Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1754/2025 24.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X6 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Kərimova (əvvəl Mehdiyeva) Ağgün İlham qızına qarşı "alimentin miqdarının azaldılması” tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)- 2068/2025 saylı, 10 iyul 2025-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi X9 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə 24 noyabr 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Kərimova (əvvəl Mehdiyeva) Ağgün İlham qızına qarşı "alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı Rayon Məhkəməsinin 8(050)-102/2025 nömrəli 19 mart 2025-ci il tarixli qərardadı ilə ona təyin edilmiş 392 manat alimentin miqdarının azaldılaraq 150 manat miqdarında olması və ödədiyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Nikahlarından bir övladları olmuşdur. Övladı 01 oktyabr 2011-ci il təvəllüdlü X13r. Münasibətləri pozulduğundan faktiki olaraq ayrı yaşayırlar. 12 fevral 2014-cü il tarixli 2(050)-38/2014 saylı qətnaməsi ilə nikahları pozulmuş və uşağın saxlanılması üçün aliment təyin edilmişdir. Keçən müddətlər ərzində təyin edilmiş aliment pulu güclə ödəyir. Hətta yığılmış aliment borcunu belə qohumları köməkləşərək ödəmişdir. Sonradan cavabdeh Masallı Rayon Məhkəməsinə müraciət edərək alimentin indeksasiya olunmasını xahiş etmiş, məhkəmənin 19 mart 2025-ci il tarixli 8(050)-102/2025 saylı qərardadı ilə aliment məbləği 2025-ci ilə uyğun indeksasiya olunmuşdur. Qərara əsasən ondan minimum əmək haqqının 0,98 misli, yəni 392 manat aliment tutulması qərara alınmışdır. Çıxarılmış qərar Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli plenium qərarına istinad olunmuşdur. Son illərdə Ali Məhkəmə mülki işlər üzrə araşdırma aparmadığından ədalətsiz plenum qərarları qəbul edir və məhkəmələri məcbur olaraq plenum qərarlarına mütləq əməl etməyə təhkid edir. O, cavabdehdən ayrıldıqdan sonra ikinci dəfə X7 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Rəsmi nikahlardan 08 oktyabr 2015-ci il təvəllüdlü X17 doğulmuşdur. X14 birinci dərəcə əlildir və onun himayəsində olmaqla yaşayır. Özü heç bir yerdə işləmir, iş olanda fəhləlik edir. Qanuna əsasən uşağı saxlamaq hər iki valideyinin borcudur. Ölkə üzrə 2025-ci il üçün uşağın yaşayış minimumu 246 manat təşkil edir. Həmin məbləğin 123 manatı onun öhdəsinə düşür. Vahid məhkəmə təcrübəsinə əsasən birinci instansiya məhkəmələri bir uşağa görə alimenti 180-200 manat təyin edirlər. İki uşağa görə isə 150-170 manat məbləğində aliment təyin edirlər. Birdən-birə onun alimenti 3 dəfə qalxmışdır. Onun həyatında maddi tərəfində hər hansı artım olmamış, lakin alimentin miqdarı bu qədər artmışdır. Mediasiya şöbəsinə alimentin azaldılması barədə müraciət etsə də, heç bir nəticə əldə edə bilməmişdir. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Cavabdeh Kərimova (əvvəl Mehdiyeva) Ağgün İlham qızı etiraz ərizəsi ilə müraciət edərək ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh Kərimova (əvvəl Mehdiyeva) Ağgün İlham qızı etiraz ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə birgə yaşadığı dövrdə onun halhazırda ailə qurduğu X2 atası X3 birgə razılaşdırılmış və qohumlarının təzyiqə əsaslanan hərəkətləri nəticəsində ailələri dağıdılmışdır. Həmin şəxslər ailə birliklərinin dağılmasından sonra İddiaçı Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsində yaşamağı üçün hazırda yaşadığı mənzili ona təqdim etmiş, ona tam təminat yaratmış, öz qızları olan X4 birinci qrup əlil olmasına baxmayaraq, ailə qurmağa təşviq etmişlər. İddiaçı əvvəlcədən tam planlı və razılaşdırılmış şəkildə X8 ilə evlənmə məqsədi ilə Samirənin atasının mülkinə sahib çıxmaq məqsədi ilə bu addımı atmışdır. Onların ayrıldıqları dövrdə birgə övladları Mehdiyev Uğur göz problemlərindən əziyyət çəkmiş, baxmayaraq ki, çəplik diaqnozu qoyulmuşdur, ayda bir neçə dəfə eynək dəyişməsi tələb olunmuşdur. Bir eynəyin dəyəri 75 manat təşkil etdiyi halda, İddiaçı bu məsrəflərin ödənilməsindən imtina etmiş, məhkəmə qərarları ilə rədd etmişdir. Uşağın tibbi xərcləri onun atası Nümayəndə2 tərəfindən tam şəkildə qarşılanmışdır. Ayrıldıqları ilk ili 103 manat aliment kifayət etmişdir, sonraki 10 il müdətinə qismən təmin etməyinə baxmayaraq sonrakı illərdə isə övladın saxlanılması ilə bağlı bütün xərclər onun və atasının üzərinə düşmüşdür. Bu illər ərzində İddiaçı X3 təsirinə düşərək heç vaxt öz övladının taleyi ilə maraqlanmamışdır. Halhazırda oğlanları 7-ci sinfi bitirmək üzrədir. İddiaçı bu müddət ərzində bir dəfə belə valideyn məsuliyyəti daşımamış, övladının geyimi, qidalanması, istirahəti və sağlamlığı ilə maraqlanmamış, heç bir tibbi və ya sosial dəstək göstərməmişdir. Halbuki qanunvericiliyə əsasən alimentdən əlavə, uşağın tərbiyəsi və inkişafı üçün digər zəruri xərclərin də, qarşılanması nəzərdə tutulur. Buna baxmayaraq, iddiaçı öz ərizəsində Azərbaycan Respublikasının qanunlarına istinad edərək ədalətdən danışır. Lakin reallıqda özü bu qanunlara zidd hərəkətlərə yol vermişdir. Ailə birliyini bilərəkdən pozmuş, hazırkı həyat yoldaşının övladı Mehdiyevə Arzuya yüksək səviyyədə atalıq etdiyi halda, öz övladı Mehdiyev Uğura qarşı diqqətsiz və məsuliyyətsiz davranmışdır. Hazırda Arzuya təntənəli şəkildə məktəbə yola salınma, məktəbdənkənar kurslara (Zirvə kursları) cəlb edilmə, dəftər-qələm təminatı və sair göstərilsə də, Uğura eyni münasibət göstərilməmişdir. O, da tələb edir ki, X18 olduğu üçün ona da, 100 manat sabit pul vahidi olaraq əlavə kursa cəlb etməkdən ötrü ödəsin, ödəniş etmədiyi halda bu isə övladlar arasında ayrı-seçkiliyə yol verilməsi deməkdir. Məhkəmə baxışı iclasında İddiaçı nümayəndəsi X9 iddia tələbini müdafiə edərək bildirmişdir ki, oğlu İddiaçı ikinci dəfə ailə qurmuş, nikahdan bir övladı vardır. Həmçinin onun həyat yoldaşı əlildir. Oğlunun rəsmi iş yeri olmadığından özü-özünü saxlamaqda çətinlik çəkir, yoldaşının əlillik pulu ilə dolanır. Oğlu uşağın saxlanması üçün hər ay 246 manat ödəyə bilər. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında cavabdeh Kərimova (əvvəl Mehdiyeva) Ağgün İlham qızının nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə dair etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin 2(050)-2068/2025 saylı, 10 iyul 2025-ci il tarixli qətnaməsi ilə (Hakim: Elşən Hüseynov), iddianın qismən təmin edilməsi, 01 oktyabr 2011-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, Masallı Rayon Məhkəməsinin 8(050)-102/2025 saylı 19 mart 2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin miqdarının azaldılması, 26 may 2025-ci il tarixdən başlayaraq İddiaçı 01 oktyabr 2011-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün Kərimova (əvvəl Mehdiyeva) Ağgün İlham qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində alimentin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinin İddiaçı aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı nümayəndəsi X9 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Masallı Rayon Məhkəməsinin 2(050)-2068/2025 saylı, 10 iyul 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Masallı Rayon Məhkəməsinin 2(050)-2068/2025 saylı, 10 iyul 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək İddiaçı 01 oktyabr 2011-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınaraq hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,98 misli həddində sabit pul məbləğinin tutulmasını və əlavə olaraq X10 təhsil xərcləri ilə bağlı cavabdehin xeyrinə 100,0 manat pulun tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh nümayəndəsi Nümayəndə2 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, eyni zamanda iddiaçının apellyasiya şikayətinə şifahi formada etiraz edərək Masallı Rayon Məhkəməsinin 2(050)-2068/2025 saylı, 10 iyul 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək İddiaçı 01 oktyabr 2011-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınaraq hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,98 misli həddində sabit pul məbləğinin tutulmasını və əlavə olaraq X10 təhsil xərcləri ilə bağlı cavabdehin xeyrinə 100,0 manat pulun tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Masallı Rayon Məhkəməsinin 2(050)-2068/2025 saylı, 10 iyul 2025-ci il tarixli qətnaməsini iddiaçının və cavabdehin apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın (xx.xx.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də ödəməyə borclu olan valideyinin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancının hamısını və ya bir hissəsini xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Masallı Rayon Məhkəməsinin 2(050)-2068/2025 saylı, 10 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının və cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apellyasiya şikayətləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarına əlavə olunmuş . Masallı Rayon Məhkəməsinin 8(050)-102/2025 saylı 19 mart 2025-ci il tarixli qərardadından görünür ki, ərizə təmin edilərək Masallı Rayon Məhkəməsinin 2(050)- 38/2014 saylı, 12 fevral 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası aparılaraq 12 mart 2025-ci il tarixdən başlayaraq İddiaçı 01 oktyabr 2011-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün Kərimova (əvvəl Mehdiyeva) Ağgün İlham qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,98 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. İş materiallarında olan AZ-İİ seriyalı 216112 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X1 nikahı 02 oktyabr 2017-ci il tarixdə Masallı Regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 480 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad “Mehtiyeva” soyadını qəbul etmişdir. İş materiallarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X17 08 oktyabr 2015-ci ildə doğulmuşdur. İş materiallarında olan İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 21 may 2025-ci il tarixli, MŞM/MT036/2025-00328 nömrəli arayışdan görünür ki, 21 may 2025-ci il tarixdə keçirilən ilkin mediasiya sessiyasında İddiaçı nümayəndəsi X9 iştirak etmiş, Kərimova (əvvəl Mehdiyeva) Ağgün İlham qızı iştirak etməmiş, mediasiya prosesini davam etdirmək mümkün olmamışdır. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi əlillik haqqında arayışının surətindən görünür ki, 15 iyul 1990-cı il təvəllüdlü X5 16 avqust 2018-ci il tarixdə “Xroniki böyrək xəstəliyi V mərhələ; Proqramlı hemodializ; Renal anemiya; Hipertoniya; Xronik tubulointerstisial nefrit; İİ-li qranulomatoz tubulointerstisial nefrit” diaqnozu ilə əlaqədar birinci dərəcəli əlillik təyin edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməzdən əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır.
1. Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir.
2. Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi, uşağın hüquq və mənafeyi ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən tələbləri gözləməklə istər uşağın hüquq və mənafeyini, istərsə də valideynlərin hüquq və mənafelərini gözləmişdir. Kollegiya qeyd edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112- ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və iddiaçının və cavabdehin apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən, tərəflərin ailə və maddi vəziyyətini, habelə diqqətəlayiq olan digər halları nəzərə alıb və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, habelə tərəflərin hər birinin valideyn kimi uşaqlarını saxlamağa borclu olmalarını əsas tutaraq iddianı qismən təmin etmişdir. Odur ki, “Masallı Rayon Məhkəməsinin 8(050)-102/2025 saylı 19 mart 2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin miqdarı azaldılmalı, 26 may 2025-ci il tarixdən başlayaraq İddiaçı 01 oktyabr 2011-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün Kərimova (əvvəl Mehdiyeva) Ağgün İlham qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır” barədə qənaəti qanuni və əsaslıdır. Kollegiya iddiaçının və cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İş materiallarından göründüyü kimi məhkəmənin qətnaməsi ilə alimentin miqdarının azaltmaq 392 manatdan 246 manata endirmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını, yəni 150 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmiş, cavabdeh isə məbləğin 392 manat müəyyən edilməsini xahiş etmişdir. Belə olan halda iddiaçının apellyasiya şikayəti üzrə qətnamənin mübahisələndirilən hissəsinin qiyməti 1152 (96x12) manat, cavabdehin apellyasiya şikayəti üzrə qətnamənin mübahisələndirilən hissəsinin qiyməti 1752 (146x12) manat (yəni qətnamənin mübahisələndirilən hisssində iddianın qiyməti beş min manatdan az) təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin Masallı Rayon Məhkəməsinin 2(050)-2068/2025 saylı, 10 iyul 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.