Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1769/2023 07.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X4 iştirakı ilə, İddiaçı cavabdeh Astara rayon Ərçivan Bələdiyyəsinə qarşı «əmək haqqı, istifadə edilməmiş məzuniyyət və son haqq-hesabın ödənilməsi» tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2(018)-21/2023 nömrəli qərardadından Astara rayon Ərçivan Bələdiyyəsinin sədri X7 tərəfindən verilmiş şikayətin mümkünlüyü məsələsinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Astara Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(018)-21/2023 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Astara rayon Ərçivan Bələdiyyəsinə qarşı «əmək haqqı, istifadə edilməmiş məzuniyyət və son haqq-hesabın ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilmişdir. Qətnamədən cavabdeh Astara rayon Ərçivan Bələdiyyəsinin sədri X7 apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti işlə birlikdə baxılması üçün 13 mart 2023-cü il tarixdə Şirvan Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 07 aprel 2023-cü il tarixli, 2(106)-684/2023 saylı qərardadına əsasən cavabdeh tərəfin apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, geri qaytarılması üçün işlə birlikdə Astara Rayon Məhkəməsinə göndərilmişdir. Astara Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər cavabdeh Astara rayon Ərçivan Bələdiyyəsinin nümayəndəsi X6 geri qaytarılmışdır. Daha sonra cavabdeh Astara rayon Ərçivan Bələdiyyəsinin nümayəndəsi X2 Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli qərardadından şikayət vermişdir. Astara Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(106)-1255/2023 saylı qərardadına əsasən şikayət təmin edilməmiş, Astara Rayon Məhkəməsinin 21 iyun 2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Astara rayon Ərçivan Bələdiyyəsinin nümayəndəsi X7 qətnamədən yenidən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, vermiş olduqları apellyasiya şikayəti geri qaytarılmış və geriqaytarma haqqında qərardadı aldıqdan sonra qərardadda qeyd olunan nöqsanları aradan qaldıraraq yenidən müraciət etmişlər. Astara Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Astara rayon Ərçivan Bələdiyyəsinə qarşı «əmək haqqı, istifadə edilməmiş məzuniyyət və son haqq-hesabın ödənilməsi» tələbinə mülki iş üzrə Astara Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(018)-21/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə cavabdeh Astara rayon Ərçivan Bələdiyyəsinin nümayəndəsi X5 ərizəsi təmin olunmamışdır. Sonuncu qərardaddan cavabdeh Astara rayon Ərçivan Bələdiyyəsinin nümayəndəsi X7 şikayət vermiş, Astara Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası təqdim olunmuş qərardaddan verilmiş şikayəti mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş şikayət qeyri-mümkün hesab edilərək, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı əlavədə müəyyən olunmuşdur). 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. 366.4-cü maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər. Qərardaddan verilmiş şikayətdən görünür ki, şikayət Elektron qaydada verilməmiş və imzalanmamışdır. Bundan başqa cavabdeh şikayət üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət MPM-nin 363.1.5-ci maddəsinə uyğun olmamaqla Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmişdir. Cavabdeh şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını şərh etməmiş, şikayətin məzmunu ilə bağlı tələblərə əməl etməmişdir. Halbuki şikayətdə maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə göstərilməli, göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi hazırkı mülki işi apellyasiya məhkəməsinə göndərərkən yuxarıda qeyd olunanlara diqqət yetirməmiş, apellyasiya şikayətinin MPM-in 363.1.1-1 və 363.1.5-ci maddələrinin tələblərinə uyğun qaydada verilib-verilməməsinə xüsusi diqqət yetirmədən mülki işi bаxılmаsı üçün Şirvan Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Belə ki, MPM-nin 10-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmçinin MPM-nin 10-1.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Göründüyü kimi apellyasiya şikayətləri kimi qərardadlardan verilmiş şikayətlər də elektron qaydada verilməlidir. Lakin Astara rayon Ərçivan Bələdiyyəsi 02 oktyabr 2023-cü il tarixli, 2(018)-21/2023 nömrəli qərardadından elektron qaydada şikayət verməli olduğu halda, kağız daşıyıcı üzərində ifadə olunan şikayət vermişdir. Məhkəmə də bu şikayəti geri qaytarmalı olduğu halda şikayəti geri qaytarmamış, şikayətə özü baxaraq baxılması üçün Apellyasiya məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.5-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-368-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Astara Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2(018)-21/2023 nömrəli qərardadından Astara rayon Ərçivan Bələdiyyəsinin sədri X7 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Astara Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1769/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1769/2023
07.11.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver