Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1734/2025 27.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-1996/2025 saylı qətnaməsindən İddiaçı (nümayəndəsi Nümayəndə) tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(056)-1347/2024 saylı qətnaməsinə əsasən cavabdehin xeyrinə xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2019-cü il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün tutulan alimentin miqdarının Azərbaycan Respublikası Ailə Məcəlləsinin müddəalarına uyğun olaraq yarı hissəsində 300 (iki yüz) manata qədər azaldılması və cavabdehin xeyrinə ondan xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2019-cü il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün hər ay əmək haqqının yarı hissəsi miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(056)-1347/2024 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə Sabirabad rayon Qeydiyyat Şöbəsində bağlanmış və 80 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2019-cü il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X3 anaları Cavabdeh yanında qalmaları və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə üç uşaq üçün 600 (altı yüz) manat sabit pul məbləğində alimentin İddiaçı tutulub Cavabdeh verilməsi, mediasiya xərcinin əvəzinin 55 (əlli beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzinin 50 (əlli) manatın İddiaçı tutulub Cavabdeh verilməsi, qətnamənin “alimentin tutulması” hissəsinin dərhal icraya yönəldilməsi və iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Hazırkı iş üzrə Cavabdeh qərəzli olaraq onun və valideynlərinin xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2019-cü il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X5 adlı uşaqlarla ünsiyyətdə olmalarına maneə olur. Hətta məhkəmədə təyin olunmuş aliment absurddur. Onların boşanmalarına səbəbi Cavabdeh ona xəyanət etməsi səbəbi olmuşdur. Leyla isə xəyanətinin üstünün açılmasından sonra, xx.xx.2024-cü il tarixdə azyaşlı uşaqları da götürərək evdən çıxmışdır. Xəyanətinin onlarda sübutları var və həmin sübutlar BAKCELL-dən çıxartdığı danışıq yazışmalarıdır. Bunun vasitəsi Leylanın bibisi qızı olmuşdur. Həmin ona xəyanət etdiyi oğlanla görüşməsi də var. Hətta boşanma zamanı atası Nümayəndə də onun nümayəndəsi qismində təmsil edən zaman da həmin xüsusatları bildirmişdir. Lakin məhkəmə heyəti həmin xüsusatı ciddi almayaraq hal-hazırda uşaqların yaxşı yaşaması, rifahı üçün aliment hissəsinə baxıldığını bildirmişdir. Azyaşlı uşaqlarının anası Leylanın yanında qalması onların gələcəyi üçün mənfi rəyin formalaşmasına gətirib çıxaracaqdır. Evə baxmağa da imkanı çatır. Ev isə şəxsi evləridir. Hal-hazırda özü ailə həyatı qurmamışdır. Hazırkı cavabdehlə eyni küçədə qalırlar, yəni qonşudurlar. Hətta cavabdehlə qohumluq əlaqələri də vardır. Onun atasının bibisi nəvəsi sayılır. Hətta xəyanəti Leylanın atası Əliyə də sübut kimi təqdim etmişdir. Atası isə cavabında bildirmişdir ki, onun əlindən heç nə gəlmir. Atası da demişdir ki, biri bacın qızıdır və biri də qonşundur. Dövlət var və onların qurumu var. Hazırda qızının ailə həyatını dağıdır və onun barəsində müvafiq qurumlara şikayət etsin ki, sonuncu barəsində tədbir görülsün. Alimentin azaldılmasına dair münasibətdə isə bildirmək istəmişdir ki, xx.xx.2025-ci il tarixli Rusiya vətəndaşı ilə əmək müqaviləsinə əsasən “İşçi, İP Semenova Y.A.-da mühafizəçi vəzifəsini icra etməyi, daxili əmək qaydalarına riayət etməyi öhdəsinə götürür, işəgötürən isə İşçiyə lazımi əmək şəraitinin yaradılmasını və əmək haqqının Rusiya Federasiyasının qüvvədə olan qanunvericiliyinə, lokal normativ aktlara və bu müqaviləyə uyğun olaraq vaxtında ödənilməsini təmin etməyi öhdəsinə götürür. İşə başlama tarixi: xx.xx.2025-ci il Əmək müqaviləsi xx.xx.2025-ci il tarixindən etibarən müddətsiz bağlanılır. Bu müqavilə üzrə iş İşçi üçün əsas iş yeri hesab olunur, iş yeri: Moskva şəhəri, Viinüskaya küçəsi, ev 7, korpus 2 ünvanında yerləşən “Mini Market” mağazasıdır. Sınaq müddəti müəyyən edilmir. Əmək haqqı: 30 000 (otuz min) rubl məbləğində (Azərbaycan manat məzənnəsi ilə 580 manat müəyyən edilir. İşçi aşağıdakı hüquqlara malikdir: Bu müqaviləyə əsasən görülmüş işin miqdarı və keyfiyyətinə uyğun olaraq əmək haqqının tam və vaxtında ödənilməsi; Qanunvericiliyə uyğun olaraq illik ödənişli məzuniyyət və həftəlik istirahət hüququ;. Əmək qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqlar. İşçi üçün aşağıdakı iş rejimi müəyyən edilir: İşin başlama vaxtı: 21:00, işin bitmə vaxtı: 09:00 müəyyən edilmişdir.” Hazırda o, satıcı işləyir və onun vəzifə maaşı 580 manat təşkil edir. Digər gəlir yeri yoxdur. Birinci instansiya məhkəməsində icraat Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-1996/2025 saylı qətnaməsi ilə (hakim S.Allahverdiyev) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(056)-1347/2024 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə Sabirabad rayon Qeydiyyat Şöbəsində bağlanmış və 80 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2019-cü il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X3 anaları Cavabdeh yanında qalmaları və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə üç uşaq üçün 600 (altı yüz) manat sabit pul məbləğində alimentin İddiaçı tutulub Cavabdeh verilməsi, mediasiya xərcinin əvəzinin 55 (əlli beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzinin 50 (əlli) manatın İddiaçı tutulub Cavabdeh verilməsi, qətnamənin “alimentin tutulması” hissəsinin dərhal icraya yönəldilməsi və iddia tələbi qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. İş materiallarına həmçinin xx.xx.2025-ci il tarixli əmək müqaviləsi və cavabdehin səs yazıllarını, və 4 ədəd videonu özündə əks etdirən CD disk əlavə edilmiş, məhkəmə həmin sübutları da tədqiq etmişdir. Məhkəməyə təqdim edilmiş Sabirabad Rayon İcra və probasiya Şöbəsinin xx.xx.2024cü il tarixli borclunun axtarılması haqqında qərarının surətindən görünür ki, xx.xx.1994-cü il təvəllüdlü İddiaçı barəsində axtarış elan edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2018-ci il təvəllüdlü X4 xəstəlikləri haqqında çıxarışlardan, respetlərdən və digər sənədlərdən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X2 problemlər vardır və uşağa daimi olaraq dərman preparatları təyin edilir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə qeyd etmişdir ki, istər daxili qanunvericilik, istər Beynəlxalq Konvensiyalar uşaqların mənafeyi ilə qərar qəbul edərkən uşaqların mənafeyinin daha üstün tutulmalı, onların hüquqlarının təmin olunmasına şərait yaradılmalı olduğunu vurğulamışdır. İşdən də görünən hal ondan ibarətdir ki, hazırkı tələb hüquq və mənafeyinə toxunan uşaqlardan biri Heydər Əliyev bir neçə xəstəlikdən əziyyət çəkir və ona mütəmadi olaraq müalicələr tətbiq olunur. Qeyd edilən hal uşağın anasının işləməsinə də mane olur və Heydər Əliyev atası tərəfindən ödənilən aliment məbləğindən başqa digər maddi təminat mənbəyinə malik deyildir. Digər tərəfdən o da vurğulanmalıdır ki, iddiaçı iddia tələbində də göstərmişdir ki, onun evə baxmağa maddi imkanı çatır və şəxs evləri vardır. Bu hal isə alimentin azaldılmasının maddi əsasını təşkil edən Azərbaycan Respublikasının MPM-nin 112.1-ci maddəsi ilə uzlaşmayan hal kimi nəzərə alınmalıdır. Belə ki, qanunvericiliyin tələbindən də aydın olduğu kimi, alimentin məbləğinin dəyişdirilməsi ilə bağlı iddia, məsələn alimentin miqdarının azaldılması ilə bağlı iddia aliment ödəyən tərəfin maddi vəziyyətinin əvvəllər aliment ödədiyi dövrə münasibətdə pisləşməsi halında və ya ailə vəziyyətində dəyişiklik baş verdiyi halda qaldırılır ki, iddiaçının göstərdiklərindən də aydın olur ki, onun uşaqlarının tələbatlarını qarşılamaq üçün maddi vəziyyətində, həmçinin ailə vəziyyətində dəyişiklik baş verməmişdir (iddia ərizəsində də göstərmişdir ki, ailə həyatı qurmamışdır). Bundan əlavə, iddiaçı iddia ərizəsində Rusiya Federasiyasında müqavilə bağlayıb rəsmi iş yerinə malik olduğuna istinad edib alimentin azaldılmasını xahiş etmişdir ki, həmin müqavilədə iddiaçının mühafizəçi vəzifəsinə işə qəbul edilməsi göstərilmiş, iddiaçı isə elə iddia ərizəsinin daxilində satıcı işlədiyini göstərmişdir. Son olaraq o da qeyd edilməlidir ki, iddia ərizəsinin mahiyyətindən aydın olan hal odur ki, iddiaçı alimentin azaldılmasının onun maddi vəziyyətində dəyişiklik baş verməsindən çox, əsasən uşaqları ilə ünsiyyətdə ola bilməməkdən, cavabdehin xəyanətindən, uşaqların iddiaçının himayəsində saxlanmasının uşaqların gələcəyi üçün mənfi rəy formalaşdırmasına gətirib çıxaracağından bəhs etmişdir. Göstərilən son iki abzasdakı hallar ümumiləşdirildikdə məhkəmə hesab etmişdir ki, qətnamə qəbul edilərkən bu hallar da nəzərə alınmalıdır. Son olaraq alimentin miqdarının dəyişdirilməsi əsaslarını müəyyən edən Ailə Məcəlləsinin 112-ci maddəsinə münasibətdə qeyd edilməlidir ki, həmin norma qanunvericilikdə imperativ norma kimi müəyyən edilməmiş, məhkəməyə həmin normada sadalanmış hallarda birinin mövcudluğu halında uşağın üstün hüquq və mənafeləri nəzərə alınmaqla qənaətə gəlinməsi imkanını müəyyən etmişdir. Beləliklə məhkəmə hesab etmişdir ki, xeyrinə aliment tutulması qət edilmiş, hazırda isə həmin alimentin miqdarının dəyişdirilməsi xahiş edilmiş uşaqların mənafeyi ilə bağlı hallar (sağlamlıq durumu, məktəbli və bağça yaşında olmaları, bu xüsusda artan tələbatları) əsas götürülməklə iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndi, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 78.1, 112.1-ci maddələri, «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 3,5-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, iddiaçı 580 manat əmək haqqı alır və onun 600 manat aliment ödəməyə imkanı yoxdur. Bundan başqa xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasından narazıdır. Çünki iddiaçının xəstəliyi ilə əlaqədar təqdim edilən sübutlara birinci instansiya məhkəməsi tərəfindən əhəmiyyət verilməmişdir. Oğlunun isə xəstəliyi bunlardır: əsəb xəstəliyi və dil qatlanması vardır. Çünki 2005-ci ildə avtoqəza keçirtmişdir. Ondan sonra da oğlu Əliheydər müalicə də olunmamışdır. Bu səbəbdən də xəstəliyində artım baş verir. Çox vaxtlar gərgin və əsəbi olduqda Əliheydərin dil qatlanması və sudurqası olur. Buna görə də Əliheydər bir işdə daima çalışa bilmir. Bugünkü gün Əliheydər Rusiya vətəndaşı ilə əmək müqaviləsinə əsasən İşçi İP Semenova Y.A-da mühafizəçi vəzifəsini icra edir və aylıq əmək haqqısı 580 manat təşkil edir. Oğlu isə hazırkı iş üzrə cavabdeh ona qarşı əxlaqsızlıq etdiyi üçün aliment ödəmək istəmir. Əgər cavabdeh uşaqları saxlaya bilmirsə, onlara təhvil verə bilər və onlarda uşaqları saxlayar. O da oğlu Əliheydərin mövqeyini təsdiq edir və bu 300 manat alimenti isə öz aldığı 388 manat təqaüdün 300 manat hissəsində ödəməyə hazırdır. O sırf bunları nəvələri üçün edir. Oğlu isə bu alimenti ödəmək belə istəmir. O da öz şəxsi hesabı ilə 300 manat aliment ödəmək istəyir. Oğlu isə 1 il 6 aydır ki, Rusiyada yaşayır və orada da işləyir. Oğlu bildirmişdir ki, bu biabırçılıqdan sonra Azərbaycana ümumiyyətlə gəlməyəcəkdir. Oğlu xəyanəti bağışlamadığı üçün aliment də ödəmək istəmir. Hazırda da o alimentin azaldaraq 300 manat hissədə saxlanılmasını xahiş edir. Ona görə ki, həmin 300 manat alimenti isə o ödəməyi öhdəsinə götürür. Oğlu Əliheydər hətta ona bildirmişdir ki, “bu işin arxasına düşmə, çünki alimenti ümumiyyətlə ödəməyəcəkdir.” Lakin, o nəvələrinə xatir bu işin arxasına düşmüşdür. Hətta bir baba kimi ünsiyyət hüququn təmin edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Hələki iş icraatdadır və məhkəmə qətnaməsi çıxarılmamışdır. Buna baxmayaraq hələ də nəvələri ilə rəsmi qaydada ünsiyyətdə olmağını gözləyir. Uşaqlara geyim və ərzaq alsın və onların təhsili ilə məşğul olsun. Bundan başqa nəvələrinin gələcəyi ilə ciddi maraqlanır ki, yarımçıq böyüməsinlər və insan kimi formalaşsınlar, cəmiyyətə yararlı övlad kimi yetişsinlər. Əlavə olaraq o, qətnamə çıxarılanadək müvəqqəti ərizə ilə müraciət edərək uşaqlarla ünsiyyətin təmin edilməsini xahiş etmişdir və hal-hazırda Sabirabad rayon İcra və Probasiya Şöbəsində iş gedir. Məsələn: Heydər Əliyev parkında görüş təyin edilmişdir ki, bazar günləri saat 12:00-dan 15:00-a kimi müvəqqəti olaraq ünsiyyət hüququ vardır. Hətta 3 dəfə ünsiyyət keçirilmişdir. Ünsiyyət zamanı uşaqlar ananın yanından ayrılmaq istəmirlər. Uşaqların onla görüşməsinin səbəbi odur ki, uşaqları əvvəcədən öyrədilmişdir. Qətnamədə isə əsassız olaraq qeyd olunmuşdur ki, 2 ev, bahalı maşın və mağazası vardır. Lakin bunlar hamısı cəfəngiyyatdır. Hər şey elektron olaraq bazada yerləşdirilir. Onun ümumiyyətlə maşını yoxdur. Özü isə atasının tikdiyi köhnə evdə olur. Onun və oğlunun nə maşını, nə də şəxsi mülkü yoxdur. Bütün bunları nəzərə alaraq Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)- 1996/2025 saylı qətnaməsi qanunun pozulması ilə qəbul edilmişdir. Belə ki, o hər ay hesablanan alimentin 3 uşaq üçün 0,75 misli yəni 300 manat məbləği ödəməyə imkanı çatır. Ona görə də Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-1996/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Aellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir və təmin edilməsini xahiş edir. Onun özü ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkir və ikinci qrup əlildir. Buna görə də 388 manat pensiya alır. O, əvvəl birinci instansiya məhkəməsində də vurğulamışdır ki, 388 manat puldan 300 manatını nəvələri üçün ödəməyə hazırdır. Çünki bundan artığına gücü çatmır. Oğlu isə keçmiş həyat yoldaşı ona xəyanət etdiyi üçün ondan ayrılmışdır və buna görə də uşaqlar onun yanında qaldığı müddət ərzində aliment ödəməyəcəkdir. Cavabdehə isə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Konvensiyanın: 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Qanunun: 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-1996/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-1996/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(056)-1347/2024 saylı qətnaməsinə əsasən cavabdehin xeyrinə xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2019-cü il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün tutulan alimentin miqdarının Azərbaycan Respublikası Ailə Məcəlləsinin müddəalarına uyğun olaraq yarı hissəsində 300 (iki yüz) manata qədər azaldılması və cavabdehin xeyrinə ondan xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2019-cü il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanması hər ay əmək haqqının yarı hissəsi miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi xeyrinə aliment tutulması qət edilmiş, hazırda isə həmin alimentin miqdarının dəyişdirilməsi xahiş edilmiş uşaqların mənafeyi ilə bağlı hallar (sağlamlıq durumu, məktəbli və bağça yaşında olmaları, bu xüsusda artan tələbatları) əsas götürülməklə iddia tələbinin əsassız olduğu qənaətinə gəlmişdir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(056)- 1347/2024 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə Sabirabad rayon Qeydiyyat Şöbəsində bağlanmış və 80 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2019-cü il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X3 anaları Cavabdeh yanında qalmaları və uşaqların yetkinlik yaşma çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə üç uşaq üçün 600 (altı yüz) manat sabit pul məbləğində alimentin İddiaçı tutulub Cavabdeh verilməsi, mediasiya xərcinin əvəzinin 55 (əlli beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzinin 50 (əlli) manatın İddiaçı tutulub Cavabdeh verilməsi, qətnamənin “alimentin tutulması” hissəsinin dərhal icraya yönəldilməsi və iddia tələbi qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Beləliklə iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının azaldılmasından ibarətdir. Alimentin miqdarının dəyişdirilməsi növündə iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. İş materialları ilə müəyyən olunur ki, tərəflərin birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2019-cü il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur, tərəflər arasında olan nikah pozulmuş, tərəflər arasındakı nikah pozulduqdan sonra uşaqlar cavabdehin yanında saxlanılmış və hal-hazırda da onun yanındadırlar. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(056)-1347/2024 saylı qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2019-cü il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X3 anaları Cavabdeh yanında qalmaları və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə üç uşaq üçün 600 (altı yüz) manat sabit pul məbləğində alimentin İddiaçı tutulub Cavabdeh verilməsi qət edilmişdir.xx.xx.2018-ci il təvəllüdlü X2 problemlər vardır və uşağa daimi olaraq dərman preparatları təyin edilir. Alimentin azaldılması barədə iddia tələbini rədd edən məhkəmənin mövqeyi ilə razılaşmayan apellyator mövqeyin belə əsaslandırmışdır ki, iddiaçı xəyanəti bağışlamadığı üçün aliment də ödəmək istəmir. İddiaçının nümayəndəsi, yəni uşaqların babası öz aldığı 388 manat təqaüdün 300 manat hissəsində nəvələri üçün aliment kimi ödəməyə hazırdır. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd edir: İddia tələbi və apellyasiya şikayəti əsaslandırılarkən apellyator alimentin azaldılması tələbinin “əsası” kimi cavabdehin ona xəyanət etdiyini göstərmiş və onun aliment ödəməkdən imtina etdiyini qeyd etmişdir. Bu səbəb yalnız şəxsi münasibətlərin nümunəsidir. Bu hal uşaqların atası ilə ana arasında olan şəxsi münasibətlərdən ibarət olmaqla aliment öhdəliyinə heç bir təsir göstərmir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsi aliment öhdəliyini uşaqların mənafeyinin qorunması prinsipinə bağlayır və valideynin şəxsi incikliyi, emosional münasibəti və ya qisasçılıq niyyəti aliment ödənişinin dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki aliment valideynin uşağa qarşı borcudur, keçmiş həyat yoldaşına qarşı deyil. Uşaqlar valideynlərinin münasibətlərinə görə cəzalandırıla bilməz. Bu prinsip həm milli məhkəmə təcrübəsinin, həm də beynəlxalq ailə hüququnun birmənalı mövqeyidir. Beləliklə, ananın xəyanət etməsi barədə iddianın alimentin verilməsinə təsir göstərməsi nə qanunla nəzərdə tutulmuşdur, nə də hüquqi məntiqə uyğundur. Digər tərəfdən, alimenti ödəmək istəməyən şəxsin bu öhdəliyi öz valideyninə keçirməsi hüquq sistemimizdə tanınmır. Aliment öhdəliyi şəxsi öhdəlikdir və qanun yalnız müəyyən hallarda digər şəxslərin uşaqları saxlamaq üçün yardım edə bilməsini nəzərdə tutur, lakin bu yardım aliment öhdəliyinin babaya keçirilməsi demək deyil. Babanın oğlunun əvəzindən aliment ödəməsi alimentin azaldılması üçün maddi hüquqi əsas yarada bilməz. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə tərkibi uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda məhkəmə tərkibi qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə tərkibi uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşaqların yaşı ilə əlaqədar təlabatlarının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Təsadüfi deyildir ki, Azərbaycan Respubliaksında ali hüquqi qüvvəyə malik olan AR Konstitsuiyasında cəmiyyətin əsas özəyi kimi ailənin dövlətin xüsusi himayəsində olması; uşaqların qayğısına qalmaq və onları tərbiyə etməyin valideynlərin borcu olması; uşaqlara qayğı göstərmək, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olması kimi ailə hüququnun əsas prinsip normaları nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi apellyasiya şikayətinin iddiaçının xəstəliyi ilə əlaqədar qeyd edilən dəlilinə münasibətdə qeyd edir ki, bu xəstəliklər yeni yaranmamaqla, illər əvvəl-2005-ci ildə baş vermiş avtomobil qəzası nəticəsində formalaşmışdır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tətbiqi üçün əsas şərt alimentin təyin edilməsindən sonra tərəflərdən birinin maddi və ya ailə vəziyyətində baş vermiş yeni, sonradan yaranmış, dəyişiklik olmasıdır Göründüyü kimi hazırkı qeyd edilən halın aliment təyin olunduqdan sonra yaranmış yeni hal olub-olmaması əsas meyardır. Hazırkı halda isə apellyatorun göstərdiyi sağlamlıq vəziyyəti aliment təyin olunarkən də mövcud olmuş, yəni bu hallar yeni hüquqi fakt kimi qəbul edilə bilməz. Əksinə, həmin xəstəliklərin uzun illərdir davam etməsi göstərir ki, atanın sağlamlıq vəziyyəti sabitdir və aliment öhdəliyinin dəyişdirilməsi üçün tələb olunan “yeni vəziyyət” elementi yoxdur. Bundan başqa apellyatorun uşaqlara cavabdehin əvəzindən baxmaq istəməsi, babanın uşaqlara bağlılığı, nəvələrinə maddi və mənəvi yardım göstərmək istəyi, ünsiyyət hüququnun təmin edilməsi ilə bağlı paralel məhkəmə prosesləri, müvəqqəti görüşlərin təşkili və aparılması bağlı qeyd etdiyi hallar hazırkı mübahisənin predmetinə aid deyildir. Digər mübahisələrdən irəli gələn hallardır və həmin dəlillər ayrı hüquqi münasibətləri tənzimləyir.Yəni hazırkı alimentin azaldılması məsələsinə aid olmayan hüquqi faktlardır. Bu baxımdan kollegiya, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək alimentin azaldılması barədə iddia tələbini rədd edən məhkəmənin mövqeyini qanuni və əsaslı hesab edir. Bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Yaranmış vəziyyətdə məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən uşaqların layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşağın mənafeyi nəzərə alınaraq alimentin miqdarının azaldılmaması ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri, iş üzrə qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-1996/2025 saylı qətnaməsi İddiaçı (nümayəndəsi Nümayəndə) apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı halda qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: İddiaçı (nümayəndəsi Nümayəndə) verdiyi apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-1996/2025 saylı qətnaməsi İddiaçı (nümayəndəsi Nümayəndə) apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1734/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1734/2025
27.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver