iş materialları ilə birlikdə Sabirabad Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kasasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar