Məhkəmə qərarları › İş №2(106)-1714/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1714/2024

30.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1714/2024 30.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 2(057)- 1292/2024 saylı, 24 iyul 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları Cavabdeh ilə İddiaçı 02 iyul 2018-ci ildən rəsmi nikahda olmuşlar. Birgə nikahdan iki uşaq- 24 oktyabr 2019-cu il təvəllüdlü X2 və 10 dekabr 2020-ci il təvəllüdlü X3 doğulmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər uşağa 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini əsaslandırarkən göstərmişdir ki, tərəflər 02 iyul 2018-ci il tarixdə nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 anadan olmuşdur. Nikaha daxil olduqdan sonra ailə münasibətləri normal olmuş və aralarında heç bir narazılıq olmamışdır. Bir müddət keçdikdən sonra ailə münasibətləri tədricən soyumuş, hazırda tamamilə kəsilmişdir. Hal-hazırda ayrı yaşayışlar. Yetkinlik yaşına çatmayan uşaqlar iddiaçının himayəsindədir. Cavabdeh onların maddi vəziyyəti ilə maraqlanmır və heç bir köməklik göstərmir. İddiaçının qazancı ilə uşaqların təminatını ödəmək çətindir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsində Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı ilə 2018-ci il tarixdə evlənmiş və birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 adlı iki uşağı olmuşdur. 3-4 aydır ki, iddiaçı atası evində yaşayır. Fövqəladə Hallar Nazirliyinin Şirvan Regional bölməsində Yanğından Mühafizə bölməsində işləyir və 700 manat əmək haqqı alır. Xasiyyətləri uyğun gəlmir. İddianın qismən qəbul etdiyini bildirərək, hər ay hər uşaq üçün 150 manat olmaqla cəmi 300 manat aliment verməyə razı olduğunu bildirmişdir. Salyan Rayon Məhkəməsinin Məhkəməsinin (hakim Ağarza Səmədov ) 24 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh xx.xx.2024-cü ildən başlayaraq hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat miqdarında alimentin alınaraq İddiaçı verilməsi, aliment tələbinin dərhal icra edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh 56 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 78.1-ci, 78.2-ci, 100.2-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmış, tərəflərin maddi və ailə vəziyyəti, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmaqla alimentin miqdarının 150 manat müəyyən edilməsini məqsədəmüvafiq hesab etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər ay hər uşağa 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli və 2(057)-1292/2024 nömrəli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, xx.xx.2019-cu il təvəllüdlü X2 vəxx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh xx.xx.2024-cü ildən başlayaraq hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat miqdarında alimentin alınaraq onun ödənilməsi qət edilmişdir. Hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsi tərəfindən Salyan Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli və 2(057)- 1292/2024 nömrəli qətnaməsi ləğv edilməli və iddianın təmin olunması- birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X6 loğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər uşağa 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulması barədə yeni qətnamə çıxarılmalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə uşaqların azyaşlı olmalarına və xərclərinin çox olmasına qiymət verməmişdir. Uşağın saxlanması üçün aliment onun həyat şəraitinə uyğun olmalıdır. Cavabdehin maddi vəziyyəti çox yaxşıdır. Lakin məhkəmə heç birini nəzərə almamışdır. Uşaq üçün yaşayış minimumu 235 manatdır və uşağın 150 manatla paltar, yemək və səhiyyə xərclərini ödəməsi mümkün deyildir. Bazarda bir pencək və bir ayaqqabının qiyməti 170 manatdan çoxdur, ümumiyyətlə hazırkı vəziyyətdə bazar qiymətləri kəskin artmışdır. Buna uyğun olaraq yaşayış minimumu artmaqdadır. Lakin məhkəmə bunları nəzərə almamışdır. xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 əvvəlki yaşayış və təminat səviyyəsinin təmin edilməsi məhkəmənin hər uşaq üçün müəyyən etdiyi 150 manat alimentlə mümkün deyil. Belə ki, məhkəmə öz qətnaməsində uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasınını əsas tutulmasını qeyd etsə də, ona uyğun qərar qəbul etməmişdir. Belə ki, uşaqları həmişə yaxşı yaşamış və heç bir maddi çətinlik çəkməmişlər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü ilin yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə isə iki uşağa görə, cəmi 300 manat aliment ödənilməsi barədə qətnamə qəbul edərək onun və uşaqlarının hüquqlarını məhdudlaşdırmışdır. Cavabdehin 700 manat əmək haqqı alması göstərilsə də, məhkəmə bunu araşdırmamış və cavabdehin əslində 1000 manatdan daha çox əmək haqqı almasını nəzərə almamışdır. Əlavə olaraq qeyd edir ki, cavabdehin və atasının bir neçə yerdə icarəyə verdikləri obyektləri və torpaqları var. Yəni, cavabdehin rəsmi olaraq aldığı aylıq əmək haqqından əlavə də gəlirləri var. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdı. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya işə, MPM-in 376.2-ci maddəsinə əsasən məlumat verilmiş, lakin gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etsə də, qətnaməni alimentə dair iddia tələbinin təmin edilməmiş hissəsində mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı Plenum Qərarının 8.3.-cü bəndinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Mülki Prosessual Məcəllə: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşaraq bildirir ki, həqiqətən də, hazırkı işin müəyyən edilmiş halları birgə nikahdan doğulmuş iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmasını zəruri edir. Bununla yanaşı, məhkəmə kollegiyası təyin edilmiş alimentin məbləğinin müəyyən edilməsi zamanı işin hallarının, tərəflərin maddi və ailə vəziyyətinin, diqqətəlayiq olan digər halların tam nəzərə alınmadığını bildirir. Belə ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Birinci instansiya məhkəməsində iştirak edən cavabdeh tərəf Fövqəladə Hallar Nazirliyinin Şirvan Regional bölməsində Yanğından Mühafizə bölməsində işləməsini və 700 manat əmək haqqı almasını bildirmişdir. Məhkəmə alimenti miqdarı ilə bağlı Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbləri baxımından tərəflərin maddi və ailə vəziyyəti, uşaqların əvvəlki təminatının saxlanılması baxımından düzgün qənaətə gəlməmişdir. Məhkəmə kollegiyası bildirir ki, uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas meyar olaraq qiymətləndirilməlidir. İddiaçı iddia ərizəsində cavabdehdən hər ay hər uşağa görə 235 manat məbləğində alimentin tutulmasını xahiş edərkən, 2024-cü il üçün Azərbaycan Respublikasında uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinə istinad etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli yuxarıda göstərilən Qərarında qeyd edilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Göründüyü kimi, yaşayış minimumu məbləği aliment məbləğinin həcminin müəyyənləşdirilməsi zamanı mümkün məntiqi meyar olaraq nəzərə alınsa da, alimentin məbləğinin hər bir halda yaşayış minimumu səviyyəsində təyin edilməsinə dair göstəriş mövcud deyil. Konstitusiya Məhkəməsi Plenumunun mövqeyini də nəzərə alan məhkəmə kollegiyası bildirir ki, hazırkı iş üzrə yetkinlik yaşına çatmayan hər iki uşaq iddiaçının yanında olduğundan, bu hal yalnız minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi cavabdehdən tutulmasına əsas ola bilər. Bu isə onunla əlaqəlidir ki, uşağı saxlamaq yalnız cavabdehin deyil, tərəflərin hər ikisinin ümumi vəzifəsidir. Hazırkı iş üzrə aliment məbləği müəyyən edilərkən nəzərə alınmalıdır ki, iş üzrə İddiaçı «Şirvan Şəhər Mərkəzi Xəstəxanası» PHŞ-də tibb bacısı vəzifəsində işləməklə 601 manat əmək haqqı alır. Məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarını, uşaqların iddiaçının himayəsində qalmasını və onun üzərinə uşaqların saxlanması ilə bağlı daha çox yük düşdüyünü nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Salyan Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 2(057)-1292/2024 saylı qətnaməsi cavabdehdən tutulmalı olan aliment məbləğinə aid hissədə dəyişdirilərək, yaşayış minimumu məbləğinə nisbətən yaxın olması üçün aliment hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 2 uşağa görə 340 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti (artırılması tələb edilən məbləğ) Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 2(057)-1292/2024 saylı qətnaməsi alimentin məbləğinin müəyyən olunması hissəsində dəyişdirilsin. Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 adlı iki uşağın yetkinlik yaşına çatana kimi saxlanmaları üçün tutulub İddiaçı xeyrinə ödənilməli olan alimentin miqdarı hər ay 1 uşağa görə 170 manat olmaqla, cəmi 2 uşağa görə 340 manat sabit pul məbləğində müəyyən edilsin. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar