Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1812/2025 17.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X6 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdehn iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli 2(057)-2388/2025 saylı qətnaməsindən (hakim R.Alıyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Salyan Rayon Məhkəməsinin 8(057)- 91/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının dəyişdirilməsi, xx.xx.2025-ci il başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Salyan Rayon Məhkəməsinin 8(057)-91/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi əsasında tutulan aliment məbləği indeksasiya edilərək, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər iki uşağa münasibətdə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.90 misli həddində sabit pul məbləğində müəyyən edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Salyan Rayon Məhkəməsinin 8(057)-91/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə xx.xx.2025-ci il başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Salyan Rayon Məhkəməsinin 8(057)-91/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi əsasında tutulan aliment məbləği indeksasiya edilərək, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.92 misli həddində sabit pul məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi məhkəmə bu normanın iki qatı mislində aliment tutmaqla onun vəziyyətini həddindən artıq çətinləşdirmiş və cinayət yolu ilə tutulmasının yolunu açmışdır. İşsiz olduğu, günəmuzd işlədiyi vəziyyətdə ayda 736 manat qazanması mümkün deyildir. Ona görə də, bu məbləğ hər iki uşağa münasibətdə daha az təyin edilməlidir. Məhkəmə hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.92 misli həddində sabit pul məbləğində aliment tutulması qənaətinə düzgün gəlməmişdir. Çünki o, heç bir yerdə işləmir, günəmuzd işləyərək pul qazanır. Ayda hər uşağa 368 manat olmaqla, cəmi 736 manat aliment ödəməsi mümkünsüz və imkansızdır. Ölkə üzrə bir uşaq üçün yaşayış minimumu 246 manat olduğu halda onun hər uşağa 368 manat ödəməsi düzgün deyildir. Hesab edir ki, bu alimentin məbləği hər iki uşağa münasibətdə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.90 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. İddiaçı tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, maddi vəziyyəti nəzərə alınaraq hər ay hər uşağa münasibətdə 200 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Belə ki, hazırki vəziyyətdə indeksasiya olunmuş aliment məbləğinin onun tərəfindən ödənilməsi mümkünsüzdür. Həmin məbləği tam olaraq ödəyə bilmədiyi təqdirdə müvafiq olaraq inzibati və ya cinayət məsuliyyətinə cəlb olunacaq. Cavabdeh iddianı qəbul etməyərək alimentin indeksasiya olunmuş məbləğdə qalmasını, dəyişdirilməməsini xahiş etmişdir. İzahatında göstərmişdir ki, iddiaçı ilə birgə nikahlarından dünyaya gəlmiş uşaqlarının, yəni oğlunun 17 yaşı var, 11-ci sinifdə oxuyur və 6 müəllim yanına hazırlığa gedir. Məktəb ləvazimatları, müəllim yanı xərcləri hər biri göz qabağındadır. Əlavə xərcləri çoxdur. Onkoloji xəstəlikdən əziyyət çəkir, onkoloji xəstəxanada qeydiyyatdadır. Oktyabr ayının 2-də apellyasiya məhkəməsində məhkəmələri olmuş və orada da evdən çıxmaları barədə qətnamə qəbul edilmişdir. Kirayədə qalmalıdır. Kirayə xərclərini necə çatdıracağını bilmir. Qarşı tərəfin təklif etdiyi aliment məbləğinə etiraz edir. Əvvəlki məhkəmə iclasında hər uşağa münasibətdə 300 manat sabit pul məbləğində alimentin tutulmasına razı olduğunu bildirsə də, hazırda məhkəmədən indeksasiya olunaraq müəyyən olunmuş aliment məbləğinin azaldılmamasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Onsuz da uşaqlardan birinin 1 il sonra 18 yaşı tamam olacaq və bu səbəbdən aliment ödəmək öhdəliyindən azad olunacaqdır. Salyan Rayon Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli 2(057)-2388/2025 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Salyan Rayon Məhkəməsinin 25 fevral 2025-ci il tarixli 8(057)-91/2025 saylı qərardadı ilə müəyyən olunmuş alimentin miqdarı azaldılaraq, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması İddiaçı sonrakı artımlar nəzərə alınmaqla hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində alimentin alınaraq Cavabdeh ödənilməsi, azaldılmış alimentin tutulmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti cavabdehin birinci instansiya məhkəməsində verdiyi izahatla oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, alimentin azaldılması onun və uşaqlarının vəziyyətini ağırlaşdırır. Uşaqları saxlamaq, onların qayğısına qalmaq hər iki valideynin vəzifəsi olsa da, uşaqlar hazırki vəziyyətdə onun yanında qalırlar və onların saxlanılması, gündəlik qayğıları ilə bağlı bütün xərclər üzərinə düşür. Sadaladığı bütün bu hallar isə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən nəzərə alınmamışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdeh apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, iddiaçı balıq alveri ilə məşğuldur, qazancı yaxşıdır. Məhkəmədə iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan sənədlərlə aşağıdkılar müəyyən edilir: Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(057)-1319/2018 saylı qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 anaları Cavabdeh yanında qalmalarının müəyyən olunması, xx.xx.2018-ci il tarixindən başlayaraq yetkinlik yaşlarına çatanadək saxlanılmaları İddiaçı hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh ödənilməsi qət edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(057)-91/2025 saylı qərardadından görünür ki, Cavabdeh ərizəsi təmin edilmiş, xx.xx.2025-ci il başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Salyan Rayon Məhkəməsinin 2(057)-1319/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında tutulan aliment məbləği indeksasiya edilərək, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.92 misli həddində sabit pul məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemindən çıxarılmış məşğulluq haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdən X1 filialında “işsiz” statusu ilə qeydiyyatdadır. Salyan rayonu X14 Şahmat Məktəbinin direktoru B.Ələkbərov tərəfindən verilmiş arayışdan görünür ki, X2 rayon X14 Şahmat Məktəbinin, şahmat bölməsində 2022-ci ildən hal-hazıradək şahmat idman növü ilə məşğuldur. Salyan şəhər Uşaq İncəsənət Məktəbinin direktoru Adilə Əliyeva tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 12 nömrəli arayışdan görünür ki, X2 rayon Q.Əsgərov adına Uşaq İncəsənət Məktəbinin İİ sinfində fortepiano ixtisası üzrə təhsil alır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X9 “Salyan Rayon Mərkəzi Xəstəxanası” X13 tərəfindən Cavabdeh verilmiş 27 avqust 2025-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh “Salyan Rayon Mərkəzi Xəstəxanası” X9 Ginekologiya və doğum şöbəsində mama vəzifəsində çalışır. Həmin Arayışa onun əmək haqqına dair məlumatlar cədvəl formasında əlavə olunmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur; Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 56.1. -ci maddəsinə əsasən, valedeynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 2 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur; 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur; 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarı ilə “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Plenum Qərarına dəyişikliklər edilmişdir. Plenum qərarına əlavə edilmiş 8.4-1. yarımbəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0.74 mislində (345 x 0.74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikasıının Ali Məhkəməsi tərəfindən rayon(şəhər) və apellyasiya məhkəmələrinə ünvanlanan 14 yanvar 2025-ci il tarixli 1-8-16-1/2-57/2025 nömrəli məktubda məhkəmələrə izah edilmişdir ki, aliment tutularkən alimentin hesablanmağa başlandığı (tələb barədə ərizənin verildiyi) təqvim ili ilə qətnamənin qəbul edildiyi il arasında ölkə üzrə minimum əmək haqqı məbləğində fərq olduqda, aliment ərizənin verildiyi tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməlidir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Minimum əmək haqqı məbləği isə 400 manat məbləğində müəyyən edilmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə tərəfindən ilk dəfə 2018-ci ildə alimentlə bağlı qətnamə çıxarılarkən alimentin məbləği hər uşaq üçün 120 manat müəyyən edilmiş olmuşdu. 2018-ci ildə uşaqlar üçün yaşayış minimumu 154 manat, minimum aylıq əmək haqqı 130 manat təşkil edirdi. Beləliklə 2018-ci ildə təyin olunmuş alimentin məbləği ölkə üzrə uşaqlar üçün müəyyən olunan yaşayış minimumunun (120:154X100=77.92) 77.92 faizinə bərabər idi. Sonradan qətnamə ilə müəyyən olunan aliment məbləğinin indeksasiyası 2025-ci ildə aparılmışdır, 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat, minimum aylıq əmək haqqı isə 400 manat təşkil edir. Hazırki halda məhkəmə tərəfindən müəyyən olunan minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində alimentin məbləği 220 manata bərabərdi ki, həmin məbləğ 2025-ci ildə ölkə üzrə uşaqlar üçün müəyyən olunan yaşayış minimumunun (220:246X100=89.43) 89.43 faizini təşkil edir. Göründüyü kimi mövcud durumda ölkə üzrə müəyyən olunan yaşayış minimumuna münasibətdə alimentin məbləğində azalma baş verməmişdir. Valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmasını, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsini, bunun isə öz növbəsində qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas olmasını, tərəflərin maddi və ailə vəziyyətini, işləyib qazanc gətirmək imkanlarını, diqqətəlayiq olan digər halları, ərzaq və gündəlik tələbat mallarının qiymətlərində nəzərə çarpacaq dərəcədə bahalaşmanın olmasını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas götürən birinci instansiya məhkəməsi bir uşağa görə tutulacaq alimentin məbləğini ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində müəyyən etməkdə haqlı olmuşdur. Qeyd edilməlidir ki, bir uşağa görə müəyyən olunan alimentin miqdarı faiz nisbətində uşaqlar üçün müəyyən olunan yaşayış minimumunun 89.43 faizinə bərabərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində gətirdiyi dəlillər qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə, dəyişdirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki tələb üzrə mübahisələndirilən hissədə iddianın qiyməti (400X0.92=368; 368X2=736; 736X12=8832; 400X0.55=220; 220X2=440; 440X12=5280; 8832- 5280=3552) 3552 manat təşkil edir ki, prosessual qanunvericiliyə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli 2(057)-2388/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Qasım Əliyev
Məhkəmə qərarları › İş №2(106)-1812/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1812/2025
17.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver