Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1819/2023 05.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale İlham oğlu və X5 ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli 2(020)-1500/2023 saylı qətnaməsindən İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Beyləqan Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli 2(020)-1500/2023 saylı qətnaməsi ilə (hakim Ramiz Nurullayev) İddiaçı Beyləqan rayon Məhkəməsinin 2(020)-1408/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 13 sentyabr 2013-cü ildə anadan olan X1 üçün Cavabdeh xeyrinə qət olunan alimentin məbləğinin dəyişdirilib hər ay sabit məbləğində 100 (yüz) manat məbləğində müəyyən edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İddiaçı nümayəndəsi Nümayəndə Beyləqan Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli 2(020)-1500/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İŞİNHALLARİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(020)-1408/2022 saylı qətnaməsi ilə 13 sentyabr 2013-cü ildə anadan olan X1 üçün Cavabdeh xeyrinə qət olunan alimentin məbləğinin dəyişdirilib hər ay sabit pul məbləğində 100 (yüz) manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahlarını 12 sentyabr 2013-cü tarixdə rəsmiləşdirərək ailə qurmuş və birgə nikahlarından 13 sentyabr 2013-cü il tarixdə Zivərxanım adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixdə onun Cavabdeh qarşı nikahın pozulması və uşağın atada qalmasına dair, Cavabdeh isə ona qarşı uşağın alınması və aliment tələbinə dair qarşılıqlı iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq ilkin iddianın qismən təmin edilməsinə və qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə çıxarmışdır. Beyləqan Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli 2(020)-1408/2022 saylı qətnaməsi ilə Bakı Apellyasiya Məhkəməsinin 22 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh xeyrinə qət edilən 100 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək 170 manat müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 may 2017-ci il tarixli hökmü ilə İddiaçı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək iki il müddətinə nəqliyyat vasitələrinin idarə etmək hüququndan məhrum olunmaqla, 5 il müddətindən azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdən hal-hazıradək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı X7 Müəssisəsində çəza çəkmişdir. Cəza müddəti bitdikdən sonra isə iş tapa bilməmişdir. Qeyd edilən məbləğdə alimenti ödəmək qabiliyyəti yoxdur, hal-hazırda heç bir yerdə işləmir, qazanc və gəliri yoxdur, maddi vəziyyəti həddindən artıq ağırdır. Həmçinin cavabdeh tərəf də bir valideyn kimi uşağın maddi tələbatlarının ödənilməsində iştirak etməlidir və uşağın saxlanılması onun da borcudur. Cavabdeh onun özünə və valideynlərinin uşaqla ünsiyyətdə olmağa imkan vermir, ciddi maneçilik törədir, hətta uşaqla mobil telefon vasitəsilə əlaqə saxlamağa şərait yaratmır. Cavabdehi uşağın normal inkişafı deyil, yalnız aliment kimi əldə edəcəyi vəsait düşündürür. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun maddi vəziyyətində heç bir yaxşılaşma halı baş verməmiş və dəyişiklik olmamışdır. Ona görə də, diqqətəlayiq olan bu hal nəzərə alınmalı və alimentin miqdarı dəyişdirilməli, hər ay sabit məbləğdə 100 manat müəyyən edilməlidir. O yalnız qeyd edilən məbləğdə aliment ödəmək iqtidarına malikdir. Onun özünün maddi tələbatlarının ödənilməsi üçün maddi vəsaitə ehtiyacı vardır. Qətnamədə uşağın məktəbli olması səbəbindən əlavə xərclərinin artması, bu əlavə xərclərdə iştirak etməməsi qeyd edilmişdir. O, əlavə xərclərin ödənilməsində iştirak etməsə də, valideynləri tərəfindən uşağın demək olar ki, bütün maddi tələbatları ödənilmişdir. Belə ki, onun valideynləri cavabdehə 3500 manat məbləğində aliment borcu ödəmiş, hər ay da uşağa Beyləqan rayonuna taksilərlə banderollar, zənbillərlə ərzaq və s. göndərmişlər. Paltarlar, dərs ləvazimatları, bir sözlə uşağın nə tələbatı varsa onun valideynləri hamısını alıb göndərmişlər. Eləcə də, onlar uşaqla ünsiyyətdə ola bilsinlər deyə iki ədəd mobil telefon alıb vermişlər. Buna baxmayaraq, cavabdeh onun valideynlərinin uşaqla ünsiyyətinə maneə törətmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçının anasıdır. Oğlu 13 saylı X7 Müəssisəsində cəza çəkmiş, 2022-ci ilin oktyabr ayında həbsdən azad olmuşdur. O hal-hazırda Bakı şəhərində yağ dəyişmə sexində günəmuzd kimi işləyir. Özü və əri pensiya alaraq ailənin dolanışığını təmin edirlər. Cavabdeh onların uşaqla ünsiyyətinə maneçilik törədir. Alimentin məbləği 200 manat olaraq müəyyən edilsə də, öz pensiyası ilə onu ödəməyə hazırdır, təki cavabdeh onların uşaq ilə ünsiyyətlərinə maneçilik törədilməsin. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Ağdam Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə uşağın nənə və babası ilə şənbə və bazar günləri ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. Özü hazırda valideynlərinin yanında yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. Atasına məxsus torpaq sahəsində təsərrüfatla - pambıq yığımı ilə məşğuldur. İddiaçı isə maşın ustası kimi işləyir. Bu barədə hər hansı sübutu əldə etməsi mümkün olmasa da, onun yaxşı gəliri olduğunu hamı bilir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə araşdıraraq belə hesab edir ki, İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Beyləqan Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli 2(020)-1500/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L ƏL Ə R : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərini birgə nikahlarından 13 sentyabr 2013-cü ildə Zivərxanım adlı uşaqları anadan olmuşdur. İşdə olan Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 28 avqust 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Füzuli oğlundan xx.xx.2013-cü ildə anadan olan Zivərxanım adlı uşağının saxlanması üçün X3 xeyrinə hər ay 154 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi qət olunmuşdur. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin 22 noyabr 2018-ci il tarixli qətnamənin surətindən görünür ki, Cavabdeh tələbi əsasında İddiaçı Füzuli oğlundan bir uşağın saxlanması üçün müəyyən edilmiş 154 manat alimentin miqdarı dəyişdirilərək hər ay 100 manat müəyyən edilmişdir. İşdə olan Beyləqan Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli 2(020)- 1408/2022 saylı qətnaməsinə əsasən Cavabdeh İddiaçı aliment tələbinə dair iddiası qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 22 noyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Füzuli oğlundan xx.xx.2013-cü ildə anadan olan Zivərxanım adlı uşağın saxlanması üçün Beyləqan rayon İmamverdilər kəndində qeydiyyatda olan və yaşayan uşağın anası X3 xeyrinə qət edilən hər ay bir uşağa görə 100 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməklə artırılması, alimentin həmin məbləğdə artırılmasının başlanğıcı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, uşaq yetkinlik yaşına çatana kimi davam etdirilməsini qət etmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli 2(106)- 246/2023 saylı qətnaməsindən görünür ki, Beyləqan Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli 2(020)-1408/2022 saylı qətnaməsi İddiaçı Füzuli oğlunun apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitutsiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarına müvafiq hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilməlidir ki, İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlili olaraq oğlunun maddi cəhətdən çətinlik çəkməsini əsas gətirməklə qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etsə də, oğlunun alimentin təyin edilməsindən sonra maddi vəziyyətinin ağırlaşmasına və ya xərclərinin artmasına səbəb olan hər hansı dəyişikliyin baş verməsinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri ailə qanunvericiliyinin yuxarıda qeyd olunan tələbləri nəzərə alınmaqla məhkəmə qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə yekun nəticəyə gəlir ki, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki halları aydınlaşdırılmış, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin həqiqi hallarına uyğun gəlir. Ona görə də, İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş verilmiş apellyasiya şikayəti təmin edilmədən, Beyləqan Rayon Məhkəməsinin 18 sentyabr 2023cü il tarixli 2(020)-1500/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, eyni zamanda diqqətə çatdırır ki, hazırkı tələb üzrə münasibətlər davam edən xarakter daşıdığı üçün qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflərin eyni məsələ ilə bağlı gələcəkdə yenidən iddia qaldırmaq hüququ istisna edilmir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli 2(020)-1500/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1819/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1819/2023
05.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver