Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1806/2024 17.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət məhkəmə tərkibində, Hüseynova Gülnarə Süleyman qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Şirvan şəhəri T.Bağırov adına 11 saylı orta məktəbinə qarşı əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli 2(032)-1683/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ona 2017- 2022-ci illərə görə kəsilmiş dərs saatlarına görə ödənilməmiş 28512 manat əmək haqqının və ilkin mediasiya sesiyasında iştirakla bağlı ödənilmiş 50 manat rüsumun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1994-1996-cı illər ərzində Gəncə şəhəri təsərrüfat hesablı Məişət Xidmət Kollecində təhsil almışdır. xx.xx.1996-cı il tarixdən bu günə qədər Şirvan şəhəri T.Bağırov adına 11 saylı orta məktəbdə ixtisası üzrə ibtidai sinif müəllimi vəzifəsində işləyir. 2015-ci ildə ilk dəfə X1 İmtahanında iştirak edərək 20 bal toplamışdır. Diaqnostik qiymətləndirməni keçəndən sonra müəllimlərin əmək haqları ona uyğun olaraq artırılmış ona dərs saatları və sinif rəhbərliyi buna uyğun verilmişdir. Lakin 2017-ci ildən dərs saatları bölünərkən ona məktəb direktoru Kamandar Rüstəmov tərəfindən cəmi 6 saat dərs yükü verilmişdir. Halbuki, həmin vaxta qədər onun 20 saat dərs yükü və sinif rəhbərliyi olmuşdur. Direktor tərəfindən onun dərs saatlarının azaldılmasının səbəbi kimi onun ixtisas balının az olması göstərilmişdir. xx.xx.2019-cu il tarixdə Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş X7 İmtahanında iştirak edərək 28 bal toplamışdır. Yenidən məktəb direktoruna müraciət edərək ona əvvəlki dərs yükünün və sinif rəhbərliyinin verilməsini xahiş etdikdə ona bu dəfə başqa səbəb – diplomumun saxta olması və bu səbəbdən tələbinin əsassız olduğu bildirilmişdir. 2017-ci il tədris ilindən 2023-cü il tədris ilinə qədər 18 saat dərs yükü ilə təmin edilməli olduğu halda, 6 saat dərs yükü ilə təmin edilmiş və nəticədə 28512 manat əmək haqqından məhrum edilmişdir. Şirvan Şəhər Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli 2(032)-1683/2023 nömrəli qətnaməsi ilə (hakim Ceyhun Mustafayev) iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 2017-2022-ci illərdə onun dərs saatlarının kəsilmiş olduğunu iddia etməsi hələ ona həmin dərs saatlarına görə əmək haqqının ödənilməli olması kimi qiymətləndirilməsinə rəvac vermir. İşin faktiki hallarından göründüyü kimi iddiaçının dərs saatlarının azaldılması Pedaqoji şuranın qərarı ilə olmuşdur. İddiaçı həmin qərarla razılaşmayaraq onu mübahisələndirmiş və mübahisəyə məhkəmə müstəvisində baxılaraq hüquqi qiymət verilmişdir. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “q” bəndinə, 292-ci maddəsinin 1-ci bəndinə, 288-ci maddəsinin tələblərinə istinad edərək iddiaçıya 2017-2022-ci illər üzrə kəsilmiş dərs saatlarına görə ödənilməmiş pul məbləğinin ona ödənilməsini xahiş etmişdir. Məhkəmə qətnamədə əvvəlki məhkəmə qətnamələrinə əsasən Şirvan şəhəri T.Bağırov adına 11 saylı tam orta məktəbin Pedaqoji Şurasının xx.xx.2021-ci il tarixli qərarının ləğv edildiyini, İddiaçı 18 saat dərs yükü ilə təmin edildiyini, lakin qəbul edilmiş edilmiş olan qətnamədə məhz buraxılmış olan müddətlərin nəzərə alınması və buraxılmış olan müddətə görə əmək haqqının hesablanmalı olması hallarının öz əksini tapmadığı əsası ilə iddianın təmin edilməməsi qətnaətinə gəlsə də, iddiaçı əvvəlki iddia ərizəsində əmək haqqı ilə bağlı tələbi olmamış və belə olan halda işə baxan məhkəmələr iddia tələbindən kənara çıxaraq ona əmək haqqının ödənilməsi ilə bağlı mövqe bildirə bilməzdilər. Birinci instansiya məhkəməsi qətnamədə bu hala hüquqi qiymət verməmişdir. Məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən halları, iddiaçının əvvəlki iddia tələbində əmək haqqı ilə bağlı heç tələbinin olmadığını, dərs saatlarının kəsilməsinin iddiaçının təqsirindən deyil, məhz Pedaqoji Şuranın qərarı ilə olduğu və həmin qərarın məhkəmə qətnaməsi ilə ləğv edildiyini aydınlaşdırmadan düzgün olmayan nəticəyə gəlmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 mart 2024-cü il tarixli 2(106)- 493/2024 nömrəli qətnaməsi ilə (hakimlər–Cahid İmanov (sədrlik edən və məruzəçi),Tale Kərimov və Samir Mayılov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçı tərəfin verdiyi apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İddiaçının qətnaməni əsassız hesab etmiş və şikayətinin əsas dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi işi düzgün araşdırmamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının verdiyi apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas deyildir, buna görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı işləmədiyi illər üzrə əmək haqqını tələb etmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, əmək haqqı müvafiq işin qarşılığında ödənilən ödənişdir, iddiaçının işləmədiyi müddətə görə əmək haqqı tələb etməsi hüquqi cəhətdən əsassızdır. İddiaçı apellyasiya şikayətində qeyd etdikləri formal mülahizələrdir. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əvvəlki iddia ərizəsində əmək haqqı ilə bağlı tələb olmamış və belə olan halda işə baxan məhkəmələr iddia tələbindən kənara çıxaraq iddiaçıya əmək haqqının ödənilməsi ilə bağlı mövqe bildirə bilməzdilər. İşə baxan apellyasiya instansiya məhkəməsi apelyasiya şiakyətinin dəlillərinə qiymət verməmiş, dərs saatlarının kəsilməsinin iddiaçının təqsirindən deyil, Pedaqoji Şuranın qərarı ilə olduğunu və həmin qərarın da məhkəmə qətnaməsi ilə ləğv edildiyini nəzərə almamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-2306/2024 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 mart 2024-cü il tarixli 2(106)-493/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Kassasiya instansiyası mövqeyini onunla əsaslandırmışdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İş materiallarından görünür ki, iddiaçının dərs yükünün 6 saat müəyyən edilməsi barədə cavabdehin Pedaqoji Şurasının xx.xx.2021-ci il tarixli qərarı məhkəmə qətnaməsi ilə ləğv edilərək, iddiaçının dərs yükünün 18 saat olmalı olduğu halda, 6 saat müəyyən edilməsinin təhsil qanunvericiliyinin tələblərinin pozulması olduğunu müəyyən etmişdir. İddiaçı hazırkı iddia tələbində 2017-2023-cü illər ərzində 18 saat dərs yükü ilə təmin edilməli olduğu halda, 6 saat dərs yükü ilə təmin edildiyinə və cavabdehin bu qərarının məhkəmə qətnaməsi ilə qanunsuz hesab edildiyinə görə məhrum olduğu əmək haqqından ibarət gəlirə görə 28512 manat ziyan tələb etmişdir. Məhkəmələr isə iddiaçının bu tələbinə əmək haqqı tələbi kimi formal yanaşaraq, onun keçmədiyi dərs saatlarına görə əmək haqqı almaq hüququ olmadığı qənaətinə gəlmişlər. İddiaçının iddia tələbinə yuxarıda göstərilən maddi hüquq normalarının tələbləri baxımından müvafiq araşdırma aparılaraq qiymət verilməli, bu zaman iddiaçının hüquqlarının bərpası üçün qanunla müəyyən edilmiş qaydada cavabdehin Pedaqoji Şurasına müraciət etdiyi vaxtdan hesablanmaqla hüquqlarının bərpa olunduğu vaxta qədər ola dövr ərzində cavabdehin qanunsuz hərəkətləri nəticəsində dərs yükü fərqinə görə əldən çıxmış gəliri nəzərə alınmaqla düşdüyü maddi zərəri hesablanması istiqamətində araşdırma aparılmalı və iş üzrə ədalətli və qanuni qətnamə qəbul edilməlidir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, cavabdeh təşkilatda ibtidai sinif müəllimi vəzifəsində çalışır. 2017-ci il tarixdən dərs saatı azaldılaraq 6 saat olmuşdur. 2017-2022-ci illər ərzində ona dəymiş ziyanı tələb edir. Regional Təhsil İdarəsinin hesabladığı məbləğ həqiqətə uyğundursa, onunla razıdır. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında bildirmişdir ki, 2017-ci ilin sonuna qədər iddiaçının 18 saat dərs yükü olmuşdur. Sahəvi əmr və təlimatlara əsasən iddiaçının dərs yükü azaldılmışdır. 2015-ilin dekabr ayından iddiaçı sertifikasiya imtahanından müvafiq balı yığa bilməmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli 2(032)-1683/2023 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. İŞİNHALLARİ: Cavabdeh xx.xx.2021-ci il tarixli 3 saylı Pedaqoji şurasının protokoluna əsasən Şirvan Şəhər Məhkəməsinin ibtidai sinif müəllimi Orucova (Əzizova) Ülviyyə Əli qızının müraciəti ilə bağlı xx.xx.2020-ci il tarixli 2(032)-1467/2020 saylı qərarının müzakirəsi məsələsi haqqında məktəbin direktoru Rüstəmov Kamandar Adil oğlunun arayışı nəzərə alınmış, Orucova (Əzizova) Ülviyyə Əli qızının 20 saat dərs yükü və sinif rəhbərliyinin verilməsi haqqında iddiası əsassız hesab olunmuş, Təhsil Nazirliyinin tövsiyyəsinə uyğun olaraq verilmiş 6 saat dərs yükü məqsədə müvafiq hesab edilmiş, Orucova (Əzizova) Ülviyyə Əli qızına tövsiyyə edilmişdir ki, orta ixtisas və ya ali təhsil müəssisələrində təhsilini davam etdirsin. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(106)-2249/2021 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(032)-434/2021 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh Şirvan şəhəri T.Bağırov adına 11 saylı tam orta məktəbinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı Şirvan şəhəri T.Bağırov adına 11 saylı tam orta məktəbin direktoru və Pedaqoji Şurasının sədri Rüstəmov Kamandar Adil oğlunun sədrliyi ilə qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarın qanunsuz olduğu üçün ləğv edilməsi və qanuna uyğun olaraq 20 saat əvvəlki qaydada dərs saatlarının və sinif rəhbərliyinin verilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, Şirvan şəhəri T.Bağırov adına 11 saylı tam orta məktəbin Pedaqoji Şurasının üzərinə İddiaçı pedoqoji kadrların işə qəbulu və yerdəyişmə Qaydalarının və digər normativ sənədlərin tələbinə uyğun olaraq heç bir məhdudiyyət qoyulmadan müvafiq dərs saatları ilə təmin edilməsi öhdəliyi qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-1162/2022 saylı qərarı ilə Cavabdehin kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(106)-2249/2021 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-1043/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-cil il tarixli 2(032)-434/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək, cavabdeh Şirvan şəhəri T.Bağırov adına 11 saylı tam orta məktəbin Pedaqoji Şurasının xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı 18 saat dərs yükü ilə təmin edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-5791/2022 saylı qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-1043/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şirvan şəhəri üzrə İcra və probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarı ilə, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-1043/2022 saylı icra sənədi icra olunduğundan icra sənədinə xitam verilmişdir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Tətbiqedilənhüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290.2-ci hissəsinə əsasən işçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. MM-in 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə, hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Habelə “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli qərarında göstərilmişdir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Beləliklə, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır. Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. MPM-in 420-ci maddəsinin tələbinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-2306/2024 saylı qərarındakı göstərişlərə əsasən işdəki sübutlar üzrə araşdırma apararaq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Kollegiya yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-1043/2022 saylı qətnaməsi ilə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-cil il tarixli 2(032)-434/2021 saylı qətnaməsi ləğv edilmiş, həmin qətnaməyə əsasən Şirvan şəhəri T.Bağırov adına 11 saylı tam orta məktəbin Pedaqoji Şurasının xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş və İddiaçı 18 saat dərs yükü ilə təmin edilmişdir. Adıçəkilən qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-5791/2022 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-1043/2022 saylı qətnaməsi icra yönəldilmiş və Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Habelə işdə olan Məktəbəqədər Ümumi Təhsil üzrə X8-Salyan Regional Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli 3-29-34/2-3294/2024 saylı məktubuna əsasən Şirvan şəhəri T.Bağırov adına 11 nömrəli tam orta ümumtəhsil məktəbin Pedaqoji Şurasının iclasının keçirildiyi xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dərs yükündə yaranmış fərqə görə (12 saat dərs saatı üçün) İddiaçı ödənilməmiş əmək haqqı 8445,16 manat məbləğ təşkil edir. Beləcə, kollegiya mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli 2(032)-1683/2023 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilməli, cavabdeh Şirvan şəhəri T.Bağırov adına 11 saylı orta məktəbindən xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dərs yükündə yaranmış, lakin ödənilməmiş əldən çıxmış fayda qismində (12 saat dərs saatı üçün) 8445 manat 16 qəpik məbləğində əmək haqqı tutularaq İddiaçı verilməlidir. MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmçinin MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Kollegiya məhkəmə xərclərinə dair hesab edir ki, hazırkı iddia tələbi üzrə ilkin mediasiya sesiyasında iştirakla bağlı ödənilmiş 50 manat məbləğində pul vəsaiti Şirvan şəhəri T.Bağırov adına 11 saylı orta məktəbindən alınaraq İddiaçı verilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 78, 89, 217, 372, 376, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli 2(032)-1683/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Şirvan şəhəri T.Bağırov adına 11 saylı orta məktəbindən əldən çıxmış fayda qismində 8445 (səkkiz min dörd yüz qırx beş) manat 16 (on altı) qəpik və ilkin mediasiya sesiyasında iştirakla bağlı ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1806/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1806/2024
17.12.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver