Məhkəmə qərarları › İş №2(106)-1777/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1777/2023

30.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1777/2023 30.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X11 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X12 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2(017)-1591/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş 09 dekabr 2017-ci il təvəllüdlü X7, 13 noyabr 2018-ci il təvəllüdlü doğulmuş X6 və X4 yetkinlik yaşına çatana kimi saxlanılmasından ötrü hər uşaq üçün hər ay 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı onun doğma qızıdır. Qızı Ceyhunə ilə Ağcabədi rayonunun Avşar kənd sakini, iş üzrə Cavabdeh 2016-cı ildə faktiki olaraq evlənib ailə qurmuş, nikahlarını isə 07 yanvar 2018-ci il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 09 dekabr 2017-ci il tarixdə Nihad, 13 noyabr 2018-ci il tarixdə isə Fərhad və Fərid adlı ekiz uşaqları olmuşdur. Cavabdehla qızı Ceyhunənin xasiyyətləri birbirinə uyğun gəlmədiyindən 2022-ci ilin oktyabr ayında ayrılıb ayrı yaşayırlar. Uşaqlar Ceyhunənin himayəsindədirlər. Qızı Ceyhunə ilə cavabdeh ayrı yaşadıqları müddət ərzində cavabdeh nə Ceyhunəyə, nədə uşaqlarına heç bir maddi köməklik etməmişdir. Cavabdehin rəsmi iş yeri yoxdur, lakin özlərinə məxsus fermaları var. Qızı uşaqları saxlamaqda çətinlik çəkir. Odur ki, qızı İddiaçı Cavabdeh ilə birgə nikahlarından 09 dekabr 2017-ci il tarixdə doğulmuş X5, 13 noyabr 2018-ci il tarixdə doğulmuş X1 və 13 noyabr 2018- ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmalarından ötrü hər ay hər uşağa 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində alimentin Cavabdeh qazancından tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh nümayəndəsi, atası X2 iddia tələbini qismən qəbul etmiş və izahatında göstərmişdir ki, Cavabdeh onun doğma oğludur. Oğlu Samir sümük oynaq sisteminin xroniki xəstəsidir. O, 5 kq-dan artıq yük götürə bilmir. X16 ilə 2016-cı ildə faktiki olaraq evlənib ailə qurmuş, nikahlarını isə 2018-ci ilin yanvar ayında rəsmiləşdirmişlər. Onların birgə nikahlarından üç oğlan uşaqları olmuşdur. Hazırda oğlu Samir ilə Ceyhunənin xasiyyətləri bir-birinə uyğun gəlmədiyindən ayrılaraq ayrı yaşayırlar. Oğlunun hər ay hər uşağa 220 manat aliment ödəmək imkanı yoxdur, heç bir yerdə işləmir. Onun əvəzin o, öz pensiyasından hər ay hər uşağa 120 manat sabit pul məbləğində aliment ödəyə bilər. Ağcabədi Rayon Məhkəməsinin (hakim S.Ləzimov) 04 sentyabr 2023-cü il tarixli, 2(017)-1591/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, tərəflərin birgə nikahlarından 09 dekabr 2017-ci il tarixdə doğulmuş X5, 13 noyabr 2018-ci il tarixdə doğulmuş X1 və 13 noyabr 2018-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmalarından ötrü Cavabdeh qazancından hər ay hər uşağa 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi, alimentin bu qaydada tutulmasının 06 iyul 2023-cü il tarixdən hesablanması, Cavabdeh illik alimentin məbləğinə görə 64 manat dövlət rüsumunun tutularaq Hökumət ödəniş portalı vasitəsilə Ağcabədi Rayon Məhkəməsinin hesabına ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və sabit pul məbləğində alimentin hər uşaq üçün 220 manat olmaqla, cəmi 660 manat miqdarında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin faktiki hallarını müəyyən etməmişdir. Cavabdeh kifayət qədər qazancının olmasını nəzərə almamış və aşağı həddə aliment müəyyən etmişdir. Qeyd etmək istəyir ki, «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndində qeyd edilir ki, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində qeyd edilir ki, iştirakçı dövlətlər uşağın sağ qalmasını və sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin edirlər. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı və cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək, maddi vəziyyəti ilə bağlı keçiriləcək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və şikayətinin qəbul edilərək, alimentin artırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfə müəyyən edilmiş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddiasının tam təmin edilməsini xahiş etməklə, mahiyyətcə iddianın təmin edilməyən hissəsini, yəni 300 manat aliment hissəsini mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı yalnız iddiaçı tərəfindən iddianın təmin edilməyən 300 manat alimentin tutulmasına dair hissədə mübahisələndirildiyindən, əsaslılığı da iddiaçıya münasibətdə mübahisələndirilən hissədə yoxlanılmalıdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Ailə Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən uşaqlar üçün bu məbləğ 220 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəni dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan Ağcabədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 31 may 2023-cü il tarixli, xx/xx-1464/69 saylı arayışdan görünür ki, Cavabdeh ilə X3 arasında nikah 07 yanvar 2018-ci il tarixdə 01 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Ağcabədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 30 may 2023-cü il tarixli, xx/xx-1448/69 saylı arayışdan görünür ki, X7 09 dekabr 2017-ci il tarixdə Ağcabədi rayonunun Aşağı Avşar kəndində anadan olmuşdur. İş materiallarında olan Ağcabədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 30 may 2023-cü il tarixli, xx/xx-1447/69 və xx/xx-1445/69 saylı arayışlardan görünür ki, X6 və X8 13 noyabr 2018-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda anadan olmuşlar. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yaxud da, dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehin rəsmi iş yeri yoxdur. Həmçinin iş materialları ilə müəyyən edilir ki, cavabdeh “Bexterev” xəstəsidir. İddiaçı tərəf apellyasiya şikayətində iddiaçının kifayət qədər qazancının olmasına baxmayaraq, birinci instansiya məhkəməsinin əsassız olaraq aşağı həddə aliment təyin etdiyini bildirsə də, iddiaçının qazanc əldə etməsinə dair müvafiq sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində gətirdiyi dəlillər qətnamənin mübahisələndirilən hissələrdə ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv oluna, dəyişdirilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda iddiaçı apellyasiya şikayətində alimentin məbləğinin 660 manat müəyyən edilməsini xahiş etməklə, təyin edilmiş 360 manat alimentin 300 manat məbləğində artırılmasını xahiş etmişdir. Aliment məbləğinin müəyyən edilməsi ilə bağlı iddia qiyməti ödəmənin illik məcmusu ilə hesablanır. Ümumi olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsi 3600 manat (300x12=3600 manat) təşkil edir ki, bu da 5000 manatdan azdır və həmin qətnamələrdən kassasiya şikayəti verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumunu iddiaçıının özünə aid edilir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2(017)-1591/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar